Peyğəmbərin (s) mövludu
Peyğəmbərin (s) mövludu
Şiə alimlərinin hamısının nəzərinə əsasən bu gün (cümə günü fəcr vaxtı) Peyğəmbərlər ağası Məhəmməd Mustafanın (s) mübarək mövlududur. O, əzəmətli şəxs Məkkə şəhərində dünyaya göz açıb. Həzrətin (s) mövludu Ənuşirəvanın sultanlığı ilə bir zamana təsadüf edir. Həmin ildə fil-əshabı həlak olmuşdular.[1]
Həzrətin (s) adı Məhəmməd (s), künyəsi isə Əbulqasimdir. Atasının adı Əbdullah, anasının adı Amənə binti Vəhəbdir.[2]
Həzrət (s) dünyaya gələndə alnında bir nur saçırdı. Gözəl müşk iyi hər tərəfə yayılırdı. Həmin gecə Hicaz tərəfindən bir nur qalxaraq bütün dünyaya yayıldı. Padşahların taxtı dağıldı və onların hamısı həmin gün lal olaraq bir söz danışa bilmədilər.
Həzrət (s) dünyaya göz açdıqda müqərrəb mələklər və peyğəmbərlərin ruhları orada toplaşmışdılar.
Həzrət Amənə üçün behiştdən şərbətlər gətirildi ki, içsin. Dünyaya gəldikdən sonra ona behişt suları ilə qüsl verildi, Firdovs ətirləri ilə ətirləndirildi.[3]
Həzrətin (s) vilayətindəki möcüzələr.
O Həzrət (s) dünyaya gəldikdə dünyanın hər yerindəki bütlər üzü üstə yerə düşdü. Kəsra eyvanında 14 atəş söndü. İbadət olunan Savə dəryaçəsi quruyaraq duzluğa çevrildi. Savə vadisində heç vaxt su olmadığı halda su axmağa başladı. Heç vaxt sönməyən və min il yanan fars atəşgahı söndü. Kahinlərin elmi və sehr edənlərin sehri batil oldu. Kəsra sarayı ortadan iki yerə ayrıldı.[4]
O Həzrət (s) dünyaya göz açdıqda səmadan bu nida eşidildi: «Haqq gəldi, batil getdi. Həqiqətən, batil aradan gedəndir.»[5]
Həzrətin (s) xüsusiyyətləri.
Heç vaxt milçək o Həzrətin (s) mübarək bədəninə əyləşməzdi. Mübarək gözü yatdıqda ürəyi oyaq olar, oyaq olduğu kimi görər və eşidərdi. Həzrət (s) arxanı önü gördüyü kimi görərdi. Mindiyi heyvan heç vaxt qocalmaz və axsamazdı.[6] Həmçinin o Həzrətin (s) xüsusiyyətlərindən bunları da qeyd etmək lazımdır ki, o, sünnət olunmuş, göbəyi düşmüş və pak surətdə dünyaya göz açdı. Dünyaya gəldikdə Kəbəyə üzünü çevirərək səcdə etdi. Səcdədən qalxdıqdan sonra Allahın vəhdaniyyətinə və öz risalətinə iqrar etdi. Sonra ondan ucalan nur məğrib və məşriqi işıqlandırdı.[7]
Həzrətin (s) möcüzələri.
Peyğəmbərdən (s) çoxlu möcüzələr baş vermişdir. Burada onlardan bəzisini nəzərinizə çatdırırıq[8]:
1. Həzrətin (s) duası nəticəsində ölülər dirilir, korların gözü açılır və xəstələr şəfa tapırdı.
2. Həzrət (s) heyvanlarla danışırdı.
3. Bütün dilləri bilirdi.
4. Belində nübüvvət möhürü vardı. Nuru isə günəşin nurundan üstün idi.
5. Barmaqlarının arasından axan su ilə bir çoxları sirab olurdu.
6. Mübarək əlindəki daş təsbeh danışırdı və insanlar bunu eşidirdi.
7. Həzrətin (s) kölgəsi düşməzdi.
8. Ağzının suyu hansı quyuya düşsəydi, o quyu bərəkətli olar və su ilə dolardı. Ağzının suyunu hansı xəstəyə sürtsəydi həmən xəstə şəfa tapardı.
9. Həzrətin (s) mübarək əli hansı təama dəysəydi, o təam bərəkətli olar, az bir təamdan çoxlu camaat doyardı.
10. Aram yol getdikdə ayağının izi qalmırdı. Daşın üstündə yol getdikdə isə orada ayaq izi qalırdı.
Həzrətin (s) dünyaya göz açdığı gün, çox bərəkətli və şərafətli gündür. Qədim vaxtlardan Məhəmmədin (s) ailəsinin sələfləri o günün hörmətini saxlayıblar. Bu günün haqqını əda edərək oruc tutublar.
Hər kim rəbiul əvvəl ayının 17-də oruc tutarsa, Allah Təala bir il orucun savabını ona verər. Bu gündə sədəqə vermək, müqəddəs yerləri ziyarət etmək, xeyir işlər yerinə yetirmək, iman əhlini şadlandırmaq müstəhəbdir.[9]
Mənbələr
[1] Əbil Həsən İrbili – Kəşful-ğəmmə, c 2, səh 402, Təbərsi – Elamul-vəra, c 1, səh 42, Əllamə Məclisi - Zadul-məad, səh 345, Əbu Cəfər Tusi – Təhzibul-əhkam, c 6, səh 2, Şeyx Bəhauddin Amuli – Tovzihul-məqasid, səh 9, Şeyx Tusi - Misbahul-mütəhəccid, səh 733, Əli ibni Yusif ibni Mütəhhər Hilli - Əl-ədədul-qəviyyə, səh 110, Əllamə Məclisi – Biharul-ənvar, c 17, səh 280, c 55, səh 361, c 95, səh 194
[2] Təbərsi – Elamul-vəra, c 1, səh 33-34, Əbil Həsən İrbili – Kəşful-ğəmmə, c 1, səh 15, Şeyx Müfid – Məsaruş-şiə, səh 30
[3] Əllamə Məclisi – Həqqul-yəqin, səh 27
[4] Zəbihullah Məhəllati – Qəlaidun- nehvər, Rəbiul əvvəl cildi, səh 100
[5] İsra surəsi, 84-cü ayə, Zəbihullah Məhəllati – Qəlaidun- nehvər, Rəbiul əvvəl cildi, səh 101
[6] Zəbihullah Məhəllati – Qəlaidun- nehvər, Rəbiul əvvəl cildi, səh 110
[7] Əllamə Məclisi – Həqqul-yəqin, səh 26
[8] Əllamə Məclisi – Həqqul-yəqin, səh 26-27
[9] Şeyx Müfid – Məsaruş-şiə, səh 30




