Peyğəmbərin (s) Həzrət Xədicə (ə) ilə izdivacı
Peyğəmbərin (s) Həzrət Xədicə (ə) ilə izdivacı
Peyğəmbər (6) hicrətdən 15 il qabaq Xədicə (ə) ilə ailə həyatı qurdu.[1]
Şiə hədislərindən və ümumi xəbərlərdən məlum olur ki, Xuvəylid ibn Əsvədin qızı Xədicənin (ə) elmli bir qadın olduğu aydın olur. Çoxlu ticarət mallarına sahib olan Xədicə (ə) ağıllı və zəkalı qadın idi. O vaxt ona Tahirə, Mübarəkə, Mələkeyi Bətha, Seyyideyi-nisvan deyirdilər.
Xədicə (ə) Peyğəmbərin (s) məbus olmasını gözləyənlərdən biri idi. Həmişə alimlərdən nubüvvətin əlamətlərini soruşurdu.
Peyğəmbərlə (s) görüşdükdə ilk olaraq nübüvvət möhürü barəsində soruşdu və onu ziyarət etdi. Onun islam Peyğəmbərinə (s) və Əbdül Müttəlib ailəsinə olan kamil məhəbbətinin nümunəsi, söylədiyi fəsih mədhiyyələridir. Bunlar elmin, məhəbbətin və ədəbin göstəriciləridir. Peyğəmbər (s) məbus olduğu gün Xədicə (ə) ona iman gətirdi.
Xədicə (ə) öz malından və ona miras qalmış maldan müqavilə formasında ticarətlə məşğul olurdu. Çox keçmədi ki, o, böyük tacirlərdən birinə çevrildi. Belə ki, 80 min dəvəyə sahib olan Xədicə (ə) günü-gündən malını artırırdı.
Bir çox şəxslər, o cümlədən dörd yüz kəniz və qulama sahib olan Əqəbə ibn Əbu Muit, İbn Əbi Şəhab, Əbu Cəhl, Əbu Süfyan və ərəblərin böyüklərindən bir çoxu Xədicə ilə evlənmək istəmişdi. Amma o, qəbul etməmişdi. Nəhayət Xədicə (ə) özü Peyğəmbərə (s) evlənmək təklif etdi. Bu izdivac xüsusi ədəb və mərasim surətində baş tutdu.
Allah onlara Qasim və Abdullah (onlara Təyyib və Tahir də deyirdilər) adlı iki oğlan, Ümmi Külsüm, Zeynəb, Rüqəyya və Fatimə (ə) adlı dörd qız bəxş etdi.
Xədicənin (ə) kəramət və böyüklüyü barəsində bunu qeyd etmək kifayətdir ki, o, Həzrət Əlinin (ə) həyat yoldaşı, on bir İmamın anası olan Siddiqeyi Tahirə Fatimənin (ə) anasıdır.
Həzrət Xədicə (ə) Peyğəmbərlə (s) 24 il bir həyat sürdü. Xədicə (ə) sağ olan dövrdə Peyğəmbər (s) başqa qadınla ailə həyatı qurmadı. Həmçinin Xədicə də (ə) bütün mallarını Peyğəmbərə (s) verdi.
Aişə deyir: -Peyğəmbər (s) evdən çölə çıxdıqda çox vaxt Xədicəni yaxşılıqla yad edərdi. Belə ki, bir gün mənim həsədim şölələndi və dedim: -Ya Rəsuləllah (s)! Xədicəni (ə) nə vaxta kimi xatırlayacaqsan? O, qoca qadından başqa bir şey deyildi. Allah ondan da yaxşısını (özünü qəsd edirdi) sənə mərhəmət edib!
Peyğəmbər (s) mənim sözümdən qəzəblənib buyurdu: -Yox, Allaha and olsun! Xədicədən (ə) yaxşısı mənə nəsib olmayıb. O, mənə iman gətirdi, bir halda ki, camaat kafir idilər. Nübuvvətimi təsdiqlədi, amma insanlar məni təkzib edirdilər. İnsanlar məni özlərindən uzaqlaşdırdığı halda o, mallarını mənim ixtiyarımda qoydu. Allah Təala Xədicədən (ə) mənə övladlar əta etdi və səni sonsuz qərar verdi.[2]
Mənbələr
[1] Mühəddis Qumi - Feyzul-əlam, səh 211, Zəbihullah Məhəllati – Qəlaidun- nehvər, Rəbiul əvvəl cildi, səh 67, Molla Haşim Xorasani – Müntəxəbut-təvarix, səh 20, Əllamə Məclisi - Zadul-məad, səh 344, Əllamə Məclisi – Biharul-ənvar, c 95, səh 357
[2] Zəbihullah Məhəllati – Rəyahinuş-şəriə, c 2, səh 202, 207, 211




