Peyğəmbərin (s) besəti
Peyğəmbərin (s) besəti
Peyğəmbər (s) 40 yaşında peyğəmbərliyə seçilib. Elə həmin gündən də Qurani Kərim nazil olmağa başlayıb.[1]
Başqaları məbəs gününü ramazan ayının 17-i, 18-i, 24-ü və rəbiul əvvəl ayının 12-də qeyd edirlər.
Nəql olunub ki, bu gün Peyğəmbərə (s) və Əhlibeytinə (ə) salavat göndərmək, həmçinin Peyğəmbər (s) və Həzrət Əlini (ə) ziyarət etmək də savabdır.[2]
Peyğəmbərlərin (ə) besətindən çoxlu illər keçirdi. Hər bir millət və qəbilə müxtəlif əqidələrlə yaşayırdılar. O vaxt Hicaz və Məkkədə çoxları daşdan, dəmirdən, taxtadan, xurmadan hazırlanmış bütə ibadət edir, qızları diri-diri basdırırdılar. Bir çox qəbilələr düşmənçilik edərək daim qan tökür və müharibə edirdilər. Dünya zəlalət və azğınlıqda boğulurdu. Yaranmışların ən şərəflisi, kainatın fəxri olan Məhəmməd ibn Abdullah (s) 40 yaşında ikən, Allah Təala onu Peyğəmbərliyə təyin etdi. Cəbrail (ə) o Həzrətə (s) nazil olaraq ilahi vəhyi xüsusi bir şəkildə ona çatdırdı.
Hədis kitablarında müxtəlif sənədlərlə bu əhvalat nəql olunub. Bəzi rəvayətlərə əsasən Həzrət (s) Hira dağından qayıdarkən onun əzəmət və nuru hər bir tərəfə yayılırdı.[3] Hər bir ağac, bitki və daş Həzrətin (s) qarşısında əyilərək fəsahətlə deyirdilər: «Əssəlamu əleykə, ya nəbiyyəllah, əssəlamu əleykə, ya Rəsuləllah».
Həzrət (s) Xədicənin (ə) evinə daxil olarkən, evi nurlandırdı.
Xədicə (ə) dedi: «Sizdə gördüyüm bu nur nədir?»
O Həzrət (s) buyurdu: «Bu, peyğəmbərlik nurudur. De: «La ilahə illəllah, Muhəmmədun Rəsulullah»» Xədicə (ə) dedi: -İllərdir mən sizin peyğəmbərliyinizi bilirəm.
Sonra o, Allahın təkliyinə və Peyğəmbərin (s) risalətinə şəhadət verdi.
Bu an Həzrət (s) buyurdu: «Ey Xədicə, soyuqluq hiss edirəm, üstümü ört».
Həzrət (s) üstünü örtüb yatdı. Allah Təala tərəfindən nida gəldi: «Ey əbasına bürünmüş, qalx insanları Allahın əzabı ilə qorxut və Allahına təkbir de, böyüklüklə yad et».[4]
Həzrət (s) qalxdı, barmağına üzük taxıb buyurdu: «Allahu Əkbər, Allahu Əkbər.»
Həzrətin (s) səsi hər yerə yayıldı. Hamı onun sözlərini qəbul etdi.[5]
Peyğəmbər (s) üç il insanları tək olan Allahın dininə dəvət etdi. Üç ildən sonra Cəbrail (ə) nazil olub buyurdu: -Allah Təala əmr edir ki, öz dəvətini aşkar surətdə insanlara çatdırasan.
Peyğəmbər (s) Səfa dağına qalxıb öz dəvətini açıq şəkildə insanlara çatdırdı.[6]
Mənbələr
[1] Təbərsi - Elamul-vəra, c 1, səh 46, Şeyx Tusi - Misbahul-mütəhəccid, Şeyx Müfid – Məsaruş-şiə, səh 37, Cəfər Tusi - Təhzibul-əhkam, c 6, səh 2, Əli ibni Yusif ibni Mütəhhər Hilli - Əl-ədədul-qəviyyə, səh 337, Əllamə Məclisi - Zadul-məad, səh 36, Mühəddis Qumi - Feyzul-əlam, səh 328
[2] Əllamə Məclisi - Zadul-məad, səh 40
[3] Mühəddis Qumi - Müntəhal-amal, c 1, səh 47
[4] Müddəsir surəsi, ayə 1
[5] Mühəddis Qumi - Müntəhal-amal, c 1, səh 47
[6] Əllamə Məclisi – Biharul-ənvar, c 19, səh 174, 186




