Muxtarın qiyamı
Muxtarın qiyamı
Bu gün Muxtar Əhlibeytin (ə) sınmış qəlblərini şadlandıran «Ya ləsarətəl Hüseyn» nidası ilə Kufədə qiyam etdi. Muxtar hicrətin 1-ci ilində Taifdə dünyaya göz açıb. Hicrətin 67-ci ilində Kufədə Müsəib ibn Zübeyrin vasitəsi ilə şəhadətə çatıb. Künyəsi Əbu İshaqdır. Atası Əbu Übeydə böyük səhabələrdən biri idi. Farsla müharibədə şəhid olmuşdu. Atasından sonra iki qardaşı Həkəm və Cəbir şəhid oldular.
Muxtar hakimiyyətinin 18-ci ayında İmam Hüseynin (ə) qatillərindən 18 min nəfəri cəhənnəmə vasil etdi. Bunlar onun səhabələrinin, dostlarının və İbrahim ibn Malik Əştərin Kufədən kənarda və Xazir çayının ətrafında öldürdüklərindən əlavədir.
Muxtarın əmisi Səd Əmirəl-möminin (ə) və İmam Həsən (ə) tərəfindən Mədainin valisi olub. O, bir yerə getdikdə həmişə öz yerinə Muxtarı təyin edərdi. Əmirəl-möminin (ə) ona fəthdən və zəfərdən xəbər verdi və Meysər Təmmar Kufə zindanında ona bu barədə bəşarət verdi.
Qurban bayramı günü Əbu Məhəmməd Həkəm ibn Muxtar İmam Məhəmməd Baqirin (ə) xidmətinə gəldi. Özünü təqdim etməmişdən qabaq İmam Baqir (ə) onu yanına çağırdı.
O, dedi: «Mənim ağam, insanlar mənim atam barəsində çoxlu söz-söhbət yayırlar. Allaha and olsun ki, düzgün kəlam sizinkidir. Siz nə buyursanız, onu qəbul edəcəyəm».
İmam (ə) buyurdu: «Subhanəllah, atam xəbər vermişdi ki, anamın mehriyyəsi Muxtarın atam üçün göndərdiyi pul idi. Muxtar bizim xarab olmuş evlərimizi abad etdi və düşmənlərimizi öldürdü».
İmam (ə) üç dəfə buyurdu: «Allah atana rəhmət etsin!»
Uşaqlıqda Əmirəl-möminin (ə) onu dizləri üstə əyləşdirib, lütf və mərhəmət göstərərdi. İmam Baqir (ə) buyurur: «Muxtar Übeydullahın başını İmam Zeynəl Abidin (ə) üçün göndərdikdə o Həzrət (ə) süfrə başında idi. Sevinib dua etdi»[2]
Bir rəvayətə əsasən Muxtarın qiyamı hicrətin 66-cı ili rəbiul əvvəl ayının 14-cü gecəsi baş verib.[3] Başqa bir rəvayətdə isə onun qiyamının rəbius-sani ayının 16-da baş verdiyi bildirilir.[4]
Mənbələr
[1] Zəbihullah Məhəllati - Qəlaidun- nehvər, Rəbis-sani cildi, səh 225-229, Əllamə Əli Nəmazi Şəhrudi - Mustədrəku səfinətil-bihar, c 4, səh 68, Əllamə Məclisi - Biharul-ənvar, c 45, səh 333, Zəbihullah Məhəllati (və ya Xiyabani) - Vəqayiul-əyyam, Rəbiul əvvəl və rəbius-sani cildi, səh 204
[2] Zəbihullah Məhəllati - Fərsanul-həyca, c 2, səh 198, 199, 244, 245
[3] Əllamə Məclisi - Biharul-ənvar, c 45, səh 386,
[4] Əllamə Məclisi - Biharul-ənvar, c 45, səh 333, Zəbihullah Məhəllati - Qəlaidun- nehvər, Rəbis-sani cildi, səh 232




