Digər Hicri-qəməri: 24 Zilhiccə Miladi:

Mübahilə günü

Mübahilə günü

Bu gün Əhlibeytin (ə) Nəcran nəsraniləri ilə mübahilə günüdür. Digər tərəfdən Əhlibeytin (ə) barəsində «Təthir» ayəsinin nazil olduğu gündür.[1] Bu ayə nazil olduqda Peyğəmbər (s) Əli (ə), Fatimə (ə), Həsən (ə) və Hüseyni (ə) çağırıb buyurdu: «İlahi, bunlar mənim əhlimdir».[2]

Peyğəmbərin (s) nəcranlılara məktubu.

Hicrətin 10-cu ilində Peyğəmbər (s) Nəcran xristianlarına bir məktub yazdı. Məktubda deyilirdi: «Ya yeganə olan Allaha ibadət edib müsəlman olun, ya da öz məzhəbinizdə qalıb müsəlmanlara cizyə (vergi) verin. Əks təqdirdə müharibəyə hazır olun»

Bəni Nəcran böyük bir kilsədə toplaşıb məsləhət etdilər. Qövmün böyüklərindən olan bir neçə nəfər Peyğəmbərə (s) təslim olmağa etiraz etdilər. Nəcranın böyüklərindən sayılan Əbu Harisə 120 yaşında idi. Batinən, o müsəlman idi.

İki gün məşvərət etdikdən sonra İsadan sonrakı Peyğəmbərin (s) sifətləri qeyd olunan yazıları, həmçinin Həzrət Şueybin (ə) səhifəsindən oxumaq qərarına gəldilər. Oxutduqdan sonra belə qərara gəldilər ki, 70 nəfəri təhqiqata aparmaq üçün Mədinəyə göndərsinlər.

Onlar Mədinəyə, Peyğəmbərin (s) yanına gəldilər. Həzrət (s) nə qədər sübut və dəlil gətirsə də, onlar qəbul etmədilər. İş mübahiləyə gəlib çıxdı. Onlar Mədinədən kənardakı qərargahlarına gedib bir-birləri ilə məşvərət etdilər. Onlardan biri dedi: «Əgər Məhəmməd (s) sabah öz səhabələrini və çoxlu kütlə ilə mübahiləyə gəlsə, bu padşahların yoludur. Amma Əhlibeytini (ə) gətirsə, bu peyğəmbərlərin işidir».

Ertəsi gün günəş doğan zaman Peyğəmbər (s), Əli ibn Əbu Talibin (ə) əlindən tutub hücrədən çıxdı. İmam Həsən (ə), İmam Hüseyn (ə) və Fatiməni də (ə) özü ilə götürdü. Onlar əvvəlcədən təyin edilmiş iki ağacın yanına çatdılar. Qabaqcadan Peyğəmbərin (s) göstərişi ilə o iki ağacın altını süpürdülər. Kölgəlik üçün bir əbanı ağacın üstünə örtdülər. Mədinə müsəlmanları da, Bəni Nərcan da öz övladları ilə gəldilər. Əsqəf yanındakılarla gəlib dedi: «Kimləri bizimlə mübahiləyə gətirmisən?»

Peyğəmbər buyurdu: «Allahın yanında aləmlərin və yer əhlinin ən yaxşılarını onun əmri ilə gətirmişəm.»

Peyğəmbəri (s) və ali əbanı görən kimi qorxudan onların rəngi saraldı. Əbu Haris İslama meyilli olduğundan fürsəti qənimət bilib irəliyə keçdi və nəsihət edib onları bu mübahilənin nəticəsindən agah etdi: «Onun və Əhlibeytinin (ə) xüsusiyyətlərin kitablarda oxumusunuz. Bu, həmin Peyğəmbərdir. Məgər qara buludları, günəşin dəyişkənliyini, ağacların əyilmiş budaqlarını, quşların səslərini, dağların ətrafını almış tüstü və zəlzələ əsərlərini görmürsüz? Onlar dua etməyə hazırdırlar. Allaha and olsun, əgər bir söz desələr, bizdən əsər-əlamət qalmayacaq. Gedək onunla sülh bağlayaq».

Əbu Harisi göndərdilər. O, müsəlman olub dedi: «Nəcran camaatı peşman olub.»

Həzrət buyurdu: «O zaman İslamı qəbul etsinlər.»

- «Qəbul etmirlər.»

- «Onda müharibəyə hazırlaşsınlar.»

- «Buna gücləri çatmaz. Amma cizyəni qəbul etməyə hazırdılar.»

Peyğəmbər (s) Əliyə (ə) buyurdu ki, zimmənin (vergi ödəməli olan kafirlərin) şərtlərini və onun miqdarını onlara desin. Cizyənin şərtlərini təyin etdikdən sonra Əli (ə) onları Peyğəmbərin (s) yanına gətirdi.

Peyğəmbər (s) buyurdu: «Əgər mənimlə və Əhlibeytimlə mübahilə etsəydiniz, meymun və donuz sifətinə düşərdiniz. Bu səhra od olardı və bir il keçməzdi ki, bütün xristianlar məhv olardı.»

Mənbələr

[1] Şeyx Müfid - Məsaruş-şiə, səh 22-23, Mühəddis Qumi - Feyzul-əlam, səh 127-129, Əllamə Məclisi - Biharul-ənvar, c 97, səh 168, 384, Şeyx Kəfəmi - Əl-Misbah, c 2, səh 601, Əllamə Məclisi - Zadul-məad, səh 287, Əli ibni Yusif ibni Mütəhhər Hilli - Əl-ədədul-qəviyyə, səh 307-308,

[2] Suyuti - Tarixul-xuləfa, səh 169

Teqlər