İmam Zamanın (ə.f) mövludu
İmam Zamanın (ə.f) mövludu
Hicrətin 255-ci ili cümə gecəsi Allahın sonuncu hüccəti Həzrət Bəqiyyətullah Hüccət ibn Həsən Əskəri (ə.f) dünyaya göz açıb.[1] Bu gecə hamının görə bilməyəcəyi halda zəmzəm suyu çoxalır.[2] Amma hal hazırda onun üstü örtülüdür. Bu gecədə bir çox şəxslər üçün oddan bəraət almaq yazılır. Bu gecəyə «bəraət gecəsi», «mübarək gecə» və «rəhmət gecəsi» deyirlər.
İmam Baqir (ə) və İmam Sadiqdən (ə) nəql olunub: Şəban ayının 15-ci gecəsi yetişdikdə üfüqdən bir səs gələr: «Ey Hüseyn ibn Əlinin qəbrini ziyarət edənlər, qayıdın, sizin günahlarınız bağışlandı. Əcriniz Allahınız və Məhəmmədlə (s) olsun» İmam Hüseynin (ə) qəbrini ziyarət etməyə qüdrətləri olmayan kəslər digər İmamların qəbrini ziyarət etsinlər. Əgər bu da mümkün olmasa, onların qəbirlərinə tərəf işarə edib salam versinlər.[3] İmamın atası Həzrət Həsən ibn Əli (ə), anası isə Nərcis xanımdır.[4]
Mövlud gecəsinin əhvalatı.
İmam Həsən Əskəri (ə) mövlud gecəsi öz böyük bibisi Həkimə Xatun (ə) üçün xəbər göndərib onu çağırdı və buyurdu: -Bu gecə bizimlə iftar et. Bu gecə Allah Təala öz hüccətini aşkar edəcək.[5]
İmam Zaman (ə.f) hicrətin 255-ci ili şaban ayının 15-ci gecəsi günəşin doğum anında Samirra şəhərində dünyaya gəldi. Həzrətin (ə) sağ çiynində yazılmışdı: «Caəl həqqu və zəhəqəl batilu, innəl batilə kanə zəhuqa.» (Haqq gəldi, batil aradan getdi. Həqiqətən, batil aradan gedəndir.)
Dünyaya gəldikdən sonra onu atasının yanına gətirdilər. O, danışmağa başladı: «Əşhədu ənla ilahə illəllahu və əşhədu ənnə Muhəmmədən Rəsulullahi və ənnə əliyyən Əmirəl mumininə vəliyyullah». Sonra bütün məsum imamların (ə) adını bir-bir saydı. Öz adına çatdıqda fərəc intizarında olanlar üçün dua oxudu.
İmam Zaman (ə.f) atasının qoynunda.
İmam Həsən Əskərinin (ə) göstərişinə əsasən onu anası Nərcis Xatunun yanına apardılar. Həkimə Xatun uşağı anasına verdi. Həkimə Xatun buyurur: Yeddinci gün İmamın (ə) yanına getdim. Həzrət (ə) buyurdu: «Mənim oğlumu gətirin. İmam Zamanı (ə.f) İmam Həsən Əskərinin (ə) yanına gətirdik». İmam (ə) buyurdu: «Oğlum, danış».
Gördüm ki, ilk gündə olduğu kimi o, Allahın təkliyin, Peyğəmbəri (s), Əmirəl-möminini (ə) və digər məsumları (ə) iqrar etdi və bu ayəni oxudu: «Bismillahir rəhmanir rəhim və nuridu ən nəmunnə ələl-ləzinəs-tuz'ifu fil ərzi və nəc'ələhum əimmətən və nəc'ələhumul-varisinə və numəkkinə ləhum fil ərzi və nuriyə fir'əvnə və hamanə və cunudəhuma minhum ma kanu yəhzərun».[6] Sonra İmam Həsən Əskəri (ə) buyurdu: «Allahın öz peyğəmbərlərinə nazil etdiyini oxu».
Həzrət (ə.f) siryani dilində Adəmin (ə) sühüfünü oxumağa başladı, sonra İdrisin, Nuhun, Salehin, İbrahimin (ə) sühüfünü, Musanın (ə) Tövratını, İsanın (ə) İncilini, Davudun (ə) Zəburunu və Məhəmmədin (s) Furqanını oxudu. Daha sonra peyğəmbərləri bəyan etməyə başladı.
Həkimə Xatun deyir: «Qırx gündən sonra yenidən İmam Həsən Əskərinin (ə) yanına getdim. Həzrət Sahib Zamanı (ə.f) yeriyən gördüm».
İmam Əskəri buyurdu: «Ey Bibi, Allahın yanında əziz mövlud budur».
Dedim: «Ey mənim ağam, onun inkişafını digərlərindən fərqli görürəm».
Həzrət (ə) buyurdu: «Ey bibi, biz vəsilər bir həftənin inkişafını bir gündə, bir cümədə isə bir ilin inkişafını geridə qoyuruq».
Mən ayağa qalxdım, uşağın başından öpüb mənzilimə qayıtdım.[7]
İmam Zamanın (ə.f) ləqəbləri.
Hüccətullah,[8] Hüccəti Ali Məhəmməd, Sahibəz-Zaman (öz zamanının hökm verəni), Maliki riqabi xəlaiq (əmr onun əmri, nəhy onun nəhyi, hökm onun hökmü, göstəriş onun göstərişidir), Məhdi (insanlar onun vasitəsi ilə hidayət olub, zəlalət yolundan nicat taparaq hidayət olacaqlar), Qaim (İmam Sadiq (ə) buyurub: «Haqqa xatir qiyam edəcəyinə görə ona Qaim deyirlər.»), Müntəzər (onu uzun bir qeyb dövrü gözləyir. müxlislər onun zuhur etməsini gözləyər, şəkk edənlər isə onu inkar edərlər.)
İmam Zamanın xüsusiyyətləri.
O, Allahın Rəsulunun (s) oxşarıdır.[9] Mübarək surəti ulduz kimi parlaq və nuranidir. Əli (ə) buyurur: «O, xoş üzlü və xoş ətirli bir cavandır. Mübarək surətinin nuru saqqalının qaralığına açılmış qırmızı gül kimi meyillidir.»
İmam Zamanın (ə.f) anası.
İmamın anası Nərcis xatundur. Onun ləqəbləri aşağıdakılardan ibarətdir: Məlikə, Reyhanə, Seyqəl, Süsən. Həmçinin ziyarətnamədə onu bu adlarla adlandırırlar: Raziyə, Mərziyyə, Siddiqə, Təqiyyə, Nəqiyyə, Zəkiyyə.
Bir rəvayətə əsasən Nərcis xatun hicrətin 261-ci ilində Samirra şəhərində dünyadan köçərək İmam Hadi (ə) və İmam Həsən Əskərinin (ə) məzarlarının yaxınlığında dəfn olunub.[10] Digər bir rəvayətə əsasən isə onun vəfatı hicrətin 260-cı ilində İmam Həsən Əskərinin (ə) şəhadətindən qabaq baş verib.[11] Çünki, İmam (ə) öz şəhadətindən sonra baş verəcək hadisələr barədə ailəsinə xəbər verdikdə, Nərcis xatun Həzrətdən istədi ki, ondan qabaq dünyadan köçməsi üçün dua etsin.[12]
Həzrət Cavadın (ə) qızı Həkimə xatun isə həyatında dörd imamı görmüşdü.[13] O, hicrətin 274-cü ilində Samirra şəhərində dünyadan köçüb.[14] Bu xanım Əhlibeytin (ə) sirdaşlarından olub. İmam Zaman (ə.f) dünyaya göz açdıqda orada iştirak edib. Bir neçə dəfə isə Həzrətlə görüşmək ona nəsib olub. O, İmam Həsən Əskərinin (ə) şəhadətindən sonra səfirlərdən biri kimi fəaliyyət göstərib. İnsanlar onun vasitəsi ilə öz hacətlərinə nail olurdular.[15]
İmam Zamanın (ə.f) mövludundan bir gecə sonra Nəsimi adlı xidmətçi İmamın (ə.f) yanında asqırdı. İmam (ə.f) buyurdu: «Yərhəmukəllah, bu, üç gün ölümdən amanda qalmaqdır».[16] Bu əhvalatın şaban ayının 25-də baş verdiyini də yazıblar.[17] İmam Əsrin (ə.f) mövludundan 3 gün sonra İmam Həsən Əskəri (ə) öz övladını xüsusi səhabələrə göstərdi. Onlar da onun İmamətliyini təsdiqlədilər.[18]
Kiçik qeyb dövrü.
Qısa qeyb dövründə şiənin böyüklərindən dörd nəfər ardıcıl olaraq İmamın (ə.f) xüsusi səfiri, vəkili və naibi olublar. Onlar İmam (ə.f) tərəfindən bu vəzifəyə seçilmişdilər. İmamın (ə.f) buyurduqları naiblərinin vasitəsi ilə insanlara yetişirdi.
Bu dörd vəkildən başqa İmam (ə.f) tərəfindən digər müxtəlif məkanlarda da vəkillər təyin olunmuşdu. Onlar bu dörd nəfərin vasitəsi ilə insanların hacətlərini İmama (ə.f) çatdırır, İmam, (ə.f) isə məktubla onların cavabını verirdi.[19] Dörd nəfərin səfirliyi mütləq və tam idi. Amma digərlərinin səfirliyi xüsusi işlərlə kifayətlənirdi. Onlardan: Əbul Hüseyn Məhəmməd ibn Cəfər Əsədi, Əhməd ibn İshaq Əşəri, İbrahim ibn Məhəmməd Həmədani, Əhməd ibn Həmzə ibn Əlyəsə.[20]
Dörd naib bunlardan ibarətdir: Əbu Əmr Osman ibn Səid Əmri, Əbu Cəfər Məhəmməd ibn Osman, Əbul Qasim Hüseyn ibn Ruh Nubəxti, Əbul Həsən Əli ibn Məhəmməd Səməri.
Birinci naib Osman ibn Səid Həzrət Hadinin (ə) və İmam Həsən Əskərinin də (ə) vəkili olub. O, insanlar tərəfindən etimadlı və böyük məqam sahibi kimi tanınıb.[21] Osman ibn Səid İmamın (ə.f) əmri ilə İmam Əskərini (ə) kəfənləyib dəfn olunmasında kömək edib.[22]
İmam Həsən Əskəri (ə) Əskəri məhəlləsində yaşadığından şiələrlə əlaqə saxlaması çətin idi. Osman ibn Səid Əmri yağ satan olduğu üçün, malları yağ qablarına tökərək İmamın (ə) yanına aparırdı.[23]
Əhməd ibn İshaq Qumi İmam Hadidən (ə) soruşur: «Mənim ağam, bəzən bu vilayətdə oluram, bəzən isə olmuram. Burada olanda da həmişə xidmətinizə gələ bilmirəm, kimin sözünü qəbul edib göstərişinə itaət edim?»
Həzrət (ə) buyurdu: «Əbu Əmr Osman ibn Səid etimadlı və əmindir. Sizə dediyini məndən deyir və sizə çatdırdığını məndən çatdırır».
Əhməd ibn İshaq deyir: İmam Hadi (ə) şəhid olduqdan sonra, İmam Əskərinin (ə) yanına gəlib həmin sözlərimi təkrarladım. O, atası kimi buyurdu: «Əbu Əmr məndən qabaq, mənim dövrümdə və məndən sonra da etimadlı və əmin şəxsdir. Sizə dediyi və çatdırdığı məndəndir».[24]
Osman ibn Səid İmam Həsən Əskəridən (ə) sonra İmam Zamanın (ə.f) əmrinə əsasən naiblik və vəkilliyə davam etdi. Şiələr öz məsələlərini onun yanına gətirirdilər. İmam (ə.f) cavabları Osman ibn Səidin vasitəsi ilə onlara çatdırırdı.[25]
İkinci naib Əbu Cəfər Məhəmməd ibn Osman atası kimi şiələrin yanında təqvalı, ədalətli və etimadlı şəxs kimi tanınırdı. Osman ibn Səid ölümündən qabaq İmamın (ə.f) göstərişi ilə öz oğlunu özünün canişini və İmamın (ə.f) naibi kimi tanıtdı. İmam Əskəri (ə) də onu və atasını etimadlı şəxslər kimi tanıtdırmışdı. Şiələr onun ədalətli, təqvalı olmasında müttəfiq fikrə malik idilər.[26]
Birinci naib Osman ibn Səidin vəfatından sonra İmam Zamandan (ə.f) onun vəfatı və oğlu Məhəmmədin naibliyi barədə məktub yetişdi. Məktubun bir qisminin tərcüməsi belədir: «İnna lillah və inna iləyhi raciun. Allahın hökmünə təslimik və qəzasına razıyıq. Atası səadətli yaşadı və bəyənilmiş şəxs kimi dünyadan köçdü. Allah ona rəhmət etsin və rəhbərinə (ə) qovuşdursun. Atanın səadətlərindən biri də budur ki, Allah sənin kimi övladı ona bəxş edib ki, ondan sonra canişini olasan, onun işlərini yerinə yetirib, bağışlanmasını və rəhmət istəyəsən».[27]
Məhəmməd ibn Osmandan soruşdular: «Sahibul-Əmri (ə.f) görmüsən?»
Dedi: «Bəli, onunla axırıncı görüşüm Kəbənin kənarında olub. İmam o zaman buyurdu: «Allahummə ənciz li ma vəədtəni». Həmçinin onu müstəcərdə Kəbənin sağ tərəfinin yaxınlığında gördüm ki, buyurur: «Allahumməntəqim li min ə'dai»».[28]
Bu böyük şəxsiyyət İmam Əskəridən (ə) və atasından eşitdikləri əsasında fiqh barədə kitablar yazmışdır.[29] Məhəmməd ibn Osman özü üçün bir qəbir hazırlamışdı. Üstünü sacla örtmüşdü. Üzərinə isə Qurani Kərim ayələri və məsumların adlarını yazmışdı. Hər gün ora daxil olaraq bir cüz Quran oxuyub çıxardı.[30] O, öləcəyi günü qabaqcadan xəbər vermişdi. Elə həmin gün də dünyadan köçdü.[31] Həmçinin ölümündən qabaq şiələrə xəbər vermişdi ki, İmam (ə.f) Əbul Qasim ibn Ruh Nubəxtini özünün səfiri seçib, ona müraciət etsinlər.[32] O, hicrətin 305-ci ilində dünyadan köçdü.[33]
Üçüncü naib Cənab Əbul Qasim Hüseyn ibn Ruh Nubəxti də hamının yanına böyük məqam sahibi idi. Bütün məzhəblər arasında ağıl, təqva və fəzilətdə məşhurlaşmışdı. İkinci naibin dövründə onun tərəfindən bəzi işlərə köməklik edirdi. İkinci naibin köməkçiləri arasında Cəfər ibn Əhməd hamıdan daha çox ona yaxın idi. Hətta Məhəmməd ibn Osmanın ömrünün axırlarında evinin yeməklərini Cəfər ibn Əhmədin evində hazırlayırdılar. Səhabələrin arasında Cəfər ibn Əhmədin naibliyi və canişinliyi çox ehtimal olunurdu. Amma Məhəmməd ibn Osmanın ölümünün axır vaxtların da Əhməd onun baş tərəfində, Hüseyn ibn Ruh ayaq tərəfində əyləşmişdi. Üzünü Cəfər ibn Əhmədə çevirib buyurdu: «Məmuram ki, işləri Əbul Qasim Hüseyn ibn Ruha tapşırım.» Cəfər ibn Əhməd yerindən qalxıb Hüseyn ibn Ruhun əlindən tutub Məhəmməd ibn Osmanın baş tərəfində əyləşdirdi. Özü isə aşağı tərəfdə əyləşdi.[34]
Hicrətin 305-ci ili şəvval ayının 6-da ona İmam Zaman (ə.f) tərəfindən ilk məktub gəldi. Məktubda yazılırdı: «Biz onu tanıyırıq. Allah bütün xeyirlərini, razılığını ona tanıtsın və öz uğuru ilə ona kömək etsin. Onun sirlərindən agah olduq. Biz ona etimad edib güvənirik. O, bizim yanımızda məkan və məqam sahibidir. Allah öz ehsanını onun üçün artırsın. Allah hər bir şeyə qadirdir. Şükr olsun şəriki olmayan Allaha, Allahın çoxlu salamı olsun göndərdiyi Məhəmmədə (s) və Onun ailəsinə (ə)».
Əbu Səhl Nubəxtidən (Bağdadın kəlam elmi üzrə böyük mütəxəssislərindən biri) soruşdular: -Niyə görə cənab Əbul Qasim Hüseyn ibn Ruh naiblik məqamına nail oldu, siz isə yox?
Dedi: «İmamlar (ə) daha çox bilir. Onların seçdikləri daha münasib və layiqlidir. Amma mən səbirsizəm. Naib olsaydım, İmam Zamanın (ə.f) məkanını biləcəkdim (necə ki, Hüseyn ibn Ruh Nubəxti naibliklə bunu bilirdi). Müxaliflərə İmam (ə.f) barəsində bəhs edərkən ola bilərdi ki, çətin vəziyyətdə qalaraq özümü saxlaya bilməyib İmamın (ə.f) yerini ifşa edərdim. Amma Əbul Qasim İmamı (ə.f) öz yaxasında gizlətsə belə və onu tikə-tikə doğrasalar da İmamı (ə.f) düşmənlərə göstərməz».[35]
Cənab Əbul Qasim Hüseyn ibn Ruh təxminən 21 il naiblik edib. O, vəfatından qabaq naibliyi İmamın (ə.f) əmri ilə Əbul Həsən Əli ibn Məhəmməd Səməriyə tapşırdı. Hicrətin 326-cı ili şaban ayında dünyadan köçdü. Qəbri Bağdaddadır.[36]
Dördüncü naib Əbul Həsən Səməridir. Sahibəz-Zamanın (ə.f) əmri ilə Hüseyn ibn Ruh naibliyi Əbul Həsən Səməriyə tapşırdı. Rical elminin böyüklərinin dediyinə əsasən onun məqamını və əzəmətini vəsf etməyə ehtiyac yoxdur.
Bir gün Əbul Həsən Səməri yanında olan bir qrup şeyxlərə buyurdu: -Allah sizə Əli ibn Babveyh Quminin müsibətində əcr inayət etsin. O, bu saatda dünyadan köçdü. Onlar saatı, günü, ayı qeyd etdilər. 17 və ya 18 gündən sonra xəbər çatdı ki, həmin saatda Əli ibn Babveyh dünyadan köçüb.[37]
Kiçik qeyb dövrünün sonu.
Əli ibn Məhəmməd Səmərinin vəfatından qabaq bir qrup şiə onun yanına toplaşıb soruşdular: -«Sizdən sonra canişin kim olacaq?»
Dedi: «Mən bu barədə heç kimə vəsiyyət etməyə məmur olmamışam».[38]
Sonra bu barədə İmamdan (ə.f) gələn məktubu şiələrə göstərdi. Onlar məktubun nüsxəsini çıxardılar. Məktubun məzmunu belədir: «Bağışlayan və mehriban Allahın adı ilə. Ey Əli ibn Məhəmməd Səməri, Allah sənin müsibətində qardaşlarına çox əcr versin. Altı gündən sonra dünyadan köçəcəksən. Öz işlərini topla və heç kimə vəsiyyət etmə. Uzun qeyb dövrü başlayır. Allah icazə verməyincə zuhur baş verməyəcək (Yer üzü zülmlə dolub, qəlblər qəsavət bağlayandan sonra uzun bir müddət keçdikdə zuhur baş verəcək.) Tezliklə şiələr məni görəcəklər. Agah olun ki, hər kim Sufyaninin xürucundan və səyhədən[39] qabaq (səfir və naib olduğunu bildirsə) belə iddia etsə, yalancı və iftiracıdır. Və la həvlə vəla quvvətə illa billahil əliyyil əzim».[40]
Hicrətin 329-cu ili şaban ayının 15-də altıncı gün cənab Əbul Həsən Səməri dünyadan köçdü. Bağdadda Xələnci xiyabanında Əbu Ətab çayının kənarında dəfn olundu.[41]
Əllamə Məclisi Şeyx Təbərsinin «Ehticac» kitabından nəql edir ki, İmam Zamanın (ə.f) xüsusi naibləri yalnız İmamın (ə.f) göstərişi və əmri əsasında özündən sonrakı naibi tanıtdırıb. Şiələr də onların sözlərini və naibliyini İmam (ə.f) tərəfdən əldə etdikləri nişan və möcüzələri göstərdikdən sonra qəbul edirdilər.[42]
Uzun qeyb dövrünün vəzifələri.
İmamın qeybi dövründə şiələrin və dostlarinın bir neçə vəzifəsi vardır:
1. Cümə günləri, Fitr bayramında, Qurban bayramında, Qədir Xum bayramında «Nüdbə» duasını oxumaq.
2. Cümə günündə O Həzrəti (ə.f) ziyarət etmək.
3. Əqidənin möhkəm və sabit qalması üçün bu duanı oxumaq: «Ya Allahu, Ya Rəhmanu, Ya Rəhimu, Ya Müqallibəl-qulubi, səbbit qəlbi əla dinik».[43]
4. «Qaim» adının ehtiramına xatir ayağa qalxmaq.
5. Çətinliklərdə o Həzrətə təvəssül etmək.
6. Onun salamatlığı və fərəcinin tezliyinə xatir sədəqə vermək.
7. Bu duanı oxumaq: «Allahummə ərrifni nəfsəkə, fəinəkə in ləm tuərrifni nəfsəkə ləm ə'rif nəbiyyəkə, Allahumə ərrifni rəsuləkə, fəinnəkə in ləm tuərrifni rəsuləkə ləm ə'rif hüccətəkə, Allahumə ərrifni hüccətəkə fəinnəkə in ləm tuərrifni hüccətəkə zələltu ən dini» [44]
8. Həzrətə aid olan məclislərdə iştirak etmək, xüsusi ilə cəddi, şəhidlər ağası İmam Hüseynin (ə) əza məclislərində.
9. İmamların (ə) qəbrini ziyarət etmək, Quran oxumaq, Həcc və Ümrə təvaflarını yerinə yetirmək və bu əməlləri o həzrətə hədiyyə etmək.
10. Günahlardan həqiqi tövbə etmək.
11. İnsanları o Həzrətə qarşı diqqətli olmağa çağırmaq.
Mənbələr
[1] Təbərsi - Elamul-vəra, c 2, səh 214, Şeyx Müfid - Məsaruş-şiə, səh 38, Şeyx Kuleyni - Əl-Kafi, c 1, səh 431, Şeyx Müfid - Əl-irşad, c 2, səh 339
[2] Şeyx Bəhauddin Amuli - Tovzihul-məqasid, səh 19, Şeyx Tusi - Misbahul-mütəhəccid, səh 785, Şeyx Kəfəmi - Əl-Misbah, c 2, səh 598, Mühəddis Qumi - Feyzul-əlam, səh 328, Əllamə Məclisi - Cəlaul-uyun, səh 579
[3] Şeyx Müfid - Məsaruş-şiə, səh 38, Şeyx Bəhauddin Amuli - Tovzihul-məqasid, səh 20-21, Mühəddis Qumi - Feyzul-əlam, səh 343
[4] Şeyx Müfid - Əl-irşad, c 4, səh 239
[5] Mühəddis Qumi - Feyzul-əlam, səh 346
[6] Qəsəs surəsi, 5-6-cı ayələr
[7] Seyyid İsmail Təbərsi Nuri - Kifayətul-muvəhhidin, c 3, səh 340-341
[8] Seyyid İsmail Təbərsi Nuri - Kifayətul-muvəhhidin, c 3, səh 343, Şeyx Səduq - Kəmaləddin, c 2, səh 49, 159
[9] Seyyid İsmail Təbərsi Nuri - Kifayətul-muvəhhidin, c 3, səh 341
[10] Zəbihullah Məhəllati - Rəyahinuş-şəriə, c 3, səh 25-26
[11] Zəbihullah Məhəllati - Tarixi Samirra, c 1, səh 243, Əllamə Nəmazi Şəhrudi - Mustədrəku səfinətil-bihar, c 10, səh 25
[12] Əllamə Nəmazi Şəhrudi - Mustədrəku səfinətil-bihar, c 10, səh 25
[13] Əllamə Məclisi - Biharul-ənvar, c 50, səh 8
[14] Zəbihullah Məhəllati - Tarixi Samirra, c 1, səh 239
[15] Zəbihullah Məhəllati - Rəyahinuş-şəriə, c 4, səh 150
[16] Müctəhid Bircəndi - Vəqayiuş-şuhur, səh 147
[17] Müctəhid Bircəndi - Vəqayiuş-şuhur, səh 146
[18] Müctəhid Bircəndi - Vəqayiuş-şuhur, səh 147
[19] Sədruddin Sədr - Əl-Məhdi (ə), səh 182
[20] Seyyid Möhsin Əmin Amuli - Əyanuş-şiə, c 4, böl 3, səh 21
[21] Sədruddin Sədr - Əl-Məhdi (ə), səh 181
[22] Seyyid Möhsin Əmin Amuli - Əyanuş-şiə, c 4, böl 3, səh 16
[23] Əllamə Məclisi - Biharul-ənvar, c 51, səh 344
[24] Əllamə Məclisi - Biharul-ənvar, c 51, səh 344
[25] Əllamə Məclisi - Biharul-ənvar, c 51, səh 346, Sədruddin Sədr - Əl-Məhdi (ə), səh 181
[26] Əllamə Məclisi - Biharul-ənvar, c 51, səh 345,346, Şeyx Tusi - Əl-ğeybə, səh 216-219
[27] Əllamə Məclisi - Biharul-ənvar, c 51, səh 349, Şeyx Səduq - Kəmaluddin, c 2, səh 188
[28] Əllamə Məclisi - Biharul-ənvar, c 51, səh 351
[29] Əllamə Məclisi - Həqqul-yəqin, səh 300
[30] Əllamə Məclisi - Həqqul-yəqin, səh 300, Mühəddis Qumi - Əl-kunya vəl- əlqab, c 3, səh 267-268
[31] Mühəddis Qumi - Əl-kunya vəl- əlqab, c 3, səh 267-268
[32] Əllamə Məclisi - Biharul-ənvar, c 51, səh 354-355, Şeyx Tusi - Əl-ğeybə, səh 326-327
[33] Əllamə Məclisi - Biharul-ənvar, c 51, səh 352
[34] Əllamə Məclisi - Biharul-ənvar, c 51, səh 353-354
[35] Mühəddis Qumi - Əl-kunya vəl- əlqab, c 1, səh 91, Əllamə Məclisi - Biharul-ənvar, c 51, səh 353-354
[36] Əllamə Məclisi - Həqqul-yəqin, səh 301, Əllamə Məclisi - Biharul-ənvar, c 51, səh 358-360
[37] Mühəddis Qumi - Əl-kunya vəl- əlqab, c 3, səh 231, Əllamə Məclisi - Biharul-ənvar, c 51, səh 361
[38] Əllamə Məclisi - Biharul-ənvar, c 51, səh 360
[39] İmamın zühur vaxtı baş verəcək iki hadisədir.
[40] Əllamə Məclisi - Biharul-ənvar, c 51, səh 361, Şeyx Tusi - Əl-ğeybə, səh 242-243, Şeyx Səduq - Kəmaluddin, c 2, səh 193, Əllamə Məclisi - Həqqul-yəqin, səh 301
[41] Seyyid Möhsin Əmin Amuli - Əyanuş-şiə, c 4, böl 3, səh 21, Şeyx Məhəmməd Təqi Tüstəri - Qamusur-rical, c 7, səh 51
[42] Əllamə Məclisi - Biharul-ənvar, c 51, səh 362
[43] Şeyx Səduq - Kəmaluddin, c 2, səh 352
[44] Şeyx Səduq - Kəmaluddin, c 2, səh 352




