Mövlud Hicri-qəməri: 3 Şəban Miladi:

İmam Hüseynin (ə) mövludu

İmam Hüseynin (ə) mövludu

Hicrətin 4-cü ili şaban ayının 3-də şəhidlər ağası, Neynəva çölündə susuz şəhid olan İmam Hüseyn (ə) dünyaya göz açmaqla aləmi öz nuruna boyadı.[1] Digər rəvayətlərə əsasən onun mövludu şaban ayının 5-də[2], rəbiul əvvəl ayının 30-da[3] və ya rəcəb ayının 12-də baş verib.

İmam Hüseynin (ə) ləqəbləri.

Həzrətin (ə) mübarək adı Tovratda - Şübeyr, İncildə isə Tabdır.[4] Atası möminlərin ağası Həzrət Əli (ə), anası xanımlar xanımı Fatiməyi Zəhradır (ə). Künyəsi Əbu Əbdullahdır. Xüsusi künyəsi isə Əbu Əlidir (ə).[5] Həzrətin ləqəbləri: Şəhid, Səid, Sibtis-sani, İmamus-salis, Rəşid, Mübarək, Vəfi və s.[6]

Peyğəmbər (s) İmam Hüseynin (ə) viladətində.

İmam Hüseynin (ə) viladət xəbəri Peyğəmbərə (s) çatdıqda Əlinin (ə) evinə gəlib Əsmaya buyurdu ki, uşağı gətirsin. Əsma Həzrəti (ə) ağ parçaya büküb onun yanına gətirdi. Peyğəmbər (s) uşağın sağ qulağına azan, sol qulağına isə iqamə dedi.[7]

İmam Hüseynin (ə) viladətinin 1-ci və ya 7-ci günü Cənab Cəbrail (ə) nazil olaraq buyurdu: «Allahın salamı olsun sənə! Ey Peyğəmbər, bu uşağın adını Harunun kiçik uşağının adı kimi Şübeyr adlandır. Ərəb dilində bu ada Hüseyn deyilir. Çünki, Əlinin (ə) sənə olan nisbəti Harunun Musa ibn İmrana olan nisbəti kimidir. Yalnız fərq budur ki, sən Peyğəmbərlərin (ə) sonuncususan.[8] Bu tərtiblə Fatimənin (ə) ikinci övladına Allah tərəfindən əzəmətli «Hüseyn» adı seçildi.

Həmin gün səma mələkləri təbrik söyləmək üçün Peyğəmbərin (s) xidmətinə gəldilər və Həzrətin (ə) qəbrinin torpağından Peyğəmbər (s) üçün gətirib başsağlığı verdilər.

O Həzrətin (ə) viladətində baş vermiş möcüzələrdən biri budur ki, mələk Fitris (Futros) və ya Dərdail imama (ə) pənah gətirdi. Allah onu bağışlayıb əvvəlki məqamına qaytardı.[9]

İmam Hüseynin (ə) qısa həyatı.

O Həzrət (ə) 6 il bir neçə ay Peyğəmbərlə (s), 30 il atası Əli ilə (ə) bir yerdə yaşadı. Cəməl, Siffeyn, Nəhrivan müharibələrində iştirak etdi.[10]

Ömər xilafəti qəsb etdiyi dövrdə İmam Hüseyn (ə) 10 yaşında olarkən məscidə daxil olub gördü ki, Ömər Peyğəmbərin (s) mənbərində söhbət edir. Mənbərə çıxıb fəryad etdi: «Atamın mənbərindən aşağı en!»[11]

Əlinin (ə) şəhadətindən sonra İmam Hüseyn (ə) qardaşı İmam Həsənin (ə) əziyyətlərinə şərik oldu. O, Müaviyənin, digər münafiqlərin və kafirlərin Əliyə (ə), Həsənə (ə) söylədikləri nalayiq sözlərin şahidi olurdu.İmam Həsən (ə) məzlumcasına şəhid olduqdan sonra imamətlik İmam Hüseynə (ə) çatdı. Müsibətlər, əziyyətlər və dil yaralarından sonra Aşura günü Həzrəti (ə) şəhadətə çatdırdılar.[12]

Bu gün İmam Zaman (ə.f) tərəfindən İmam Hüseynin (ə) doğum tarixi ilə əlaqədar Qasim ibn Əla Həmədaniyə mübarək məktub gəldi.[13]

Mənbələr

[1] Şeyx Mufid - Məsaruş-şiə, səh 37, Şeyx Tusi - Misbahul-mutəhəccid, səh 758, Şeyx Kəfəmi - Əl-Misbah, c 2, səh 598, Əllamə Məclisi - Biharul-ənvar, c 44, səh 101, 202, c 94, səh 80, c 98, səh 347, Əbil Həsən İrbili - Kəşful-ğəmmə, c 2, səh 3

[2] Şeyx Mufid - Əl-İrşad, c 2, səh 27, Əbil Həsən İrbili - Kəşful-ğəmmə, c 2, səh 3

[3] Şeyx Bəhauddin Amuli - Tovzihul-məqasid, səh 10

[4] Əllamə Məclisi - Biharul-ənvar, c 43, səh 237

[5] Əllamə Məclisi - Biharul-ənvar, c 43, səh 237

[6] Əllamə Məclisi - Biharul-ənvar, c 43, səh 237

[7] Şeyx Tusi - Əmali, c 1, səh 377

[8] Şeyx Səduq - Məanil-əxbar, səh 87

[9] Mühəddis Qumi - Feyzul-əlam, səh 337, Əllamə Məclisi - Biharul-ənvar, c 44, səh 182

[10] İbn Həcər Əsqəlani - Əl-İsabə, c 1, səh 333

[11] İbn Həcər Əsqəlani - Əl-İsabə, c 1, səh 333, Sibt ibn Covzi - Təzkirətul-xəvass, səh 234

[12] İbn Əsakir - Tarixu mədinətu Dəməşq, səh 14, 285

[13] Şeyx Tusi - Misbahul-mutəhəccid, səh 758

Teqlər