İmam Həsən Əskərinin (ə) Gurgana səfəri
İmam Həsən Əskərinin (ə) Gurgana səfəri
Bu gün İmam Həsən Əskəri (ə) söz verdiyi kimi öz vədinə vəfa edib teyyul-ərzlə Samirradan Gurgana təşrif buyurdu.[1]
Cəfər ibn Şərif deyir: Bir il Həccə getmək istədim. Ziyarətə getməmişdən qabaq İmam Həsən Əskərini (ə) ziyarət etmək üçün Samirraya getdim. Özümlə şiələrin mallarını aparırdım. Onları Həzrətə çatdırmalı idim. Həzrətdən (ə) malları kimə verəcəyimi soruşmaq istəyirdim, amma mən danışmamış Həzrət buyurdu: «Malları xadimə ver».
Dedim: «Elə etmişəm».
Sonra sözümə davam edib dedim: «Gurgandakı şiələriniz sizə salam deyir».
İmam buyurdu: «Məgər Həcc ziyarətindən sonra Gurgana qayıtmayacaqsan?»
Dedim: «Qayıdacağam».
Buyurdu: «170 gündən sonra rəbius-sani ayının üçüncü cüməsinin əvvəlində Gurgana daxil olacaqsan. O vaxt insanlara elan et ki, həmin günün sonunda mən ora gələcəyəm. Salamat get. Allah Təala səni və səninlə olanı sağ-salamat əhlinə və övladlarına çatdıracaq. Sənin nəvən dünyaya göz açıb, onun adını Səlt qoy. Allah onu tezliklə kamal həddinə çatdıracaq və o, bizim dostlarımızdan olacaq».
Mən dedim: «Ey Rəsuləllahın (ə) oğlu! İbrahim ibn İsmail Gurgani sizin şiələrinizdəndir. Hər il sizin dostlarınıza 100 mindən artıq dirhəm ehsan edir. O, Gurganda ilahi nemətlərə çatan şəxslərdəndir».
İmam (ə) buyurdu: «Allah Əbu İshaq İbrahim ibn İsmailə şiələrimizə verdiyi ehsanlar müqabilində savab versin və onun günahlarını bağışlasın. Ona saleh övlad əta etsin ki, haqqa nail olsun. İbrahimə de ki, Həsən ibn Əli buyurur: «Oğlunun adını Əhməd qoy»».
Həzrətin (ə) yanından ayrılıb Həccə getdim.
Həzrətin (ə) buyurduğu kimi həmin gün Gurgana daxil oldum. Bizim səhabələrimiz təbrik üçün gəldikdə onlara dedim: «İmam (ə) mənə vəd verib ki, bu günün sonunda gələcək. Hazırlaşın məsələlərinizi və hacətlərinizi deyin».
Şiələr zöhr və əsr namazlarını qıldıqdan sonra mənim evimə toplaşdılar. Gözlənilmədən İmam Həsən Əskəri (ə) özünün buyurduğu anda təşrif buyurdu. Həzrət (ə) bizə salam verdi. Onu qarşılayıb alnını öpdük.
Həzrət (ə) buyurdu: «Mən Cəfər ibn Şərifə vəd vermişdim ki, bu günün sonunda sizin yanınıza gələcəyəm. Zöhr və əsr namazlarını Samirrada qılıb sizin yanınıza gəldim ki, əhdi təzəliyim. İndi siz öz məsələlərinizi və hacətlərinizi deyin». İlk sual verən Nəzr ibn Cabir idi. O, dedi: «Ey Rəsulallahın (ə) oğlu! Mənim oğlumum hər iki gözü kordur. Dua edin, Allah dualarınızı qəbul etsin».
Həzrət (ə) buyurdu: «Onu bura gətir». O, gəldikdə Həzrət (ə) mübarək əlini onun gözlərinə çəkdi və onun gözləri açıldı. Bundan sonra camaat bir-bir gəlib hacətlərini bəyan etdilər. Həzrət (ə) onların hacətlərini yerinə yetirirdi. Hamının istəklərini həll edib, cavablarını verdikdən sonra İmam həmin gün Samirraya qayıtdı.
Mənbə:
Mənbələr
[1] Əllamə Məclisi - Biharul-ənvar, c 50, səh 263




