Mövlud Hicri-qəməri: 5 Cəmadiyəl-əvvəl Miladi:

Həzrət Zeynəbin (ə) mövludu

Həzrət Zeynəbin (ə) mövludu

Həzrət Zeynəb (ə) hicrətin 5-ci və ya 6-cı ilində Mədinədə dünyaya gəlib.[1] O Həzrətin (ə) mövludu ilə əlaqədar müxtəlif fikirlər mövcuddur.[2] Onlar aşağıdakılardan ibarətdir: hicrətin 6-cı ili cəmadil əvvəl ayının 5-i, hicrətin 6-cı ili şaban ayının əvvəlləri, hicrətin 6-cı ili mübarək ramazan ayı, hicrətin 5, 6 və ya 7-ci ili rəbius-sani ayının son 10 günü.

Atası Əmirəl-möminin (ə), anası isə Həzrət Fatimeyi Zəhradır (ə). Həyat yoldaşı Əbdullah ibn Cəfər ibn Əbi Talibdir (ə). Övladları: Əli, Ovn, Abbas, Məhəmməd və Ümmi Külsüm. Ovn və Məhəmməd Kərbəlada şəhid olublar. Künyəsi Ümmi Külsüm, Ümmi Əbdullah və Ümmül Həsəndir. Onun xüsusi künyələri: Ümmülməsaib, Ümmür-rəzaya və Ümmün-nəvaibdir. Ləqəbləri çoxdur. Onlardan bəzilərini aşağıda qeyd edirik: Əqiləyi bəni-Haşim, Əqilətut-talibin, Siddiqeyi Suğra, İsməti Suğra, Əminətullah, Məhbubətul Müstəfa (s), Saniyətuz-Zəhra (ə), Əş-şərifə.[3] Əli (ə) nəslindən olan zeynəbilər Həzrət Zeynəbin (ə) övladlarının nəslidir. Süyuti onlar barəsində "Risaləyi Zeynəbiyyə" adlı kitab yazıb.[4]

Həzrətin (ə) dünyaya gəlmə əhvalatı.

O, dünyaya göz açdıqda Peyğəmbər səfərdə idi. Əmirəl-möminin (ə) uşağa ad qoymayaraq buyurdu: -Mən Peyğəmbəri (s) qabağlaya bilmərəm. Peyğəmbər (s) qayıdıb vəhyin nazil olmasını gözləyirdi. Cəbrail nazil olub buyurdu: -Allah Təala salam göndərir və buyurur: «Bu qıza Zeynəb adı ver, bu adı lövhi-məhfuzda yazmışıq.» O, vüqarlı olmaqda Xədiceyi Kübraya, ismət və həyada Fatiməyə (ə), fəsahət və bəlağətdə Həzrət Əliyə (ə), həlimlik və səbrdə İmam Həsənə (ə), qəlbin qüvvət və şucaətli olmasında şəhidlər ağası İmam Hüseynə (ə) bənzəyir.

İbn Həcər "İsabə"-də və İbn Əsir "Əsədul-ğabə"-də onun barəsində yazırlar: Yezidin məclisində Həzrət Zeynəbin (ə) buyurduğu kəlamlar onun qəlbinin qüvvətinə sübutdur. O Həzrət ərəblər içində və Bəni Haşim ailəsində kərəm, bəsirət sahibi və həlim şəxs kimi məhşurdur. O, əxlaq və fəziləti özündə cəm etmişdi. Gecələr ibadət edər, gündüzlər isə oruc tutatdı. O, eləcə də təqva əhli idi.[5]

Mənbələr

[1] Seyyid Əli Haşimi – Əqilətu Bəni Haşim, səh 5, Cəfər Nəqdi – Zeynəbul-Kubra (ə), səh 17, Molla Haşim Xorasani – Müntəxəbut-təvarix, səh 94-95, Zəbihullah Məhəllati – Rəyahinuş-şəriə, c 3, səh 33

[2] Zəbihullah Məhəllati – Rəyahinuş-şəriə, c 3, səh 33

[3] Zəbihullah Məhəllati – Rəyahinuş-şəriə, c 3, səh 48

[4] Molla Haşim Xorasani – Müntəxəbut-təvarix, səh 94-95, Hüseyn Diyarbəkri – Tarixul-xəmis, c 2, səh 317, Sibt ibn Covzi – Təzkirətul-xəvass, səh 4

[5]Möhsin Fəqih Şirazi – Məcəllətul-islam, 27-ci sayı

Teqlər