Vəfat Hicri-qəməri: 10 Ramazan Miladi:

Həzrət Xədicənin (ə) vəfatı

Həzrət Xədicənin (ə) vəfatı

Bu gün Həzrət Xədiceyi Kubra (ə) dünyadan köçüb.[2] Rəvayətdə bildirilir ki, Xədicə (ə) Əbu Talibin (ə) vəfatından 45 gün sonra vəfat edib. Onun vəfatı barədə müxtəlif rəvayətlər var: rəcəb ayının 23-ü, 27-i, 30-u, mübarək ramazan ayının 1-i, 12-i.

Həmçinin bildirilir ki, Xədicə (ə) Əbu Talibin (ə) vəfatından 3 gün, 1 ay və ya 45 gün sonra dünyadan köçüb. Digər bir rəvayətdə isə 50 gün sonra dünyadan köçdüyü bildirilir.[3]

Həzrət Xədicə (ə) Peyğəmbərin (s) ilk həyat yoldaşı olub. Xədicənin (ə) sağlığında Peyğəmbər (s) başqa qadınla evlənmədi. İslamı qəbul edən ilk xanım olmaqla yanaşı Rəsula (s) ən yaxınlardan idi. Onun fəziləti barədə bunu demək kifayətdir ki, o Xanım Zəhranın (ə) anasıdır və Peyğəmbərin (s) bütün nəsli o xanımdandır.[4]

Xədicə (ə) dünyadan köçərkən Peyğəmbərə (s) bir neçə vəsiyyət etdi. Bütün malını payladı. Göstərdiyi fədakarlığa baxmayaraq Peyğəmbərə (s) buyurdu: «Ya Rəsuləllah, məni bağışla ki, sizin haqqınızda səhlənkarlıq etdim».

Peyğəmbər (s) buyurdu: «Mən səndən heç vaxt əskiklik görməmişəm, bütün gücünü və çalışqanlığını mənim üçün etmisən, evimdə çoxlu zəhmətlərə dözmüsən, mallarını Allah yolunda bağışlamısan».

Xədicə (ə) dedi: «Ya Rəsuləllah, bu qızı sənə tapşırıram (bu sözləri deyərkən Fatiməyə (ə) işarə etdi.) O, məndən sonra yetim və qəribdir. Qüreyş qadınlarından heç kim ona əziyyət verməsin, heç kim onun üstünə qışqırmasın».[5]

O, Peyğəmbəri (s) qəbul edən ilk qadın və Peyğəmbərlə (s) Məkkədə camaat namazı qılan ilk xanımdır. Müşriklərin arasında Məkkədə öz imanını aşkar edən və Peyğəmbəri (s) düşmənlərdən müdafiə edən ilk qadındır. Bütun malını Peyğəmbərə bağışladı. O, Əlinin (ə) vilayətini qəbul edərək imanın kamal dərəcəsinə çatan ilk xanımdır.

Bir gun Peyğəmbər (s) Xədicəni (ə) çağırıb yanında əyləşdirdi və buyurdu: «Bu, Cəbraildir (ə) və deyir: İslamın Bəzi şərtləri vardır: Allahın təkliyinə iqrar etmək, peyğəmbərlərin risalətinə və məada iqrar etmək, şəriətin üsulunu və hökmlərini qəbul etmək, məsum imamlara itaət edib düşmənlərindən uzaqlaşmaq». Xədicə (ə) bunların hamısını iqrar etdi, bütun məsumları, xüsusilə də Əlini (ə) təsdiqlədi. Peyğəmbər buyurdu: «Əli sənin mövlan və məndən sonrakı möminlərin mövlası və imamıdır».

O, bununla Xədicədən (ə) Əlinin (ə) vilayətini qəbul etməsi barədə təkidli əhd aldı. Sonra Peyğəmbər (s) dinin əsaslarını və qanunlarını, dəstəmaz, namaz, oruc, həcc, cihad qohumlara baş çəkmək və sair vacib və haramları bəyan etdi. Daha sonra əlini Əlinin (ə) əlinin üstunə qoydu. Xədicə də (ə) əlini Peyğəmbərin (s) əlinin üstünə qoyaraq bu cür Əli (ə) ilə beyət etdi. [6]

Mənbələr

[2] Məhəmməd Baqir Məlbubi - Əl-vəqayə vəl-həvadis, c 1, səh 127, Mühəddis Qumi - Feyzul-əlam, səh 27, Şeyx Müfid - Məsaruş-şiə, səh 6,7, Mürəvvicul-islam - Nəfaihul-əlam, səh 191

[3] Mürəvvicul-islam - Nəfaihul-əlam, səh 191, Molla Haşim Xorasani - Müntəxəbut-təvarix, səh 43, Əllamə Məclisi - Biharul-ənvar, c 19, səh 25, Şeyx Bəhauddin Amuli - Tovzihul-məqasid, səh 22

[4] Mühəddis Qumi - Feyzul-əlam, səh 24

[5] Şeyx Məhdi Mazəndərani - Şəcəreyi Tuba, c 2, səh 234, 235

[6] Əllamə Məclisi - Biharul-ənvar, c 18, səh 232, c 65 səh 392

Teqlər