Həzrət Nəfisənin vəfatı
Həzrət Nəfisənin vəfatı
Hicrətin 208-ci ili bu gün Həsən ibn Zeyd ibn Həsən ibn Əli ibn Əbu Talibin qızı, abid və zahid qadın olan Nəfisə Xatun (ə) Misirdə vəfat etdi.[11] Həyat yoldaşı İmam Sadiqin (ə) oğlu İshaq Mötəmindir. Onun ana tərəfdən nəsli Həzrət Əbulfəzlə yetişir.[12] Həzrət Nəfisə (ə) özü üçün qəbir qazmışdı, daim orada namaz qılar və Quran oxuyardı.
O, rəcəbin 1-də xəstələndi. Mədinədə olan həyat yoldaşına məktub yazıb halını bildirdi. Ramazan ayının 1-də isə xəstəliyi gücləndi. Səhəri gün onun üstünə həkim gətirdilər. Həkim ona bildirdi ki, orucunu yeməlidir. O, dedi: «Otuz ildir ki, Allahdan oruc halında dünyadan köçməyimi istəyirəm. İndi orucumu yeyim?» Sonra Ənam surəsini oxumağa başladı «Ləhum darus-səlami ində rəbbihim» ayəsinə çatdıqda vəfat etdi. Həyat yoldaşı onun vəfatından sonra gəlib çatdı. Onun cənazəsini Mədinəyə aparıb babalarının yanında dəfn etmək istədi. Amma Misir əhli xahiş edib onu saxlaya bildilər. İshaq Mötəmin Peyğəmbəri (s) yuxuda gördü. Həzrət ona buyurdu: -Misir əhli ilə bu barədə müxalif olma, Nəfisəyə xatir Allah öz bərəkət və rəhmətini nazil edər. Cənab İshaq onu qəbrin hal-hazırki yerində dəfn etdi. Məşhur sözə əsasən onun qəbrinin kənarında oxunan dua qəbul olur.[13]
Mənbələr
[11] Seyyidə Həfisənin (ə) həyatı, səh 43-45
[12] Müctəhid Bircəndi - Vəqayiuş-şuhur, səh 187
[13] Mühəddis Qumi - Tətimmətul-müntəha, səh 289, Molla Haşim Xorasani - Müntəxəbut-təvarix, səh 195-196




