Həzrət Məsumənin (ə) vəfatı
Həzrət Məsumənin (ə) vəfatı
Hicrətin 201-ci ili bu gün İmam Musa Kazimin (ə) qızı Həzrət Məsumənin (ə) şəhadət günüdür.[1] Qum şəhərinə daxil olduqdan 17 gün sonra ürəyi sınmış xanım atasının müsibətlərinə dözə bilmədi. O, qəlbinə dolmuş kədərdən və qardaşının ayrılığından dünyasını dəyişdi. O, dünyasını dəyişdikdən sonra Qum şəhərini matəm bürüdü. Ona qüsl verib kəfənlədikdən sonra Musa İbn Xəzrəcin bağına gətirdilər. (Bu, hal-hazırda hərəmin yerləşdiyi məkandır.) İki nəfər üzü niqablı şəxs şəhərə daxil olub ona namaz qıldılar və dəfn etdilər. Dəfn başa çatdıqdan sonra çıxıb getdilər və heç kəs onları tanımadı.
Musa ibni Xəzrəc o bağı Həzrət Məsuməyə (ə) vəqf etdi. Onun qəbrinin üstündə həsirdən bir kölgəlik hazırlandı. İmam Cavadın (ə) qızı Zeynəb orada tikinti apardıqda həsirdən hazırlanmış örtük qalmışdı. Daha sonra İmamların (ə) qadınlarının bir qismi orada dəfn olundu.
Musa ibn Məhəmməd ibn Əlinin (ə) qızı Ümmi Məhəmməd dünyadan köçdükdə həmin məkanda torpağa tapşırıldı. Ümmi Məhəmmədin bacısı Məymunə dünyasını dəyişdikdə bacısının yanında dəfn edildi. Bu iki qəbrin üzərində bir günbəz tikdilər. Beləki Həzrət Fatiməyi Məsumənin (ə) qəbri üzərimdəki günbəzlə, Ümmi Məhəmməd və Məymunənin qabirləri üzərindəki günbəz bir-birlərinə yapışıq idi.
Mərhum Namazi Həzrət Məsumənin (ə) vəfatinı hicrətin 201-ci ili rəbius-sani ayının 12-də baş verdiyini nəql edir.[2] Şeyx Hürr Amulinin dediyinə əsasən bu, hicrətin 201-ci ili şaban ayının 8-də baş verib.[3]
İmam Sadiq (ə) buyurur: «Qum kiçik Kufədir, Behiştin 8 qapısı var, onlardan 3-ü Qumdadır. O şəhərdə övladlarımdan bir qadın dünyadan köçəcək. Onun adı Fatimədir. O, Musa ibni Cəfərin (ə) qızıdır. Onun şəfaəti ilə bütün şiələrim behiştə daxil olacaqlar ».[4]
Mənbələr
[1] Məhəmməd Hirzuddin - Məraqdul-məarif, c 2, səh 163, Müntəxəbi-dəryayi-suxən, səh 34, Əli Əkbər Məhdipur - Zendeqani kərimeyi Əhlibeyt (ə)
[2] Əllamə Əli Nəmazi Şəhrudi - Mustədrəku səfinətil-bihar, c 8, səh 257
[3] Məhdi Mənsuri - Həyatus-sitt, səh 11
[4] Əllamə Məclisi - Biharul-ənvar, c 57, səh 228




