Şəhadət Hicri-qəməri: 21 Ramazan Miladi:

Həzrət Əlinin (ə) şəhadəti

Həzrət Əlinin (ə) şəhadəti

Əmirəl-möminin (ə) mübarək ramazan ayının 21-ci gecəsi fəcrə az qalmış şəhadətə çatdı.

63 il ömür sürüb.[1] Mübarək ramazan ayının 20-də zəhərin təsiri onun ayaqlarında təzahür etdi. Həzrətin (ə) mübarək ayaqları yara oldu.[2] Ayın 21-də zəhərin təsiri Həzrətin bədənində çoxaldı. O, övladlarını, Əhlibeyti toplayıb onlarla vidalaşaraq vəsiyyət etdi. Həmin gecə yeməli və içməli nə gətirdilərsə, yemədi. Həzrətin (ə) mübarək dodaqları Allahı zikr edirdi. Mirvari dənəcikləri kimi tər alnından axırdı.

Həzrət öz oğlu Həsənə buyurdu: «Qardaşın Hüseyni (ə) sənə vəsiyyət edirəm». Sonra Fatimədən (ə) olmayan digər övladlarına buyurdu: «Sizə vəsiyyət edirəm ki, Həsən (ə) və Hüseynə itaət edəsiniz».

Daha sonra buyurdu: «Allah sizə gözəl səbr və kəramət versin. Bu gecə sizdən ayrılıb Muhəmməd Mustafaya (s) qovuşacam». Həzrətin (ə) evindən nalə və ağlamaq səsləri ucaldı. Şəhərin bütün yerlərini nalə səsləri bürümüşdü. Peyğəmbərin (s) dünyadan köçdüyü gün kimi o gecə səmada dəyişiklik baş verdi, yer titrədi və mələklərin təsbih səsləri havada eşidildi.

Sonra o Həzrətə (ə) qüsl verdilər. Kəfənlədikdən sonra İmam Həsən (ə) və İmam Hüseyn (ə) həzrətin (ə) buyurduğu kimi tabutun arxa tərəfindən tutdular. Tabutun qabaq tərəfi özü hərəkət edirdi. Lazımi yerə çatdıqda dayandı.

İmam Həsən (ə) Həzrətə (ə) namaz qıldıqdan sonra tabutun altını bir az qazdılar və hazır qəbir və orada yazılmış bir lövhə tapdılar: «Bismillahir rəhmanir rəhim. Bu, Nuh peyğəmbərin (ə) Allahın saleh bəndəsi Əli ibn Əbu Talib (ə) üçün qazdığı qəbirdir.» Həzrəti orada dəfn edib, vəsiyyətinə əsasən qəbrini gizlətdilər. Yalnız Harunun xilafəti zamanında Həzrətin (ə) qəbrinin yeri məlum oldu. Həzrətin övladlarının beşi həzrəti Fatimədəndir: İmam Həsən (ə), İmam Hüseyn (ə), Zeynəb (ə), Ummü Külsüm, Möhsin.

Həzrətin (ə) evinə münafiqlər tərəfindən hücum olunarkən Möhsin anasının bətnində idi. Bu hücumda o, şəhadətə çatdı. Həzrət Əlinin övladlarından Abbas, Cəfər, Osman və Abdullah Kərbəlada şəhid oldular. Onların anaları Ümmül Bənindir.

Əlinin (ə) şəhadət xəbəri Aişəyə çatdıqda elə sevinirdi ki, ixtiyarsız bir şeir oxuyub sonra dedi: «Əlini kim öldürdü?»

Cavab verdilər: «İbn Mülcəm».

Dedi: «Ağzına torpaq dəyməsin (Yəni yaxşı iş görüb)».[3]

Ramazan ayının 21-ci gecəsində Həzrət İsa (ə) ibn Məryəm səmaya aparıldı.[4] Həmin gecə Həzrət Musa ibn İmran və Yuşə ibn Nun (ə) dünyadan köçüblər.[5]

Mənbələr

[1] Şeyx Kuleyni - Əl-Kafi, c 2, səh 465, Şeyx Kəfəmi - Əl-Misbah, c 2, Şeyx Müfid - Məsaruş-şiə, səh 10, Şeyx Bəhauddin Amuli - Tovzihul-məqasid, səh 24, Əbil Həsən İrbili - Kəşful-ğəmmə, c 1, səh 436, Mühəddis Qumi - Müntəhal-amal, c 1, səh 183, Təbərsi - Elamul-vəra, c 1, səh 309, Şeyx Müfid - Əl-irşad, c 1, səh 19, Suyuti - Tarixul Xuləfa, səh 166, 175, Əli ibni Yusif ibni Mütəhhər Hilli - Əl-ədədul-qəviyyə, səh 235, Əhməd ibn Abdullah Təbəri - Zəxarirul-əqəbi, səh 115

[2]Məhəmməd Baqir Məlbubi - Əl-vəqayə vəl-həvadis, c 1, səh 265, 271, 294

[3] Sibt ibn Covzi - Təzkirətul-xəvass, səh 165

[4] Əllamə Məclisi - Biharul-ənvar, c 13, səh 376, Şeyx Kəfəmi - Əl-Misbah, c 2

[5] Əllamə Məclisi - Biharul-ənvar, c 13, səh 376, Şeyx Kəfəmi - Əl-Misbah, c 2

Teqlər