Vəfat Hicri-qəməri: 26 Rəcəb Miladi:

Həzrət Əbu Talibin (ə) vəfatı

Həzrət Əbu Talibin (ə) vəfatı

Həzrət Əbu Talib besətin 10-cu ili, hicrətdən 3 il qabaq dünyadan köçdü.[1] Məşhur rəvayətə əsasən Həzrət Əbu Talib dünyadan köçərkən 81 yaşı olub.[2]

Həzrət Əbu Talibin vəfatı ilə əlaqədar başqa rəvayətlər aşağıdakılardan ibarətdir: cəmadil əvvəl ayının 27-i, rəcəb ayının 26-ı və ya 29-u, mübarək Ramazan ayının 7-i və ya 18-i, şəvval ayının 15-i və ya 17-i, zilqədə ayının 1-i və ya 10-u, zilhiccə ayının əvvəli.[3]

Həzrət Əbu Talibin (ə) nəsli.

Adı İmrandır. Atası Əbdül Müttəlib, anası isə Fatimə binti Əmr ibn Aizdir. Əbu Talib, Peyğəmbərin (s) atası Abdullah və Zübeyrlə doğma qardaş idi. Əbdül Müttəlibin digər övladları isə başqa qadından dünyaya göz açmışdılar.

Həzrət Əbu Talibin (ə) imanı.

Əllamə Məclisi buyurur: Şiələrin nəzərincə Həzrət Əbu Talib heç vaxt bütə sitayiş etməyib. Peyğəmbərə (s) iman gətirənlərdəndir. Əbu Talib Həzrət İbrahimin (ə) vəsilərindən biridir. Onun imanlı şəxs olması şiələr arasında məşhurdur. Şiə alimləri bu böyük şəxsiyyətin imanı barədə kitablar yazıblar.

Şeyx Səduq buyurur: Bir hədisdə buyurulur ki, cənab Əbdül Müttəlib ilahi hüccət, cənab Əbu Talib isə onun vəsisi olub.

"Vədayiu-ənbiya" kitabının rəvayətinə Həzrət Musanın (ö) əsası və Həzrət Süleymanın (ə) üzüyü və s. Əbdül Müttəlibin vasitəsi ilə Əbu Talibə verildi. O da onları peyğəmbərlərin sonuncusu Həzrət Məhəmmədə (s) verdi.

İbn Əsir Şafei deyir: Əhlibeyt (ə) Əbu Talibin imanı barədə yekdil olublar və Əlibeytin (ə) bu sözü hüccətdir.[4]

Həzrət Əbu Talibin imanı barədə çoxlu kitablar yazılıb. İlk kitab hicrətin 630-ci ilində qələmə alınıb. O zamandan indiyə qədər müxtəlif dillərdə onun imanı, böyüklüyü barədə kitablar yazılaraq, çap edilib ki, bu da tədqiqatçılara aydındır.[5] Həzrət Rza (ə) buyurur: «Kimin Əbu Talibin kafir dünyadan köçməsinə etiqadı olsa, kafirdir.»

Əbu Talibin Peyğəmbərin (s) barəsində, Qureyşlilər Peyğəmbərə (s) hücum edərkən Məscidul-haramda onlara söylədikləri, Allahdan yağış istəməsi və ölüm anında buyurduqları və s. onun imanının necə kamil olmasına açıq aşkar sübutdur.

Şiə rəvayətlərində onun imanı Əshabi-Kəhfin imanına oxşadılır. Əlinin (ə) onun barəsindəki beytlərindən məlum olur ki, Əbu Talibin məqamı Həmzədən (ə) daha üstündür.

Əsbəc ibn Nəbatə deyir: Əli (ə) buyurur: -Allaha and olsun, babalarım Əbdül Müttəlib, Haşim və Əbdül Mənaf bütə ibadət etməyiblər.»

Dedilər: -Bəs nəyə ibadət edirdilər?

Buyurdu: -Onlar Kəbəyə tərəf namaz qılırdılar və İbrahimin dininə bağlı idilər.

İbn Əbil Hədid şeirin məzmununda belə deyir: «Əgər Əbu Talib və oğlu olmasaydı, dindən heç bir əsər olmaz və belə möhkəmlənməzdi. Əbu Talib Məkkədə Peyğəmbəri (s) qoruyurdu, oğlu isə Peyğəmbəri (s) Mədinədə fasiləsiz qoruyur və müdafiə edirdi».[6]

Peyğəmbər (s) Əbu Talibin (ə) vəfatında.

Əmirəl-möminin (ə) Əbu Talibin vəfat xəbərini Peyğəmbərə (s) buyurduqda O Həzrət (s) qəmlənib hüznlü halda buyurdu: -Ya Əli, ona qüsl verib, hənut və kəfənlədikdən sonra yatağın üzərinə qoyub mənə xəbər ver.

Həzrət Əli (ə) Peyğəmbərin (s) göstərişlərini yerinə yetirib Əbu Talibi (ə) yatağın üstünə qoydu. Peyğəmbər (s) əmisinin cənazəsini gördükdə kədərləndi və buyurdu: -Ey əmi, mərhəmət etdin və mehribanlıq göstərdin, nəticədə xeyirli mükafat aldın. Uşaqlıqda mənə arxa oldun, böyüklükdə isə kömək və himayə etdin.

Sonra üzünü insanlara çevirib buyurdu: -Allaha and olsun ki, qiyamət günü əmimə olunan şəfaətə hamı təəccüb edəcək.

Əbu Talibin vəfat etməsi ilə əlaqədar Cənab Cəbrail (ə) nazil olub Peyğəmbərə (s) buyurdu: «Sənin arxa və köməyin dünyadan köçdü, Hicrət et!».[7]

Əmirəl-möminin (ə) naib tuturdu ki, Abdullah, Amənə və Əbu Talib üçün həcc yerinə yetirsinlər. Şəhadətə çatdıqda da öz övladlarına vəsiyyət etdi ki, onlar üçün naib tutub həcc yerinə yetirsinlər.[8]

Mənbələr

[1] Molla Haşim Xorasani – Müntəxəbut-təvarix, səh 43, Əllamə Məclisi – Birahul-ənvar, c 19, səh 24, Mühəddis Qumi - Feyzul-əlam, səh 326, Zəbihullah Məhəllati – Qəlaidun-nehvər, Rəcəb cildi, səh 284, Şeyx Tusi - Misbahul-mütəhəccid, səh 749

[2] Molla Haşim Xorasani – Müntəxəbut-təvarix, səh 80, Zəbihullah Məhəllati (və ya Xiyabani) - Vəqayiul-əyyam, c 1, səh 303

[3] Mürəvvicul-İslam - Nəfaihul-əlam, səh 158, İbni Əsir - Əsədul-ğabə fi mərifətis-səhabə, c 1, səh 19, Zəbihullah Məhəllati – Qəlaidun-nehvər, Rəcəb cildi, səh 284, Molla Haşim Xorasani – Müntəxəbut-təvarix, səh 43, Qazi Nurullah Hüseyni Tüstəri - Ehqaqul-həqq, c 29, səh 614

[4] Molla Haşim Xorasani – Müntəxəbut-təvarix, səh 113-114, Zəbihullah Məhəllati (və ya Xiyabani) - Vəqayiul-əyyam, c 1, səh 286-306

[5] Zəbihullah Məhəllati – Qəlaidun-nehvər, Rəcəb cildi, səh 284-322, Molla Haşim Xorasani – Müntəxəbut-təvarix, səh 113-114, Zəbihullah Məhəllati (və ya Xiyabani) - Vəqayiul-əyyam, c 1, səh 301

[6] Zəbihullah Məhəllati (və ya Xiyabani) - Vəqayiul-əyyam, c 1, səh 289, İbn Əbil Hədid – Şəhri Nəhcül-bəlağə, c 1, səh 289

[7] Əllamə Məclisi – Biharul-ənvar, c 19, səh 69

[8] Zəbihullah Məhəllati (və ya Xiyabani) - Vəqayiul-əyyam, c 1, səh 303

Teqlər