Digər Hicri-qəməri: 14 Zilhiccə Miladi:

Fədəkin bağının Həzrət Zəhraya (ə) bağışlanması

Fədəkin bağının Həzrət Zəhraya (ə) bağışlanması[1]

Hicrətin 7-ci ili bu gün Fədək bağı Zəhraya (ə) bağışlandı və Peyğəmbər (s) bu hədiyyəyə şahid tutdu. Digər rəvayətdə bildirilir ki, bu hadisə rəcəb ayının 15-də baş verib.[2]

Fədəkin fəthi.

Hicrətin 7-ci ili Xeybərin fəthindən sonra, Peyğəmbərin (s) şəhadətindən 4 il qabaq Cəbrail nazil oldu və Peyğəmbərə (s) Əlinin (ə) vasitəsilə Fədəkin fəth göstərişini gətirdi.

Onlar gecənin qaranlığında lazımı silahlarla Fədəkə gəldilər. Peyğəmbərin (s) göstərişinə əsasən Əli (ə) Peyğəmbərin (s) çiyninə çıxdı. İlahi möcüzə ilə Əli (ə) Fədək qalasının divarından da uca göründü. Peyğəmbərin (s) qılıncı Həzrət Əlidə (ə) idi. O, divarın üstündə uca səslə azan dedi.

Fədək qalasının yəhudiləri elə güman etdilər ki, müsəlmanlar hüçum ediblər və divarların üstündədirlər. Qalanın qapısını açmaq istədilər. Amma qapının ağzında Peyğəmbəri (s) gördülər. Digər tərəfdən Əli (ə) aşağı düşərək onlarla döyüşməyə başladı. Onların böyüklərindən 18 nəfər öldürüldü, qalanları isə təslim oldu.

Belə qərara alındı ki, Fədək əhlindən hər kim müsəlman olsa, onun malının xümsü alınacaq, hər kim öz dinində qalsa, bütün malı əlindən alınacaq.

Beləliklə heç bir orduya ehtiyac olmadan və müsəlmanların kiçik müdaxiləsi belə olmayaraq Fədək qalası alındı.

«Həşr» surəsinin[3] ayəsinə əsasən müsəlma ordusunun iştirakı olmadan fəth olunan yerlər, əhali özü təslim olaraq Peyğəmbərin (s) yanına gəlsələr də, Peyğəmbərin (s) xüsusi mülküdür. Peyğəmbər (s) öz şəxsi malı kimi bu mallar barəsində istənilən qərar verə bilər və müsəlmanların burada heç bir haqqı yoxdur.

Bu hadisədən sonra Cəbrail nazil olub bu ayəni gətirdi: «Yaxınlarının haqqını onlara ver».[4]

Peyğəmbər (s) soruşdu: «Məqsəd kimlərdir və bu haqq hansıdır?»

Cəbrail Allah tərəfindən buyurdu: «Fədəki Fatiməyə (ə) ver».

Peyğəmbər (s) Fatiməyə (ə) buyurdu: «Allah Fədəki atan üçün fəth etdi. İslam ordusu fəth etmədiyi üçün o, mənə məxsusdur. Allah əmr edir ki, onu sənə verim. Digər tərəfdən anan Xədicənin (ə) mehriyyəsi atanın öhdəsində qalıb, atan ananın mehriyyəsinin müqabilində və Allahın əmrilə Fədəki sənə verir. Onu özün və övladların üçün götür və onun sahibi ol».

Həzrət Zəhra (ə) buyurdu: «Nə qədər ki, siz sağsız mənə və mənim malıma ixtiyar sahibisiz».

Peyğəmbər (s) buyurdu: «Qorxuram ki, münafiqlər mənim zamanımda ondan istifadə etməyini bəhanə gətirib məndən sonra onu səndən alarlar».

Həzrət Fatimə (ə) buyurdu: «Məsləhət necədirsə, elə də edin».

Peyğəmbər (s) Əlini (ə) çağırıb buyurdu: «Fədəkin sənədini Peyğəmbərin (s) hədiyyəsi və bəxşişi ünvanı ilə yaz və möhürlə. Əli (ə) onu yazdı, Peyğəmbər (s) və Ümmi Əymən də şəhadət verdilər».

Allahın Rəsulu (s) camaatı Zəhranın (ə) evində toplayıb, onlara xəbər verdi ki, Fədək Fatiməyə (ə) məxsusdur və Fədəkin gəlirindən Fatimənin (ə) bəxşişi ünvanıyla camaatın arasında böldü.

Fədəkin bir illik gəlirini 70 min qızıl sikkədən 120 min sikkəyə qədər olduğu qeyd olunur. Hər il bir çox ehtiyaclı insanlar Fədəkin gəlirinin yetişməsini gözləyirdilər.

Fədəkin qəsb edilməsi.

Peyğəmbər (s) dünyadan köçdükdən sonra Əbu Bəkrin məmurları onun göstərişi ilə Həzrət Fatimənin (ə) nümayəndəsini Fədəkdən çıxardılar, oranı qəsb edərək gəlirini bütünlüklə öz qəsbkar hökmətlərinin xərclərinə sərf etdilər.

Həzrət Fatimə (ə) Peyğəmbərin (s) əmrilə Əlinin (ə) yazdığı Fədəkin sənədini eynilə Əbu Bəkrin yanına gətirdi. Amma Əbu Bəkr nə sənədi qəbul etdi, nə də şahidləri.[5]

Peyğəmbərin (s) şəhadətindən 15 gün sonra Həzrət Fatimə (ə) bir qrup Bəni Haşim qadınları ilə birlikdə məscidə gəlib xütbə oxudu. Onun nitqi fəsahət və bəlağət, İslamın dərya kimi dərin maarifi ilə dolu idi.

Əbu Bəkr onun Fatiməyə (ə) qaytarılması haqda məktub yazdı. Fatimə (ə) həmin sənədi əlində tutub evə qayıdarkən yolda Ömərlə rastlaşdı. Ömər Əbu Bəkrin yazısını xanımdan aldı və cırdı.

Mənbələr

[1] Əllamə Məclisi - Biharul-ənvar, c 95, səh 189, Əllamə Əli Nəmazi Şəhrudi - Mustədrəku səfinətil-bihar, c 2, səh 216

[2] Şeyx Kəfəmi - Əl-Misbah, c 2, səh 598

[3] Həşr surəsi, 6-7-ci ayələr

[4] İsra surəsi, 26-cı ayə

[5] Əllamə Məclisi - Biharul-ənvar, c 21, səh 22, 25, c 29, səh 123

Teqlər