Əmirəl-möminin (ə) vasitəsi ilə Xeybərin fəth edilməsi
Əmirəl-möminin (ə) vasitəsi ilə Xeybərin fəth edilməsi
Hicrətin 7-ci ili bu gün Xeybər müharibəsində Əli (ə) tərəfindən Mərhəb öldürüldü və Xeybər qalası Həzrət Əlinin (ə) vasitəsi ilə fəth edildi.[1]
Biharul-ənvar kitabında bildirilir ki, Xeybərin fəth olunması rəcəb ayının 27-də baş verib.
Peyğəmbər (s) Xeybərdə olanlarla müharibə etmək üçün Qəmus qalasını da mühasirəyə aldı.
Onlarla döyüşmək üçün ilk olaraq bayrağı Əbu-Bəkrə verdi. Əbu Bəkr ordu ilə ora getdi. Pəhləvanları görüb, qoşunla geri qaçdı. Səhəri gün Peyğəmbər (s) bayrağı Ömərə tapşırdı. O, da ölüm qorxusundan döyüş meydanına çatmamış qayıtdı.
Xeybərin fəth olunması üçün Əlinin (ə) seçilməsi.
Peyğəmbər (s) buyurdu: -Sabah bayrağı elə bir kişiyə verəcəyəm ki, meydandan qaçmadan hücumlarını davam etdirəcək. O, Allahı və Rəsulunu (s) sevir, Allah və Rəsulu da (s) onu sevir. Allah onun əli ilə Xeybəri fəth edəcək. Bütün səhabələr arzu etdilər ki, bu məqam və fəzilətlər onlara tapşırılsın.
O günün səhəri Peyğəmbər (s) buyurdu: -Əli ibn Əbu Talib (ə) hardadır?
Dedilər: - Göz ağrısından tərpənə bilmir.
Peyğəmbərlərin (s) sonuncusu buyurdu: - Onu gətirin.
Səlmət ibn Əkvə O Həzrəti (ə) gətirdi. Peyğəmbər (s) mübarək ağzının suyunu Əlinin (ə) nurani gözlərinə sürtdü və buyurdu: -Ilahi, istiliyin və soyuqluğun zəhmətini ondan uzaqlaşdır.
O gündən sonra Əlinin (ə) gözləri ağrımadı və soyuqdan, istidən əziyyət çəkmədi.
Peyğəmbər (s) öz zirehini Həzrətə (ə) geyindirib, Zülfüqar qılıncını kəmərinə bağladı, atına mindirib bayrağı əlinə verərək buyurdu: -Cəbrail sağ tərəfdən, Mikail sol tərəfdən, Əzrail arxa tərəfdən, İsrafil qabaqdan, Allahın köməyi yuxarıdan, mənim duam da sənin arxancadır. Ya Əli (ə), onları İslama dəvət et.
Xeybər döyüşünün meydanı.
Həzrət Əli (ə) gedib onlara moizə və nəsihət etdi. Bir qrup insan onunla vuruşmaq üçün gəldilər. Onlar müsəlmanlardan iki nəfəri şəhid etdilər. Əli (ə) hücum edib, onları öldürdü. Sonra Mərhəbin qardaşı bir dəstə ilə gəldi. Həzrət Əli (ə) onların da hamısını cəhənnəmə vasil etdi.
Mərhəb şücaətli bir pəhləvan idi. O, qisas almaq üçün gəldi. Həzrət Əli (ə) onu da öldürdükdən sonra müsəlmanların təkbir səsləri ucaldı. Yəhudilər müsəlmanlarla döyüşməyə başladılar. Əli (ə) mübarizəni davam etdirdi. Yəhudilərin bir dəstəsi öldürüldü, bir dəstəsi isə qalaya qaçdı. Həzrət Əli (ə) qüvvətli əliylə qalanın qapısını yerindən çıxarıb müsəlmanlar üçün Xəndəyin üstündə körpü yaratdı ki, keçsinlər. Həzrət (ə) üç gün ac qalmasına baxmayaraq bir neçə dəfə müsəlmanları xəndəyin üstündən bunun köməyi ilə keçirdi.[2]
Mənbələr
[1] Əllamə Məclisi - Zadul-məad, səh 35, Mühəddis Qumi - Feyzul-əlam, səh 317
[2] Hakim Nişapuri – Əl-müstədrək ələs-səhiheyn, c 3, səh 16, Məcməuz-zəvaid və mənbəul-fəvaid, c 9, səh 124, Kənzul-əmal, c 5, səh 283, Mühəddis Qumi - Feyzul-əlam, səh 317-321




