Mövlud Hicri-qəməri: 13 Rəcəb Miladi:

Əmirəl-möminin Əlinin (ə) mövludu

Əmirəl-möminin Əlinin (ə) mövludu

[1]

Peyğəmbərlərin (ə) sonuncusu Həzrət Məhəmmədin (s) özündən sonrakı xəlifəsi, əmisi oğlu, kürəkəni, möminlərin vəlisi Əli (ə) rəcəb ayının 13-də Məkkədə Kəbənin içində dünyaya göz açıb. Ondan qabaq burada heç kim dünyaya gəlməyib və ondan sonra da burada heç kim dünyaya gəlməyəcək.[2]

Mübarək adı Əlidir (ə).

"Kitabul-ənvar" kitabının sahibi deyir: -Allahın kitabında Həzrət Əlinin (ə) 300 adı var.[3]

Ən məşhur ləqəbi Əmirəl-möminindir. ibn Şəhraşub o Həzrət (ə) üçün 850-dən artıq ləqəb qeyd edib.[4]

Əlinin (ə) ləqəbləri.

O, Həzrətin ən məşhur künyəsi Əbul Həsəndir. Bundan başqa Həzrət Əli (ə) səmavi kitablarda, səma əhlinin yanında müxtəlif adlarla məşhurdur. Səma əhlinin yanında Şəmsatil, ərşdə Müəyyən, Rizvanın yanında Əmin, huru-leynin yanında Usəb, İbrahimin (ə) sühüfündə Həzbil, ibrani dilində Bilqiyatis, siryani dilində Şuruhil, Tövratda İlya, Zəburda İrya, İncildə Bərya, Sühüfdə Həcəreyn, Quranda isə Əlidir.[5]

Əmirəl-möminin (ə) valideynləri.

Böyük məqam sahibi olan Əbu Talib (ə) Həzrət Əlinin (ə) atasıdır.[6] Anası Fatimə (ə) binti Əsəd ibn Haşim ibn Əbdül Mənafdır. Çox möhtərəm qadın olan Fatimə binti Əsəd ilk Haşimi qadın oldu ki, vilayət və imamət nurları, həya və iffət onun dünyada gətirdiyi uşaqla şölələndi.

Fatimə binti Əsəd Həzrət Əlinin (ə) anası olmaqla Peyğəmbər (s) 6 və ya 8 yaşında Əbu Talibə (ə) tapşırıldıqda bu xanım ona analıq etməyə başladı. Onu həmişə öz övladlarından öndə tutardı. Hər gün o Həzrətdən (ə) nübüvvət nişanələrini müşahidə edirdi. Allahın Peyğəmbəri (s) isə ona "ana" deyə müraciət edirdi.[7]

Həmçinin, Həzrət Xədicənin (ə) vəfatından sonra Peyğəmbər (s) Həzrət Zəhranı (ə) Fatimə binti Əsədə (ə) tapşırdı. Fatimə binti Əsəd (ə) onu öz canı və qəlbi ilə qoruyur, ona analıq edirdi. Bu, onun dünyadan köçməsinə qədər davam etdi.[8]

O Həzrət (ə) hicrətin 4-cü ilində Mədinədə dünyadan köçdü və Bəqi qəbristanlığında dəfn olundu. Əmirəl-Mö'minin (ə) anasının vəfat xəbərini Peyğəmbərə (s) çatdırdıqda Həzrət (s) buyurdu: -O, mənim anam idi. Sonra əmmaməsini və libasını verdi ki, Fatimə binti Əsədi (ə) onunla kəfənləsinlər. Həzrət (s) özü ona cənazə namazı qılıb 40 təkbir söylədi və buyurdu: -Qırx sıra mələklər onun cənazəsinə namaz qıldığı üçün 40 təkbir dedim. Sonra onun qəbrinə uzandı, dəfn edəndə ona təlqin deyib barəsində dua etdi.[9]

Əmirəl-möminin (ə) nuru.

Həzrət Əlinin (ə) mövludu Fatimə binti Əsədin (ə) imanının nə dərəcədə yüksək olduğuna sübutdur.[10] Pərvərdigarın ərşindən gələn nur Peyğəmbərlərdə (ə) və onların vəsilərində bir-bir davam edərək Əbdül Müttəlibə (ə) çatmışdı. Sonra o nur iki yerə bölünmüşdü. Nurun biri Peyğəmbərin (s) atası Abdullahın alnında parıldayırdı. O nur Amənəyə (ə) və daha sonra Peyğəmbərlərin (s) sonuncusu Həzrət Rəsula (s) keçdi. Nurun ikinci hissəsi isə Əbu Talibin (ə) alnında yerləşdi.

Allah Təala Əbu Talibə (ə) bir necə övlad bəxş etdi: Əqil, Talib, Cəfər, Ümmi Hani, Cümanə və Əli (ə). Allah Təala Əlini (ə) Əbu Talibə (ə) və Fatimə binti Əsədə bəxş etdikdə o nur Fatimə binti Əsədin alnında parıldayırdı.

Əli (ə) dünyaya gəldiyi məkan:Həzrət Əli (ə) ən şərafətli məkanda dünyaya göz açıb. Kəbə evi ən dəyərli məkandır. Həzrət Əlidən (ə) başqa orada heç kim dünyaya göz açmayıb, Həzrət (ə) cümə günü, Beytul-haramda dünyaya gəlib.[11]

Əli (ə) üç gün gözünü açmadı. Onu Peyğəmbərin (s) yanına gətirdikdən sonra gözlərini açdı. Həzrət buyurdu: «O, mənə baxdı və mən yalnız ona elmimdən verdim.»[12] Sonra o Həzrəti (ə) qucağına alıb Əbu Talibin (ə) mənzilinə apardı.[13]

Əli (ə) mövludundan qabaq bu barədə verilən xəbərlər.[14]

Cabir ibn Abdullah Ənsari deyir: «Məsrəm ibn Rəbi adlı 190 il ibadət etmiş bir rahib var idi. Allahdan heç bir hacət istəməmişdi. Bir gün Allahdan istədi ki, öz övliyalarından birini ona göstərsin. Allah Təala cənab Əbu Talibi (ə) onun yanına göndərdi. Rahib onun kim olduğunu bildikdən sonra O Həzrətə (ə) müjdə verdi: -Ey Əbu Talib (ə), Allah sənə bir oğlan uşağı bəxş edəcək. O, Allahın vəlisidir, adı isə Əlidir. O, dünyaya gəldikdən sonra mənim salamımı ona çatdır və de ki, Rahib Məsrəm Allahın təkliyinə və sənin vilayətinə inanaraq şəhadət verir». Cənab Əbu Talib (ə) qayıtdıqdan sonra, behişt xurması, üzümü və narı yedi. Fatimə binti Əsəd Peyğəmbərin (s) ona verdiyi xurmadan yedi. Özünün yediyi xurmadan Əbu Talibə (ə) də verdi.

Peyğəmbər (s) buyurmuşdu: «Bu xurmanı o kəs yeyəcək ki, Allahın təkliyinə və mənim peyğəmbərliyimə iqrar edəcək».

Əbu Talib (ə) və Fatimə binti Əsəd behişt meyvələrini yedikdən sonra Əlinin (ə) vücudu əmələ gəldi. Fatimə binti Əsəd Həzrət Əliyə (ə) hamilə olanda gözəlliyi və nuraniyyəti artırdı.

İmam Əlinin (ə) nütfəsinin yaranması.[15]

Həzrət Əli (ə) Fatimə binti Əsədin bətnində vücuda gəldikdə Məkkə şəhərində zəlzələ baş verdi. Qüreyşlilər bütləri Əbu Qubeys dağına apardılar. Amma zəlzələ güclü olduğundan bütlər yerə yıxıldı. Onlar Əbu Talibə (ə) pənah apardılar.

O Həzrət (ə) dağın başına gəlib buyurdu: -Camaat! Bu gecə mühüm bir hadisə baş verib. Allah bir nəfəri xəlq edib, əgər ona itaət etməsəniz, vilayətini qəbul etməsəniz, İmamətliyinə şəhadət verməsəniz bu zəlzələ sakitləşməyəcək. Ona itaət edib, vilayət və İmamətliyinə iqrar edin.

Sonra ağlayaraq mübarək əllərini qaldırıb buyurdu: -Pərvərdigara, mən və mənim ağam, səni çağırırıq. Məhəmməd, Əli və Fatiməyə xatir öz rəhmət və mehribanlığını lütf et.

Digərləri amin dedilər.

Dua tamamlandıqda zəlzələ sona çatdı. Ərəblər cahiliyyət dövründə çətinliklə üzləşdikdə bu duanı oxuyub çətinlikdən nicat tapırdılar.

Fatimə binti Əsəd (ə) təvaf etmək üçün Allahın evinə getdikdə, o Həzrət (ə) onun bətnində iki ayağını möhkəm vurardı və qoymazdı ki, anası bütlər qoyulan tərəfə yaxınlaşsın. Başqa vaxtlarda da Fatimə binti Əsəd (ə) Allahın evinə ibadətə gedəndə bütlər hələ dünyaya gəlməmiş bu övladın müqabilində üzü üstə yerə düşərdilər.

İmam Əlinin (ə) anası Kəbədə.

Rəcəb ayının 13-də cümə gecəsi Əbu Talibin (ə) hörmətli xanımı ağrılar hiss etdi. Amma xüsusi adları söyləməklə rahatlıq tapdı. Əbu Talib (ə) Qüreyş qadınlarından onun üçün kömək çağırmaq istədikdə bir nida ucaldı: «Ey Əbu Talib (ə), səbr et. Çünki, nəcis əl Allahın vəlisinə toxunmamalıdır».

Sübh vaxtı Fatimə binti Əsəd (ə) bir nida eşitdi: «Ey Fatimə, bizim evə gəl».

Əbu Talib (ə) və Peyğəmbər (s) onu Məscidül-harama gətirdilər. Abbas ibn Əbdül Müttəlib bir dəstə insanla məsciddə əyləşmişdi. Gördülər ki, Fatimə (ə) Məscidül-harama daxil oldu. Kəbə ilə üzbəüz dayanıb, səmaya baxaraq belə buyurdu: «Pərvərdigara, mənim sənə, peyğəmbərlərinə və sənin tərəfindən göndərilən kitablara imanım var. Mən babam İbrahimin kəlamını təsdiq edirəm. O, bu evi bir şəxsin haqqına xatir, bətnimdə olan mənimlə danışıb ünsiyyət quran övladın haqqına xatir bu doğumu mənə asan et.»[16]

Birdən orada olanlar gördülər ki, Kəbənin arxa tərəfindəki divar yarıldı. Fatimə binti Əsəd içəri daxil oldu. Kəbənin qapısındakı qıfılı nə qədər açmaq istəsələr də mümkün olmadı. Bildilər ki, bu işdə Allahın hikməti var.[17]

Fatimə binti Əsəd (ə) buyurur: -Kəbəyə daxil olduqda gördüm ki, Həvva, Sara, Asiya, Musa ibn İmranın anası, İsanın anası Məryəm gəldilər. Onlar mənə salam verdilər: «Əssəlamu əleyki, ya vəliyyətullah» və qarşımda əyləşdilər.

Peyğəmbərlərin (ə) sonuncusu Həzrət Məhəmməd (s) dünyaya gəldikdə yerinə yetirdiklərini Əlinin (ə) viladətində də yerinə yetirdilər. Fatimə binti Əsəd (ə) Peyğəmbər (s) dünyaya göz açdıqda iştirak etmiş və əhvalatı Əbu Talibə (ə) danışmışdı. Həzrət Əbu Talib (ə) qabaqcadan ona demişdi: «30 il səbr elə, Allah sənə Peyğəmbərlərin (ə) sonuncusu kimi bir övlad bəxş edəcək. Yalnız o, peyğəmbər olmayacaq, onun vəsisi və vəziri olacaq».[18]

Əmirəl-möminin (ə) doğum günü.

Cümə günü Əli (ə) Kəbənin sağ küncündə qırmızı daşın üstündə günəş kimi saçdı. Kəbəyə ayaq qoyan kimi səcdəyə düşdü və əllərini səmaya qaldırıb buyurdu: «Əşhədu ən la ilahə illəllah və ənnə Muhəmmədən Rəsulullah və əşhədu ənnə Əliyyən vəliyyu Muhəmmədin Rəsulillah, bi Muhəmmədin yəxtimullahun-nubuvvətə və bi yəxtimul-vəsiyyətə və ənə Əmirul-muminin». «Şəhadət verirəm ki, Allahdan başqa yoxdur. Mühəmməd Allahın Rəsuludur. Əli Mühəmmədin vəsisidir. Mühəmmədlə nübuvvətlik, mənimlə isə vəsilik kamil və tamam olur. Mən möminlərin əmiriyəm».[19]

Sonra buyurdu: «haqq gəldi və batil aradan getdi.»

Mübarək vücudu bu torpağa qədəm qoyan kimi Kəbədə olan bütlər üzü üstə yerə düşdü, səmalar nurlandı, Şeytan fəryad etdi: «Vay olsun bütlərə və bütpərəstlərə...»

Əlinin (ə) doğumundan sonrakı sözləri.

O, Behişt qadınlarını salamlayıb, əhvallarını soruşdu. Behişt qadınları onu qucaqlarına aldılar. Həzrət (ə) onlarla söhbət etdi. Həvva (ə) onu qucağına aldıqda o Həzrət (ə) dedi: -Salam olsun sənə, Həvva ana!

Həvva cavab verdi: - Salam olsun sənə, oğlum!

Əli (ə) Həvvadan Adəmin (ə) halını soruşdu. Həvva (ə) cavab verdi: - O, ilahi nemətlər içindədir.

O, Kəbənin içində olduqda Əbu Talib (ə) küçə və bazarlarda səslənirdi: Müjdə olsun sizlərə! Allahın vəlisi dünyaya gəlib. Vəsilik onunla kamil olub tamamlanacaq.[20]

Behişt qadınları getdikdən sonra peyğəmbərlər: Həzrət Adəm (ə), Həzrət Nuh (ə), Həzrət İbrahim (ə) Həzrət Musa (ə), Həzrət İsa (ə) gəldilər. Əmirəl-möminin (ə) onları görən kimi hərəkət edib, təbəssüm etdi. Onlar Həzrətə (ə) salam verdilər: - Salam olsun sənə, ey Allahın vəlisi və Allah Peyğəmbərinin (s) xəlifəsi!»

Həzrət (ə) cavab verdi: -Əleykuməssəlam və rəhmətullahi və bərəkatuh.

O, ayrı-ayrılıqda hər birinə salam verdi. Onlar hər biri onu qucağına alıb öpdülər, barəsində mədhiyyələr deyib getdilər. Sonra mələklər gəlib onu səmaya apardılar. Hər dəfə Həzrətin (ə) fəziləti və məqamı barədə kəlmələr buyururdular.[21]

Fatimə binti Əsəd (ə) buyurur: - İkinci dəfə o Həzrəti (ə) qaytardıqda, onu ağ behişt ipəyinə sarımışdılar. Mənə dedilər: «Onu gözlərdən qoru ki, Aləmlərin Rəbbinin vəlisidir. Onun vilayətini qəbul etməyəcək şəxs behiştə daxil olmayacaq. Xoş olsun ona tabe olan şəxsin halına. Vay olsun o kəsə ki, ondan üz çevirər. O, Nuhun (ə) gəmisi kimidir. Hər kim ona qoşulsa, nicat tapacaq, hər kim uzaq olsa, qərq olub süqut edər».

Sonra onun qulağına nəsə dedilər, amma mən başa düşmədim. Qalxıb bayıra çıxdılar və mən onların hardan çıxdıqlarını bilmədim.[22]

Üç gün Kəbədə.

"Fatimə binti Əsəd (ə) üç gün ilahi qonaq olduqdan sonra, öz möhtərəm və mübarək övladını qucağına alıb Kəbədən xaric oldu. Qeybdən belə bir nida gəldi: «Ey Fatimə, bu uşaqın adını Əli qoy. Mən Əliyyi Ə'la olan Allaham. Mən onun adını öz adımdan seçmişəm. Ona ədəb öyrətmişəm və öz əmrimi ona tapşırmışam. Onu öz elmimdən agah etmişəm. O, mənim evimdə dünyaya gəlib. O, mənim evimin üstündə azan deyəcək ilk şəxsdir. O, bütləri sındıracaq, Kəbənin üstündən yerə atacaq. Xoş o kəsin halına ki, onu sevib, itaət və kömək edə. Ona düşmən kəsilib, ondan boyun qaçırıb xar edərək haqqını inkar edən kəsin halına vay olsun.»[23]

Bu üç gündə hər bir yerdə bu mübarək mövludun istisna halda dünyaya gəlməsindən danışılırdı. Xüsusi ilə Kəbənin divarlarının kafirlərin gözü qarşısında yarılmasından.

Əlinin (ə) Peyğəmbər (s) qoynunda nur saçması.

Dördüncü günün sübh vaxtı Kəbə həmin yerdən yarıldı. Hamının gözü qarşısında Fatimə binti Əsəd öz əziz övladı ilə oradan xaric oldu. Camaat hamı baxırdı. Fatimə binti Əsəd Kəbənin içində baş vermiş Bəzi hadisələrdən xəbər verdi. O cümlədən: Bu əzəmətli mövludun dünyaya gəlməsindən, behişt nemətlərindən və Həzrətin (ə) adının Əli olmasının nida ilə səmadan gəlməsindən.

Əbu Talib (ə) və Peyğəmbər (s) yaxın gəldilər. Fatimə binti Əsəd də onlara yaxınlaşdı.

Həzrət Əli (ə) buyurdu: -Əssəlamu əleykə, ya əbah və rəhmətullahi və bərəkatuh.

Əbu Talib (ə) buyurdu: -Və əleykəssəlam, ya bunəyyə və rəhmətullahi və bərəkatuh. O, Əlini qucağına aldı.[24]

Əmirəl-möminin (ə) mübarək gözlərini Peyğəmbərin (s) üzünə açıb təbəssüm etdi və buyurdu: -Əssəlamu əleykə və rəhmətullahi və bərəkatuh, məni qucağına al.

Peyğəmbər (s) onun salamına cavab verib onu qucağına aldı. Öpüb, əlini əlinin içinə qoydu. Həzrət Əli (ə) sağ əlini qulağına qoyub azan və iqamə dedi: Allahın təkliyinə və Mühəmmədin (s) peyğəmbərliyinə şəhadət verdi.[25] Sonra Əli (ə) səmavi kitabdan qiraət etmək üçün Peyğəmbərdən (s) icazə istədi. Peyğəmbər (s) icazə verdikdən sonra, Nuhun, İbrahimin, Musanın, İsanın sühüfündə olanlardan oxudu.

Daha sonra hələ nazil olmamış Qurandan "Muminun" surəsini oxudu və Peyğəmbərin (s) qucağında Əbu Talibin (ə) evinə getdilər.[26]

Fatimə binti Əsəd buyurur: Kəbədən xaric olub, övladımı Peyğəmbərin (s) yanına qoyduqdan sonra O, Həzrət (s) mübarək ağzı ilə Əlinin (ə) ağzını açıb ağzının suyunu ona toxundurdu. Sağ qulağına azan, sol qulağına iqamə dedi.[27]

Həzrətin (ə) viladətinin 3-cü günü və ya Kəbədən xaric olmanın 3-cü günü (bəzi rəvayətlərə əsasən zilhiccənin 10-da) Həzrət Əbu talib (ə) ziyafət verdi və buyurdu: -Əli ibn Əbu Talibin (ə) ziyafətinə gəlin. Əvvəlcə Kəbəni 7 dəfə təvaf edin, sonra övladım Əliyə (ə) salam verin.[28]

Əlinin (ə) Peyğəmbərlə (s) keçən uşaqlıq dövrü.

Əli (ə) özünün uşaqlıq dövrü və Peyğəmbərlə (s) birlikdə olması barəsində belə buyurur: Uşaqlıqda Peyğəmbər (s) məni qucağına alıb sinəsinə yapışdırar, yeməyi çeynəyib ağzıma qoyardı. Onun xoş iyi canıma daxil olurdu. O, danışığımda yalan, rəftarımda isə səhv və nadanlıq tapmırdı. Allah Peyğəmbəri (s) məni süd içən vaxtdan böyük mələklərlə yoldaş etmişdi. Mən də süd içən uşağın anasına itaət etdiyi kimi ona itaət edirdim. O, hər il Həra dağına gedirdi və bu vaxt məndən başqa heç kim onu görmürdü.[29]

Mənbələr

[1] Şeyx Müfid - Əl-irşad, c 1, səh 5, Təbərsi – Elamul-vəra, c 1, səh 306, Şeyx Əbu Cəfər Tusi – Təhzibul-əhkam, c 6, səh 19, Əllamə Məclisi – Biharul-ənvar, c 97, səh 383, Hakim Nişapuri – Əl-müstədrək ələs-səhiheyn, c 3, səh 180, Xarəzmi – Əl-mənaqib, səh 12, 13, İbn Əsir – Əsədul-ğabə fi mərifətis-səhabə, c 5, səh 517, Şeyx Tusi - Misbahul-mütəhəccid, səh 741, 754, Əbil Həsən İrbili – Kəşful-ğəmmə, c 1, səh 59, Əbu Cəfər ibn Şəhraşub – Mənaqibi ali Əbu Talib (ə), c 3, səh 353, Əllamə Məclisi - Zadul-məad, səh 21

[2] Hakim Nişapuri “Əl-müstədrəkdə” deyir: Məhşur xəbərə əsasən Fatimə binti Əsəd Həzrət Əlinin (ə) Kəbənin içində dünyaya gətirilib, c 3, səh 483

[3] Əbu Cəfər ibn Şəhraşub – Mənaqibi ali Əbu Talib (ə), c 3, səh 319

[4] Əbu Cəfər ibn Şəhraşub – Mənaqibi ali Əbu Talib (ə), c 3, səh 321

[5] Əbu Cəfər ibn Şəhraşub – Mənaqibi ali Əbu Talib (ə), c 3, səh 319

[6] Müxtəsəri əz əhvale Həzrət Əbu Talib (ə)

[7] Molla Haşim Xorasani – Müntəxəbut-təvarix, səh 113

[8] “Rəyahinuş-şəriə” əsərinin şəhri, c 3, səh 3-6

[9] Əbu Cəfər ibn Şəhraşub – Mənaqibi ali Əbu Talib (ə), c 3, səh 319

[10] Əbu Cəfər ibn Şəhraşub – Mənaqibi ali Əbu Talib (ə), c 3, səh 321

[11] Əbu Cəfər ibn Şəhraşub – Mənaqibi ali Əbu Talib (ə), c 2, səh 200

[12] Əbu Cəfər ibn Şəhraşub – Mənaqibi ali Əbu Talib (ə), c 2, səh 204-205

[13] Əbil Həsən İrbili – Kəşful-ğəmmə, c 1, səh 59

[14] Əbu Cəfər ibn Şəhraşub – Mənaqibi ali Əbu Talib (ə), c 2, səh 192, 193, 197, Nişapuri – Rövzətul-vaizin, c 1, səh 78

[15] Əbu Cəfər ibn Şəhraşub – Mənaqibi ali Əbu Talib (ə), c 2, səh 196-197, Nişapuri – Rövzətul-vaizin, c 1, səh 79, Əllamə Məclisi – Biharul-ənvar, c 35, səh 11

[16] Əbu Cəfər ibn Şəhraşub – Mənaqibi ali Əbu Talib (ə), c 2, səh 198-199, Şeyx Tusi – Əmali, səh 706, Əllamə Məclisi – Biharul-ənvar, c 35, səh 8-36, Məhəmməd Baqir Ənsari – Afetabe-Kəbə, səh 45

[17] Təbərsi – Elamul-vəra, c 1, səh 306, Şeyx Müfid - Əl-irşad, c 1, səh 5

[18] Əllamə Məclisi – Biharul-ənvar, c 35, səh 6, Nişapuri – Rövzətul-vaizin, c 1, səh 81

[19] Xarəzmi – Əl-mənaqib, c 2, səh 198

[20] Nişapuri – Rövzətul-vaizin, c 1, səh 79, Xarəzmi – Əl-mənaqib, c 2, səh 198, Əllamə Məclisi – Biharul-ənvar, c 35, səh 13

[21] Məhəmməd Əli Ordubadi – Əli (ə) vəlidul-Kəbə, səh 321

[22] Məhəmməd Əli Ordubadi – Əli (ə) vəlidul-Kəbə, səh 32

[23] Əllamə Məclisi – Biharul-ənvar, c 35, səh 9-37

[24] Xarəzmi – Əl-mənaqib, c 2, səh 198

[25] Əllamə Məclisi – Biharul-ənvar, c 35, səh 22, Xarəzmi – Əl-mənaqib, c 2, səh 198

[26] Əllamə Məclisi – Biharul-ənvar, c 35, səh 18, Xarəzmi – Əl-mənaqib, c 2, səh 172, Əbil Həsən İrbili – Kəşful-ğəmmə, c 1, səh 59

[27] Xarəzmi – Əl-mənaqib, c 2, səh 199

[28] Xarəzmi – Əl-mənaqib, c 2, səh 199

[29] Feyzul-islamın topladığı Nəhcül-Bəlağənin 234-cü xütbəsinin axır hissələri, səh 802

Teqlər