Digər Hicri-qəməri: 6 Zilhiccə Miladi:

Əli (ə) və Zəhranın (ə) evlənməsi

Əli (ə) və Zəhranın (ə) evlənməsi

Hicrətin 2-ci ili bu gün Peyğəmbər (s) qızı Zəhranı (ə) Əli ilə (ə) evləndirdi.[1] Bu hadisə Bədrdən qayıtdıqdan sonra, Peyğəmbərin (s) qızı Rüqəyyanın vəfatından 16 gün sonra zilhiccənin 6-da baş verib.[2]

İmam Sadiq (ə) buyurub: «Əgər Allah Təala Əlini (ə) yaratmasaydı, dünyada Zəhraya (ə) layiqli həyat yoldaşı tapılmazdı».[3]

Həzrət Zəhranın (ə) 9 yaşı olan kimi Mədinənin hər bir yerindən qəbilə böyükləri, tayfa rəisləri, varlılar Zəhraya (ə) elçi gəldilər. Hətta münafiqlər də cürət edib ona elçi düşdülər. Onların Bəzisinin elçiliyə gəlməsi Peyğəmbəri (s) narahat etdi. Etiraz edən münafiqlərə isə belə buyurdu: «Mən sizə «yox» cavabı verməmişəm. Sizə Allah rədd cavabı verib. Fatimənin (ə) qisməti Allah tərəfindən müəyyən olunacaq».

İmam Hüseyndən (ə) nəql olunur: Bir gün Peyğəmbər (s) Ümmi Sələmənin evində idi. Xüsusi heybətə məxsus olan bir mələk nazil olub müxtəlif dillərdə Allaha təsbih və təsdiq deyirdi. O, dedi: Mən Sərsailəm. Allah məni sizin yanınıza göndər di ki, sizə deyim: «Nuru nurla evləndir.»

Həzrət (s) buyurdu: «Kimi kiminlə?»

Dedi: «Fatiməni (ə) Əli ilə (ə)».

Peyğəmbər (s) Fatiməni (ə) Cəbrail, Mikail və Sərsailin hüzurunda Əli ilə (ə) evləndirdi.

İzdivac gecəsi Həzrət Fatiməni (ə) Əlinin (ə) evinə apardıqda Peyğəmbər (s) qarşıda, Cəbrail sağ, Mikail sol tərəfdə, 70 min mələk isə arxada hərəkət edirdilər. Bu halda onlar Allaha təsbih deyirdilər. Onların bu təsbihi fəcr açılana kimi davam etdi.[4]

Zəhranı (ə) aparan dəvənin yəhərini Cəbrail tutmuşdu. İsrail və Mikail də onu müşayiət edirdi. 70 min mələk isə təkbir deyirdilər.

Zahirdə Səlman dəvənin yəhərini tutmuşdu. Həmzə, Əqil və Cəfər də onu müşayiət edirdi. Peyğəmbərin (s) qadınları öndə gedirdilər.

Peyğəmbər (s) onları məscidə çağırdı. Fatimənin (ə) əlini Əlinin (ə) əlinə qoyub onların və nəsillərinin haqqında dua etdi.

Hamı öz evinə getdi. Qadınlardan yalnız Əsma Fatimənin (ə) yanında qaldı. Bu, Xədicənin (ə) vəsiyyətinə görə idi. Həzrət Xədicə (ə) vəfat edərkən ağladı və Əsmadan əhd-peyman aldı ki, Həzrət Fatimənin (ə) evlilik gecəsi o Həzrəti (ə) tək qoymasın. Əsma da öz əhdinə vəfa etdi. Əhvalatı Peyğəmbərə (s) danışdıqda o Həzrət (s) Xədicəni (ə) yad edib ağladı və Əsmanın haqqında dua etdi.[5]

İmam Baqir (ə) buyurub: «Zəhranın (ə) mehriyyəsi dünyanın beşdə biri və behiştin üçdə ikisidir. Yer üzündəki dörd çay Fərat, Nil, Nəhrivan və Bəlx Fatimə (ə) üçündür».

Allah Peyğəmbərə (s) buyurdu: «Ey Məhəmməd, sən Fatiməni 500 dirhəmlə Əli ilə (ə) evləndir ki, bu, sənin ümmətinin içində bir sünnət olsun». [6]

Digər rəvayətdə bildirilir: «Dünyanın dörddə biri, behişt və cəhənnəmdir. Dostlarını behiştə, düşmənlərini isə cəhənnəmə salacaq».[7]

Digər bir rəvayətdə isə o Həzrətin (ə) mehriyyəsi dünyanın yarısı qeyd olunub.[8]

Evlilik mərasimində Peyğəmbər (s) Əliyə (ə) buyurdu: «Öz zirehini sat». O Həzrət (ə) zirehini satıb pulunu Peyğəmbərə (s) verdi. Peyğəmbər (s) Ümmi Sələməyə bir qədər pul verdi ki, mərasim üçün yemək hazırlasın.

Bəzi rəvayətlərdə bildirilir ki, yemək ləvazimatlarının yarısını Peyğəmbər (s), yarısını isə Əli (ə) hazırladı.

Bəzi rəvayətlərdə nəql olunur ki, ev əşyaları alındıqdan 29 və ya 30 gün Əqil və Cəfər Əliyə (ə) dedilər: -Peyğəmbərdən (s) istə ki, həyat yoldaşını evə gətirsin. Peyğəmbərin (s) həyat yoldaşlarının bəzisi dedilər: -Biz Peyğəmbərdən (s) xahiş edərik ki, siz həyat yoldaşınızı gətirəsiz.

Peyğəmbər (s) buyurdu: «Biz gözləyirik ki, o özü gəlib bizdən istəsin».

Əli (ə) buyurdu: «Həyam mənə mane olur».

Peyğəmbər (s) toy mərasiminin qurulmasına icazə verdi və Əliyə (ə) buyurdu: «Hər kimi istəyirsən, dəvət et».

Qadınlar qadınlara, Əli (ə), Əmmar, Bilal və bir neçə nəfər isə kişilərə xidmət edirdilər. Kişilərin məclisi məsciddə idi.

Səhabələr öz hədiyyələri ilə o iki ilahi nurun evlilik bayramında iştirak edir, Peyğəmbərin (s) göstərişi ilə hazırlanmış yeməkdən yeyirdilər. Peyğəmbər (s) Əli (ə) və Fatimə (ə) üçün də yemək göndərdi. Üç gün o yeməkdən yedilər. Bu vaxt ərzində yemək azalmadı.

Bu izdivacdan beş övlad dünyaya gəldi. İmam Həsən, şəhidlər ağası İmam Hüseyn (ə), Zeynəb və Ümmi Külsüm. Bu övladlar Peyğəmbərin (s) zamanında dünyaya göz açdılar. Axırıncı övladları Möhsin (ə) Peyğəmbərin (s) şəhadətindən sonra münafiqlərin və zalımların zərbələri nəticəsində qapı ilə divar arasında qalaraq şəhadətə çatdı. Həzrət Fatimə (ə) 9 il 75 və ya 95 gün Əlinin (ə) evində yaşadı və Möhsinin şəhadətindən sonra şəhadətə çatdı.

Onların yerdəki izdivacları ilə səmadakı izdivacları arasında 40 gün fasilə oldu. Allah Təala onların əqdini kəsdi. Bu, zilhiccə ayının 1-də və ya 6-da baş verib.[9]

Mənbələr

[1] Mühəddis Qumi - Tətimmətul-müntəha, səh 137, Əllamə Məclisi - Biharul-ənvar, c 43, səh 97

[2] Şeyx Tusi - Əmali, c 1, səh 42, Əbu Cəfər Məhəmməd Təbəri İmami - Bəşarətul-Mustəfa, səh 267

[3] Şeyx Tusi - Əmali, c 1, səh 29, Əllamə Məclisi - Biharul-ənvar, c 43, səh 141, Əbu Cəfər Məhəmməd Təbəri İmami - Bəşarətul-Mustəfa, səh 267, Əbil Həsən İrbili - Kəşful-ğəmmə, c 1, səh 472, Xarəzmi - Əl-mənaqib, c 3, səh 192, Həsən ibni Süleyman Hilli - Əl-mühtəzər, səh 133, 136

[4] Seyid ibn Tavus - İqbalul-əmal, səh 584, Xətib Bağdadi - Tarixu Bağdad, c 5, səh 7

[5] Mühəddis Qumi - Feyzul-əlam, səh 161

[6] Əllamə Məclisi - Biharul-ənvar, c 43, səh 113

[7] Əllamə Məclisi - Biharul-ənvar, c 43, səh 113

[8] Seyid Haşim Hüseyni Bəhrani - Mədinətul-məaciz, c 2, səh 336

[9] Əbu Cəfər Məhəmməd ibn Cərir Rüstəm Təbəri - Dəlailul-imamə, səh 45, 47

Teqlər