Vəfat Hicri-qəməri: 27 Zilhiccə Miladi:

Əli ibn Cəfərin vəfatı

Əli ibn Cəfərin vəfatı

Hicrətin 210-ci ili bu gün Əli ibn Cəfər (ə) vəfat etdi.[4] Cənab Əli ibn Cəfər böyük məqama sahib olan İmam oğlu, seyyid, çoxlu fəzilətə sahib olan alim və etimadlı şəxslərdən sayılırdı. O, İmam Sadiqi (ə), İmam Musa ibn Cəfəri (ə), İmam Rzanı (ə) və İmam Cavadı (ə) həyatında görüb.

Cənab Əli ibn Cəfər başqa qardaşlarından daha kiçik idi. Atası dünyadan köçdükdən sonra Musa ibn Cəfərin (ə) yanında qalıb, ondan öyrəndiyi hədisləri, dini bilikləri başqalarına rəvayət edib. «Məsailu Əli ibn Cəfər», «Məsailul-həlal vəl-həram» və «Əl-mənasik» kitabları ona məxsusdur.[5]

Məhəmməd ibn Həsən Əmmar deyir:[6] «On il Mədinədə Əli ibn Cəfərin yanında oldum. Onun qardaşı Musa ibn Cəfərdən (ə) öyrəndiyi hədisləri eşidib yazırdım. Bir gün onun yanında idim. Həzrət Cavad (ə) məscidə daxil oldu. Əli ibn Cəfər (ə) onu görən yerindən qalxıb ayaqqabısız və əbasız yanına tələsdi və əlini öpüb təzim göstərdi».

O Həzrət (ə) buyurdu: «Əmi əyləş, Allah sənə rəhmət etsin».

Əli ibn Cəfər buyurdu: «Mənim ağam, siz ayaq üstəsiz, mən necə əyləşim?»

Həzrət ona icazə verdikdən sonra öz yerinə qayıtdı və məclisdə əyləşdi.

Səhabələr onu danladılar: «Sən onun atasının əmisisən! Onunla niyə belə rəftar edirsən?»

Əli ibn Cəfər buyurdu: «Sakit olun! Allah mənə imamət vermədi, amma bu cavana verib. Bu halda onun fəzlini necə inkar edim, ona necə ehtiram etməyim. Bir halda ki, mən onun bəndəsiyəm?»

Bu rəvayətdən məlum olur ki, Əli ibn Cəfər öz zəmanəsinin imamına hörmət edib, onu tanıyıb. həmçinin rical alimləri öz əsərlərində onu bəlaqətli bir şəxs kimi tanıtdırıb.

Onun evi Mədinədən 4 mil məsafədə olan qəryədə idi. Onun 4 oğlu olub: Məhəmməd, Əhməd, Həsən və Cəfər.

Əli ibn Cəfər Mədinədə idi. Kufə əhli onun Kufəyə gəlməsini istədilər. O da bunu qəbul edib bir müddət dini təlimləri və məsumların (ə) hədislərini təbliğ etməklə məşqul oldu. Bir müddət sonra isə Qum əhli onun Quma gəlməsini istədi. O, Kufədən Quma hicrət edib orada qaldı və elə orada da dünyadan köçdü, Qumdan kənarda cənub darvazaya yaxın bir yerdə dəfn olundu.[7]

Başqa yerdə də ona iki qəbir mənsubdur: biri Mədinənin bir fərsəxliyində olan Üreyzdə, digəri isə Səmnan şəhərinin yaxınlığında.[8]

Məsudinin nəql etdiyinə görə o, hicrətin 233 cü ili zilhiccə ayının 27-də dünyadan köçüb. Onun yazdığına görə Əli ibn Cəfər (ə) dünyadan köçərkən 72 yaşı var idi.[9]

Mənbələr

[4] Əbdül Hüseyn Şəbustəri - Səbilur-rəşad iləl-əshabil-imamil-Cəvad (ə), səh 175, Zəbihullah Məhəllati - Qəlaidun- nehvər, Zilhiccə cildi, səh 448

[5] Əbdül Hüseyn Şəbustəri - Səbilur-rəşad iləl-əshabil-imamil-Cəvad (ə), səh 175

[6] Əbdül Hüseyn Şəbustəri - Səbilur-rəşad iləl-əshabil-imamil-Cəvad (ə), səh 179, Əllamə Məclisi - Biharul-ənvar, c 47, səh 266

[7] Cəmaluddin ibn Ənəbə - Umdətut-talib fi ənsabi ali Əbu Talib (ə), c 1

[8] Molla Haşim Xorasani - Müntəxəbut-təvarix, səh 226

[9] Məsudi - Mürəvvicuz-zəhəb, c 4, səh 127

Teqlər