Digər Hicri-qəməri: 1 Zilhiccə Miladi:

Əbu Bəkrin «Bəraət» surəsinin təbliğindən uzaqlaşdırılması

Əbu Bəkrin «Bəraət» surəsinin təbliğindən uzaqlaşdırılması

Hicrətin 9-cu ili bu gün Əbu Bəkr «Bəraət» surəsinin təbliğ olunmasından uzaqlaşdırıldı. Peyğəmbər (s) Əlini (ə) göndərdi ki, Əbu Bəkrdən «Bəraət» surəsinin ayələrini alıb özü Məkkə əhlinə çatdırsın. Hicri tarixi ilə 9-cu ildə Peyğəmbər (s) Əbu Bəkri Məkkəyə göndərdi ki, «Bəraət» surəsinin əvvəllərini kafirlər üçün oxusun. O, getdikdən sonra Həzrət Cəbrail (ə) nazil oldu: «Ya Rəsuləllah, bu əmr ya sizin əlinizlə, ya da ki, sizdən olan bir nəfərin əli ilə yerinə yetirilməlidir».

Başqa rəvayətdə bildirilir: «Gərək Əli (ə) sənin tərəfindən onu təbliğ etsin».

Peyğəmbər (s) Əliyə (ə) buyurdu: «Tələs, ayələri Əbu Bəkrdən al və Həcc mərasimində camaat üçün oxu».

Əli (ə) Cabir ibni Abdullahla yola çıxdı. İkinci gün Əbu Bəkrə çatıb «Bəraət» ayələrini ondan aldı. Qayıtmaq və ya yoluna davam etməyi isə onun öz ixtiyarında qoydu.

Əbu Bəkr Mədinəyə qayıtdı və Peyğəmbərə (s) dedi: «Məni niyə bu işdən uzaqlaşdırdın?»

Həzrət (s) buyurdu: «Mən səni uzaqlaşdırmamışam, səni Allah bu işdən uzaqlaşdırıb».

Əmirəl-möminin (ə) üç gün kafirlərin və müşriklərin toplandığı Minada hər sübh və şam vaxtı Peyğəmbərin (s) buyurduqları ilə bərabər «Bəraət» surəsinini camaata oxudu, sonra isə Mədinəyə qayıtdı.

Əli (ə) Məkkəyə getdikdən sonra Peyğəmbər (s) narahat idi. Səhabələr deyirdilər: Yəqin səmadan Əlinin (ə) ölüm xəbəri gəlib, ya da bizdən inciyib. Əbuzər Peyğəmbərin (s) yanında hörmət sahibi olduğu üçün onun yanına getdi və səhabələrin sözlərini Peyğəmbərə (s) çatdırdı.

Həzrət (s) buyurdu: «Mənim hüznüm və kədərim Əlidən (ə) ayrılmağıma görədir».

Əbuzər Əlidən (ə) xəbər almaq üçün Həzrətin (ə) qarşısına çıxdı. Mədinədən kənarda yolda Əlini (ə) gördü və ona dedi: «Atam-anam sənə qurban, yavaşca gəlin ki, mən tez gedib sizin gəlişinizi Peyğəmbərə (s) müjdə verim». Əbuzər özünü tez Peyğəmbərə (s) çatdırıb Əlinin (ə) gəlməsini müjdə verdi.

Həzrət (s) səhabələrlə Əlini (ə) qarşılamağa çıxdı. Ona çatdıqda miniyindən düşüb Əlini (ə) qucaqladı. Hər ikisi sevincdən ağladılar.

Peyğəmbər (s) Əliyə (ə) dedi: «Atam-anam sənə qurban, Məkkədə nə etdin?»

Əli (ə) baş verənləri Peyğəmbərə (s) xəbər verdi.

Teqlər