Digər Hicri-qəməri: 10 Cəmadiyəl-əvvəl Miladi:

Cəməl müharibəsi

Cəməl müharibəsi

Hicrətin 36-cı ilində bu gün Cəməl müharibəsi baş verib.[1] Bu gün Bəsrə fəth olunub və Əmirəl-mömininə (ə) Allah tərəfindən kömək yetişib.[2] Şeyx Kəf'əminin (r) dediyinə əsasən Cəməl müharibəsi bu ayın 15-də baş verib.[3]

Müharibə isə belə başlayıb: Əmirəl-mömininlə (ə) beyət etdikdən sonra Təlhə və Zübeyr Ümrə bəhanəsi ilə Mədinədən çıxıb Aişənin yanına getdilər. Abdullah ibn Amir Osman tərəfindən Bəsrənin valisi seçilmişdi. Həzrət Əli (ə) onu bu vəzifədən uzaqlaşdırdı. O, Məkkəyə gələrək 200 dinara aldığı dəvəni Aişə üçün gətirdi.

Onlar Bəsrəyə tərəf hərəkət etdilər. Bura çatdıqdan sonra Əlinin (ə) təyin etdiyi Osman ibn Hənifin evinə gedərək onu əsir götürdülər və ona çoxlu qamcı vurdular.

Əmirəl-möminin (ə) onlarla üzləşmək üçün Bəsrəyə tərəf hərəkət etdi. Bu döyüşdə Həzrət Əli (ə) ilə İmam Həsən (ə), İmam Hüseyn (ə), Məhəmməd Hənəfiyyə, Abdullah ibn Cəfər, Əqil övladları, Bəni Haşim cavanlarının bir qismi, Əmmar, Əbu Əyyub Ənsari, mühacir və ənsarların bir qrupu iştirak edirdilər. Bədr səhabələrindən 80 nəfər, Peyğəmbərlə (s) şəcərə beyətində iştirak edən 250 nəfər və peyğəmbərin (s) səhabələrindən 1500 nəfər iştirak edirdilər.[4]

Müslim Məcaşiyə Quran verib göndərdilər ki, bəsrəliləri Quranın hökmünə səsləsin. Amma onlar Müslümü hədəfə alıb oxla şəhid etdilər.

Əmmarın möizələrindən və Həzrət Əlinin (ə) buyurduqlarından sonra cəmadil əvvəl ayının 10-da Aişənin başladığı müharibə davam etdirildi. Həzrət Əli (ə) onlara qalib gəldi. Bu müharibədə Əmirəl-möminin (ə) ordusunda iştirak edən 20 min nəfərdən 5 min nəfəri şəhid oldu. Aişənin ordusunda iştirak edən 30 min nəfərdən 13 min nəfər öldürüldü.[5] Həzrət Əli (ə) qalib gəldikdən sonra Aişənin xeyməsinin kənarına gəlib buyurdu: -Ey Hüməyra Peyğəmbər (s) sənə əmr etmişdi ki, mənimlə müharibə etmək üçün çölə çıxasan? Məgər sənə evdə qalmağı əmr etmədimi? Allaha and olsun! Öz qadınlarını pərdə arxasında saxlayıb səni çölə çıxaranlar insafa əməl etməyiblər.

Məhəmməd ibn Əbu Bəkr öz bacısını xeymədən çıxardı. Əmirəl-möminin (ə) göstəriş verdi ki, onu Haris ibn Əbu Təlhənin qızı Səfiyyən evinə aparsınlar. Sonra isə Məkkəyə, Məkkədən Mədinəyə göndərdi.

Döyüşdə Əlinin (ə) şiələrindən və ordu böyüklərindən olan Zeyd ibn Suhan şəhid oldu. Həzrət Əli (ə) onun başı üstə gəlib buyurdu: «Ey Zeyd, Allah sənə rəhmət etsin, sənin dünyəvi əməllərin az olsa da dində köməyin çox idi».

Mənbələr

[1] Mühəddis Qumi - Tətimmətul-müntəha, səh 17, 22, Mühəddis Qumi - Feyzul-əlam, səh 239

[2] Şeyx Müfid – Məsaruş-şiə, səh 31, Əllamə Məclisi – Biharul-ənvar, c 97, səh 384, Əli ibni Yusif ibni Mütəhhər Hilli - Əl-ədədul-qəviyyə, səh 53, Şeyx Tusi - Misbahul-mütəhəccid, səh 733

[3] Şeyx Kəfəmi – Əl-Misbah, c 2, səh 597

[4] Əllamə Məclisi – Biharul-ənvar, c 32, səh 183

[5] Əllamə Məclisi – Biharul-ənvar, c 32, səh 174, 196, 211, Molla Haşim Xorasani – Müntəxəbut-təvarix, səh 159, 161

Teqlər