Bəqidə Əhlibeyt (ə) qəbirlərinin dağıdılması
Bəqidə Əhlibeyt (ə) qəbirlərinin dağıdılması
Hicrətin 1344-cü ili bu gün Bəqidə Əhlibeyt (ə) qəbirləri, həmçinin Həzrət Həmzənin Ühüddəki qəbri vəhhabilərin əli ilə dağıdıldı.[1] Bu müqəddəs qəbirlərin dağıdılma fikri vəhhabilərin batil, puc əqidələrinin nəticəsidir. Bu barədə çoxlu kitablar yazılıb.
Onlar məsum İmamların (ə) qəbirlərindən Əlinin (ə) anası Fatimə binti Əsədin (ə), Ümmül-Bəninin, Peyğəmbərin (s) oğlu İbrahimin, İmam Sadiqin (ə) oğlu İsmailin, Peyğəmbərin (s) dayəsi Həlimənin və Peyğəmbərin (s) zamanında şəhid olanların qəbirlərini də dağıtdılar.
Vəhhabilər 1343-cü ildə Məkkədə Həzrət Əbdül Müttəlibin, Əbu Talibin, Xədicənin qəbrlərinin günbəzlərini dağıtdılar, Peyğəmbərin (s) və Fatimənin (ə) zadgahını yerlə yeksan etdilər, Ciddədə Həvvanın qəbrini və digər qəbrləri də dağıtdılar. Mədinədə nurlu nəbəvi günbəzini də dağıtdılar, amma müsəlmanların qorxusundan qəbri dağıtmadılar. Əhlibeytin (ə) qəbirləri dağıdıldıqdan sonra nəfis və qiymətli əşyalar qarət olundu.
Sonra onlar Həzrət Həmzənin və Ühüd şəhidlərinin qəbirlərini yerlə yeksan etdilər, Peyğəmbərin (s) ata-anası Abdullahın və Amənənin, İmam Sadiqin (ə) oğlu İsmailin qəbrini və digər qəbirləri dağıdıb günbəzlərini sökdülər.
Həmin il Kərbəlaya hücum edib qəbrüstü zərihi sökdülər, sultanların hədiyyə etdiyi qiymətli, nəfis əşyalar, cəvahirat qarət edildi, 7 minə yaxın alim, seyyid və s. öldürüldü. Sonra Nəcəfə tərəf getdilər, amma qarət etməyə nail ola bilməyib, məğlub olmuş halda geri qayıtdılar.[2]
Mənbələr
[1] Əllamə Əli Nəmazi Şəhrudi - Mustədrəku səfinətil-bihar, c 6, səh 65, 66
[2] Kəşful-irtiyab, səh 77, Şuhədaul-fəzilə, səh 388




