Şəhadət Hicri-qəməri: 28 Səfər Miladi:

Allah Rəsulunun (s) şəhadəti

Allah Rəsulunun (s) şəhadəti

Hicrətin 11-ci ilində Peyğəmbərlərin (s) sonuncusu Məhəmməd ibn Abdullah (s) 63 yaşında zəhər vasitəsilə şəhadətə çatdı.[1]

Aişə və Həfsənin rəvayətlərinə əsasən onu zəhərləmişdilər![2]

Səfər ayının 24-də Peyğəmbərin (s) xəstəliyi ağırlaşdı.[3] Peyğəmbər (s) xəstə olan halda buyurdu: «Həbibimi yanıma gətirin».

Aişə və Həfsə öz atalarını Peyğəmbərin (s) yanına gətirdilər. Peyğəmbər (s) mübarək üzünü onlara çevirərək buyurdu: «Həbibimi çağırın».

Sonra Əli ibn Əbu Talibin (ə) dalınca getdilər. Həzrət (s) onu görən kimi yanına çağırıb bəzi kəlmələri ona buyurdu.

Əli (ə) o Həzrətin (s) yanından çıxdıqda Əbu Bəkr və Ömər ona dedilər: «Dostun sənə nə dedi?»

Həzrət Əli (ə) buyurdu: «Min elmdən ibarət bir elm mənə öyrətdi ki, hər birindən də min elm açılır.»[4]

Peyğəmbərin (s) vəsiyyəti.

Peyğəmbər (s) ömrünün axırlarında Həzrət Əliyə (ə) vəsiyyət etdi. Cəbrail (ə), Mikail (ə) və digər müqarrəb mələklər buna şahid oldular. Cəbrailin (ə) Peyğəmbərə (s) buyurduğu kəlmələri Həzrət Əli (ə) də eşidirdi. O söz bundan ibarət idi: «Xumsunu qəsb edəcəklər və hörmətini sındıracaqlar, saqqalını başının qanı ilə bulayacaqlar.»

Əmirəl-möminin Əli (ə) buyurdu: «Bunu eşitdikdə fəryad etdim və yerə yıxıldım».

Sonra Həzrət Zəhraya (ə) və Həsəneynə (ə) bəzi şeyləri buyurdu. Daha sonra o vəsiyyət (insan əli ilə hazırlanmamış) qızıldan olan möhürlə möhürləndi və Əmirəl- mömininə (ə) təhvil verildi.[5]

Peyğəmbərin (s) qüslunun verilməsi və namazının qılınması.

Əmirəl-möminin Əli (ə) o Həzrət (s) qüsl verdikdən sonra, Həzrətə (s) tək namaz qıldı.[6]

Səqifədəki səhabələrdən başqa bütün insanlar məscidə toplaşdılar. Hamı Peyğəmbərə (s) namaz qılıb dəfn etmək barəsində düşünürdü.

Həzrət Əli (ə) gələrək buyurdu: «Allahın Rəsulu (s) sağ ikən də, öldükdən sonrada bizim imamımızdır.»

Bu sözdə məqsəd bu idi ki, Imam Əli Həzrətə camaatla birgə namaz qılmayacaq. İnsanlar dəstə-dəstə daxil olub imamsız bu ayəni 3 dəfə oxuyub çölə çıxırdılar: «İnnəllahə və məlaikətəhu yusəllunə ələnnəbiyyi, ya əyyuhəl-ləzinə amənu səllu ələyhi və səllimu təslima»[7]

Peyğəmbərin (s) mübarək bədəninin dəfn edilməsi.

Həzrət Əli (a) buyurdu: «Allah Peyğəmbərin (s) ruhunu qəbz edildiyi yerdə dəfn olunmasına razıdır. Həzrəti (s) dünyadan köçdüyü hücrədə dəfn edirəm».

Əmirəl-möminin Əli (ə) bir neçə nəfərin köməyi ilə qəbir qazdı və Həzrətin (s) mübarək bədənini qəbrə qoydu. Həzrəti Əli (ə) qəbrə girərək Peyğəmbərin üzünü açdı və sağ tərəfini torpağa qoydu. Ləhədi qoyduqdan sonra üstünü torpaqla örtdü.[8]

Peyğəmbərin (s) qısa həyatı.

Peyğəmbər (s) iki aylıq olanda (bir rəvayətə əsasən dünyaya gəlməmiş) atası Əbdullah ibn Əbdul Müttəlib dünyadan köçdü. 4, 7 və ya 8 - yaşında olanda isə anası Aminə binti Vəhəb "Əbva" adlı yerdə dünyadan köçdü. 8 yaş iki ay on günlük olanda babası Əbdül Müttəlib dünyadan köçdü.

25 yaşında olarkən Xədicə ilə ailə hayatı qurdu. Otuz yaşında olarkən Həzrət Əli (ə) dünyaya gəldi. 40 yaşında Allah tərəfindən Peyğəmbərliyə seçildi. 45 yaşında meraca səfər etdi. Besətin (peyğəmbərə peyğəmbərlik verilməsi) beşinci ilində Həzrət Fatimə (ə) dünyaya gəldi. 50 yaşında olarkən Əbu Talib (ə) və Xədicə (ə) dünyadan köçdülər. 52 il on bir ay 13 günlüyündə Mədinəyə hicrət etdi. Hicrətdən sonra 10 il Mədinədə qaldı. Hicrətin 11-ci ilində səfər ayının 28-də dünyadan köçdü.[9]

Peyğəmbərin (s) son anlarında Həzrət Zəhra (ə) çox ağlayırdı. Həzrət (s) onu yanına çağırıb bəzi mətləbləri buyurdu, bundan sonra onun kədəri azaldı. Səbəbini soruşduqda Həzrət Zəhra (ə) buyurdu: «Atam mənə buyurdu ki, Əhlibeytdən ona ilk olaraq mən qovuşacağam və bu ayrılıq çox çəkməyəcək»[10]

Mənbələr

[1] Təbərsi – Elamul-vəra, c 1, səh 80, Əllamə Məclisi – Biharul-ənvar, c 17, səh 406, İsbatul-hudat, c 1, səh 604, Qutbuddin Ravəndi – Əl-xəraic vəl cəraih, c 1, səh 27, Əbu Cəfər Muhəmməd ibn Həsən ibn Fərux Səfar – Bəsairud-dərəcat, səh 503, Əbu Cəfər Əhməd ibn Məhəmməd ibn Xalid Bərqi – Məhasin, c 2, səh 262, İbn Əsir - Camiul-usul min əhadisir-rəsul (s), c 11, səh 38, Əllamə Əli Nəmazi Şəhrudi – Mustədrəku səfinətil-bihar, c 6, səh 295, İbn Səd Əba Əbdillah Bəsri – Ət-təbəqatul-kubra, c 2, səh 154, Süleyman ibn Əşəs Cəcistani - Sünəni ibn Davud, c 1, 174

[2] Təfsiri Safi, c 1, səh 389

[3] Əllamə Əli Nəmazi Şəhrudi – Mustədrəku səfinətil-bihar, c 6, səh 295

[4] Şeyx Kuleyni – Əl-Kafi, c 2, səh 61, Əllamə Məclisi – Biharul-ənvar, c 22, səh 473

[5] Şeyx Kuleyni – Əl-Kafi, c 2, səh 32, 33

[6] Şeyx Müfid - Əl-irşad, c 1 səh 188-189

[7] Əhzab surəsi, ayə 56

[8] Şeyx Müfid - Əl-irşad, c 1 səh 188-189

[9] Molla Haşim Xorasani – Müntəxəbut-təvarix, səh 36-46

[10] Şeyx Müfid - Əl-irşad, c 1 səh 187

Teqlər