Təthir ayəsi haqqında

Təthir ayəsi haqqında

Bismillahir-Rəhmanir-Rəhim

Allah mütəal Qurani-Kərimdə İslam Peyğəmbərinin (s) Əhli-beytinin (ə.s) bütün ümmətdən üstünlüyünü və fəzilətlərini bəyan etmişdir və bu xüsusda bir çox surə və ayələr nəzil etmişdir. Hətta bu barədə o qədər Quranda ayələr nazil olmuşdur ki, Həzrət Əmirəl-Muminin Əli (ə) buna işarə edərək Əsbəğ ibn Nəbatəyə buyurur: “Quranın üçdə biri Biz Əhlibeytdən bəhs edir…” “Usulu-Kafi” c.2, s.627

Bu dediklərimizə misal olaraq Uca Allah, mübarək“Əhzab” surəsinin 33-cü ayəsində buyurur:
“…(Siz) Ey (Peyğəmbərin) Əhli-beyti (ev əhli)! Allah sizdən bütün çirkinlikləri yox etmək və sizi tərtəmiz (pak) etmək istəyir.”

Qeyd etdiyimiz bu ayə haqqında çoxlu sayda hədis və rəvayətlər nəql edilmişdir. Biz burada tarixdə “kisa” adı ilə məşhur olan bir hədisi nəql etmək istəyirik. Bu hədis “Əvalim” kitabında mötəbər sənədlə Cabir ibn Abdullah Ənsaridən belə nəql edilir. Cabir ibn Abdullah xanım Zəhranın (s.ə.) belə buyurduğunu deyir:
“Bir gün atam Rəsulullah (s) evimə gəldi və buyurdu: “Salam olsun sənə ey Fatimə!” Dedim: Əleykəs-Salam ey Rəsulallah! Buyurdu: “Mən özümdə yorğunluq hiss edirəm.” Dedim: “Sənin bu yorğunluğundan Allaha pənah aparıram.” Buyurdu: “Ey Fatimə! Yəmən əbamı gətir, üstümə sal!” mən yəmən əbasını gətirib üstünə saldım. Sonra üzünə baxmağa başladım. Üzü on dörd gecəlik ay kimi nur saçırdı. Bir az keçmədi ki, oğlum Həsən (ə) yanıma gəlib dedi: “Salam olsun Sənə ey ana!” dedim “Əleykəs-Salam ey gözlərimin nuru! Ey qəlbimin meyvəsi! Oğlum dedi: anacan mən Sənin yanında ətirli bir qoxu hiss edirəm, sanki babam Rəsulallahın ətridir.” Dedim: “Bəli, baban əbanın altındadır.” Həsən (ə) əbaya tərəf gedib dedi: “Salam olsun Sənə ey babam! Ey Rəsulallah! İcazə verirsənmi ki, Səninlə birlikdə əbanın altında olum?” Buyurdu: “Əleykəs-salam ey oğlum! Ey (Cənnətdəki Kövsər) Hovuzun sahibi! Sənə icazə verdim.” Oğlum Həsən əbanın altına daxil oldu. Çox keçmədi ki, oğlum Hüseyn (ə) da gəlib dedi: “Salam olsun sənə ey ana!” dedim: “Əleykəs-Salam, ey oğlum! Ey qəlbimin meyvəsi!” dedi: “Anacan! Sənin yanında xoş ətirli qoxu hiss edirəm, elə bilirəm ki, babam Rəsulallahın ətridir.” Dedim: “Bəli, baban və qardaşın əbanın altındadır. Hüseyn də əbaya tərəf yaxınlaşıb dedi: “Salam olsun sənə ey babam! Ey Allahın seçdiyi! İcazə verirsənmi ki, sizinlə birlikdə əbanın altında olum?” Rəsulullah buyurdu: “Əleykəs-salam ey oğlum! Ey ümmətimin şəfaətçisi! Sənə icazə verdim.” Hüseyn də əbanın altına daxil oldu. Bu zaman Əbul-Həsən Əli ibn Əbutalib evə gəldi və dedi: “Salam sənə ey Rəsulallahın qızı!” dedim: “Əleykəs-Səlam ey Əbəl-Həsən! Ey Əmirəl-Muminin!” dedi: Ey Fatimə! Mən sənin yanında ətirli bir qoxu hiss edirəm. Elə bil qardaşım və əmim oğlu Rəsulallahın ətridir. Dedim: “Bəli, o, iki oğlanlarınla birlikdə əbanın altındadırlar.” Əli (ə) əbaya tərəf gedib dedi: “Salam olsun sənə ey Rəsulallah! İcazə verirsənmi sizinlə birlikdə əbanın altında olum?” Atam buyurdu: “Salam olsun sənə ey qardaşım! Ey canişinim! Ey bayraqdarım! Sənə icazə verdim.” Əli (ə) da əbanın altına daxil oldu. Sonra mən də onlara tərəf gəlib dedim: “Salam olsun sənə ey atam! Ey Rəsulallah! İcazə verirsənmi mən də sizinlə birlikdə əbanın altında olum?” Atam buyurdu: “Əleykis-Salam ey bədənimin bir hissəsi! İcazə verirəm.” Mən əbanın altına daxil oldum. Elə ki, hamımız əbanın altına toplaşdıq, atam Rəsulallah əbanın iki tərəfindən tutub, sağ əli ilə asimanı işarə edib dedi: “İlahi, bunlar mənim Əhli-Beytimdir, ən yaxın və xass adamlarımdır. Ətləri ətim, qanları qanımdır. Onlara əziyyət verən mənə əziyyət verir, onları qəmgin edən məni qəmgin edir. Mən onlara qarşı muharibə edənlə muharibə edən, onlarla barışıq edənlə də barışıq edənəm. Düşmənləri ilə düşmən, dostları ilə dostam. Onlar məndən, mən də onlardanam. Öz səlavat, bərəkət, rəhmət, məğfirət və razılığını mənə və onlara əta et. Onlardan zahiri və batini çirkinlikləri aparıb, pak-pakizə qərar ver! Allah buyurdu: Ey Mənim mələklərim! Ey asimanda sakin olnlar! Mən bina olunmuş asimanları, döşənmiş yerləri, nurlu ayı, işıq verən günəşi, dövr edən fələyi, coşub çağlayan dəryaları, seyr edən gəmiləri yalnız əbanın altında olan o beş nəfərin məhəbbəti xatirinə xəlq etmişəm.” Cəbrail Əmin (ə) soruşdu: “Ey Rəbbim! Əbanın altında olnlar kimlərdir?” Allah-Taala buyurdu: “Onlar Fatimə, Onun atası, əri və oğlanlarından ibarət nubuvvət Əhli-Beyti, risalət mədənidirlər.” Cəbrail (ə) ərz etdi: “Ey Rəbbim! İcazə verirsənmi onların altıncısı olam?” Allah buyurdu: “Bəli, sənə icazə verirəm!” Cəbrail-Əmin nazil olub dedi: “Salam olsun sənə ey Rəsulallah! Ey Əliyyu əla! Allah sənə salam göndərir. Səni təhiyyətə, ikrama məxsus edir və buyurur ki, “And olsun İzzət və Cəlalıma! Mən ucalmış səmanı, döşənmiş yeri, nurlu ayı, işıq verən günəşi, dövr edən fələyi, axan dəryaları, seyr edən gəmiləri yalnız sizin məhəbbətiniz xatirinə yaratmışam” mənə icazə verdi ki, sənin yanına daxil olum. Ey Rəsulallah icazə verirsənmi?” Rəsuli Əkrəm (s) buyurdu: “Salam olsun sənə ey Allahın vəhy əmanətdarı!” Əlbətdə sənə icazə verirəm. Cəbrail (ə) əbanın altına daxil oldu və atama dedi: “Həqiqətən Allah sizə vəhy edib buyurur:

إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيراً

“…(Siz) Ey (Peyğəmbərin) ev əhli! (Həqiqətən) Allah sizdən bütün çirkinlikləri yox etmək və sizi tərtəmiz (pak) etmək istər!”
Əli ibn Əbu Talib atama dedi: “Ya Rəsulallah! Əbanın altında oturmağımızın Allah yanında nə kimi fəziləti var?” Rəsulullah(s) buyurdu: “And olsun məni haqq olaraq nübuvvətə məbluğ edib, nicat verən bir şəxs kimi risalətə seçənə, bizim bu xəbərimiz yer əhlinin məclislərindən hər hansı birində xatırlansa və o məclisdə bizi sevənlər olsa hökmən onlara rəhmət nazil olar. Mələklər onları əhatə edər və onlar bu məclisdən dağlışana qədər onlar üçün Allahdan bağışlanma diləyərlər.” Əmirəl-Möminin Əli ibn əbu Talib dedi: “Belə isə and olsun Kəbənin rəbbi Allaha ki, biz və bizim şiələrimiz nicat tapdılar.” Allah Rəsulu (s) buyurdu: “And olsun məni haqq olaraq nübuvvətə məbluğ edib, nicat verən bir şəxs kimi risalətə seçənə ki, bizim bu xəbər yer əhlinin məclislərinin hər hansı birində zikr olunsa və o məclisdə bizim şiələrdən və bizi sevənlərdən bir neçə nəfər olsa Allah Taala hökmən onların qəmlərini dağıdar, qüssələrini aradan aparar, hacəti olanların hacətin qəbul edər. Əli ibn Əbu Talib dedi: “Belə isə and olsun Allaha ki, nicat tapdıq və səadətə yetişdik. Həmçinin şiələrimiz də nicat tapıb dünya və axirət səadətinə çatdılar.””

Burada diqqət yetirmək lazımdır ki, bu hədis qısa şəkildə Müslimin “Səhih” kitabında Aişədən, Hakimin “Müştərək”, Suyutinin “əd-Durrul-mənsur”, Hakim Həskaninin “Şəvahidut-Tənzil”, Tirmizinin “Səhih” kitabında isə Əmr ibn Ümmü Sələmədən nəql olunmuşdur. Fəxri-Razi “Mubahilə” (“Ali-İmran” surəsinin 61-ci) ayəsinin təfsirində bu hədisi (“kisa” hədisini) nəql etdikdən sonra yazır: “Bu rəvayət səhih və düzgündür, təfsir və hədis alimlərinin səhih saydıqları hər hansı bir rəvayətlə heç bir fərqi yoxdur!”

Həmçinin bu hədis Əhməd bin Hənbəl “Müsnəd” kitabında müxtəlif ravilərin dilindən nəql edilmişdir. Rəvayətlərin bir qismində deyilir ki, “Təthir” ayəsi nazil olduqdan sonra Peyğəmbər (s) bir neçə ay, (bəzi rəvayətlərdə 6, bəzilərində 7, bəzilərində isə 8 və ya 9 ay) sübh namazına gedərkən Fatimeyi-Zəhranın (s.ə) evinin yanından keçərkən uca səslə deyirdi: “Ey Əhli-Beyt namaz (vaxtıdır)!” sonra isə bu ayəni tilavət edərdi: “…(Siz) Ey (Peyğəmbərin) ev əhli! (Həqiqətən) Allah sizdən bütün çirkinlikləri yox etmək və sizi tərtəmiz (pak) etmək istər!”

Bu hədis məşhur təfsir alimi Hakim Əskaninin “Şəvahidut-tənzil” kitabında Ənəs ibn Malikdən, başqa bir hədisdə Əbul-Həmradan nəql edilmişdir. Peyğəmbərin (s) bu işi yeddi ay, (Əbu Səid Xudridən edilən rəvayətdə isə) 8 ay davam etmişdir. Rəvayətdəki ifadələrin bir-birindən fərqlənməsi təbiidir. Mümkündür ki, bu rəvayəti Ənəs ibn Malik 6 ay, Əbu Səid Xıdri 8 ay, Əbul-Həmra 7 ay və ibn Abbas 9 ay müşahidə etmiş olsun. Beləliklə rəvayətlərdə heç bir ziddiyyət yoxdur və hər kəs öz gördüyünü nəql etmişdir. Ümumiyyətlə bu işin Peyğəmbər (s) tərəfindən nə qədər davam etməsi onun yüksək əhəmiyyətini göstərir. O Həzrət bununla kimsədə şək-şübhə qalmasın deyə, bildirmək istəyirdi ki, Əhli-Beyt yalnız bu kəslərdir və “Təthir” ayəsi məhz onların şəninə nazil olmuşdur. Burada təəccüb doğuran məsələ budur ki, Peyğəmbər (s) göstəriş vermişdir ki, özünün və Həzrət Əlinin (ə) qapısından başqa, məscidə açılan bütün qapılar bağlansın! Məlum olduğu kimi, oradakıların bir qrupu namaz vaxtı Peyğəmbərin (s) “Ey Əhli-Beyt namaz vaxtıdır.” Çağırışını eşidirdilər. Lakin buna baxmayaraq bəzi təfsirçilərin bu ayəni Peyğəmbərin (s) zövcələrinə də aid etməsi qəribə deyilmi?! Halbuki, Peyğəmbər (s) zamanın cüzi hadisələrini açıqlayan Aişə nəinki özünü “Təthir” ayəsinə aid etmir, hətta deyir ki, Peyğəmbər (s) mənə buyurdu: “Sən onlardan deyilsən!”
Doğrudan da bizə gəlib çatmış bir çox mötəbər hədis və rəvayətlərdə bu fakt öz təsdiqini tapır və bildirilir ki, Peyğəmbərin (s) xanımları Əhli-Beytə daxil deyildilər.

Tirmizi “Səhih” kitabında öz sənədi ilə Peyğəmbərin (s) oğulluğu Ömər ibn Əbu Sələmədən belə rəvayət edir: “Əhzab” surəsinin 33 (Təthir) ayəsi nazil olan zaman Peyğəmbər (s) Fatiməni, Həsəni və Hüseyni çağırdı. Əli (ə) da Peyğəmbərin (s) arxasında dayandı Peyğəmbər (s) əbasını onların üzərinə saldı və dedi: “Ey mənim Allahım! Bunlar mənim Əhli-Beytimdir. Sən onlardan çirkinliyi apararaq pak et.” Bu zaman Ümmü Sələmə dedi: “Ey Allahın Peyğəmbəri! Mən də onlarlayammı?”
Rəsulullah buyurdu: “Sən öz yerindəsən və xeyirləsən.” (“Səhihi-Tirmizi, cild 2, səh 209”)

Əgər Peyğəmbərin (s) zövcələri Əhli-Beytə daxil idilərsə, bəs onda Peyğəmbər (s) niyə demirdi ki, “Bəli, sən də onlarlasan”? deyirdi ki; “Sən öz yerindəsən və xeyirləsən…”?

Ummu Sələmə rəvayət edir ki: “Mən Rəsulullahın (s) evinin qapısında ikən bu ayə nazil oldu:
“… Ey (Peyğəmbərin) Əhli-Beyti! (Həqiqətən) Allah sizdən bütün çirkinlikləri yox etmək və sizi tərtəmiz pak etmək istər!” (Əhzab 33). Evdə Rəsulullah (s), Əli, Fatimə, Həsən və Hüseyn var idi, Onlara bir örtük bürüdü və “Allahım! Bunlar mənim Əhli-Beytimdir, bunlardan çirkinliyi yox et və bunları (zahiri və batini çirkinliklərdən) təmizlə” – dedi.
Mən qalxıb: Ya Rəsulallah! Mən Əhli-Beytdən deyiləmmi?
Rəsulullah buyurdu: “Sən xeyirdəsən, Sən Rəsulallahın zövcəsisən!” – deyə cavab verdi.” (Tirmizi, Manaqib (3870.))

Bu hədisdə biz konkret adlar görürük: Əli, Fatimə, Həsən və Hüseyn. Peyğəmbər (s) buyurur: “Allahım! Bunlardır mənim Əhli-Beytimdir.” O, nə zövcələri haqqında danışır, nə də ki, onlardan hansınısa öz yanına çağırır. Aişə deyir: “Peyğəmbər (s) səhər tezdən evdən çıxdı və əynində qara əbası var idi. O, Həsəni öz əbası altına aldı, sonra Hüseyni, sonra Əlini və sonra da Fatiməni. Sonra dedi: “Allah sizdən bütün çirkinlikləri yox etmək və sizi tərtəmiz pak etmək istər!” (Əhzab 33)
Bu rəvayətlərdə Peyğəmbər (s) aydın şəkildə deyir ki, “Məhz bunlar mənim Əhli-Beytimdir” bunlardan savayı heç kimin məsumiyyəti üçün dua etmir. Peyğəmbər (s) burada Allahdan onun Əhli-Beytini pak etməyi xahiş edir, başqa birisini yox. Peyğəmbər (s) dəqiq göstərir ki, “Əhzab” surəsinin 33-cü ayəsi kimə və kimlərə aiddir.

Vəssəlamu əleykum və Rəhmətullahi və Bərəkətuh.

Müəllif: SEYYİD MİRƏDDİN HAŞİMİ

Paylaş:
Baxış sayı: 13372

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.