Təqlidin hökmləri

Təqlidin hökmləri

Məsələ 3. Müsəlmanın “üsul əd-din”ə (dinin əsalarına) etiqadı idraka əsaslanmalıdır və o, “üsul əd-din”də təqlid etməməlidir. Başqa sözlə, o, “üsul əd-din”i bilən bir şəxsin sözünü sadəcə onun söylədiyini dəlil gətirərək qəbul edə bilməz. Lakin əgər bir şəxs İslamın haqq inanclarına etiqad bəsləyirsə və bunu izhar edirsə (hərçənd idrak əsasında olmasa belə), həmin şəxs müsəlman və mömindir və İslam (müsəlmanlıq) və iman (möminlik) ilə əlaqədar bütün hökmlər ona şamil olur.
Dinin hökmlərinə gəldikdə isə (dinin zəruri və qəti məsələləri istisna olmaqla) insan ya müctəhid olmalı, hökmləri dəlillərə əsaslanaraq əldə etməli, ya müctəhidə təqlid etməli, ya da ehtiyat yolu ilə vəzifəsini elə icra etməlidir ki, mükəlləfiyyətini həyata keçirdiyinə dair yəqinlik hasil etsin. Məsələn, əgər müctəhidlərdən bir qismi bir işi haram bilirsə, digər bir qismi isə haram olmadığını söyləyirsə, həmin işi görməməli, həmçinin onlardan bəziləri bir işi vacib, bəziləri isə müstəhəb hesab edirsə, həmin işi görməlidir. Beləliklə, müctəhid olmayan və ehtiyata da riayət edə bilməyən şəxslərin müctəhidə təqlid etməsi vacibdir.
Məsələ 4. Hökmlərdə təqlid müctəhidin göstərişinə əməl etmək deməkdir və kişi, həddi-büluğa çatmış, aqil, isnaəşəri şiə(5), halalzadə, adil və yaşayan müctəhidə təqlid etmək lazımdır.
İnsan qarşılaşdığı məsələlərdə, ümumiyyətlə, müctəhidlərin fərqli fətvaları olduğunu bilərsə, hərçənd fikir ayrılığının məhz hansı xüsusda olduğunu bilməsə də, “ələm” olan, yəni bilikləri başqalarından daha artıq olan, Allahın hökmünü və təyin edilmiş vəzifələri ağıl və şəriət əsasında mühakimə aparmaqla başa düşməkdə öz dövrünün bütün müctəhidlərindən daha bacarıqlı olan müctəhidə təqlid etməlidir.
Məsələ 5. Adil özünə vacib olan işləri yerinə yetirən və ona haram olan işlərdən uzaq duran şəxsdir. Şəri üzrü olmadan vacib bir işi yerinə yetirməyən, yaxud bir haram iş görən şəxs adil sayılmır və bu məsələdə kiçik və böyük günah arasında fərq yoxdur. İnsan üçün ədalət (adillik) bir neçə üsulla sübuta yetir:
a) İnsanın özünün nəzərdə tutulan şəxsin ədalətinə yəqinlik hasil etməli, yaxud onun adil olduğuna arxayın olmalıdır və bu arxayınlıq məntiqli yolla hasil edilməlidir;
b) İki adil insan həmin şəxsin ədalət xislətinə sahib olduğunu təsdiqləməlidir;
c) Araşdırılan şəxs zahirən yaxşı insan olmalı, danışıq və davranışlarında şəriətə zidd hallar müşahidə olunmamalı, məsələn, qonşularından və ya ünsiyyətdə olduğu insanlardan necə bir insan olduğu soruşulduqda onlar həmin şəxsin yaxşı bir insan olduğunu təsdiqləməli və onun şəriətə uyğun olmayan bir hərəkətə yol verdiyini görmədiklərini bildirməlidirlər. Qeyd etmək lazımdır ki, müxtəlif şəriət mövzularında ədalət anlayışının tərifi və isbat üsulları eynidir.
Məsələ 6. İnsanın müctəhid olmasını və eləcə də müctəhidlər arasından ələm olanını üç yolla müəyyən etmək olar:
1) İnsanın özünün yəqinlik hasil etməsi, məsələn, özünün bu sahədə elm sahibi olması və müctəhidi və ələmi ayırd edə bilməsi.
2) Müctəhidi, yaxud ələmi tanıya bilən iki alim və adil insanın bir şəxsin müctəhid, yaxud ələm olduğunu təsdiqləməsi. Bu şərtlə ki, başqa iki alim və adil insan onların dediklərinin əksini deməməlidir. Bir şəxsin müctəhidliyi, yaxud ələmliyi hətta insanın etibar etdiyi, bu məsələlərdə lazımi informasiyaya malik olan bir nəfər mütəxəssisin məlumatı ilə də sübutunu tapa bilər.
Mütəxəssislər bu xüsusda fikir ayrılığına düşdükləri təqdirdə isə daha bacarıqlı və məlumatlı olan qrupun şahidliyi qəbul edilir. Bu zaman onların şahidliyinin həqiqətlə üst-üstə düşmə ehtimalı digər qrupla müqayisədə daha güclü olmalı və bu daha güclü ehtimal başda həmin iki qrupun məlumatları arasındakı ziddiyyət səbəbi ilə yaranan şübhə və tərəddüdün bir tərəfə yönəlməsinə, digər qrupun məlumatının isə həmin qrupla müqayisədə ürfən şübhəsiz hesab edilməsinə səbəb olmalıdır.
3) İnsanın məntiqi üsullarla bir şəxsin müctəhid, yaxud ələm olduğuna əmin olması. Məsələn, müctəhid və ələmi müəyyən edə bilən və sözlərindən yəqinlik hasil olan bir dəstə elm əhlinin bir şəxsin müctəhid, yaxud ələm olduğunu təsdiqləməsi.
Qeyd etmək lazımdır ki, əgər müctəhidi təyin etmək üçün heç biri mümkün olmazsa, mükəlləf 12-ci məsələdə mərcə-i təqlidin vəfatı ilə bağlı veriləcək izaha uyğun hərəkət etməlidir.
Məsələ 7. Bir müctəhidin risaləsində açıqladığı rəylər ümumi şəkildə üç qismə bölünür:
a) fətva;
b) vacib ehtiyat yaxud lazım ehtiyat;
c) müstəhəb ehtiyat.
“Vacibdir”, “haramdır”, “caizdir”, “caiz deyildir”, “əqva budur”, “əzhər budur”, “zahir budur”, “əqrəb budur”, “bəid deyil” kimi ifadələr fətva sayılır, müqəllid (təqlid edən) bu fətvalara əməl etməlidir və əgər ələm müctəhid bir məsələdə fətva verərsə, müqəllid həmin məsələdə başqa bir müctəhidin fətvasına əməl edə bilməz. “B” və “c” bəndləri 8 və 9-cu məsələlərdə izah ediləcəkdir.
Məsələ 8. Ələm müctəhid bir məsələdə fətva verməyərək: “Ehtiyat budur ki, filan şəkildə hərəkət edilsin”,- deyərsə, müqəllid ya “vacib ehtiyat”, yaxud “lazım ehtiyat” adlanan bu ehtiyata uyğun hərəkət etməli, ya da ələmlik ardıcıllığına riayət etməklə(6) başqa bir müctəhidin fətvasını icra etməlidir. Məsələn:
a) Əgər ələm müctəhid: “Vacib ehtiyat namaz qılanın namazın birinci və ikinci rükətlərində Həmd surəsindən sonra daha bir surə oxumasını tələb edir”, – deyirsə, müqəllid ya bu ehtiyata riayət etməli, ya da ələmlik ardıcıllığını nəzərə almaqla digər bir müctəhidin fətvasına əməl etməlidir. Beləliklə, digər müctəhid təkcə Həmd surəsinin oxunmasını kafi hesab edirsə, sözügedən şəxs bu məsələdə ona təqlid edərək ikinci surəni oxumaya bilər.
b) Əgər ələm müctəhid:“Vacib ehtiyata əsasən, insanın təyəmmümdə istifadə etmək istədiyi şey ələ hopacaq qədər tozlu olmalıdır”, – deyirsə, müqəllidi ya bu ehtiyatın tələbinə riayət etməli və üzərində toz olmayan daşla təyəmmüm etməməli, ya da ələmlik ardıcıllığına riayət etməklə başqa bir müctəhidin fətvasına əməl etməlidir. Başqa müctəhid tozsuz daşa təyəmmümü doğru hesab edirsə, sözügedən şəxs bu məsələdə ona təqlid edə və tozsuz daşdan istifadə etməklə təyəmmüm edə bilər.
“Bu məsələ məhəll-i təəmmüldür (üzərində düşünülməli məqamdır)”, “məhəll-i işkaldır (müşkül məsələdir)”, “bu əməlin işkalı vardır (düzgünlüyü söyləmək çətindir)”, yaxud “bu iş şübhədən xali deyildir” kimi ifadələr də vacib ehtiyat hökmünə malikdir.
Məsələn, əgər ələm müctəhid: “İcarəyə verən öz mənzilini“ücrət əl-misl”dən(7) az məbləğə icarəyə verərsə və icarə müqaviləsinə icarəyə götürənin ona müəyyən məbləğdə borc verməsini şərt qoyarsa, bu borcun riba (sələm) sayılması şübhəsi vardır və mükəlləfiyyət etibarilə məhəll-i işkaldır”, – deyirsə, müqəllid ya bu qaydada mənzil icarəyə verməkdən, yaxud icarəyə götürməkdən imtina etməli, ya da ələmlik sırası ardıcıllığına riayət etməklə başqa bir müctəhidin fətvasına uyğun hərəkət etməlidir. Həmin müctəhid bu qaydada icarəyə icazə verirsə və onu riba hesab etmirsə, müqəllid deyilən qaydada hərəkət edə bilər.
Məsələ 9. Əgər ələm müctəhid bir məsələ ilə bağlı fətva verdikdən sonra ehtiyat edərsə, məsələn: “Nəcasətə bulaşmış qabı kür həcmində olan su ilə bir dəfə yusalar, pak olar, hərçənd, ehtiyat budur ki, üç dəfə yuyulsun”,- deyərsə, müqəllidi bu ehtiyatın tələbinə əməl etməyə bilər. Bu qəbildən olan ehtiyat “müstəhəb ehtiyat” adlandırılır. Həmçinin, bir məsələ ilə bağlı öncə ehtiyatın tələbi, sonra ardınca müctəhidin fətvası qeyd edildikdə, məsələn, müctəhid: “Ehtiyata əsasən, namazın üçüncü və dördüncü rükətlərində təsbihati-ərbəə üç dəfə deyilməlidir, hərçənd bir dəfə deyilməsi kifayətdir”, – dedikdə də hökm belədir(8).
Məsələ 10. Şəriət məsələləri ilə bağlı bir müctəhidin rəyini, göstərişini (istər fətva olsun, istərsə vacib, yaxud müstəhəb ehtiyat) öyrənməyin dörd üsulu vardır:
a) müctəhidin özündən eşitmək;
b) müctəhid fətvasını nəql edən iki adil şəxsdən eşitmək;
c) sözünə etibar edilən bir şəxsdən eşitmək;
d) müctəhidin risaləsindən, yaxud ona ünvanlanan suallara fətva şəklində verdiyi yazılı cavabdan oxumaq. Sonuncu halda insan sözügedən risalə, yaxud fətva məzmunlu cavabın düzgünlüyünə arxayınlıq hasil etməlidir.
Məsələ 11. İnsan müctəhidin fətvasının dəyişdiyinə dair yəqinlik hasil etməyincə onun risaləsində yazılana əməl edə bilər və əgər onun fətvasının dəyişdiyini sadəcə ehtimal edirsə, mövzunu araşdırması lazım deyil.
Məsələ 12. İnsanın təqlid etdiyi müctəhid vəfat edərsə, onun ölümündən sonrası ilə bağlı hökm sağlığındakı hökm kimidir. Beləliklə, əgər həmin müctəhid diri müctəhidlə müqayisədə ələm olarsa və mükəlləf, ümumiyyətlə, qarşısına çıxan məsələlərdə o iki müctəhidin fətvalarının fərqli olduğunu bilərsə, hərçənd fikir ayrılığının məhz hansı məsələdə olduğunu bilməsə də, ona təqlid etməyə davam etməlidir. Yaşayan müctəhid vəfat edən müctəhidlə müqayisədə ələm olduğu təqdirdə isə yaşayan müctəhidə müraciət etməlidir. Əgər onların hansının ələm olduğu məlum deyilsə, yaxud onların elmi səviyyəsi eynidirsə, bu halda onlardan birinin daha təqvalı olduğu, yəni fətva verməkdə və şəriət hökmlərinin düzgün müəyyənləşdirilməsində rol oynayan xüsuslarda daha ehtiyatlı olduğu, araşdırmaçı olduğu müəyyən edilərsə, ona təqlid etməlidir. Onlardan birinin daha təqvalı(9) olduğu da müəyyən edilə bilməzsə, öz hərəkətlərini onlardan hər hansı birinin fətvalarına uyğunlaşdırmağa ixtiyarı vardır. Yalnız təklif (şəri vəzifə) ilə bağlı “elm-i icmali(10)”, yaxud “höccət-i icmali”(11) adlandırılan hallar istisnadır. Belə hallarda vacib ehtiyata əsasən, mükəlləf hər iki fətvaya riayət etməlidir. Qeyd etmək lazımdır ki, bu məsələnin başlanğıcında təqlid deyərkən sağlığında müəyyən bir müctəhidin fətvalarına tabe olmağı özünə borc bilmək nəzərdə tutulur və təqlidin gerçəkləşməsi üçün onun göstərişlərinə əməl etmək şərt deyil.
Məsələ 13. İnsan həyatda olan bir müctəhidin icazəsi olmadan vəfat etmiş müctəhidə təqlidində qalarsa, təqlid etməyən insan kimidir və belə insan dünyadan köçmüş müctəhidə təqlid etmək məsələsində həyatda olan və mərcə-i təqlid üçün tələb olunan bütün şərtlərə malik bir müctəhidə müraciət etməli və bu məsələdə ona təqlid etməlidir.
Məsələ 14.Yaxşı ilə pisi ayırd edə bilən bir uşaq təqlid edərsə, onun təqlidi doğrudur. Beləliklə, əgər uşağın həddi-büluğa çatmazdan öncə təqlid etdiyi müctəhid vəfat edərsə, 12-ci məsələdə həddi-büluğa çatmış insanlar üçün qeyd edilən hökm həmin uşağa da aiddir. Yalnız “elm-i icmali”, yaxud “höccət-i icmali”hallarında iki rəy arasında ehtiyatın vacib olması istisna təşkil edir və həddi-büluğa çatmazdan öncə ehtiyat ona vacib deyildir.
Məsələ 15. Mükəlləf hansı məsələləri öyrənmədiyinə görə vacib bir əməli yerinə yetirməyəcəyini, yaxud haram bir iş görəcəyini ehtimal edirsə, həmin məsələləri öyrənməsi vacibdir.
Məsələ 16. İnsanın qarşısına barəsindəki hökmü bilmədiyi bir məsələ çıxarsa, ehtiyat etməli, ya da qeyd edilən şərtlərlə təqlid etməlidir. Həmin məsələdə ələm müctəhidin fətvasını öyrənə bilmədiyi halda isə ələmlik ardıcıllığına riayət etməklə ələmdən başqa bir müctəhidə təqlid edə bilər.
Məsələ 17. Bir insan başqa bir şəxsə bir müctəhidin fətvası ilə bağlı məlumat verərsə, həmin müctəhidin sözügedən fətvası dəyişdikdə onu bu dəyişiklikdən xəbərdar etməsi vacib deyil. Lakin fətvanı dedikdən sonra səhv etdiyini və verdiyi məlumatın həmin şəxsin şəri vəzifəsinə uyğun olmayan şəkildə hərəkət etməsinə səbəb olacağını başa düşərsə, lazım ehtiyata əsasən, mümkün olduğu təqdirdə səhvini düzəltməlidir.
Məsələ 18. Mükəlləf bir müddət təqlidsiz hərəkət edərsə, burada üç hal fərz edilə bilər:
1) Əgər onun əməlləri həqiqətlə, yaxud hal-hazırda onun mərcəi-təqlidi ola biləcək, təqlid etməli olduğu müctəhidin fətvasına uyğundursa, bu halda onun keçmiş əməlləri, hərəkətləri düzgün sayılır.
2) Əgər onun əməlləri həqiqətlə, yaxud belə bir (1-ci bənddə qeyd edilən xüsusiyyətlərə malik) müctəhidin fətvasına uyğun deyilsə, burada dörd vəziyyət təsəvvür edilə bilər:
a) Əməldə nöqsan rüknlər və bu kimi şeylərlə bağlı olarsa, sözügedən əməl batildir. Məsələn, namaz qılan şəxs “təkbirət əl-ehram”ı deməzsə, ya rüku etməzsə, yaxud ayaq üstə namaz qılmalı olduğu halda, oturaq halda qılarsa və ya namazını düzgün qaydada alınmamış dəstəmaz, qüsl, yaxud təyəmmümlə qılarsa, namazı batil sayılır.
b) Əməldə nöqsan rüknlər və bu kimi şeylərlə bağlı olmazsa və insan “qasir cahil” olarsa, yəni məsələni öyrənməkdə səhləkarlığa yol verməmişdirsə, bu halda sözügedən əməl doğrudur. Məsələn, namaz qılan şəxs namazının Həmd və surəsini, yaxud rüku və səcdəsinin zikrlərini və ya təşəhhüdünü səhv oxuyarsa, ancaq onları öyrənməkdə səhlənkarlığa yol verməmişdirsə, onları bilmədiyinə görə “müqəssir” deyilsə; yaxud namaz qılan səcdə halında əlini, yaxud ayağının baş barmağını yerə dayamazsa və məsələni bilməməkdə və öyrənməməkdə müqəssir olmazsa, namazı doğrudur.
c) Əməldə nöqsan rüknlər və bu kimi şeylərlə bağlı olmazsa, ancaq mükəlləf “müqəssir cahil” olarsa (yəni məsələni öyrənməməkdə və bilməməkdə səhlənkarlığa yol vermişdirsə) və səhvin baş verdiyi xüsus müqəssir cahilin səhv hərəkətinin əməlin batil olmasına səbəb olduğu hallardan olarsa, bu halda həmin əməl batil sayılır. Məsələn, “b” bəndində misal olaraq verilən hallarda məsələni öyrənməkdə səhlənkarlığa yol verən və müqəssir olan namaz qılanın namazı batil sayılır.
d) Əməldə nöqsan rüknlər və bu kimi şeylərlə bağlı olmazsa, ancaq insan müqəssir cahil olarsa, səhvin baş verdiyi xüsus məsələni hətta üzrsüz və təqsir (səhlənkarlıq) ucbatından bilməməyin belə əməlin batil olmasına səbəb olmadığı hallardan olarsa, hərçənd bu halda insan qarşısına çıxan məsələni öyrənmədiyinə görə günahkar sayılsa da, sözügedən əməl doğru sayılır. Məsələn, bir kişi və ya qadın məsələni bilmədiyinə görə zöhr və əsr namazlarında surələri uca səslə oxumuşdursa, yaxud bir kişi məsələni bilmədiyinə görə məğrib və işa namazlarında surələri asta səslə oxumuşdursa və ya bir şəxs məsələni bilmədiyinə görə namazlarında təsbihati-ərbəəni uca səslə oxuyarsa, hərçənd məsələni öyrənməkdə səhlənkarlığa yol verərək müqəssir olsa da, qıldığı namaz doğrudur.
3) Əgər insan keçmiş əməllərini hansı şəkildə həyata keçirdiyini bilmirsə, məsələn, həddi-büluğa çatdığı ilk dövrlərdə namazını doğru qaydada qılıb-qılmadığını, yaxud orucunu düzgün tutub-tutmadığını xatırlamırsa, ancaq sözügedən əməlləri düzgün şəkildə həyata keçirdiyini məntiqli əsaslarla ehtimal edirsə, bu halda da “Minhac əs-salihin” risaləsində qeyd edilən bəzi hallar istisna olmaqla, onun keçmiş əməlləri doğru sayılır.
Məsələ 19. Bu risalədə qeyd edilən müstəhəblərin bir çoxunun müstəhəbliyi “sünnətlərin dəlillərində təsamuh(12)” qaydasına əsaslanır və bizim nəzərimizdə bu qaydanın mötəbərliyi sübuta yetmədiyinə görə mükəlləf həmin işləri rəcaən, Allah tərəfindən bəyəniləcəyinə ümid edərək görə bilər. Məkruhların çoxu ilə bağlı hökm də bu qəbildəndir və onlardan Allah tərəfindən bəyəniləcəyinə ümid edərək çəkinmək lazımdır.

istinad: Seyyid Əli Sistaninin hökmləri

Paylaş:
Baxış sayı: 11945

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

2 × 2 =