Təkəbbür

Bismillahir Rəhmanir Rəhim
Əgər bir şəxs söz və əməli ilə özünün başqalarından məqam baxımından üstün olmasını izhar edərsə, artıq bu əməli ilə təkəbbürlük, başqalarını isə kiçik tutmuş olur. Ayələrdən bildiyimiz kimi təkkəbbürlü olan şəxsin aqibəti cəhənnəmdir.
Təkəbbür və onun dərəcələri.
1. Allaha qarşı təkəbbür.
Təkəbbürün bu dərəcəsi insanı həlak etməkdə ən pis və şiddətli olan bir dərəcədir. Bu dərəcəni yalnız İblis, Nəmrud və Firon kimi olan küfr əhlində görmək mümkündür. Necə ki, Allah təbarəkə və taala Qurani-Kərimdə bu barədə belə buyurur:
Firon dedi:-“Həqiqətən, mən sizin ən uca Rəbbinizəm!”
“Naziat surəsi, ayə 24”.
Firon (istehza ilə) dedi: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir tanrı olduğunu bilmirəm.
“Qəsəs surəsi, ayə 38”.
2. Allahın əmrlərinə qarşı təkəbbür.
Təkəbbürün bu dərəcəsi həmçinin Allaha (c.c) qarşı təkəbbürdən hüsab olunur. Bu təkəbbür o şəxslərə aiddir ki, imkanları olduğu halda Allah (c.c) üçün həcc etmirlər. Səbəbini soruşduqda isə -“bizim həccə getməyə qüdrətimiz yoxdur” deyərlər. Öz məqamlarına sığışdırmayıb Allah (c.c) üçün səcdə etməkdən uzaq durarlar. Özlərinə uyğun bilməyib məscidlərə girməzlər. Səbəbini soruşduqda isə “ora fəqir və miskinlərin yeridir” deyərlər.
3. Peyğəmbər (s.s.ə.s) və imamlara (ə) qarşı təkəbbür.
Bu barədə Allah Qurani-Kərimdə Peyğəmbərlərə qarşı təkəbbürlü olan kafirlərin dilindən belə buyurur:
(Firon və əyan-əşrafı) dedilər: “Bunların tayfası bizə bir qul kimi itaət etdiyi halda, biz özümüz kimi iki adi insana imanmı gətirəcəyik?”
4. Bəndələrə qarşı təkəbbür.
Bu dərəcədən olan təkəbbürlü şəxsin əlamətləri bunlardır:
1). Biri ilə qarşılaşdığı zaman istəyir ki, birinci olaraq ona salam verilsin.
2). Bir məclisə ondan əvvəl heç kim daxil olmasın.
3). Daim o olan məclisdə gərək başda özü otursun.
4). Hər kəs onun qarşısında zəlil kimi dayansın.
5). Onun yanında hər kəs təzimlə danışsın.
6). Heç kim ona moizə və nəsihət etməsin və s..
Belə şəxslər barəsində Allah təbarəkə və taala Bəqərə surəsinin 206-cı ayəsində buyurur:
Ona: “Allahdan qorx!” – deyildiyi zaman lovğalıq onu günah törətməyə vadar edər. Beləsinə cəhənnəm kifayətdir. Ora nə pis məskəndir!
Bu barədə Loğman (əla nəbiyyina və alihi və səlləm) peyğəmbərin oğluna etdiyi nəsihətdə görürük:
Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz!
“Loğman surəsi, ayə 18”.
İmam Səccad (ə) buyurur:
Bir gün Salman Farsi (r.ə) ilə məğrur və təkəbbürlü olan bir şəxsin arasında mübahisə yaranır. Bu şəxs, Salman Farsiyə (r.ə) “Sən kimsən?” deyə sual edir. Salman Farsi (r.ə) isə ona cavabında belə buyurur:- Əvvəlimizə baxsaq görərik ki, murdar bir nütfə olmuşdur. Axırımıza baxsaq görərik ki, iylənmiş bir leş olacaqdır. Qiyamət günü çatdığı zaman, əməl tərəziləri qurulduğu zaman, hər kimin əməl tərəzisi ağır gəlsə o nicat tapacaqdır. Hər kimin əməl tərəzisi yüngül gəsə o şəxs alçaq bir vəziyyətdə ziyana uğrayacaqdır.
Mənbə: “Biharul-ənvar, cild 70, səhifə 231, hədis 24”.
Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuhu.
Müəllif: Hoccətulislam Kərbəlayi Cavid.
Paylaş:
Baxış sayı: 14264

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.