Siqaret çəkməyin hökmü

Bismillahir Rəhmanir Rəhim
Möminlər arasında hökmü düzgün bilinməyən mövzulardan biri də “siqaret” mövzusudur. Bu mənada ki, bəziləri təqlid etdiyi müctehidin rəyini dəqiq araşdırmadan “siqaret çəkmək haramdır”, “siqaret çəkmək məkruhdur” və yaxud “təzə başlayana haramdır” və s. bu kimi sözləri yayırlar. Bu sözlərin mənbəsini soruşduqda isə “zərəri var ona görə” və yaxud buna oxşar şeylərlə cavab verirlər.
Müqəddəs islam dininə görə şəriət hökümləri əsasən Quran və hədislər əsasında çıxarılır. Quran və hədislərdə isə siqaret çəkməyin haram olması barəsində qəti bir dəlil yoxdur. Belə olduqda, “siqaret çəkməyin” hökmü bizə şübhəli qalmış olur. Şübhəli qaldıqda isə “əsalətu-ibahə” qaydasına, yəni (bir şeyin halal və ya haram olduğu bilinməzsə, qərar verilir ki, əslində bu şey halaldır) qaydasına müraciət olunur və hökm olunur ki, bu şey “halaldır”. Yəni, müctehid bir şeyin haram və ya halal olması barəsində Quran və hədislərdən heç bir dəlil tapmasa və bu şeyin hökmü barəsində şəkdə qalarsa, bu qayda əsasında hökm edir ki, bu şey halaldır.
Necə ki, İmam Sadiq (ə) buyurur:
“Hər bir şey sənə halaldır, hətta o vaxta qədər ki, o şeylərin haram olduğunu biləsən”.
Mənbə: “Vəsailuş-şiə, cild 11, bab 4, h 4”.
“Hər bir şey mütləqdir (mübahdır), hətta o şeylərin barəsində qadağa gələnə qədər”.
Mənbə: “Vəsailuş-şiə, cild 27, bab 12, h 62”.
Nəticə etibarilə görürük ki, siqaret çəkmək öz-özlüyündə halal olan bir şeydir. Yəni ilk baxışdan “siqaret çəkmək haramdır” demək düzgün sayılmaz. Yalnız o zaman düzgün sayılmış olar ki, siqaret çəkmək barəsində açıq-aşkar bir dəlil olmuş olsun. Yaxud hər hansı bir haram əmələ və ya etina olunası həddə olan ciddi bir zərərə səbəb olmuş olsun.
Əksər fəqihlərin rəylərinə baxsaq görərik ki, siqaret çəkməyin haramlığını birbaşa deyil, yalnız “etina olunası həddə olan ciddi bir zərər” qeydilə buyururlar. Bu da aydın bir məsələdir ki, adi zərərlə ciddi zərər heç də eyni bir şey deyildir. Bir az diqqətlə baxsaq görərik ki, gündəlik həyatımızda etdiyimiz işlərdən elələri var ki, fərqli cəhətlərdən bizlərə zərəri vardır. Adicə yediyimiz bəzi yeməklərə, yaxud içdiyimiz bəzi sulara fikir versək görərik ki, çoxu bizə zərərlidir. Amma bununla yanaşı biz bilirik ki, etdiyimiz bu işlər heç də haram deyil. Məsələn; suyu isti halda içirik və bilirik ki, bunun bizə elə də bir zərəri yoxdur. Amma suyu qaynayan halda içmirik və bilirik ki, bu cür içsək ağzımız, dilimiz, boğazımız və sair orqanlarımız yanacaq və bunun da nəticəsində həmin bədən üzvlərimizə ciddi zərər dəyəcək. Hətta mümkündür ki, həmin orqanlar sıradan çıxsın, kəsilsin, ölüm təhlükəsi olsun və s. Düzdür adi isti suyu içmək bəyənilən bir əməl deyil. Sadəcə biz bunu rahat bir şəkildə edirik və bunun da səbəbi ondan ibarətdir ki, etdiyimiz bu iş “etina olunası həddə olan ciddi bir zərər” qeydindən uzaqdır. Hansı ki, bu ciddi zərər suyu qaynayan halda içildiyində baş verərdi.
Adi qaydada siqaret çəkməyin hər hansı bir zərərləri olsa da, öz-özlüyündə ciddi bir zərəri yoxdur. Amma adi qaydadan yuxarı həddə çəkilərsə, yaxud siqaretə davam etməyə həkim qəti surətdə icazə verməzsə, bunu da onun həyatilə əlaqəli olan bir təhlükəylə əlaqələndirərsə, məsələn; normalda gündə 10 siqaret çəkən şəxs, 30, 40 və ya 50 siqaret çəkərsə və həkim bu cür davam edildiyi təqdirdə o şəxsin hər hansı bir orqanının sıradan çıxacağını (kəsiləcəyini), şikəst qalacağını, yaxud öləcəyini xəbər verərsə, bu halda həmin şəxsin siqareti çəkməyə davam etməsi haramdır. Çünki artıq bu şəxs, ona ciddi bir zərərin gəldiyini bilmiş olur və ona vacib olur ki, bu işi tərk etsin.
İndi isə fəqihlərin bir neçəsinin rəyini nəzərinizə çatdırmaq istəyirik:
1: Ayətullah seyyid Xoyi
Sual:
İnanılmış tibbi mərkəzlər təkidlə bildirsələr ki, siqaret çəkmək “ağciyər xərçəngi və infarkt” kimi bir xəstəliyə tutulmaq üçün ən güclü amillərdən biridir. Bu halda təzə başlayan və ya çoxdan çəkən üçün siqaret çəkmək haram olurmu?
Cavab:
Bu şeylər siqaretin haram olmasına səbəb olmaz.

2: Ayətullah seyyid Sistani

Əgər siqaret çəkən şəxs bilsə ki, siqaret çəkmək ona “ölüm” kimi və ya “ölümə yaxın” olan bir zərər yetirəcək, bu halda ona haram olar. Əks halda siqaret çəkmək öz-özlüyündə haram deyil.
Siqaret çəkməyə yeni başlayan şəxsə siqaretin haram olmasının heç bir dəlili yoxdur. Yalnız “ciddi bir zərəri” olduğu halda haramdır.
3: Ayətullah seyyid Həkim
Siqaret çəkmək icazəlidir. Yalnız “həlak olmaq qorxusu” yaradan və ya “bədən üzvlərindən birinin”, məsələn; “gözün tələf olmasına” gətirib çıxardan bir zərər olarsa, vacib-ehtiyata əsasən haram olar.

4: Ayətullah seyyid Sadiq Ruhani

Siqaret çəkmək öz-özlüyündə haram deyil. Amma cana zərər vurmaq baxımından götürsək, əgər həmin zərər, “insanı həlakətə aparan, əzalarından birinin kəsilməsinə” və yaxud “yaşaması üçün əsas olan bir üzvün şikəst qalmasına” gətirib çıxardan bir zərər olmasa, yenə də haram olmaz.
5: Ayətullah seyyid Sadiq Şirazi
Siqaret çəkmək icazəlidir.
“Ölümə” və ya “ölümə yaxın həddə olan” bir zərərə gətirib çıxartmayınca siqaret çəkmək haram deyil.
6: Ayətullah Şeyx Fəyyaz
“Ciddi bir zərərə” gətirib çıxartmayınca siqaret çəkmək icazəlidir.
Qeyd:
Ayətullah Məkarim Şirazinin rəyinə əsasən siqaret çəkmək və müxtəlif tütün məmulatlarından istifadə etmək mütləq şəkildə haramdır. Amma adını qeyd etdiyimiz əksər fəqihlərin fətvalarından gördük ki, onlar heç də bəzi möminlər deyən kimi, “siqaret çəkmək haramdır” deyə buyurmurlar. Yalnız ciddi bir zərər verəcəyi halda haram olduğunu buyururlar.
Əlavə olaraq zərər barəsində də bir neçə fəqihin rəyini nəzərinizə çatdırmaq istəyirik ki, bəzi möminlər hansı həddə zəzərli olan bir şeyin haram olduğunu bilsinlər:
1: Ayətullah seyyid Sistani
İnsanın, ona açıq-aşkar “ciddi zərəri olan” bir şeydən istifadə etməsi haramdır. İstər bu zərər onun həlak olmasına səbəb olsun, məsələn; öldürücü həddə olan bir zəhərin içilməsi kimi, yaxud hamilə bir xanımın bətnindəki körpəni öldürmək üçün olan bir şeyi içməsi kimi. İstərsə də bədən üzvlərindən birinin şikəst qalmasına səbəb olan bir zərər olsun. Məsələn; əlin şil olması və gözün kor olması kimi.
Mənbə: “Minhac, cild 3, məsələ 912”.
2: Ayətullah Vəhid Xorasani
Öldürücü həddə olan zəhəri istifadə etmək (yemək, içmək) haramdır. Həmçinin, insana “etina oluna biləcək həddə ciddi bir zərəri olan” hər bir şeyi istifadə etmək haramdır.
Mənbə: “Muntəxəbul-inhac, məsələ 1694”.
3: Ayətullah Fazil Lənkərani
İnsanın, “ölüm kimi” və ya “buna oxşar ciddi bir zərəri olan” şeydən istifadə etməsi (yemək, içmək) haramdır.
Mənbə: “Əl-əhkamul-vazihə, məsələ 1898”.
4: Ayətullah Məkarim Şirazi
İnsana “ciddi zərər vuran” şeyi yemək və içmək haramdır.
Mənbə: “Tovzihul-məsasil, məsələ 2262”.
Bu fətvalardan da gördük ki, fəqihlər (Allah onlardan razı olsun) adi bir həddə olan zərərli şeylərin haram olmasını deyil, bəlkə ciddi həddə olan bir
zərərin haram olmasını buyururlar.
Müəllif: Höccətulislam Kərbəlayi Cavid
Paylaş:
Baxış sayı: 7998

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

fourteen + three =