Şəkil çəkmək və heykəl düzəltmək

Bismillahir Rəhmanir Rəhim
Şəkil çəkməyin və heykəl düzəltməyin hökmü
İnsanın şüur, nitq qabiliyyəti, yazmaq, yaratmaq, əl ilə yemək, gözəl surət, boy-buxun və başqa xüsusiyyətlərinə görə sair yaradılmışlardan üstün olması barəsində heç bir şəkk və şübhə yoxdur. Necə ki, Allah təbarəkə və taala Qurani Kərimdə İsra surəsinin 70-ci ayəsində belə buyurur:
عَلَى وَفَضَّلْنَاهُمْ الطَّيِّبَاتِ مِّنَ وَرَزَقْنَاهُم وَالْبَحْرِ الْبَرِّ فِي وَحَمَلْنَاهُمْ آدَمَ بَنِي كَرَّمْنَا وَلَقَدْ تَفْضِيل خَلَقْنَا مِّمَّنْ كَثِيرٍ
“Biz, Adəm övladını şərəfli və hörmətli elədik, onları suda və quruda (gəmilərə, heyvanlara və başqa nəqliyyat vasitələrinə) mindirib sahib etdik, özlərinə (cürbəcür nemətlərdən) təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik”.
Tin surəsinin 4-cü ayəsində isə belə buyrulur:
*لَقَدْ خَلَقْنَا الْإِنسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍ*
“Biz insanı ən gözəl surətdə yaratdıq”.
Hər hansı bir şeyin təsvirini çəkmək və ya heykəlini düzəltmək insana məxsus olan qabiliyyətlərdən biridir. Lakin bunu bilmək lazımdır ki, görəsən bu işlər müqəddəs şəriətimizə görə haram, yoxsa halal olan əməllərdən hesab olunur?
Ayətullah seyyid Sistani
Təsvir üç qismə bölünür:
1:- İnsan, heyvan və bu kimi canlıların taxtadan, daşdan, şamdan və ya hər hansı bir metaldan düzəldilmiş heykəl halında olan təsviri.
Vacib-ehtiyata əsasən bu cür təsvir (heykəl) mütləq surətdə haramdır. İstər həmin heykəl tam vəziyyətdə olan bir heykəl olsun, məsələn; bütün əzaları yerində olan insan heykəli, istər tamın hökmündə olan vəziyyətdə olsun, məsələn; əllərini belinə qoymuş insan heykəli. İstərsə də həmin heykəl naqis vəziyyətdə olan bir heykəl olsun. Məsələn; qurşaqdan yuxarısı düzəlmiş insan heykəli. Həmçinin naqis olan vəziyyətdə isə, istər naqis olan hissə insan üçün “baş” kimi əsas olan bir üzv olsun, istər “qol” kimi əsas olmayan bir üzv olsun, fərq etməz. Amma canlıların yalnız “baş”, “ayaq” və sair bədən üzvlərinin heykəlini düzəltməyin heç bir eybi yoxdur (çünki bu sadəcə bir bədən üzvüdür, naqis heykəl deyil).
Heykəl almağın, satmağın və ya saxlamağın heç bir eybi yoxdur. Baxmayaraq ki, bu işlər məkruhdur (bəyənilməyən bir əməldirlər).
2:- Canlıların heykəl halında olmayan təsviri. İstər rəsm çəkməklə olsun, istər torpaq üzərində cızmaqla olsun, fərq etməz.
Bu cür təsvir icazəlidir. Necə ki, bizim yaşadığımız əsrdə məhşur olan televizor və foto təsviri də bu hökmə daxildir.
3:- Canlı olmayan şeylərin təsviri. Məsələn; ağac, gül və s.
Bu cür təsvir mütləq surətdə icazəlidir. Hətta heykəl halında olsalar belə.
Mənbə: “Minhac, cild 2, məsələ 18”.
Ayətullah Vəhid Xorasani
Canlıların təsvirini heykəl şəklində düzəltmək haramdır. Həmçinin bu işin müqabilində ücrət almaq da haramdır. Amma təsvir heykəl şəklində olmazsa, (yəni rəsm olarsa) bu işi görmək və həmçinin müqabilində də ücrət almaq vacib-ehtiyata əsasən haramdır.
Ağac və bu kimi canlı olmayan şeylərin təsvirinə gəlincə, bunların heç bir eybi yoxdur və bu işin müqabilində də ücrət almaq icazəlidir. Bizim yaşadığımız əsrdə məhşur olan foto da bu hökmə daxildir.
Bədənin “baş” və “ayaq” kimi bəzi üzvlərinin təsviri, naqis təsvir hesab olunmadığı üçün icazəlidir. Lakin naqis təsvir hesablandığı halda isə bu məsələ işkallıdır. Məsələn; başı olmayan insan təsviri kimi. Oturan və ya əllərini belinə qoymuş vəziyyətdə olan təsvir tam təsvir sayılır və əgər bu formada heykəl düzəldilsə haramdır. Amma heykəl yox, rəsm olaraq çəkilərsə, vacib-ehtiyata əsasən haramdır. Həmçinin təsvir naqis olduğu və naqis olan hissənin də insan üçün əsas bir hissə olmadığı halda da hökm eynidir (vacib-ehtiyata əsasən haramdır).
Təsviri saxlamaq və satmaq, məkruh olmasına baxmayaraq icazəlidir. Hətta təsvir canlı təsviri və heykəl olsa belə.
Mənbə: “Muntəxəbul-minhac, məsələ 16”.
Sual:
Məsumların (ə) şəklini çəkmək və yaxud çəkilmiş şəkli alıb saxlamaq icazəlidirmi?
Ayətullah seyyid Sistani
Çəkilən şəkildə lazım olan həddə təzim və ehtirama riayət olunarsa və çəkilən şəkillər onların (məsumların) müqəddəs surətlərinə qarşı olan hər hansı bir pis şeyə səbəb olmazsa, heç bir maneəsi yoxdur.
Məsumların təsvirləri xəyali təsvirlərdir. Onları saxlamağın heç bir eybi yoxdur.
Mənbə: “Sistani.org, istiftaat, Ət-təsvir, sual 1, 14”.
Sual:
Bəzi şəxslər belə düşünürlər ki, əgər heykəl düzəltmək haramdırsa, niyə Süleyman peyğəmbər (əla nəbiyyina və əleyhi və alihi və səlləm) sarayında heykəllər düzəltdirirdi?
Allah təbarəkə və taala Qurani Kərimdə Səba surəsinin 13-cü ayəsində belə buyurur:
ۚ اعْمَلُوا رَاسِيَاتٍ وَقُدُورٍ كَالْجَوَابِ وَجِفَانٍ وَتَمَاثِيلَ مَحَارِيبَ مِنْ يَشَاءُ مَا لَهُ يَعْمَلُونَ الشَّكُورُ عِبَادِيَ مِنْ وَقَلِيلٌ شُكْرًا دَاوُودَ آلَ
“(Cinlər) Onun (Süleyman) üçün nə istəsə – məbədlər (uca qəsrlər), heykəllər, (min nəfərdən ibarət qonağın və qoşunun birlikdə oturub yeyə biləcəyi) böyük hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən iri qazanlar düzəldirdilər”.
Cavab:
Bu suala cavab olaraq İmam Sadiq (ə)-ın bu ayənin təfsiri barəsində buyurduğunu və əlavə olaraq da bir neçə hədisi nəzərinizə çatdırmaq istəyirik:
Hədis 1:
İmam Sadiq (ə) bu ayənin təfsirində belə buyurur:
“And olsun Allaha ki, o heykəllər nə kişi nə də qadın heykəlləri idi. Lakin onlar ağac və buna bənzər şeylərin heykəlləri idi”.
Mənbə: “Vəsailuş-şiə, cild 12, səh 320, h 1”.
Hədis 2:
İmam Baqir (ə) buyurur:
“Ağac heykəli düzəltməyin heç bir eybi yoxdur”.
Mənbə: “Vəsailuş-şiə, cild 12, səh 320, h 2”.
Hədis 3:
Muhəmməd ibni Muslim deyir:- Mən İmam Sadiq (ə)-dan ağac, gün və ay heykəli düzəltmək barəsində soruşduqda, İmam (ə) mənə belə cavab verdi:- “Canlılardan olmayan şeylərin heykəlini düzəltməyin heç bir eybi yoxdur”.
Mənbə: “Vəsailuş-şiə, cild 12, səh 320, h 3”.
Hədislərdən göründüyü kimi, canlı olmayan şeylərin heykəlini düzəltmək heç də haram deyildir. Buradan da bizlərə məlum oldu ki, Süleyman peyğəmbər (əla nəbiyyina və əleyhi və alihi və səlləm) sarayında canlıların heykəllərini deyil, əksinə ağac və bu kimi cansız olan şeylərin heykəllərini düzəltdirirdi.
Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuhu
Müəllif: Hoccətulislam Kərbəlayi Cavid
Paylaş:
Baxış sayı: 11506

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.