Rəcət barədə etiqadımız

Rəcət barədə etiqadımız

Şeyx Əbu Cəfər(Səduq) deyir: Etiqadımız budur ki rəcət haqqdır.
Uca ALLAH buyurur:
“Minlərlə adamın ölüm qorxusu ilə öz yurdlarını tərk edib getdiklərini görmədinmi? ALLAH onlara “ÖLÜN!” dedi və sonra da yenidən diriltdi”.(Bəqərə surəsi,24)
Onların sayı yetmiş min ailədən ibarət idi. Hər il aralarında taun xəstəliyi yayılır, varlıların imkanları və gücləri olduğu üçün şəhərdən çıxır, fəqir olan isə orada qalırdılar. Şəhəri tərk edənlər içərisində tauna yoluxanların sayı az, qalanların içində isə çox olurdu. Şəhərdən çıxa bilməyənlər deyirdilər: “Əgər biz də buranı tərk etsəydik bizə də yoluxmazdı”. Şəhərdən çıxanlar isə deyirdilər: “Əgər biz də onlar kimi qalsaydıq, biz də yoluxardıq”.
Bu dəfə taun yaxınlaşdığı zaman şəhərdən birlikdə çıxmağa qərar verdilər və xəstəlik yayılmağa başlarkən şəhərdən çıxdılar. Bir dənizin kənarına yetişdilər. Yüklərini yerə qoyduqda Uca ALLAH onlara “ÖLÜN!” deyə buyurdu və onların hamısı öldülər. Sümükləri yolun kənarına səpələnmişdi. Beləcə ALLAHIN dilədiyi qədər qaldılar. Sonra bir vaxt yanından ALLAHIN peyğəmbərlərindən(ə) biri keçirdi. Onun adı İrmiya idi. Sümükləri görüb dedi: “Ya Rəbbim, əgər diləsən, onları dirildərsən ki şəhərlərini abad eləsinlər, Sənin üçün bəndələr dünyaya gətirsinlər və Sənə ibadət edənlərlə birlikdə ibadət etsinlər”. Uca ALLAH belə vəhy etdi: “Sənin üçün onları diriltməyimi istəyirsən?”. Peyğəmbər(ə) “bəli” dedikdə ALLAH onları dirildib onunla birlikdə göndərdi. Bu insanlar öldükdən sonra dirildilər sonra da həyatlarını yaşayıb öz əcəlləri ilə öldülər . Eləcə də Uca ALLAH buyurur:
 “Yaxud büsbütün alt-üst olmuş (xaraba qalmış) kəndin yanından keçən bir kəs kimisini görmədinmi? O , əcəba ALLAH bu kəndi ölümündən sonra necə dirildəcək ? – demişdi. Belə olduqda ALLAH onu yüz il ölü halında saxladı sonra dirildərək ondan “nə qədər yatmısan?” deyə soruşdu. O da “bir gün və bəlkə də daha az” – deyə cavab verdi. ALLAH ona “Bəlkə yüz il yatmısan, yediyin yeməyə, içdiyin suya bax, hələ də xarab olmayıb. Bir də uzunqulağına bax! Səni insanlar üçün bir ibrət dərsi olmaqdan ötrü belə etdik. İndi uzunqulağın sümüklərinə bir bax, gör necə onları bir-birlərilə birləşdirir, sonra da necə üzərini ətlə örtürük –  deyə buyurdu. O kimsəyə bunlar aydın olduqda “Artıq bildim ki ALLAH hər şeyə qadirdir!” – dedi”.(Bəqərə surəsi 259)
O, yüz il qaldıqdan sonra dünyaya qayıtdı, ömrünü yaşadı, əcəli çatdqda isə öldü. Həmin şəxs Üzeyirdir.(Bəzi rəvayətlərdə İrmiya olduğu deyilir.)
Uca ALLAH Musanın(ə) qövmündən, ALLAHLA görüş üçün seçilən şəxslərin hekayəsində buyurur:
“Ola bilsin ki şükr edəsiniz deyə biz sizi ölümünüzdən sonra yenidən diriltdik.” (Bəqərə surəsi, 56)
Belə ki onlar ALLAHIN kəlamını eşitdikdə demişdilər: “ALLAHI gözümüzlə görməsək Onu təsdiqləməyəcəyik”. Bu zülmlərinə görə onları ildırım vurmuş və ölmüşdülər. Musa(ə) demişdi: “Ya Rəbbim! İsrail oğullarının yanına qayıtdıqda nə deyəcəyəm?” Uca ALLAH onları dünyaya qaytardı, burada yaşadılar, yedilər, içdilər, qadınlarla evləndilər, onlardan övladlar dünyaya gəldi, sonra isə əcəlləri yetişdikdə öldülər.

Uca ALLAH İsaya(ə) belə buyurur:
“Mənim iznimlə ölüləri dirildirdin”.(Maidə surəsi, 110)
İsanın(ə) ALLAHIN iznilə diriltdiyi bütün şəxslər dünyaya qayıtdılar, burada yaşadılar, öz əcəllərilə öldülər.

Uca ALLAH Əshabi Kəhf haqqında buyurur:
“Onlar mağarada 309 il qaldılar.”(Kəhf surəsi, 25)
Sonra ALLAH onları dirildib dünyaya qaytardı ki , bir-birlərindən sorğu-sual etsinlər. Onların hekayəsi məşhurdur. Əgər bir kəs desə ki, Uca ALLAH onlar haqqında belə buyurur: “Onlar uzanmış ikən sən onları oyaq sanardın”(Kəhf surəsi, 18), ona deyilər: Onlar ölü idilər. Belə ki, Uca ALLAH başqa bir ayədə belə buyurur: “Onlar deyəcəklər: Vay halımıza ! Bizi yatdığımız yerdən kim qaldırdı? (Onlara deyiləcək:) Bu rəhmanın məxluqata buyurduğu vəddir(Qiyamət günüdür). Peyğəmbərlər doğru deyirlərmiş”(Yasin surəsi, 52). Belə söyləyirlərsə, demək onlar ölü idilər. Kəlmənin bu kimi istifadəsinə daha çox rast gəlinir. Keçmiş ümmətlərdə rəcətin baş verdiyi təsdiqlənmiş bir faktdır. Bu barədə Həzrəti Peyğəmbər(s.ə.a.s.) belə buyurur: “Keçmiş ümmətlərdə baş vermiş hər bir şey bu ümmətdə də onların ləpirlərilə addımbaaddım baş verəcək”. Buna əsasən də , bizim ümmətdə də rəcətin olması lazımdır.

 “O gün hər ümmətdən ayələrimizi təkzib edənlərdən bir dəstəsini həşr edərik(Nəml surəsi, 83)”. Demək hamının dirildiyi gün, təkzib edənlərdən bir dəstəsinin həşr olunduğu gündən fərqli bir gündür. Uca ALLAH buyurur: “Onlar: ALLAH ölən bir kimsıni diriltməyəcəkdir! – deyə ALLAHA möhkəm and içdilər. Xeyr! Doğru vəd etmişdir. Lakin insanların əksəriyyəti bilməz”(Nəhl surəsi 38). Yəni rəcət. Çünki Uca ALLAH buyurur: “(ALLAH hər bir mömini və kafiri öləndən sonra dirildəcəkdir ki) ixtilafda olduqları məsələləri izah etsin və (Qiyamət günü ölülərin diriləcəyini) inkar edənlər də özlərinin yalançı olduqlarını bilsinlər”.(Nəhl surəsi , 39) İzah və bəyan etmək Axirətdə deyil, yalnız dünyada baş verir.

Mənbə: Şeyx Səduq, Əl-etiqadat, Rəcət barədə etiqad babı

Paylaş:
Baxış sayı: 13790

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.