Qeybət

Bismillahir Rəhmanir Rəhim

Sual:
Hansı hallarda qeybət etmək icazəlidir?
Cavab:
Fəqihlər (Allah onlardan razı olsun) bir neçə yerdə qeybət etməyin icazəli olduğunu buyurmuşlar:
1. Aşkarda günah edən şəxsin qeybəti.
Aşkarda günah edən şəxsin qeybətini etmək onun bilinməyən eybləri istisna olmaqla icazəlidir. Necə ki, bu barədə Allah Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
*ليس للفاسق غيبة*
Fasiqin qeybəti yoxdur.
2.  Zülmə məruz qaldıqda.
Zülm edilən şəxs ona zülm etmiş şəxs haqqında məhkəməyə, hakim mövqelərə və ya öz böyüyünə, məruz qaldığı zülm barəsində zalımın qeybətini edə bilər. Məsələn: «Filan kişi mənə qarşı belə etdi», «filankəs mənə haqsızlıq etdi» – deyə o adamların haqsızlıqlarını dilə gətirə bilər. Lakin bu zaman gərək ona kömək olunması məqsədilə danışsın və ona kömək olunmasına kifayət edəcək qədərdən əlavə qeybət etməsin. Həmçinin bu barədə də Allah Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
*ثلاث ليس لهم غيبة : الظالم ، والفاسق ، وصاحب البدعة*
Üç şəxsin qeybəti olmaz. 1:- Zalım. 2:- Fasiq. 3:- Bidət sahibi.
3. Bir möminə nəsihət etdikdə.
Nəsihət etmək məqsədilə bir şəxsin eyblərini aşkara çıxartmaq icazəlidir. Məsələn; Ailə qurmaq istəyən bir şəxs ailə quracağı xanım barəsində məsləhət istədikdə, ona bu barədə nəsihət etmək icazəlidir. Hətta bu nəsihətlə xanımın bəzi eybləri aşkar olmuş olsa belə. Çünki, bəzən bu cür etməyin icazəli olması hətta ailə qurmaq istəyən şəxsin məsləhət istəmədiyi halda belə uzaq bir fikir deyil. Məsələn; Nəsihət edən şəxs bilsə ki, əgər mən bu şəxsə özüm nəsihət etməsəm, gələcəkdə bu şəxs böyük bir fəsadla üzləşə bilər. Necə ki, bu barədə İmam Sadiq (ə) buyurur:
*انصح لمن استشارك*
Səndən məsləhət istəyən şəxsə nəsihət et.
4. Qeybəti edilən şəxsi haramdan çəkindirdikdə.
Əgər bir şəxsi haram əməllərdən uzaqlaşdırmağın yolu yalnız onun qeybətini etməklə mümkün olarsa icazəlidir. Lakin bu zaman gərək qeybət edən şəxsin niyyəti gərək onu haram əməllərdən uzaqlaşdırmaq olsun. Allah Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
*من رأى منكم منكرا فليغيره *
Sizlərdən hər kim haram bir əməl edən şəxsi görsə, gərək onu o əməlindən döndərsin.
5. Dinə zərər gəldikdə.
Bir şəxsin qeybətini etmək onun dinə zərər verəcəyi barəsində qorxu olan təqdirdə icazəlidir. Necə ki, Allah Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) bu cür şəxslər barəsində belə buyurur:
*فأظهروا البراءة منهم وأكثروامنسبهم والقول فيهم والوقيعة*
Onlardan uzaq durun, onları təhqir edin və onlar barəsində qeybət etməyi çoxaldın.

6. Qeybəti edilən şəxsə zərər gəldikdə.
Bir şəxsin zərərə düşməsinin qarşısını almaq məqsədilə qeybətini etmək icazəlidir.
Bu altı yerdən əlavə yerlər də vardır ki, qeybət barəsində yazılan kitablara müraciət oluna bilər.
Qeybətin kəffarəsi (cəriməsi)
Kəffarə, günahın təsirini itirib Allah-təalanın bağışlamaq və əfv etmək şəraitini yaradan əmələ deyilir. Təbii ki, hər bir günahın özünəməxsus kəffarəsi vardır. Qeybət elə günahlardandır ki, iki mənfi təsirə malikdir:
1) Allahın əmrinə tabe olmamaq.
2) Bir və ya bir neçə Allah bəndəsini incidib narahat etmək.
Buna görə də bu təsirləri yox etmək üçün bir çıxış yolu fikirləşib münasib cərimə ödəmək lazımdır. İnsan, Allah qanunlarından boyun qaçırdığına görə diqqətli olub Tanrının onu bağışlamasına və əfv etməsinə şərait yaratmalı, başqalarının hüququnu pozduğuna görə isə onlardan üzr istəyib razı salmalıdır. Çünki onlar razı olmayınca Allah-təala da razı olmayacaqdır.
Görkəmli alimlərdən biri olan Feyz Kaşani (Allah ondan razı olsun) qeybətin kəffarəsi və insanın aludə olduğu günahdan paklanması üçün nə edəcəyi barəsində belə buyurur:
“Qeybət edən şəxs gərək peşmançılığını bildirib tövbə etsin. Allahın onun boynunda olan haqqını ödəmək üçün etdiyi nalayiq əməllərə görə (etdiyi qeybətə görə) təəssüflənsin, sonra qeybətini etdiyi şəxsin yanına gedib ondan halallıq alsın. Bu yolla o, etdiyi qeybətin günahından azad olar”.
Sonra isə yenə yazır:
“Halallıq almaq istəyən şəxs etdiyi əməllərə görə gərək təəssüflənib kədərlənsin, həqiqətən, öz əməlindən peşman olsun. Riyakarcasına özünü peşman olmuş kimi göstərməsin. İkiüzlü və riyakar adam təqvalı kimi görünmək üçün özünü kədərli göstərir, halbuki batində öz əməlindən peşman deyildir. Əslində, belə tövbə edən şəxs ayrı bir günaha, riyaya da mürtəkib olmuş olur.
Mənbə: “Mişkatul-ənvar, səh-106”.
Ayətullah seyyid Sistani
Qeybətə mürtəkib olan zaman tövbə və peşimançılıq vacibdir. Ehtiyyat-müstəhəbb budur ki, bir fədad baş vermədiyi təqdirdə, qeybətini etdiyi şəxsdən də halallıq alsın, yaxud onunçün istiğfar etsin.
Mənbə “Minhacus-salihin, cild 1, səh 17”.
Vəssəlamu Ələykum və rəhmətullahi və bərəkatuhu.
Müəllif: Hoccətulislam Kərbəlayi Cavid.

Paylaş:
Baxış sayı: 11955

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

two × five =