Qədir-Xum hadisəsi

Qədir-Xum hadisəsi

Həzrəti Peyğəmbər (s) hicrətin 10-cu ilində Həcc mərasimini təntənəli bir şəkildə yerinə yetirməsi üçün Beytullaha getmişdi, çünki bu Peyğəmbər (s)-ın vida həcci idi. Mərasimlər nizam intizamla yerinə yetirildikdən sonra, Peyğəmbər (s) ilə Əshabı həcc mərasimini bitirib yola çıxdılar. Cöhfə məntəqəsinə çatmamış, Qədir-xum deyilən yerə yetişdikdə Cəbrail (ə) nazil olub buyurdu: Ey Rəsulullah! Uca Allah sənə salam deyir və belə buyurur: “Ey Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et! Əgər bunu etməsən, (Allahın) risalətini ( sənə həvalə etdiyi Peyğəmbərlik vəzifəsini ) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq.” (Maidə 67)
O zaman hicrətin 10-cu ili cümə axşamı idi. Qurban bayramından 8 gün keçirdi. Bu vaxt Peyğəmbər (s) tərəfindən Hacılara dayanmaq göstərişi verildi. Müsəlmanlar uca səslə elan etdilər ki, karvanın önündə hərəkət edənləri geri qaytarsınlar. Nəhayət geridə qalanlar da gəlib çatdılar. Günorta vaxtı Peyğəmbər (s)-ın azançısı “Allahu əkbər” səsi ilə camaatı namaza çağırdı. Camaat tez namaza hazırlaşdılar. Havanın qızmar istisindən hacılardan bəziləri əbalarının bir ucunu ayaqlarının altına, o biri ucunu da başlarına atmışdılar; Çünki səhranın yandırıcı qumları və günəşin şüası onların əl-ayaqlarını yandırırdı. Bu səhralıqda bir neçə çılpaq ağacdan başqa nə küləklik, nə də ot-ələf görünürdü. Bəziləri də bu çılpaq ağaca sığınmışdılar. Nəhayət günorta namazı qurtardı. Ağacların birinin üstünə parça atıb Rəsulullah (s) üçün kölgəlik düzəltdilər. Amma yandırıcı hava onları kölgəlikdə də rahat qoymurdu. Müsəlmanlar özləri ilə gətirdikləri çadırlara girmək istədikdə, Peyğəmbər (s) xəbərdarlıq etdi ki, hamı Allah tərəfindən nazil olan yeni bir xəbəri eşitmək üçün hazır olsun. Rəsulullahdan (s) uzaq olanlar cəmiyyətin içərisindən O həzrətin nurani surətini görə bilmədikləri üçün dəvələrin kəcavəsindən hündür bir yer düzəltdilər. Peyğəmbər (s) onun üzərinə qalxıb, əvvəlcə Allaha həmd və səna dedi: “Həmd və səna birliyində uca, Sultanlığında cəlalətli və Kərəmində əzəmətli olan Allaha məxsusdur. O, bütün yaratdıqlarını Qüdrət və Rəhməti ilə hakimiyyəti altına almışdır. Allah hər an şükr edilmiş və hər an şəninə tərif ediləcəkdir. O, tükənməz bir əzəmət sahibidir. Yaradan Odur, yenidən dirildən də Odur. Hər şey ona qayıdacaqdır.”
Daha sonra Özünü Allaha tapşıraraq Camaata belə xitab etdi: “Mən tezliklə Allahın dəvətini qəbul edib aranızdan gedəcəyəm. (Allah qarşısında) həm mən məsuliyyət daşıyıram, həmdə siz. Siz mənim haqqımda necə şəhadət verərsiniz?”
Camaat uca səslə dedi: “Biz şəhadət veririk ki, sən Peyğəmbərlik borcunu kamil yerinə yetirdin, xeyirxahlıq etdin və bizim hidayətimiz yolunda çalışdın. Allah sənə yaxşı mükafat versin!”
Sonra Peyğəmbər (s) buyurdu: “Siz Allahın təkliyinə, mənim Peyğəmbərliyimə, Qiyamətin və ölülərin diriləcəyi günün haqq olmasına şəhadət verirsinizmi?”
Səhabələr hamılıqla: “Bəli, bəli, şəhadət veririk” dedilər.
Peyğəmbər (s) buyurdu: “İlahi şahid ol!”
Sonra davam etdi: “Ey camaat səsimi eşidirsinizmi?”
Dedilər: “Bəli.”
Bundan sonra səhra tamamilə sükuta büründü, isti küləyin zümzüməsindən başqa bir səs eşidilmirdi. Bu zaman Allah Rəsulu(s) belə buyurdu: “İndi baxın görün aranızda qoyduğum iki böyük və dəyərli əmanətlə necə davranacaqsınız?!”
Xalqdan bir nəfər: “Ya Rəsulullah, bu iki böyük və dəyərli əmanətin nədir?”
Rəsulullah (s) : “Dəyərli və böyük əmanət Allahın kitabıdır, bir tərəfi Allahın əlindədir, digər tərəfi isə sizin əlinizdədir. Ondan möhkəm yapışın və əlinizi çəkməyin, yoxsa zəlalətə düşərsiniz. Digər dəyərli əmanətim isə Əhli-beytimdir. Hər şeyi bilən Allah mənə bildirdi ki, bu iki əmanət Cənnətdə mənə yetişənə qədər biri-birindən ayrılmayacaqdır. Onlardan irəli keçməyin və onlardan geridə də qalmayın ki, yoxsa həlak olarsınız!”
“Ey insanlar! Uca Allahın mənə əmr etdiyi hər şeyi yerinə yetirdim və bu əmrini burada yerinə yetirmədiyim təqdirdə, mənə əzabının nazil olacağından qorxuram, Allah, mənə nazil etdiyini təbliğ etmədiyim təqdirdə, risalətimi yerinə yetirməmiş olacağımı bəyan etdi .”
Sonra Allah Rəsulu (s) Uca Allah mənə belə vəhy etmişdir deyə buyurdu: “Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et! Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə etdiyi Peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan (onların fitnə və şərindən) qoruyacaq. Şübhəsiz, Allah kafirlərin dəstəsini hidayət etməz.” ( Maidə 67 )
“Ey insanlar! Allahın mənə nazil etdiklərini sizə çatdırmaqda heç bir qüsura yol vermədim və mən bu ayənin nazil olma səbəbini sizə bəyan edirəm: “Cəbrail əmin (ə) üç dəfə mənə nazil oldu və mənim burada ayağa qalxaraq, ağ və qara (irqindən asılı olmayaraq) hər kəsə bunu elan etməyimi əmr etdi.”
Bu zaman hamı gördü ki, Peyğəmbər (s) öz ətrafına baxır və kimi isə axtarır, Əli (ə)-ı görən kimi əyilib onun əlindən tutdu və o qədər yuxarı qaldırdı ki, hətta onun qolunun altı göründü, hamı onu gördü və tanıdı.
Bu zaman Rəsulullah (s) səsini bir az daha yüksəldərək buyurdu: “Ey insanlar! Möminlərə onların özlərindən daha artıq ixtiyar sahibi kimdir ?”
Camaat: “Allah və rəsulu daha yaxşı bilir .”
Sonra Rəsulullah (s) buyurdu: “Allah mənim mövlamdır, məndə möminlərin mövlasıyam, onlar üzərində özlərindən daha artıq ixtiyar sahibiyəm (mənim əmrim onların hər bir istəyindən irəlidir) !”
Daha sonra Rəsulullah (s): “Mən kimin mövlasıyamsa, bu Əli də onun mövlasıdır” deyə bu cümləni üç dəfə təkrarladı. (“Hənbəlilərin imamı Əhməd ibn Hənbələ görə isə dörd dəfə təkrarlamışdır .”)
Bundan sonra Allah Rəsulu başını səmaya qaldıraraq belə dua etdi: “İlahi, onunla dost olana dost, ona düşmən olana düşmən ol. Onu sevəni sev, onu qəzəbləndirənə qəzəbli ol. Ona kömək edənlərə kömək et, onu tək qoyanları isə xar və zəlil et! Haqqı həmişə onunla qərar ver və onu haqdan ayırma!”
O zaman camaatın üz gözündən tər axırdı. Hələ camaat dağılmamışdı ki, vəhy mələyi nazil olub Peyğəmbərə bu ayəni çatdırdı: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi (Əli (ə)-ın xilafətini) tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim” (Maidə 3).
Daha sonra Rəsulullah (s): “Allahu-əkbər, Allahu-əkbər! Allah öz dinini kamil etdi, nemətini bizə tamamladı. Allah mənim risalətimə və məndən sonra Əlinin vilayətinə razı oldu.”
Sonra üzünü bütün müsəlmanlara tutaraq: “Gedin Əliyə beyət edin!” buyurdu.
Əli (ə)-a hamıdan öncə Ömər, sonra Əbu-bəkr, daha sonra Osman, Təlhə, Zübeyr və bütün müsəlmanlar beyət etdilər.
Əhməd ibn Hənbəl “Müsnəd” kitabında yazır: Ömər, Peyğəmbər (s)-ın bəyanatından sonra Əliyə dedi: “Xoş halına ey Əbu Talibin oğlu! Sən hər bir mömin kişi və qadınların mövlası oldun ”.
Fəxri Razi öz təfsirində belə nəql edir: Ömər Peyğəmbərin bəyanatından sonra Əliyə dedi:

“Xoş halına! Sən mənim və bütün mömin kişi və qadınların mövlası oldun !”
“Tarixi-Bağdad” kitabında Ömərin belə dediyi nəql olunur: “Afərin, afərin olsun sənə. Ey Əbu Talibin oğ¬lu! Sən mənim və bütün müsəlmanların mövlası oldun.”
“Feyzul-qədir” və “Əs-səvaiq” kitablarında isə yazılır ki, bu təbriki Əli (ə)-a həm Əbu-Bəkr, həm də Ömər demişdir.
Bu böyük hadisəni bütün tarixçilər 120-dən artıq mötəbər sənədlə nəql etmişlər.
Burada bu hadisəni nəql etmiş Əhli-sünnət kitablarından bir neçəsini qeyd edirik:
“Məfatihul-ğəyb” Fəxri Razi;
“Səhih” Müslim ibn Həccac;
“Tarix” Məhəmməd Buxari;
“Sunən” Əbu Davud;
“Sunən” Tirmizi;
“Tarix” İbn Kəsir;
“Müsnəd” Əhməd ibn Hənbəl;
“Əddurrl-mənsur” Cəlaləddin Suyuti;
“Sirrul-Aləmin” Ğəzzali;
“Rəbiul-Əbrar” Cərullah Zəməxşəri;
“Usdul-Ğabə” İbn Əsir Cəzəri;
“Sunən və xəsaisul ələvi” Nəsai;
“Fəthul-bari” İbn Hacər Əsqəlani;
“Yənbəul-məvaddə” Şeyx Suleyman Hənəfi Qunduzi;
“Əvsət” İbn Əhməd Təbərani;
“Minhacus-sunnə” İbn Teymiyyə;
“Mustədərək” Hakim Nişapuri;
“Fəraidus-sibtəyn” İbrahim Həməvani;
“Şərhu Nəhcul-bəlağə” İbn Əbil Hədid;
“Əl-Miləl vən-Nihəl” Şəhristani Şafei;
“Tarixi-Bağdad” Xətib Bağdadi;
“Kənzül-Ümmal” Müttəqi Hindi;
Bu qədər sənəd və dəlillərlə rəvayət olunan “Qədir-xum” hadisəsinə, bəzi qərəzli alimlər belə bir məntiqsiz bəhanə gətirirlər ki; “Bu hadisə inkar olunmaz bir həqiqətdir. Lakin Rəsulullah (s) bu hədisdə “Mövla” dedikdə dost və məhəbbət nəzərdə tuturdu. Bu isə Əli (ə)-ın imamət və xilafətinə dəlalət etmir.”
Lakin müxtəlif dəlillər göstərir ki, hədisdə qeyd olunan “Mövla” sözü “Vəli”, “Başçı” və “Rəhbər” mənasını ifadə edir.
1) Əvvəla bunu qeyd edim ki, o zaman imam Əli (ə)-ın bütün möminlərlə dostluq məsələsi elədə gizli bir məsələ deyildi ki, bu qədər təkidə ehtiyac olsun. Əgər məqsəd Əlini sevməkdirsə, onda karvanı qızmar günəşin istisində dayandırıb, Allah Rəsulunun uzun bir xütbə oxumasına və camaatdan ardıcıl etiraf istəməsinə nə ehtiyac var idi?!
Halbuki Allah, Qurani-kərimdə buyurur: “Möminlər bir-biriləri ilə qardaşdırlar .”
Digər bir ayədə isə: “Mömin kişilər və mömin qadınlar bir-birinin dostudur” – deyə buyurulur. Bu ayələrdən müsəlmanların bir-biri ilə qardaş və dost olması hamıya bəlli idi. Bundan əlavə, dostluq elə bir məsələ deyildi ki, Peyğəmbər (s) onu deməklə canı təhlükəyə düşsün.
2) Əgər mövla sözünün bir mənası rəhbər, digər mənası dost deməkdirsə, nə üçün təkcə dost mənasını qəbul edək?! Mövla sözünün dəqiq hansı mənada olduğunu bilmiriksə, nəyə əsasən onun təkcə dost mənasında olduğunu qəbul etməliyik?! Bunu hansı məntiqlə qəbul edək ki, Rəsulullsh (s) müsəlmanları yandırıcı səhrada dayandırıb və bir ucu cöhfəyə çatmaqda olan müsəlmanların geriyə qaytarılmasını əmr verir və sonra onlara “ ey camaat Əlini sevin ” deyir .?!
3) Hədisin məzmununa bütünlükdə nəzər saldıqda görürük ki, Allah Rəsulu (s) müsəlmanlardan bir daha beyət alır: “Ey camaat, Mən sizə, sizin özünüzdən daha artıq ixtiyar sahibi deyiləmmi? Yəni mənim itaətim bir ilahi rəhbər kimi hamıya vacib deyilmi? Müsəlmanlar bir daha bunu iqrar etdikdən sonra Allah Rəsulu: “Mən kimin mövlasıyamsa Əlidə onun mövlasıdır” deyə buyurur.
4) Cəlaləddin Suyuti “Durrul-mənsur” kitabında, Hakim Həskani “Şəvahidut-tənzil” kitabında, İbn Əbi Hatəm Razi “Təfsirul-ğədir” kitabında, Bədrəddin Hənəfi “Umdətul-qari” kitabında, Hafiz Əbu-bəkr Şirazi “Ma nəzələ minəl-Quran fi Əli” kitabında, Qazi Şükani “Fəthul-qədir” kitabında, Hafiz Təbəri “Əl-vilayə” kitabında, İbn Səbbağ Maliki “Fusulul-muhimmə” kitabında və 20-dən artıq digər Əhli-sünnə kitablarında Qədir-xum hadisəsini şərh edərkən yazmışlar: “Peyğəmbər (s) Qədir-xum səhrasına yetişdikdə Qurani-kərimin bu ayəsi nazil oldu: “Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et! Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə etdiyi Peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan .” ( Maidə 67 )
Bu ayə nazil olan kimi Peyğəmbər (s) müsəlmanlara dayanmaq göstərişi verdi və məlum xütbəni oxudu”
Diqqət edin! Əgər biz burada “mövla” sözünü dost mənasında qəbul etsək, onda belə çıxar ki, Allah-təala yeni bir ayə nazil edərək Öz Peyğəmbərinə əmr edir ki, xalqı isti səhrada dayandırıb Əlinin dostluğunu tövsiyə etsin və maraqlı burasıdır ki, Peyğəmbər (s) müsəlmanlara “Ey camaat! Əli ilə dost olun” deməsə, 23 illik Risalət və Peyğəmbərliyini yerinə yetirməmiş olur!!!”
Gəlin qəbul edək ki, qeyd etdiyimiz ayənin məzmununa əsasən Rəsulullahın (s) risalətinin tamamlanması hesab olunan qızmar günəş altında 120 mindən artıq müsəlmana xitab edilən bu tarixi cümləni sadə bir dostluq mənasına yozmağımız, heç bir sağlam məntiq və düşüncəyə sığmır.
Həzrəti Əli (ə)-ın vilayətini isbatlayan digər bir dəlil:
Həzrəti Əli (ə)-ın vilayətini isbatlayan digər bir dəlil, Onun vilayət və imamətini inkar edən şəxsə nazil olan əzabla əlaqədardır. Bu hadisə Rəsulullahın (s) Qədir-xumda həzrəti Əli (ə)-ı öz yerinə xəlifə təyin etdikdən və camaata o hadisəni, orada olmayanlara çatdırsın deyə buyurduqdan sonra baş vermişdir.
Belə ki, Haris ibni Nomani-Fehri Həzrəti Əli (ə)-ın Peyğəmbərin xəlifəsi və imam olaraq təyin edildiyi xəbərini eşitdikdə, buna dözməyib miniyinə minib Peyğəmbəri-Əkrəmin məscidinə doğru hərəkət etdi, Peyğəmbər (s)-ın hüzuruna yetişdikdə ona belə xitab etdi: “Ey Muhəmməd! Sən bizə Allahdan başqa İlah olmadığına, onun elçisi olduğuna iman etməyimizi əmr etdin, qəbul etdik. Gündə beş vaxt namaz qılmağı, Ramazan ayında oruc tutmağı, Beytullahı təvaf etməyi əmr etdin, yerinə yetirdik. Amma bunlarla kifayətlənməyib indidə bu cavanın (Əli (ə)-a işarə etdi) əlini qaldırıb “Mən kimin mövlasıyamsa Əli də onun mövlasıdır” deyərək bizdən üstün tutdun. Bu əmr Allahdandır yoxsa səndən?!
Peyğəmbər (s) buyurdu: “Yeganə məbud olan Allaha and olsun ki, bu əmr məndən deyil; Rəhman və Rəhim olan Allah tərəfindəndir .”
O zaman o şəxs (Haris) “Ey Allahım Əgər Muhəmmədin dedikləri doğrudursa, onda bizim başımıza bir daş endir !”- Deyərək dəvəsinə doğru getdi.
Ravi deyir: “Allaha and olsun ki, Haris hələ dəvəsinə çatmamış Allahu-təala göydən bir daş endirdi və o daş onun başını parça-parça etdi və bunun ardından Qurani-kərimin bu ayələri nazil oldu: “Bir nəfər vaqe olacaq əzab barədə soruşdu, o əzab kafirlərə məxsusdur və onu dəf edə biləcək bir kimsə yoxdur. O əzab yüksək dərəcələr sahibi olan (mələklərini göylərə qaldıran) Allah tərəfindəndir!” (Məaric 1-2-3)
Bu rəvayət “Məcməul-bəyan” kitabında Əbul-Qasim Həskanidən nəql olunmuşdur. Uyğun rəvayəti Əhli-sünnə təfsirçiləri də öz kitablarında, o cümlədən, Qurtubi (öz təfsirində), Alusi “Ruhul-məani” kitabında və Əbu İshaq Sələbi (öz təfsirində) azacıq fərqlə nəql etmişlər.
Əllamə Əmini “əl-Qədir” kitabında bu rəvayəti otuz nəfər Əhli-sünnə alimlərindən (mənbə və mətnləri ilə birlikdə), o cümlədən, Hələbinin “Sirə”, Həməvini “Fəraidus-simtəyn”, Şeyx Muhəmməd Zərəndinin “Durərus-simteyn”, Şəmsəddin Şafeinin “Əssiracul-munir”, Suyutinin “Şərhu-camius-səğir”, Hafiz Əbu Ubeyd Hərəvinin “Təfsiru-Qəribil-Quran” və Əbu Bəkr Nəqqaşın “Təfsiru-şəfais-sudur” kitablarından nəql etmişdir.
Lakin İmam Əli (ə)-ın fəzilətlərini çarəsizlikdən və ikrahla qəbul edən təfsir və hədis alimlərindən bəziləri yuxarıdakı ayələrin nazil olma səbəbinə müxtəlif iradlar tutmuşlar. “Əl-Mənar” kitabının müəllifi və digər Əhli-sünnə alimləri qeyd etdiyimiz rəvayəti nəql etdikdən sonra belə iradlar irəli sürmüşlər: “Məaric surəsi Məkkədə nazil olmuşdur. Belə isə, Qədir-xum hadisəsi ilə necə uyğun gələ bilər?
Cavab: Əvvəla bir surənin “məkki” (məkkədə nazil olan) adlanması o demək deyil ki, onun bütün ayələri Məkkədə nazil olmuşdur. Qurani-kərimin bir sıra surələri məkki adlansa da onların bəzi ayələri mədinədə nazil olmuşdur. Eyni ilə bunun əksinə, “mədəni” (mədinədə nazil olan) adlanan surələrin də bəzi ayələri məkkədə nazil olmuşdur. Buna məkki adlanan “Ənkəbut” surəsini misal göstərmək olar. Halbuki Təbəri. Qurtubi və digər alimlərin yazdıqlarına əsasən, bu surənin ilk on ayəsi mədinədə nazil olmuşdur. Yaxud “ Kəhf ” surəsi məkki adlansa da, Qurtubi və Suyutinin öz kitablarında yazdıqlarına görə onun ilk yeddi ayəsi mədinədə nazil olmuşdur. Həmçinin bunun əksi olaraq, “mədəni” adlanan, lakin bəzi ayələri Məkkədə nazil olan surələrdən də “Mucadələ” surəsini misal göstərmək olar. Bəzi təfsirçilərin yazdıqlarına əsasən, bu surənin ilk on ayəsi məkkədə nazil olmuşdur. Bir sözlə Qurani-kərimdə bəzi surələr vardır ki, məkkədə yaxud mədinədə nazil olsa da, onların bir neçə ayəsi digər şəhərdə nazil olmuşdur. “Məaric” surəsi də bu qəbildəndir.
Qədir-xum hadisəsinə dair daha bir dəlil:
Qədir-xum hadisəsinə dair daha bir dəlil, Qədir-xumda baş verən hadisəyə şahidlik etmədikləri üçün Həzrəti Əli (ə)-ın bəd duası səbəbi ilə əzaba uğrayan səhabələrlə əlaqədardır.
Belə ki, Həzrəti Əli (ə) xilafət dönəmində, xalqın bir araya toplandığı önəmli günlərdən birində minbərə çıxaraq xalqa belə xitab edir: “Rəsulullahın (s) Qədir-xum günü “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” buyurduğunu eşidən hər bir müsəlman, onu eşitdiyinə dair ayağa qalxaraq şəhadət versin! Bu hadisəni öz gözləri ilə görüb qulaqları ilə eşitməyənlər ayağa qalxmasınlar !”
O zaman on altısı “Bədr” döyüşündə iştirak edənlərdən olmaqla bərabər otuz səhabə ayağa qalxaraq Rəsulullahın (s) həzrəti Əli (ə)-ın əlindən tutaraq “Mən möminlərə onların özlərindən daha artıq ixtiyar sahibi deyiləmmi? Xalq: Bəli doğrudur dediklərində, Rəsulullah (s) : “Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır. İlahi, Onu sevəni səndə sev, ona düşmən olana sən də düşmən ol!” buyurduğuna şahidlik etdilər.
Lakin bəziləri Qədir-xumda iştirak etmələrinə baxmayaraq, Həzrəti Əli (ə)-a həsəd və düşmənçilikləri üzündən şahidlik etmədilər. Bunlardan biri də, Ənəs ibni Malik idi, Həzrəti Əli (ə) minbərdən enib, ona “Ey Ənəs! nə üçün Rəsulullahın səhabələri şəhadət verdikləri kimi sən də o gün eşitdiklərinə şəhadət vermədin? dedikdə. Ey Əmirəl-Muminin artıq yaşlanmışam və eşitdiklərimi də unutmuşam” – deyə cavab verir. O zaman Əli (ə) ona : “Əgər yalan deyirsənsə, Allah səni sarığınla gizlədə bilməyəcəyin bir bəlaya düçar etsin” – deyə bəd dua etdi. Bu duadan dərhal sonra Ənəs ibn Malik yerindən qalxmamış “cüzam” xəstəliyinə tutuldu. Sonralar Ənəs ağlayaraq : “Məni saleh qulun duası bu hala saldı ” – deyərdi.
Bu məşhur bir qissədir. İbn Quteybə “Əl-Məarif” adlı kitabında, xəstəliyə tutularaq ölən məşhur insanları sayarkən, Ənəsin də cüzam xəstəliyinə tutulduğunu və bu ha¬disəni qeyd etmişdir. İbn Quteybə Əl-Dinurinin yazdığı “Kitabul-məarif”, səh 251
İmam Əhməd ibn Hənbəl Əl-Bəlazuriyə istinadən nəql edir ki; “Həzrəti Əli (ə)-ın minbərdən səslənərək Qədir-xumda baş verənlər barədə şahidlik etmələrini istədikdə, minbərin ətrafında Ənəs ibn Malik, Bura ibn Azib və Cərir ibn Abdullah Bəcəli də var idi ki, bu üçündən heç biri qalxıb şəhadət vermədilər. O zaman həzrəti Əli (ə) belə buyurdu: “İlahi. Bu həqiqəti bildiyi halda gizlədən kəsi elə bir bəlaya düçar et ki, onunla tanınsın və o bəlaya düçar olmayınca canını alma!”
Ravi deyir ki: Ənəs ibn Malik cüzam xəstəliyinə tutuldu, Bura ibn Azib kor oldu, Cərir ibn Abdullah isə hicrət etdiyi halda yenidən bədəvi həyatına qayıtdı və “Əş-şərat” bölgəsinə gedib anasının evində öldü.” Müsnədi-Əhməd ibn Hənbəl, c 1, səh 119. Əl-Bəlazurinin yazdığı “Ənsabul-Əşraf” c 1, səh 152.
Gəlin bu rəvayətə diqqətlə baxaq: Əgər Əli (ə) özü desəydi ki: “Rəsulullah Qədir-xum günü məni xəlifə təyin edib mənə vəsiyyət etdi”, insanlar: “Bəs nə üçün uzun bir müddət səsini çıxartmırdın?” – deyə etiraz edərdilər. Necə ki, imam Əli (ə) buyurur: “Ey Camaat! Nicat və qurtuluş gəmiləri ilə fitnə dalğalarını yarıb keçin. Müxalifət yolundan dönərək bayıra addım atın və öyünmək, loğvalıq daşını başınızdan yerə qoyun. Qol-qanadları (dostları və tərəfdarları) ilə qiyam edən nicat tapar, təslim olaraq (dost və tərəfdarları olmadığına görə) bir küncə qısılan rahatlıq tapar. (İndi bizim köməyimiz yoxdur, öz haqqımızı tələb etsək) Bu iylənmiş su, yeyənin boğazında qalan tikə kimidir. (belə bir vaxtda öz haqqımdan keçərək səbr etməyim daha yaxşıdır. Çünki,) meyvəni yetişməmiş dərən yararsız torpaqda əkin əkən kəs kimidir. (tənha və tərəfdarlarımın olmadığı belə bir vaxtda xəlifəliyi tələb etməyim kal meyvə dərmək və yararsız torpaqda əkin əkmək kimi ziyandan başqa heç bir xeyri yoxdur.) Buna görə də (tənha və köməksiz olduğumdan) bir söz desəm (öz haqqımı tələb etsəm) deyəcəklər. Sakit oturub, dinməsəm deyəcəklər. Heyhat! Bu qədər qorxulu və ardıcıl hadisələrdən sonra mənim haqqımda belə güman olunmasına layiq deyildim .” “Nəhcül-Bəlağə”, Xütbə-5
Fəqət Qədir-xum günü Rəsulullahın buyurduqlarını eşidən müsəlmanlardan Allahı şahid tutaraq şəhadət vermələrini istəməsi və bədr döyüşündə iştirak edən səhabələrdə daxil otuz səhabənin dili ilə Rəsulullahdan nəql etmələri, bütün şəkk və şübhələrin üzərindən qara bir xətt çəkir. Bu hadisəni bilən və bildiyi halda susan səhabənin nədən susduğunu yəqin ki, bu xütbədən anladınız.
Bəli, həqiqətdə xilafət Əli (ə)-ın haqqı idi, lakin bəzi qəsbkarlar bunu ondan oğurladılar, necə ki, Özünün “Nəhcül-Bəlağə” kitabında yazır: “Onlar (Qureyş) məndən qabaq Allahın Peyğəmbəri ilə müharibə etmək üçün müttəfiq olduqları kimi, mənimlə döyüşmək və vuruşmaq üçündə birləşiblər. Cəza verənlər mənim yerimə qureyşi cəzalandırsınlar. Çünki onlar mənim qohumluq tellərimi qırdılar və anamın oğlunun (Peyğəmbər (s)-ın) hökumətini məndən oğurladılar .” “Nəhcül-Bəlağə”, Məktub-36
“Allaha and olsun ki, həzrəti peyğəmbər vəfat edəndən bu günə qədər məni həmişə öz haqqımdan məhrum edib qadağa qoymuş və işimdə tənha buraxmışlar.” “Nəhcül-Bəlağə”, Xütbə-6
Ona görə də yolunu azanlara imam (ə) minbərdən belə səslənir: “Hara gedirsiniz? Nə vaxt qayıdacaqsınız? Hidayət əlamətləri qoyulmuşdur. Dəlillər açıq-aydındır; Nişanələr qoyulubdur. Nə üçün gicəllənə-gicəllənə çöllərə düşürsünüz? Niyə və nə üçün vurnuxursunuz? Peyğəmbərin nəsli aranızdadır. Onlar sizi həqiqətə aparan iplərdir. Onlar din bayraqları həqiqətin dil-ləridir. Ey insanlar! Bu sözləri, bu inamı peyğəmbərlərin sonuncusundan alın; Bilin ki, bizdən olub ölənlər ölü deyillər, diridirlər.” “Nəhcül-Bəlağə”, Xütbə 4/87
Digər bir xütbəsində imam Əli (ə) Əhli-beyt (ə)-dan başqalarını xilafətə layiq bilmir: “ Bu ümmətdən heç kim Peyğəmbərin Əhli-beyti ilə müqayisə edilə bilməz. Həmişə onların nemət və bəxşişindən bəhrələnənlər, onlarla eyni deyildilər. Əhli-beyt dinin əsası və təməlidir, iman və yəqinliyin dirəyidir. Haqq yoldan uzaq düşənlər onlara üz tutar, əlacsızlar onlara yetişərlər. Vilayət haqqı onlarındır və imamətin xüsusiyyətləri Onlarda cəm olmuşdur .” “Nəhcül-Bəlağə”, xütbə 2,
İmam Əli (ə) Misir camaatına yazdığı məktubunda deyir: “Allaha and olsun ki, qəlbimə gəlmir, fikrimdən belə keçmirdi ki, ərəblər Rəsulullahdan sonra xilafəti onun Əhli-beytindən başqa birinə həvalə edərək, onu məndən əsirgəyəcəklər. Məni, camaatın beyət etmək üçün filankəsə tərəf tələsməsindən başqa, bir şey narahat etmədi. Beləliklə əl saxladım. Nəticədə camaatın bir dəstəsinin dindən çıxaraq mürtəd olduqlarını və İslamdan qayıdaraq Məhəmmədin (s) dinini məhv et¬mək istədiklərini gördüm. Qorxdum ki, islam və müsəlmanların köməyinə başlamasam, onda nöqsan və dağıntı görərəm. Onun müsibət və kədəri mənim üçün, nəticəsi ilğım kimi yoxa çıxan və ya bulud kimi səpələnən, bir neçə günlük müvəqqəti mal olan hakimlik və vilayəti əldən çıxarmaqdan daha ağır olar. Buna görə də həmin hadisə və dağıdıcı hərəkətlərin arasında ayağa qalxdım. Nəticədə əyrilik və təxribatların qarşısı alındı, onlar məhv oldular və din sakitlik taparaq qurtulub öz yerində qərar tutdu.” “Nəhcül-Bəlağə”, Məktub 62
“Bilin və agah olun! Allaha and olsun ki, filan kəs (Əbu Bəkrə işarədir) mənim, xəlifəlik məqamı üçün dəyirmanın orta qütbü kimi, olduğunu bildiyi hal-da, xilafət libasını əyninə geyindi. El və maarif mənim feyz bulağımda sel tək aşıb daşır. Elm və bilik səmasında qanad çalanların heç biri mənim yüksək zirvəmə çata bilməz.” “Nəhcül-Bəlağə”, Xütbə-3
Bəli, Həqiqətən də xilafət onun haqqı idi. Çünki Peyğəmbərimizə nisbətdə imam Əlidən daha yaxın və daha üstün ikinci bir bəşər övladı yoxdur. Həzrəti Peyğəmbər (s) buyurub: “Ey Əli! Sənin mənə görə məqamın həzrəti Harunun həzrəti Musaya olan məqamı kimidir. Amma məndən sonra peyğəmbər gəlməyəcəkdir .” “Səhihi Buxari”, 2 / 205; “Müstədərək-Hakim”, 3 / 109; “Səhihi-Müslim”, 2 / 360
Saxta hədislərdə imanda Əbu Bəkrdən daha üstün bir insan olmadığı və Peyğəmbərimizə nisbətdə Ömərin peyğəmbər səviyyəli bir insan olduğu göstərilir. Göründüyü kimi bu səhih hədis həmin qondarma hədislərin ikisini də alt-üst edir. Bunlar hamısı açıq aşkar yalandır, Əbu Bəkr və Ömər nə etmişdilər və nə üstünlükləri var idi ki, xilafət məqamına layiq olsunlar?! Xilafətə layiq olan o kəsdir ki, Rəsulullah (s) onun haqqında buyurub: “Əli haqq ilədir, haqq Əli ilə. Hər yerdə Əli olsa, haqq oradadır .”
Həmçinin Rəsulullah (s) buyurub: “Əlini sevmək imanın, ona qarşı düşmənçilik etmək isə münafiqliyin əlamətidir.” “Səhihi-Müslim” c1, səh 61. “Səhihi-Tirmizi” c 8, səh 306 və c5, səh635. “Sunən” Nəsai c 8, səh 116.
Səlman Farsiyə dedilər: “Əlini nə qədər sevirsən? Dedi Peyğəmbər (s)-dan eşitdim ki, buyurdu: Hər kəs Əlini sevsə, məni sevmişdir. Hər kəs Əli ilə düşmən olsa mənimlə düşmən olmuşdur”
Əmmar Yasirdən belə rəvayət olunub: “Peyğəmbər (s) Əli (ə)-a buyurdu: “Xoş o kəslərin halına ki, Səni dost tutub doğruçu bilərlər. Vay olsun o kəslərin halına ki, səni düşmən tutar və səni yalançı he-sab edər.” Hakim bu hədisi nəql etmiş və demişdir: “Bu hədisin sənədləri mötəbərdir, lakin Buxari və Müslüm onu qeyd etməmişdir .” Hakim Nişapuri, “Mustədərəkus-səhiheyn” C 3, səh 134.
Bəli, Bunlar bir həqiqətdir ki, Allah Qurani-Kərimdə buyurur: “Siz bilə-bilə haqqı batillə qarışdırmayın, haqqı gizlətməyin!” (Bəqərə 42)
Həzrəti Əli (ə) Peyğəmbər (s)-ın haqq canişini, əmisi oğlu, qardaşı, vəsi və xəlifəsidir. Onun iki övladı, cənnət cavanlarının ağasıdır. Onlar sözsüz ki, Rəsulullahın Əhli-beyti və sünnənin davamçılarıdırlar.
Şiələr isə Peyğəmbər (s)-ın sünnəsinə Əhli-beyt (ə)-dan daha yaxşı əməl edən bir kəs tanımırlar.
Həmd və şükür olsun o Allaha ki, bizlərə minnət qoyub, bizləri haqq olan yola, Əhli-beyt yoluna, şiəliyə yönəldib.
73 firqə haqqında olan hədislər hamıya məlumdur. Hamı özünü o düz olan tək yolda bilir.
Qurani-kərimdə “Bəyyinə” surəsinin 7-ci ayəsində Allahu-təala buyurur: “Onlar Allahdan, Allah da onlardan razıdır!”
Bu ayə nazil olandan sonra Peyğəmbər (s) üzünü Əli (ə)-a tutub buyurdu: “Ey Əli! Canım əlində olan Allaha and olsun ki, onlar sən və sənin şiələrindir. Qiyamət günü sən və sənin şiələrin Allahdan razı, Allahda siz¬dən razı olar!” Cəlaləddin Suyuti “Əd-dürrul-mənsur” c 6, “Bəyyinə” surəsi, ayə 7-nin təfsiri, “Əd-dürrul-mənsur” c 8, səh 189.
Bu rəvayəti Hakim Həskani “Şəvahidut-tənzil” kitabında və həmçinin Əbu Nəim İsfəhani İbn Abbasdan mötəbər sənədlərlə nəql etmişdir.

Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh!

Müəllif: Hoccətulislam Seyyid Mirəddin Haşimi

Paylaş:
Baxış sayı: 13478

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

ten + 19 =