Peyğəmbər(s) dövründə şiəlik

Peyğəmbər (s) zamanında şiəliyin yaranması

Sual: Görəsən, şiəlik Peyğəmbər (s) zamanında yaranmışdırmı?

Cavab: Peyğəmbər (s) zamanında səhabələrdən bir qrupu imamətlə bağlı ayə və rəvayətləri eşitdikləri üçün, Peyğəmbərdən (s) sonra həzrət Əlinin (ə) canişin olması məsələsinə iman gətirmiş və onun imamət və rəhbərliyini qəbul etmişdilər. Onların Həzrət Əliyə (ə) böyük ehtiram və
məhəbbəti vardı. Səhabələrdən olan həmin qrup hələ Peyğəmbər (s) zamanında “imam Əlinin (ə) şiələri” adı ilə tanınırdı. Bu barədə əhli-sünnədən də çoxlu rəvayətlər nəql edilmişdir və hazırda onların bir qismini sizin nəzərinizə çatdırırıq: 1. Əbu Hatəm Razi belə nəql edir:
“Peyğəmbər (s) zamanında meydana çıxan ilk ləqəb və söz “şiə” sözü idi. Bu
ləqəb səhabələrdən dörd nəfərə verilmişdi. Həmin səhabələr bunlardır: Əbuzər, Salman, Miqdad və Əmmar.” (Əbi Hatəm Razi, “Hazirul- alimil-islamiyy”, c.10, səh. 188) 2. İban Xəldun belə yazır: “Səhabələrin bir qismi həzrət Əlinin (ə) şiələri idi və onlar həzrət Əlini (ə) xilafətə digər xəlifələrdən daha ləyaqətli hesab edirdilər.” (“Tarixe İbn Xəldun”, c.3, səh. 364)
3. Məhəmməd Kerd Əli nəql edir:
“Həzrət Əlinin (ə) məvaliləri adlı bir sıra böyük səhabələr İslam Peyğəmbərinin (s) zamanında da var idilər. O cümlədən, Salman Farsi belə deyir: “Biz Peyğəmbərlə (s) müsəlmanların məsləhətinə olan işlər və həzrət Əliyə(ə) iqtida etmək barədə beyət etdik.” Əbu Səid Xudri deyir:
“Camaat beş şeyə əmr olunmuşdu. Onlardan dördü yerinə yitirilmiş, biri isə tərk
olunmuşdu.” Həmin dörd məsənin nə olması barədə soruşulduqda, cavab verdi ki, namaz, zəkat, Ramazan ayında oruc tutmaq və həcdən ibarətdir. Tərk olunmuş məsələnin nə olduğu haqda sual verildiyi zaman, belə demişdi: “Tərk edilən məsələ  Həzrət Əli ibn Əbu talibin (ə) vilayətidir.” Ona deyiləndə ki, “həzrət Əlinin (ə) vilayəti digər dörd əməllə birlikdə vacimdirmi?” “Bəli!” söyləyərək cavab vermişdi. Aşağıda adları çəkilən səhabələr həzrət Əlinin(ə) şiələrindəndir:
Əbuzər Qəffari, Əmmar ibn Yasir, Hüzeyfə ibn Yəman, Ziş-Şəhadətəyn
Hüzeymət ibn Sabit, Əbu Əyyub Ənsari, Xalid ibn Səid ibn As və Qeys ibn Səd ibn Übadə.” (“Xututul-Şam”, c.5, səh.251)
O, sözlərinin davam edərək belə deyir:
“Bəzi yazıçıların şiəlik və şiə məzhəbini Abdullah ibn Səba (İbn Səvda kimi də tanınır) kimi bir şəxsin bidətləri əsasında yarandığını deməsi,həqiqətdə, onların şiəlik və şiə məzhəbinin həqiqətləri barədə az məlumata malik olması və düşüncələrinin təxəyyüldən ibarət olduğunu göstərir. Əgər kimsə şiə alimlərinin Abdullah ibn Səbaya nisbətdə məzəmmət və tənqidləri barədə məlumat əldə etmiş olsa, onda, şiəliyin ona nisbət verilməsinin nə dərəcədə yanlış olmasını asanlıqla başa düşəcək. Şübhəzis, Hicazda şiəliyin yaranması həzrət Əlinin (ə) adı ilə bağlıdır və ona nisbət verilməlidir.”
(“Xututuş-Şam”, c.5, səh.251)
4. Doktor Sübhi Saleh yazır:
“Peyğəmbər (s) zamanında da həzrət Əlinin (ə) ardıcıl və şiələri olan səhabələr var idi. Onlara misal olaraq Əbuzər Qəffarini, Miqdad ibn Əsvədi, Cabir ibn Abdullahı, Übəyy ibn Kəbi, Əbültüfeyl Amir ibn Vasiləni, Abbas ibn Əbdülmüttəlibi və onun bütün övladlarını, Əmmar Yasir və Əbu Əyyub Ənsarini göstərmək olar.”
(“Ən-Nəzmul-islamiyyə”, səh. 96)
5. Məhəmməd Abdullah Ənnan deyir:
“Şiənin ilk dəfə xəvariclərin ayrılması zamanı yaranmasını söyləmək səhv və yanlışdır, əksinə şiəlik “Şuəra” surəsinin 214-cü ayəsinə uyğun olaraq Peyğəmbər (s) zamanında və o həzrətə qohum-əqrəbasını ilahi əzabla qorxutmaqla bağlı göstəriş verildiyi vaxtda meydana çıxmışdır. Ayəyə uyğun olaraq o həzrət evində
qonaqlıq verərək yaxınlarını ora dəvət etmiş və sonra həzrət Əliyə (ə) işarə və xitab edərək buyurmuşdur ki, o, mənim qardaşım, vəsim, sizin aranızda canişin və xəlifəmdir. Onun söylədiklərinə qulaq asın və ona itaət edin.”
(“Ruhut-təşəyyo”, səh. 20;  ƏliƏsğər Rizvani, “Difa əz təşəyyo və pasox be şobehat”, səh. 74)

Paylaş:
Baxış sayı: 13819

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.