Paklayıcıların hökmləri

Paklayıcıların hökmləri

Məsələ 142: On iki şey nəcasəti pak edir. Bu şeylərə mütəhhirat (pak edicilər) deyilir:

1. Su.
2. Torpaq.
3. Günəş.
4. İstihalə.
5. İnqilab.
6. İntiqal.
7. İslam.
8. Təbəiyyət.
9. Eyni nəcasətin aradan getməsi.
10. Nəcis yeyən heyvanın istibrası.
11. Müsəlmanın qayib olması.
12. Başı (şəriət qaydaları əsasında) kəsilən heyvandan bir miqdar qan axması.
Bunların hökmləri gələcək məsələlərdə geniş şəkildə açıqlanacaqdır.

1 – SU

Məsələ 143: Su, dörd şərt daxilində nəcis şeyi pak edir:
1-ci şərt budur ki, mütləq olsun. Deməli, əgər gülab suyu, söyüd ağacının yağı və s. kimi muzaf olsa, nəcis şeyi pak etməz.
2-ci şərt budur ki, pak olsun.
3-cü şərt budur ki, su, nəcis şeyi yuyarkən muzafa çevrilməsin və təkrar yumanın lazım olmadığı halda son yuyulmada su nəcasətin iyi, rəng və ya dadını özünə almasın; amma ondan qabaqkı yuyulmalarda dəyişməsinin bir zərəri yoxdur. Məsələn: iki dəfə yuyulması lazım olan bir şeyi, kürr və ya az su ilə yuduqda, birinci yuyulmada su dəyişsə də, ikinci dəfə dəyişilməmiş su ilə paklasalar, o şey pak olar.
4-cü şərt budur ki, nəcis şeyi yuduqdan sonra, onda eyni nəcisin kiçik zərrələri qalmamalıdır. Nəcis şeyin az su, yəni kürrdən az olan su ilə paklanmasının digər şərtləri də vardır ki, onlar daha sonra açıqlanacaq.

Məsələ 144: Nəcis qabın iç hissəsi, az su ilə üç dəfə yuyulmalıdır. Həmçinin ehtiyat-vacibə əsasən kürr, axar və yağış suyunda da üç dəfə yuyulmalıdır. Amma içərisində itin su və ya buna bənzər axıcı bir şeyi yediyi qaba, əvvəlcə pak torpaq sürtülməli, torpaq təmizlənib aradan aparıldıqdan sonra kürr, az və ya axar suda iki dəfə yuyulmalıdır. Həmçinin, itin yaladığı qab yuyulmazdan qabaq gərək torpaqla sürtülsün. İçinə itin ağzının suyu töküldüyü yaxud bədəninin bir yeri toxunan qabı da ehtiyat-lazıma əsasən gərək əvvəlcə torpaqla sürtülüb sonra isə üç dəfə su ilə yuyulsun.

Məsələ 145: İtin ağzını sürtdüyü qabın ağzı dardırsa, əvvəlcə içinə torpaq töküb o qabın içinin hər tərəfinə torpaq çatıncaya qədər şiddətlə silkələməli və sonra qeyd edildiyi şəkildə yuyulmalıdır.

Məsələ 146: Donuzun yaladığı və ya içində axıcı bir şey içdiyi və yaxud içində çöl siçanı öldüyü qab kürr, az və ya axar suda yeddi dəfə yuyulmalıdır; torpaqla sürtülməsi lazım deyil.

Məsələ 147: Şərabla nəcis olan qab kürr, axar və ya bu kimi sularla olsa belə üç dəfə yuyulmalıdır. Ehtiyat-müstəhəb budur ki, yeddi dəfə yuyulsun.

Məsələ 148: Nəcis palçıqdan hazırlanmış və ya nəcis su, hopmuş kuzə əgər axar su və ya kürr suya buraxılarsa, suyun dəydiyi hər yer pak olur. Onun içini də paklamaq istəsələr, kürr və ya axar suda su hər tərəfinə dəyincəyə qədər qalmalıdır. Əgər o qabda onun içinə suyun toxunmasına mane olan bir rütubət varsa, qabaqca onu qurudub sonra axar və ya kürr suya qoymaq lazımdır.

Məsələ 149: Nəcis olmuş qabı, az su ilə iki cür yumaq olar:
1-ci budur ki, qabı üç dəfə doldurub-boşaltsınlar.
2-ci budur ki, üç dəfə onun içinə bir miqdar su töksünlər və hər dəfədə suyu bütün nəcis yerlərinə çatacaq şəkildə onun içində hərəkət etdirsinlər, sonra isə suyu boşaltsınlar.

Məsələ 150: Qazan və xum kimi nəcis olmuş böyük bir qab üç dəfə su ilə doldurulub-boşaldılmaqla pak olur. Həmçinin, əgər ona yuxarıdan aşağıya doğru hər tərəfinə yetişəcək şəkildə üç dəfə su töksələr və hər dəfəsində dibində toplanan suyu çıxarıb atsalar pak olur. Ehtiyat-müstəhəbə əsasən suları kənara çıxartmaq üçün işlədilən qab ikinci və üçüncü dəfə yuyulmalıdır.

Məsələ 151: Əgər nəcis mis və ona bənzər şeyləri əridib sonra suya çəksələr, onun zahiri pak olur.

Məsələ 152: Sidik ilə nəcis olan təndirin, hər tərəfinə yetişəcək şəkildə yuxarıdan aşağıya doğru bir dəfə su töksələr, pak olar. Amma ehtiyat-müstəhəb budur ki, bu işi iki dəfə etsinlər. Sidikdən başqa bir şeylə nəcis olmuşdursa, nəcasətin özü aradan qaldırıldıqdan sonra, qeyd edildiyi şəkildə üzərinə bir dəfə su tökülməsi kifayətdir. Suların cəm olması üçün təndirin dibində bir çuxur qazıb, orda yığılan suları çıxardıqdan sonra, o çuxuru pak torpaqla doldurmaq daha yaxşıdır.

Məsələ 153: Nəcis bir şey, (nəcis olan yerlərin hər tərəfinə su çatacaq şəkildə), kürr və axar suya bir dəfə salınarsa, pak olar. Xalça, paltar və buna bənzər şeyləri sıxmaq, tapdalamaq lazım deyil. Amma bədən və ya paltar sidik ilə nəcis olmuşdursa, ehtiyat-vacibə görə kürr suda iki dəfə yumaq lazımdır. Amma axar suda bir dəfə yumaqla pak olur.

Məsələ 154: Sidik ilə nəcis olan bir şeyi az su ilə yumaq istəsələr, əgər bir dəfə üzərinə su tökülüb ondan su ayrıldıqdan sonra, o şeydə sidik qalmazsa, pak olur. Amma paltar və bədənin pak olmaları üçün gərək onların üzərinə iki dəfə su töksünlər. Ancaq libas, xalça və bunlara bənzər şeylər az su ilə yuyulduğu təqdirdə, ğüsalənin çıxması üçün sıxılması lazımdır. (Ğüsalə, yuyulan bir şeydən, yuyulduğu zaman və ya ondan sonra, öz-özünə və ya sıxılmaq nəticəsində, adi şəkildə ayrılan suya deyilir).

Məsələ 155: Yemək yeməyə başlamamış, südəmər oğlan və qız uşağının bövlü ilə nəcis olan bir şeyin üzərinə, nəcis yerlərin hər tərəfinə yetişəcək şəkildə bir dəfə su tökülsə, hərçənd su az da olsa, pak olar. Amma ehtiyat-müstəhəb budur ki, ikinci dəfə də üzərinə su töksünlər. Libas və xalça kimi şeyləri sıxmaq lazım deyil.

Məsələ 156: Sidikdən digər bir nəcisə bulaşan şeyin üzərinə, nəcis aradan aparıldıqdan sonra bir dəfə az su tökülərsə, su ondan axıb ayrıldıqdan sonra pak olar. Amma paltar və buna bənzər şeyləri sıxaraq ğüsaləsini çıxarmaq lazımdır.

Məsələ 157: Əgər iplə toxunmuş nəcis bir həsiri kürr və ya axar suya salsalar, eyni nəcis aradan gedəndən sonra pak olur. Amma onu az su ilə yumaq istərlərsə, gərək mümkün olan bir yolla, tapdalamaqla olsa belə, sıxaraq ğüsaləsini çıxartsınlar.

Məsələ 158: Əgər buğda, düyü, və buna bənzər şeylərin zahiri nəcis olarsa, kürr və ya axar suya salınarsa, pak olar. Onları az su ilə də paklamaq olar. Amma içləri nəcis olarsa, kürr və ya axar su onların içinə dəysə, pak olar.

Məsələ 159: Əgər sabunun zahiri nəcis olsa, onu paklamaq olar. Amma onun içi nəcis olsa, onu paklamaq olmaz. Əgər insan, nəcis suyun sabunun içinə keçib-keçməməsində şəkk edərsə, onun içi pakdır.

Məsələ 160: Əgər düyü, ət və bunlara bənzər şeylərin zahiri nəcis olsa onları pak bir qaba qoyaraq, üzərinə bir dəfə su töküb boşaltsalar, pak olar. Amma nəcis bir qaba qoyarlarsa, bu işi üç dəfə təkrarlamaq lazımdır. Bu zaman qab da pak olur. Əgər libas və buna bənzər sıxılması lazım olan bir şeyi qabın içərisində yumaq istərsələr, üzərinə su töküldüyü hər dəfəsində sıxılmalı və qabı əyərək içərisində cəm olan ğüsaləsini tökməlidirlər.

Məsələ 161: Lil və buna bənzər bir rənglə boyanmış olan nəcis libası, kürr və ya axar suya batırsalar və su libasın rəngilə muzaf halını almazdan qabaq onun hər tərəfinə yetişərsə, o libas pak olur. Əgər az su ilə yuyurlarsa, sıxılarkən ondan muzaf su tökülməzsə, pak olur.

Məsələ 162: Paltarı kürr və ya axar suda yuduqdan sonra onun üzərində su yosunu olduğu görünsə və onun, suyun paltarın içinə keçməsinə mane olduğu ehtimal olunmazsa, o paltar pakdır.

Məsələ 163: Əgər libas və buna bənzər şeyləri yuduqdan sonra üzərində palçıq və ya sabun parçası olduğu görünsə, onun, suyun libasa yetişməsinə mane olduğu ehtimalını verməsələr, o libas pakdır. Amma nəcis su palçığın və ya sabunun içinə işləmişdirsə, onların zahiri pak, daxili isə nəcisdir.

Məsələ 164: Nəcis bir şeydən, nə qədər ki, nəcasətin eyni aradan qaldırılmayıb, pak olmaz. Amma nəcasətin rəngi və ya iyi o şeydə qalsa eybi yoxdur. Deməli, əgər qanı paltardan təmizləyib suya çəkdikdən sonra qanın rəngi o paltarda qalsa paltar pakdır.

Məsələ 165: Bədəndə olan nəcasəti kürr və ya axar suyla aradan aparsalar, bədən pak olar. Ehtiyat-vacibə əsasən bədən sidik ilə nəcis olsa bir dəfə yumaqla pak olmaz, amma sudan kənara çıxıb, təkrar suya girmək də lazım deyil. Əgər suyun altında əlini oraya çəkib suyu bədəndən ayırsa və ikinci dəfə suyu bədənə çatdırsa, kifayət edər.

Məsələ 166: Dişlərin arasında qalan nəcis yemək, ağıza su alınıb çalxalanaraq nəcis yeməyin hər tərəfinə çatdırılsa, pak olar.

Məsələ 167: Saç və saqqalın tükünü az su ilə suya çəksələr, saç və saqqal həddən artıq deyilsə, ğüsalənin çıxması üçün sıxılması lazım deyil. Çünki su öz-özünə normal miqdarda ayrılır.

Məsələ 168: Bədən və ya paltarın bir yeri az su ilə yuyulduqda, o yerə bitişik olub, yuyulma zamanı suyun adətən çatdığı yerlər də nəcis yerin pak olması ilə pak olar. Yəni nəcis yerin ətrafını ayrıca yumaq lazım deyil. Əksinə nəcis yer və onun ətrafı suya çəkilərkən birlikdə pak olurlar. Həmçinin nəcis bir şeyin yanına pak bir şey qoyub və hər ikisinin üzərinə su töküldükdə də hökm eynidir. Buna görə nəcis bir barmağı yumaq üçün barmaqların hamısının üzərinə su tökülsə, nəcis və pak su onların hamısına yetişsə, nəcis olan barmaq pak olduğu zaman o biri barmaqlar da pak olur.

Məsələ 169: Nəcis olan ət və quyruq digər şeylər kimi yuyulur. Suyun daxilinə keçməsinə maneə olmayacaq miqdarda, az yağlı olan bədən, qab və libas da eyni hökmü daşıyır.

Məsələ 170: Nəcis olan bədən və ya qab, sonradan suyun yetişməsinə mane olacaq bir şəkildə yağlansa, o bədən və ya qabı suya çəkmək istədikləri zaman, suyun qabın səthinə yetişməsi üçün yağın aradan aparılması lazımdır.

Məsələ 171: Kürr suya birləşmiş olan krantdan gələn su, kürr su hökmündədir.

Məsələ 172: Bir şeyi yuyub pakladığını yəqin etdikdən sonra, onun üzərindən eyni nəcisin aradan aparıb-aparmamasında şəkk edərsə, eyni nəcisi aradan aparılmasına yəqin etməsi üçün onu yenidən yuması lazımdır.

Məsələ 173: Üzərinə qumla (narın və qalın) qapalı olan yer kimi, suyun batdığı bir yer nəcis olarsa, az su ilə də pak olur.

Məsələ 174: Daş və ya kərpiclə döşənmiş olan və ya suyun batmadığı sərt yer nəcis olsa, az su ilə pak olur; amma axıncaya qədər onun üzərinə su tökülməlidir. Bu halda əgər, onun üzərinə tökülən su bir çökəkdən kənara çıxmazsa və bir yerdə toplanarsa, oranın da pak olması üçün orada toplanan suyun bir parça və ya qabla kənara atılması lazımdır.

Məsələ 175: Duz daşı və buna bənzər şeylərin zahiri nəcis olsa, az su ilə də pak olur.

Məsələ 176: Ərimiş nəcis şəkərdən hazırlanan qənd, kürr və ya axar suya qoyulmaqla pak olmaz.

2 – TORPAQ

Məsələ 177: Yer, dörd şərtlə nəcis olmuş ayağın və ayaqqabının altını pak edər:
1. Yer pak olmalıdır;
2. Quru olmalıdır;
3. Ehtiyat-lazıma əsasən ayaq və ya ayaqqabının altı yer tərəfdən yeriməklə nəcis olsun;
4. Ayağın və ya ayaqqabının altında tapılan qan və bövl kimi eyni nəcis və ya nəcis olmuş palçıq kimi sonradan nəcis olan şey, yol yerimək və ya ayağı sürtməklə aradan qaldırılmalıdır; əgər nəcasət qabaqcadan aradan qaldırılarsa, ehtiyat-lazıma əsasən ayaq və ayaqqabının altı yol getmək və ya yerə sürtməklə pak olmaz. Həmçinin yer ya torpaq olmalı, ya da daş, kərpic və ya bunlara bənzər şeylərlə döşənmiş olmalıdır. Xalça, həsir və çəmənlik üzərində yol getməklə nəcis olmuş ayağın və ya ayaqqabının altı pak olmaz.

Məsələ 178: Nəcis ayaq və ayaqqabının altının, asfalt və ya ağacla döşənmiş yer üzərində yeriməklə pak olması işkallıdır.

Məsələ 179: Ayağın və ayaqqabının altında olan nəcasət on beş ziradan az yol getməklə və ya yerə sürtməklə aradan aparılsa belə, ayaq və ya ayaqqabının pak olması üçün, on beş zira və ya daha artıq yol getmək daha yaxşıdır.

Məsələ 180: Ayağın və ayaqqabının altının nəcisinin yaş olması lazım deyil; əgər quru da olsa, yol getməklə paklanır.

Məsələ 181: Nəcis olan ayağın və ayaqqabının altı, yol getməklə paklandıqdan sonra, adətən onun ətrafından palçığa bulaşan tərəfləri də pak olur.

Məsələ 182: Əlləri və dizləri üzərində yeriyən şəxs, əl və ya dizləri nəcis olsa, onların yol getməklə pak olmaları işkallıdır. Həmçinin çəliyin, süni ayağın altı, heyvanların nalı, avtomobilin, faytonun təkərləri və buna bənzər şeylər də eyni hökmü daşıyır.

Məsələ 183: Yol getdikdən sonra, ayağın və ya ayaqqabının altında nəcasətin gözlə görünməyən zərrəciklərinin, yaxud iyinin və ya rənginin qalmasının eybi yoxdur. Amma ehtiyat-müstəhəb budur ki, bunların da qalmamaları üçün bir qədər yol getmək lazımdır.

Məsələ 184: Ayaqqabınin içi yol getməklə pak olmur. Corabın altının yol getməklə paklanması işkallıdır. Əgər corabın altı dəri və ya buna bənzər şeylərdəndirsə və onlarla yol getmək adətdirsə yol getməklə paklanar.

3 – GÜNƏŞ

Məsələ 185: Günəş beş şərtlə yeri, binanı və divarı pak edir:
1- Nəcis olan şey, başqa bir şeyin ona dəydiyi zaman yaşlığı ona təsir edəcək qədər yaş olmalıdır. Buna görə, əgər quru olarsa, günəşin onu qurutması üçün bir yolla onu islatmaq lazımdır.
2- Üzərində eyni nəcisdən bir şey qalmamalıdır.
3- Bir şey günəşin şüalarına mane olmamalıdır. Buna görə günəş pərdə, bulud və buna bənzər şeyin arxasından saçaraq nəcis olan şeyi qurudarsa, o şey pak olmaz. Amma, bulud günəşin saçmasına mane olmayacaq qədər zəif olsa, eybi yoxdur.
4- Nəcis şeyi günəş təklikdə qurutmalıdır. Əgər, nəcis şey günəş və küləyin vasitəsilə quruyarsa, pak olmaz. Amma əgər «külək nəcis şeyin qurumasına kömək etdi» deyilməyəcək qədər yüngül olarsa, eybi yoxdur.
5- Günəş, yer və binanın nəcasət təsir edən hissəsini bir dəfəyə qurutmalıdır. Əgər günəş birinci dəfə nəcis yer və binanın üzərini və ikinci dəfə də altını qurudarsa, yalnız onların üzü pak olur. Altı isə nəcis qalır.

Məsələ 186: Günəş nəcis həsiri pak edər, lakin həsir iplə toxunmuşdursa, onun iplərini pak etmir. Həmçinin, ağacın, bitkinin, qapı və pəncərənin günəşlə pak olması işkallıdır.

Məsələ 187: Günəş nəcis bir yerə saçdıqdan sonra, əgər insan, günəş saçdığı anda o yerin yaş olub-olmamasında və ya yaşlığının günəş vasitəsi ilə quruyub-qurumamasında şəkk edərsə, o yer nəcisdir. Həmçinin o yerdən eyni nəcisin aradan aparılıb-aparılmamasında və ya günəşin şüalarına bir şeyin maneə olub-olmamasında şəkk edərsə, işkallıdır.

Məsələ 188: Əgər günəş, nəcis divarın bir tərəfinə saçarsa və bunun nəticəsində, divarın günəşin saçmadığı digər tərəfi də quruyarsa, hər iki tərəfin də pak olması qeyri mümkün sayılmaz. Amma əgər bir gün yerin və divarın üzünü sonrakı gün isə içini qurutsa, təkcə zahiri pak olar.

4 – İSTİHALƏ( BİR HALDAN BAŞQA HALA KEÇMƏK )

Məsələ 189: Əgər nəcis olan bir şeyin cinsi dəyişərək pak bir şeyin şəklini alırsa, pak olur. Məsələn, nəcis ağacın yanıb kül olması və ya itin duzlağa düşüb duza çevrilməsi kimi, amma əgər nəcis şeyin cinsi dəyişməzsə məsələn: nəcis buğdadan un hazırlanması və ya çörək bişirilməsi kimi, pak olmaz.

Məsələ 190: Nəcis palçıqdan hazırlanan kuzə və buna bənzər şeylər nəcisdir. Amma nəcis odundan əldə edilən kömür, əvvəlki xüsusiyyətlərindən heç biri onda olmazsa, pakdır. Əgər nəcis palçıq odun tə’sirindən saxsıya və ya kərpicə çevrilərsə, ehtiyat-vacibə görə nəcisdir.

Məsələ 191: İstihalə olub-olmaması məlum olmayan nəcis şey, öz nəcisliyində qalır.

5 – İNQİLAB

Məsələ 192: Şərab, öz-özünə və ya içinə sirkə və duz kimi şeyin qatılması səbəbi ilə çevrilib sirkəyə çevrilsə, pak olar.

Məsələ 193: Nəcis üzüm və bu kimi şeylərdən hazırlanan şərab, və ya bir nəcisin dəydiyi şərab, dəyişib sirkə olsa pak olmaz.

Məsələ 194: Nəcis xurma, kişmiş və üzümdən hazırlanan sirkə nəcisdir.

Məsələ 195: Əgər üzümün və xurmanın çör-çöpü onların içində olsa və eləcə sirkə tökülsə zərəri yoxdur. Həmçinin, onların içinə sirkə olmazdan qabaq xiyar, badımcan və bunlara bənzər şeyləri də tökərlərsə, sirkə olmazdan qabaq sərxoş edici olmadığı təqdirdə, eybi yoxdur.

Məsələ 196: Üzüm suyu odda və ya özü-özünə qaynayarsa, haram olar. Amma əgər qaynayaraq üçdə ikisi getsə və üçdə biri qalsa, halal olur. Əgər sərxoş edici olduğu sabit olsa bəzi fəqihlər deyiblər ki, öz-özünə qaynayıbsa, yalnız sirkə olmaqla halal olur. 110-cu məsələdə üzüm suyunun qaynamaqla nəcis olmadığına dair hökm qeyd edildi.

Məsələ 197: Qaynamadan üçdə ikisi azalan üzüm suyunun qalan hissəsi qaynayarsa, əgər ona camaat arasında şirə deyil, üzüm suyu deyilirsə, ehtiyat-lazım əsasən haramdır.

Məsələ 198: Qaynayıb-qaynamadığı bilinməyən üzüm suyu halaldır, amma əgər qaynayarsa, insan, onun qaynayaraq üçdə ikisinin azaldığını yəqin etməyincə halal olmaz.

Məsələ 199: Əgər, bir salxım yetişməmiş üzümdə (qorada) bir neçə yetişmiş üzüm dənəsi tapılırsa, ondan alınan suya üzüm suyu deyilmirsə, qaynadığı təqdirdə yeyilməsi halaldır.

Məsələ 200: Əgər odda qaynamaqda olan bir şeyin içərisinə bir üzüm dənəsi düşərsə və qaynadığı halda yox olmazsa, ehtiyat-vacibə görə yalnız o üzüm dənəsini yemək haramdır.

Məsələ 201: Bir-birindən ayrı olan bir neçə qazanda şirə qaynadarkən, qaynamış qazanın qarışdırıldığı kəfkir ilə qaynamamış qazanın qarışdırılması icazəlidir.

Məsələ 202: Qora, və ya üzüm olduğu bilinməyən bir şey qaynayarsa, halaldır.

6 – İNTİQAL( BİR YERDƏN BAŞQA YERƏ NƏQL OLUNMA )

Məsələ 203: Əgər ürfə görə qanı olmayan bir heyvan insanın, yaxud sıçrayan qanı olan bir heyvanın qanını, ağcaqanadın insan və ya heyvanın bədənindən sorduğu kimi, öz bədəninə sorarsa və o heyvanın bədənində həzm olunma ərəfəsində olarsa, o qan pak olur və buna intiqal deyilir. Amma müalicə üçün, zəlinin insandan sorduğu qan, onun bədəninin bir hissəsi sayılması məlum olmadığından nəcisdir.

Məsələ 204: Əgər insan, bədəninə qonan ağcaqanadı öldürsə və ağcaqanadın ondan çəkdiyi qan xaricə çıxarsa, o qan pakdır. Çünki, o qan ağcaqanadın qidası olmaq ərəfəsində idi. Baxmayaraq ki, qanın sorulması və ağcaqanadın öldürülməsi arasındakı zaman fasiləsi çox az idi, amma ehtiyat-müstəhəb budur ki, o qandan çəkinilsin.

7 – İSLAM

Məsələ 205: Əgər kafir olan bir adam kəlmeyi-şəhadəti (Əşhədü ən la ilahə illəllah və əşhədü ənnə Mühəmmədən Rəsulullah) deyərsə, yəni Allahın yeganəliyinə və Xatəmül-Ənbiya Həzrət Muhəmməd ibn Əbdullahın (səlləllahu ələyhi və alihi və səlləm) nübüvvətinə şəhadət versə, hansı dil ilə söyləyərsə söyləsin, müsəlman olur. Onun qabaqcadan hər nə qədər nəcis, olmasına hökm edilirdisə də, müsəlman olduqdan sonra, artıq onun bədəni, ağızının və burnunun suyu və təri pak olar. Amma əgər, müsəlman olduğu zaman, onun bədənində eyni nəcis olarsa, onu aradan qaldırıb, yerini pak etməsi lazımdır. Hətta bədənində olan eyni nəcis, müsəlman olmazdan qabaq aradan aparılmışsa belə, ehtiyat-vacibə əsasən onun yerini su ilə yumalıdır.

Məsələ 206: Əgər, kafir olduğu zamanda paltarı yaş halda bədəninə dəymişdirsə, istər müsəlman olduğu zaman o paltar üzərində olsun və ya olmasın, ehtiyat-vacibə əsasən o paltardan çəkinməlidir.

Məsələ 207: Əgər kafir kəlmeyi-şəhadəti deyərsə və insan onun qəlbən müsəlman olub-olmadığını bilməzsə pakdır. Hətta qəlbən müsəlman olmadığını bildiyi halda, ondan söylədiyi kəlmeyi-şəhadətə zidd bir hərəkət görünməzsə hökm eynidir.

8 – TƏBƏİYYƏT

Məsələ 208: Təbəiyyət odur ki, nəcis bir şey, başqa nəcis şeyin pak olması vasitəsi ilə paklansın.

Məsələ 209: Şərab sirkə olsa, şərabın qabı da qaynadığı halda yetişdiyi yerə qədər pak olur. Onun üzərinə adi qaydada qoyulan bez parçası və başqa bir şey də onun vasitəsi ilə nəcis olmuşsa, o da pak olur. Amma qabın zahirinə şərab dəymişsə, şərabın sirkə olmasından sonra, ehtiyat-vacibə əsasən ondan çəkinmək lazımdır.

Məsələ 210: İki yerdə kafirin uşağı təbəiyyət yolu ilə pak olur:
1- Bir kafir müsəlman olarsa, onun uşağı da paklıqda ona tabedir. Həmçinin əgər kafir uşağın anası, ya baba və ya nənəsi müsəlman olarsa, uşaq da pak olar. Amma bu təqdirdə, uşağın yeni müsəlmanın yanında və onun kəfaləti altında olması və ondan uşağa daha yaxın olan bir kafir yanında olmaması lazımdır.
2- Kafir bir uşaq, bir müsəlmana əsir düşsə, onun yanında atası və ya babalarından biri yoxdursa pak olur. Amma bu halda uşağın təbəiyyət yolu ilə pak olması üçün, uşaq ağlıkəsəndirsə, kafir olduğunu izhar etməməlidir.

Məsələ 211: Üzərində meyyit yuyulan taxta və ya daş, meyyitin övrət yerinə örtülən parça və meyyitə qüsl verənin əli, meyyitlə yuyulan hər bir şey meyyitin qüslü sona çatdıqdan sonra pak olur.

Məsələ 212: Əgər bir şəxs əli ilə bir şeyi yuyarsa, o şey pak olduqdan sonra onunla birlikdə yuyulan əli də pak olur.

Məsələ 213: Paltar və buna bənzər şeylər az su ilə yuyulsa, normal həddə sıxılıb onun yuyulduğu suyu çıxardıqdan sonra, o libasda qalan su pakdır.

Məsələ 214: Az su ilə yuyulan nəcis qabın paklanması üçün onun üzərinə tökülən suyun ayrılmasından sonra, onun üzərində qalan su damlaları pakdır.

9 – NƏCASƏTİN ARADAN GETMƏSİ

Məsələ 215: Əgər bir heyvanın bədəninə qan kimi eyni nəcis və ya nəcis olan su kimi mütənəccis bulaşsa, onlar aradan getdikdən sonra, o heyvanın bədəni pak olur. İnsanın ağız, burun və qulağın içi kimi bədəninin batini də eyni hökmdədir. Yəni kənardan gələn bir nəcasət vasitəsi ilə nəcis olur və onun aradan getməsi ilə də pak olur. Dişlərin arasından gələn qan kimi, bədənin batin hissəsinə aid bir nəcasət bədənin batin hissəsinin nəcis olmasına səbəb olmaz. Həmçinin kənardan bir şey bədənin batinindəki (daxili) nəcasəta dəyərsə nəcis olmaz. Buna görə də ağızda olan taxma dişə, digər dişin arasından gələn qan dəyərsə, onu su ilə yumaq lazım deyil, amma əgər nəcis bir yeməyə dəyərsə, onu yumaq lazımdır.

Məsələ 216: Əgər ağızın içinin qanı dişlərin arasında qalan yemək qalıqlarına dəyərsə, onu nəcis etməz.

Məsələ 217: Göz qapaqlarının və dodaqların bağlandığı zaman bir-birinin üzərinə gələn miqdarı, bədənin batin hissəsi hökmündədir. Buna görə onlara kənardan bir nəcis dəyərsə, onu yumaq lazım deyil. Amma əgər bədənin daxili və ya xarici hissəsindən olduğunu bilmədiyi bir yerinə, xaricdən bir nəcis dəyərsə, yumaq lazımdır.

Məsələ 218: Əgər nəcis toz və ya torpaq quru libas, xalça və buna bənzər şeylərə qonsa silkələdikdə ondan yəqin olunan miqdarda toz və torpaq tökülürsə, o pakdır və yumaq lazım deyil.

10 – NƏCASƏT YEYƏN HEYVANIN İSTİBRASI

Məsələ 219: İnsan nəcasətini yeməyə adət etmiş heyvanın bövl və ğaiti nəcisdir. Onu pak etmək üçün istibra etmək lazımdır. Yəni nəcasət yeyən heyvan deyilməyəcək qədər bir müddət, onu nəcasət yeməkdən saxlamalı və ona pak yemək verilməlidir. Bu müddətdən sonra ona bir daha nəcasət yeyən deyilməsə də, ehtiyat-müstəhəb budur ki, nəcasət yeyən dəvəni qırx, inəyi iyirmi, qoyunu on, qaz və ördəyi yeddi və ya beş, toyuğu üç gün nəcasət yeməkdən saxlasınlar.

11 – MÜSƏLMANIN QAİB OLMASI

Məsələ 220: Əgər baliğ və ya təharət və nəcasəti ağlıkəsən bir müsəlmanın bədəni, libası və ya xalça, qab və s. kimi, istifadə etdiyi bir şeyi nəcis olsa və o müsəlman bir müddət gözdən qeyb olsa, insan o müsəlmanın onu yuduğuna ağılı kəsən bir ehtimal versə pak olar.

Məsələ 221: Əgər insanın özü, nəcis olan bir şeyin pak olduğuna yəqin etsə və ya xatircəm olarsa və yaxud iki adil şəxs şəhadət verərsə və onların şəhadəti pak olmasını göstərərsə, o şey pakdır. Məsələn bövl ilə nəcis olmuş paltarı iki dəfə yumasına şəhadət versələr. Həmçinin, əgər yalançılıqda ittiham edilməyən bir şəxs, öz ixtiyarında olan nəcis bir şeyin pak olduğunu söyləyərsə və ya bir müsəlman nəcis olan bir şeyi paklamaq məqsədi ilə yuyarsa onun düzgün şəkildə suya çəkib-çəkməməsi bilinməsə də, o şey pakdır.

Məsələ 222: İnsanın libasını yumağı öz boynuna götürən (bu işə vəkil olan) bir şəxs, onu yuduğunu söyləyərsə və onun sözündən insana xatircəmlik gələrsə, o libas pakdır.

Məsələ 223: Əgər insanda, nəcis bir şeyi yuyarkən onun pak edildiyinə yəqin etmədiyi bir hal vəsvaslıq halı varsa, camaatın yuduğu normal şəkildə yuyarsa kifayət edər.

12 – QANIN ADİ ŞƏKİLDƏ AXMASI

Məsələ 224: 94-cü məsələdə açıqlandığı şəkildə, şəri üsullarla başı kəsilən heyvanın qanı normal miqdarda axdıqdan sonra, onun bədənində qalan qan pakdır.

Məsələ 225: Keçən məsələdə qeyd olunan hökm ehtiyat-vacibə əsasən əti halal olan heyvanlara məxsusdur və əti haram heyvanlara aid deyil.

Paylaş:
Baxış sayı: 10736

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.