Namazda bədənin örtülməsi

Namazda bədənin örtülməsi

Məsələ 775: Kişi gərək namaz halında, hətta əgər bir şəxs onu görməsə də, övrəteynini örtsün. Daha yaxşı olar ki, göbəkdən dizlərə qədər örtsün.

Məsələ 776: Qadın gərək namaz halında bədənini tamamilə, hətta başını və saçını örtsün. Ehtiyat-vacib budur ki, bədənini özündən də örtsün. Belə ki, əgər çadraya bürünsə, amma özü öz bədənini görsə, işkallıdır. Amma üzünü, əllərini biləyə kimi və ayaqlarını topuğuna kimi örtməsi lazım deyildir. Amma vacib olan miqdarın örtüldüyünə yəqin etməsi üçün, gərək üzün ətrafının bir qədərini və biləkdən bir qədər aşağını da örtsün.

Məsələ 777: İnsan unudulmuş səcdənin və ya unudulmuş təşəhhüdün qəzasını yerinə yetirirsə, gərək özünü namaz vaxtı olduğu kimi örtsün. Ehtiyat-müstəhəb budur ki, səcdeyi-səhvi yerinə yetirərkən də özünü örtsün.

Məsələ 778: Əgər insan qəsdən namazda övrətini örtməsə, namazı batildir, əgər məsələni bilməmək üzündən örtməsə, belə ki, əgər onun bilməməzliyi məsələni öyrənməkdə səhlənkarlığa görə olubsa, ehtiyat-vacibə görə gərək namazını yenidən qılsın.

Məsələ 779: Əgər insan, namazda ikən övrət yerinin açıq olduğunu anlayarsa, onu örtməlidir. Bu namazı yenidən qılması da lazım deyil. Amma ehtiyat-vacibə əsasən, övrət yerinin açıq olduğunu bildiyi halda, namazdan bir şey yerinə yetirməməlidir. Amma əgər namazdan sonra, namaz halında ikən övrət yerinin açıq olduğunu anlayarsa, namazı səhihdir.

Məsələ 780: Əgər ayaq üstə duran halda paltarı övrətini örtsə, amma başqa hallarda, məsələn, rüku və səcdə halında örtməsə, belə ki, övrəti açıq olan vaxtda bir vəsilə ilə onu örtsə, onun namazı səhihdir. Amma ehtiyat-müstəhəbb budur ki, o paltarla namaz qılmasın.

Məsələ 781: İnsan namaz üçün özünü ot və ağac yarpağı ilə örtə bilər. Amma ehtiyat-müstəhəb budur ki, libası olmadıqda özünü bunlarla örtsün.

Məsələ 782: İnsan çarəsiz qalıb, öz övrət yerini örtməyə bir şey tapmasa, övrətinin dərisi bəlli olmamaq üçün ona palçıq və palçığa bənzər şey sürtərək örtə bilər.

Məsələ 783: Əgər şəxsin namazda özünü örtəcək bir şeyi yoxdursa, onu tapmaqdan ümidi kəsilməmişsə, ehtiyat-vacib budur ki, namazını vaxtın axırına qədər təxirə salsın. Bu halda əgər bir şey tapmazsa, vaxtın sonunda namazını vəzifəsinə uyğun olaraq qıla bilər. Amma əgər tapacağından ümidini kəsibsə namazını vaxtın əvvəlində vəzifəsinə uyğun qıla bilər. Əgər bu halda namazı vaxtın əvvəlində qılsa və ondan sonra üzrü aradan qalxsa, yenidən qılması lazım deyil.

Məsələ 784: Namaz qılmaq istəyən şəxs əgər özünü örtmək üçün hətta ağac yarpağı, ot, palçıq və lığ belə tapmasa və vaxtın sonuna qədər özünü örtəcək bir şey tapacağından ümid kəsmiş olsa, əgər ağlı kəsən bir şəxsin onu görməyəcəyindən əmindirsə, ayaqüstə, adi şəkildə rüku və səcdələrlə namaz qıla bilər. Amma əgər ağlı kəsən bir şəxsin onu görəcəyinə ehtimal verirsə, övrəti açıq olmayacaq bir şəkildə məsələn, oturan halda namaz qılması gərəkdir. Əgər özünü ağlı kəsən bir kəsin nəzərindən saxlamaq üçün ayaq üstə durmağa, rüku və səcdəni tərk etməyə məcbur olsa, yəni hər üç halda onu görəcəklərsə, oturub rüku və səcdəni işarə ilə yerinə yetirər. Əgər bu üç şeydən yalnız birini tərk etməyə məcburdursa, elə təkcə onu tərk etməlidir. Deməli əgər ayaq üstə dayana bilsə rüku və səcdəni işarə ilə yerinə yetirməlidir. Əgər ayaq üstə dayanmaq (ovrətin) görünməsinə səbəb olsa, oturub rüku və səcdəni yerinə yetirməlidir. Bu surətdə ehtiyat-müstəhəb budur ki, həm bu cür oturub namaz qılsın, həm də ayaq üstə rüku və səcdəni işarə etməklə qılsın. Ehtiyat-lazıma əsasən, lüt olan şəxs namaz halında övrətini əzalarının bəzisi ilə örtməlidir. Məsələn, oturduğu zaman budları ilə, ayaq üstə ikən əlləri ilə onu örtə bilər.

Paylaş:
Baxış sayı: 11175

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

eight + eight =