Namaz üçün əcir tutmaq

Namaz üçün əcir tutmaq

Məsələ 1513: İnsan öləndən sonra, onun sağlığında yerinə yetirmədiyi namaz və başqa ibadətlər üçün başqasını əcir tutmaq olar. Əgər bir kəs muzd almadan özü onları yerinə yetirsə, səhihdir.

Məsələ 1514: İnsan bəzi müstəhəbb işlər üçün məsələn; Həcc, Ümrə, Peyğəmbər və imamların (ələyhimus-səlam) qəbirlərini ziyarət etmək üçün diri adamlar tərəfindən əcir ola bilər. Habelə müstəhəbb iş görüb onun savabını dirilərə və ölülərə hədiyyə edə bilər.

Məsələ 1515: Meyyitin qəza namazları üçün əcir olunmuş şəxs, gərək müctəhid olsun və ya namazı təqlid edilməsi səhih olan müctəhidin fətvasına uyğun olaraq yerinə yetirsin, yaxud ehtiyatın əsaslarını kamil bilərsə ehtiyata əməl etsin.

Məsələ 1516: Əcir tutulan şəxs, gərək niyyət etdiyi vaxt, meyyiti müəyyən etsin. Meyyitin adını bilməsi lazım deyil. Əgər “məni əcir edən şəxs tərəfindən namaz qılıram” deyə niyyət etsə, kifayətdir.

Məsələ 1517: Əcir gərək meyyitin öhdəsində olanı, onun tərəfdən yerinə yetirməyini niyyət etsin. Əgər bir əməli yerinə yetirib savabını meyyitə hədiyyə etsə, kifayət deyil.

Məsələ 1518: Əməli yerinə yetirəcəyinə əmin olduqları və səhih yerinə yetirməsinə ehtimal verdikləri bir şəxsi əcir tutmalıdırlar.

Məsələ 1519: Meyyitin namazları üçün əcir tutmuş olduqları şəxsin onları yerinə yetirmədiyini və ya batil yerinə yetirdiyini anlayarlarsa, gərək ikinci dəfə əcir tutsunlar.

Məsələ 1520: Əgər əcrin əməlləri yerinə yetirib-yetirmədiyində şəkk edərsə, əcir əməlini yerinə yetirdiyini etiraf etsə belə, onun sözünə xatircəmliyi olmazsa, gərək yenidən əcir tutsunlar. Amma əgər onun əməlinin düzgün olub-olmadığında şəkk edərsə, düzgün olduğunu qəbul edə bilər.

Məsələ 1521: Üzrü olub, məsələn; təyəmmümlə və ya oturaq halda namaz qılan bir şəxs, meyyitin namazları da bu cür qəza olmuş olsa belə, ehtiyata əsasən mütləq şəkildə meyyitin namazlarını qəza etmək üçün əcir tutula bilməz. Amma cəbirə dəstəmaz və ya qüsl ilə namaz qılan şəxsin əcir tutulmasının eybi yoxdur. Əli, ya ayağı kəsilmiş olan şəxsin əcir tutulması da belədir.

Məsələ 1522: Qadın kişi üçün, kişi də qadın üçün əcir ola bilər. Namazı ucadan, yaxud astadan qılmaqda isə, əcir olan şəxs öz vəzifəsinə əməl etməlidir.

Məsələ 1523: Bir günün zöhr ilə əsr və məğrib ilə işa namazları kimi, tərtiblə qılınması lazım olan namazlardan başqa, meyyitin namazlarının tərtiblə qəza edilməsi lazım deyil. Amma əgər onu əcir etsələr ki, meyyitin mərcəsinin fətvasına uyğun, ya vəlisinin dediyi kimi yerinə yetirsin, əgər o mərcə tərtibi lazım bilərsə, gərək tərtibə riayət etsin.

Məsələ 1524: Əgər əcir olan ilə, əməli xüsusi bir şəkildə yerinə yetirməsini şərt etsələr, o şəkildə yerinə yetirməlidir. Amma əgər həmin şəkildə edilən əməlin batil olmasına yəqinləri olsa, bu istisnadır. Əgər şərt etməmişlərsə, o əməldə öz təklifinə görə əməl etməlidir. Amma özünün və ya meyyitin vəzifəsindən hansı biri ehtiyata daha uyğundursa, ona görə əməl etməsi ehtiyat-müstəhəbdir. Məsələn; meyyitin vəzifəsi təsbihati ərbəəni üç dəfə oxumaq olduğu halda, öz vəzifəsi yalnız bir dəfə oxumaq olarsa, üç dəfə oxuyar.

Məsələ 1525: Əgər əcir tutulan şəxs ilə müstəhəb əməllərin nə qədər yerinə yetirəcəyi barədə şərt etməsələr, onun müstəhəbbatını adi qaydada olduğu qədər yerinə yetirməlidir.

Məsələ 1526: Əgər insan bir neçə nəfəri meyyitin qəza namazı üçün əcir tutsa, 1523-cü məsələdə deyilənlərə əsasən onların hər biri üçün bir vaxt müəyyən etməsi lazım deyil.

Məsələ 1527: Əgər bir şəxs məsələn; bir il müddətində meyyitin namazlarını qılmağa əcir olsa və həmin müddət tamamlanmadan ölərsə, onun yerinə yetirmədiyi məlum olan namazlar üçün gərək başqasını əcir tutsunlar. Ehtiyat-vacib budur ki, yerinə yetirmədiyinə ehtimal verdikləri üçün də əcir tutsunlar.

Məsələ 1528: Bir meyyitin namazları üçün əcir tutulan şəxs onların hamısının zəhmət haqqını alsa və namazları qılıb qurtarmamış ölərsə, bütün namazları özü qılmasını şərt etmişdirlərsə, qılınmayan namazların qarşılığını ala bilərlər və ya icarəni pozub və məbləğın qalanını qaytara bilərlər. Əgər bütün namazları özü qılmasını şərt etməmişdirlərsə, vərəsələri gərək onun malından əcir tutsunlar. Amma əgər meyyitin malı olmasa vərəsələrə bir şey vacib deyil.

Məsələ 1529: Əgər əcir, meyyitin namazları qılıb qurtarmamış ölərsə, özünün də qəza namazı olsa, əvvəlki məsələdə deyilən göstərişə əməl etdikdən sonra, əgər meyyitin malı artıq olsa, belə ki, vəsiyyət etmiş olsa və vərəsələr icazə versə onun bütün namazları üçün əcir tutmaları gərəkdir. Əgər icazə verməsələr, onun üçdə birini namazına sərf etməlidirlər.

Paylaş:
Baxış sayı: 9838

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

four + eleven =