Nəcasətin təsbit edilməsi üsulları

Nəcasətin təsbit edilməsi üsulları

Məsələ 132. İstənilən şeyin nəcis olması üç üsulla təsbit edilə bilər:
1) İnsanın özünün bu və ya digər bir şeyin nəcis olduğuna dair yəqinlik, yaxud məntiqli üsulla arxayınlıq hasil etməsi. Əgər bir şeyin nəcis olduğunu güman edirsə, həmin şeyə nəcis hökmü şamil olmur. Beləliklə, laqeyd insanların da yemək yediyi ictimai yerlərdə, restoran və mehmanxanalarda əgər insan onun üçün gətirilən yeməyin nəcis olduğuna əmin deyilsə, orada qidalanmasının işkalı yoxdur (ehtiyat tələb etmir).
2) Bir əşyanın ixtiyarında olduğu (və nəcasət və paklıq məsələsinə riayət etməməkdə ittiham edilməyən) şəxsin həmin əşyanın nəcis olduğunu söyləməsi, məsələn, insanın həyat yoldaşının, yaxud qulluqçusunun istifadəsində olan qab-qacağın və ya başqa bir əşyanın nəcis olduğunu söyləməsi.
3) İki adil şəxsin nəcasətlənmə səbəbinə dair məlumat vermək, məsələn: “Filan əşyaya qan (yaxud sidik) dəymişdir”, – demək şərti ilə bir şeyin nəcis olduğunu söyləməsi. Bir şeyin nəcis olduğunu adil, yaxud etimad edilən bir şəxs xəbər verərsə və onun sözü arxayınlıq hasil etməzsə, vacib ehtiyat budur ki, insan həmin şeyə nəcis kimi yanaşsın.
Məsələ 133.İnsan məsələ ilə bağlı məlumatsızlıq nəticəsində bir şeyin nəcis, yoxsa pak olduğunu, məsələn, siçanın ifrazatının pak olub-olmadığını bilmirsə, məsələni soruşmalı (öyrənməli), ya da ehtiyat edərək ona nəcis kimi yanaşmalıdır. Ancaq məsələni bildiyi halda bir şeyin pak olub-olmadığı xüsusunda şəkkə düşərsə, məsələn, həmin şeyin qan olub-olmadığına şəkk edərsə, yaxud ağcaqanadın, yoxsa insanın qanı olduğunu bilməzsə, həmin şey pakdır və onu araşdırmaq, yaxud soruşmaq lazım deyildir.
Məsələ 134. İnsanın paklanıb-paklanmadığına şəkk etdiyi nəcis bir şey nəcisdir. Əgər insan pak bir şeyin nəcasətlənib-nəcasətlənmədiyinə şəkk edərsə, həmin şey pakdır və həmin şeyin nəcis, yaxud pak olmasını başa düşməsi mümkün olsa belə, araşdırmasına gərək yoxdur.
Məsələ 135. İnsan hər birindən istifadə etdiyi iki qabın, yaxud iki paltarın nəcasətləndiyini bilirsə, lakin hansının nəcisə bulaşdığını bilmirsə, hər ikisindən ehtiyat etməlidir. Lakin əgər, məsələn, öz paltarının, yoxsa onun ixtiyarında olmayan və başqasının malı olan paltarın nəcis olduğunu bilmirsə, öz paltarına pak paltar hökmü şamildir.

Pak şey necə nəcasətlənir?
Məsələ 136. Pak bir şey nəcis bir şeyə toxunarsa və onların ikisi də, yaxud ikisindən biri rütubəti digərinə sirayət edəcək qədər yaş olarsa, həmin pak şey də nəcasətlənir. Lakin əgər nəcasətdə vasitələr artarsa, nəcasət ötürülmür. Məsələn, əgərsağ əl sidiklə nəcasətləndiyi halda quruduqdan sonra yeni bir rütubətlə sol ələ toxunarsa, bu toxunuş sol əlin də nəcasətlənməsinə səbəb olur. Həmçinin, əgər sol əl quruduqdan sonra rütubətli halda bir əşyaya, məsələn, paltara toxunarsa, paltar da nəcasətlənir. Lakin həmin libas başqa bir əşyaya rütubətli halda toxunarsa, həmin əşyanın nəcasətləndiyinə hökm edilmir. Beləliklə, üçüncü vasitə nəcasətlənir, lakin dördüncü vasitəni nəcasətləndirmir.
İstənilən halda əgər rütubət bir əşyadan digərinə ötürülməyəcək qədər az olarsa, pak olan şey hətta bilavasitə özlüyündə nəcis olan şeyə toxunsa belə, nəcasətlənmir.
Məsələ 137. Pak bir şey nəcis bir şeyə toxunarsa və insan onların iksinin də, yaxud ikisindən birinin nəm olmasına və ya əgər nəm idisə, nəmliyinin digərinə sirayət edəcək qədər olub-olmamasına şəkk edərsə, həmin pak şey nəcasətlənmiş sayılmır.
Məsələ 138.İnsanın ikisindən birinin nəcis olduğunu bildiyi, lakin dəqiq olaraq hansının pak, hansının isə nəcis olduğunu bilmədiyi iki şeydən birinə pak olan başqa bir əşya sirayətedici rütubətlə toxunarsa, həmin şeyə nəcis hökmü şamil olmur. Lakin aşağıdakı iki hal kimi bəzi hallar istisnadır:
Birinci hal: Əvvəlki iki şeyin hər ikisi əvvəl nəcis idisə və onlardan biri (hansı olduğu məlum deyil) paklanarsa, bundan sonra pak bir şey (məsələn, insanın əli) onlardan birinə sirayətedici rütubətlə toxunarsa, bu halda əlin nəcis olduğuna hökm edilir.
İkinci hal: Pak bir şey (məsələn, sağ əl) həmin iki şeydən birinə,başqa pak bir şey (məsələn, sol əl) isə digərinə sirayət edici rütubətlə toxunarsa(1), bu halda sağ və sol əllərə də həmin əvvəlki iki şeylə bağlı hökm şamil olur.
Məsələ 139. Şirə, bal, yağ, tomat pastası və s. bənzər məmulatlar onların bir hissəsi qabdan götürüldükdə yeri boş qalmayacaq şəkildə axıcı olarsa, onların bir zərrəsinə nəcis bulaşdıqda bütünlüklə nəcasətlənmiş sayılırlar. Lakin əgər bu məmulatların üzərindən bir miqdar götürüldükdə götürülən hissənin yeri boş qalarsa, hərçənd sonradan dolsa da, yalnız nəcasətin toxunduğu yer nəcisdir. Beləliklə, əgər bu məmulatların içərisinə siçan ifrazatı düşərsə, ifrazat düşən hissə nəcis, qalan hissə isə pakdır.
Məsələ 140. Döşəmə, parça və buna bənzər şeylər sirayət edəcək qədər rütubətli olarsa, onların yalnız nəcasətin toxunduğu hissəsi nəcis olur, digər yerləri isə hərçənd nəcasətlənən yerə bitişik olsa da, pakdır və bu hökm xiyar, qovun və bənzər şeylərə də şamildir.
Məsələ 141.Milçək və ya ona bənzər bir heyvan öncə yaş halda olan nəcis bir şeyin, sonra yaş halda olan pak bir şeyin üstünə qonarsa, bu halda insan həmin heyvanın nəcasət götürdüyünü bildiyi təqdirdə pak şey nəcis olur, bilmədiyi təqdirdə isə pakdır.
Məsələ 142.Əgər insanın bütün bədəni, yaxud onun bir hissəsi tərlidirsə və onun hər hansı bir yeri nəcasətlənərsə, tər oradan başqa bir yerə axdığı təqdirdə tərin dəydiyi hər yer nəcasətlənir. Tər başqa bir yerə axmazsa, yaxud onun başqa bir yerə sirayət etməsi şübhəli olarsa, bədənin digər yerləri pakdır.
Məsələ 143. Burun, yaxud boğazdan gələn qatı ifrazatlar qanlı olarsa, onların qanlı olan hissəsi nəcis, yerdə qalanı isə pakdır. Beləliklə, əgər bu ifrazatlar ağız boşluğundan, yaxud burun dəliklərindən çölə çıxarsa, insanın ifrazatın nəcasətlənmiş hissəsinin dəydiyinə əmin olduğu yerlər nəcis, nəcasətlənmiş hissənin dəyib-dəymədiyinə şəkk etdiyi yerlər isə pakdır.
Məsələ 144.Dibində dəlik olan bir qab, məsələn, aftafa nəcasətlənmiş bir yerə qoyularsa, altından axan su dayandığı və altına yığılaraq aftafa suyu ilə eyni su sayıldığı təqdirdə aftafanın suyu nəcis olur, lakin aftafanın suyu bərk axdığı təqdirdə içində qalan su nəcis olmur.

Paylaş:
Baxış sayı: 9962

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

six + eleven =