Nəcasətin növləri

Nəcasətin növləri

Məsələ 95. Aşağıdakı on şey nəcasətdir:
1) idrar; 2) nəcis; 3) məni; 4) murdar; 5) qan; 6 və 7) it və donuz; 8) kafir; 9) şərab; 10) nəcis yeyən heyvanın təri.
1 və 2) İdrar və nəcis
Məsələ 96. İnsanın və sıçrayan qanı olan, yəni damarı kəsildikdə qanı sıçrayan bütün əti haram olan heyvanların sidik və nəcisi nəcasətdir. Buna əsasən, siçan, dovşan, pişik, yırtıcı heyvanların və bənzərlərinin ifrazatları nəcasətdir. Qanı sıçramayan əti haram olan heyvanların, məsələn əti haram olan balığın, həmçinin, əti olmayan ağcaqanad və milçək kimi kiçik heyvanların nəcis ifrazatı pakdır. Lakin,vacib ehtiyata əsasən, qanı sıçramayan əti haram olan heyvanların idrarına nəcis kimi yanaşmaq lazımdır.
Məsələ 97. Qarğa, qartal, yarasa və bu kimi yeyilməsi haram olan quşların idrar və nəcisi pakdır. Hərçənd daha yaxşı olar ki, onlar xüsusunda da ehtiyat edilsin.
Məsələ 98. İnsan nəcisi ilə qidalanmağa adət etmiş nəcisyeyən heyvanın, habelə donuz südü içən (qidalarla bağlı hökmlərdə izah ediləcək qaydada) çəpişin və eləcə də insanın cinsi əlaqədə olduğu heyvanın sidik və nəcisi də nəcasət sayılır.
3) Məni (sperma)
Məsələ 99. Kişinin və sıçrayan qanı olan istənilən əti haram olan erkək heyvanın mənisi nəcasətdir. Həmçinin, qadından şəhvani təhrik olunma nəticəsində ifraz olan və 444-cü məsələdə izah ediləcək qaydada onun cənabətlənməsinə səbəb olan maye məni hökmündədir. Vacib ehtiyata əsasən, qanı sıçrayıcı olan əti halal olan erkək heyvanların spermasınada nəcis kimi yanaşmaq lazımdır.

4) Murdar
Məsələ 100. İnsanın və təbii yolla tələf olmasından, yaxud şəriətdə müəyyən edilmiş qaydalara uyğun olmayaraq kəsilməsindən, öldürülməsindən asılı olmayaraq sıçrayan qanı olan hər bir heyvanın cəsədi, leşi nəcasət sayılır. Balıq sıçrayan qanı olmadığına görə suda ölsə də, pakdır.
Məsələ 101. Murdarın ruhu olmayan yunu, tükü,kürkü, sümüyü və dişi pakdır. Yalnız bədəni bütünlüklə nəcasət sayılan it, donuz və əhli-kitab olmayan kafir istisna təşkil edir.
Məsələ 102. İnsanın, yaxud sıçrayan qanı olan heyvanın bədənindən sağ ikən ət, yaxud ruhu olan başqa bir şey ayrılarsa, nəcisdir.
Məsələ 103. Dodaqların üzərindən, yaxud bədənin müxtəlif nahiyələrindən xırda dəri parçaları qoparılarsa, həmin ruhu olmadığı və asanlıqla qopduğu təqdirdə pakdır.
Məsələ 104.Ölü toyuğun qarnından çıxan yumurta qabığı bərkləşməmiş olsa da, pakdır, lakin üstünü yumaq lazımdır.
Məsələ 105. Quzu və çəpiş otla qidalanmağa başlamazdan əvvəl tələf olarsa, onların qursağındakı pendir mayası (qursaq mayası, yaxud rennin fermenti) pakdır. Lakin maye olduğu məlum olmazsa, ölmüş heyvanın bədəninə toxunan çöl tərəfini yumaq lazımdır.
Məsələ 106. Qeyri-müsəlman ölkələrindən idxal olunan müxtəlif növ dərman, ətir, bitki yağı, ayaqqabı mazı, sabun, parça və s. məhsullar onların nəcasətli olmasına dair yəqinlik hasil edilmədiyi təqdirdə pakdır.
Məsələ 107. Ət, yağ və dəri əgər şəriət qaydalarına uyğun olaraq kəsilməyən heyvandan əldə edilmişdirsə, nəcisdir və bu qəbildən olan dərilərdən hazırlanmış geyimlə qılınan namaz da doğru sayılmır. Lakin əgər ət, yağ və dərinin şəriət qaydalarına müvafiq surətdə kəsilən heyvandan olduğuna dair məntiqli ehtimal vardırsa, pakdır, həmin dəridən olan paltarla namaz qılmaq da caizdir və bu halda həmin ət, yağ və dəri məhsullarında islami kəsim qaydalarının tətbiqini bildirən nişanın olub-olmamasının heç bir fərqi yoxdur. Qeyd etmək lazımdır ki, bu qəbildən olan ət və yağın yeyilməsi, habelə halal kəsim nişanları ilə bağlı hökmlər “Qidalarla bağlı hökmlər” fəslində açıqlanacaqdır.

5) Qan
Məsələ 108.İnsandan və sıçrayan qanı olan (damarı kəsildikdə qanı sıçrayışla çıxan) hər bir heyvandan ifraz olan qan nəcasətdir. Buna əsasən, sıçrayıcı qanı olmayan balıq və ağcaqanad kimi heyvanların qanı pakdır.
Məsələ 109. Əti halal olan heyvan şəriətdə müəyyən edilmiş qaydada kəsilərsə və ondan adətən axan qədər qan axarsa, bədənində qalan qan içilməsi haram olsa da, pak sayılır. Lakin nəfəsalma nəticəsində qan heyvanın bədəninə geri qayıdarsa, yaxud heyvanın başı hündür yerdə olduğuna görə qan normal sayılan miqdarda axmazsa, həmin qan nəcisdir və müstəhəb ehtiyata əsasən, əti halal olan heyvanın bədəninin yeyilməsi haram olan yerlərində qalan qandan ehtiyat etmək lazımdır.
Həmçinin, əti halal olan vəhşi heyvan ov vasitələri ilə şəriətdə müəyyən edilmiş qaydada öldürülərsə, normal miqdarda qan axdıqdan sonraonun bədənində qalan qan pakdır.
Məsələ 110.Kəsilmiş heyvanın bədənində qalan qanın pak, yoxsa nəcis qan qismindən olduğuna dair şəkk yaranarsa, pak olduğuna hökm edilir. Yalnız heyvanın şəriətə uyğun kəsilməmiş olduğuna hökm edildiyi hallar, hərçənd bu hökm onun bədənindən adətən axan qədər qan axmaması ilə əlaqədar olsa da, istisna təşkil edir.
Məsələ 111. Yumurtanın içindəki qan nəcis deyil, lakin həmin qanın qəbulu haramdır. Beləliklə, içərisindəki qan zərrəsi götürülərsə, yumurtanın qalan hissəsinin yeyilməsinin eybi yoxdur. Hərçənd, müstəhəb ehtiyata əsasən, içərisində qan zərrəsi olan yumurta sarısını yeməkdən çəkinmək lazımdır.
Məsələ 112. Bəzi hallarda süd sağarkən müşahidə edilən qan nəcisdir və sağılmış südün miqdarı kür həcmində olan bir qab qədər olsa belə, onu nəcis edir.
Məsələ 113.Diş ətindən gələn qan ağız suyu ilə qarışması səbəbi ilə itirsə, ağız suyundan çəkinmək lazım deyil.
Məsələ 114. Əzilmə nəticəsində dırnağın, yaxud dərinin altında yığılan ölü qan hüceyrələrindən ibarət laxtalar artıq qan adlandırılmayacaq haldadırsa, pak, qan sayıldığı və üzə çıxdığı təqdirdə isə nəcisdir. Beəliklə, dırnaq, yaxud dəri qan bədənin zahiri hesab ediləcək şəkildə (üzə çıxacaq şəkildə) deşildiyi təqdirdə qanın çıxarılması və həmin yerin dəstəmaz almaq və ya qüsl etmək üçün yuyulması həddən ziyadə zərərli,yaxud əziyyətli deyilsə, çıxarılmalıdır. Həddən ziyadə zərərlidirsə, yaxud əziyyət verəcəksə, bədənin təyəmmüm yerlərindən başqa nahiyələrində olduğu təqdirdə təyəmmüm etmək kifayətdir, təyəmmüm yerlərində olduğu və əngəl sayıldığı təqdirdə isə həm təyəmmüm edilməli, həm də cəbirə dəstəmazı alınmalıdır. Bu məsələ cəbirə dəstəmazı mövzusunda izah ediləcəkdir.
Məsələ 115. İnsan dərisinin altındakı qan hüceyrələrinin öldüğünü, yoxsa ətinin əzilməsi nəticəsində bu vəziyyətə düşdüyünü bilmirsə, pakdır.
Məsələ 116. Yemək qaynayarkən içinə bir damcı qan düşərsə, bütün yemək və eləcə də qab nəcis olur və lazım ehtiyata əsasən, qaynama, hərarət və od pakedici deyildir.
Məsələ 117. Yara sağalarkən onun ətrafında meydana gələn irin qanlı olub-olmadığı məlum olmadığı təqdirdə pak sayılır.
Məsələ 118. Yara yuyulduqdan sonra, yaxud sağalarkən üzərində əmələ gələn qırmızı rəngli dəri qatı tərkibində qan olub-olmadığı məlum olmadığı təqdirdə pakdır.

6 və 7) İt və donuz
Məsələ 119. Quruda yaşayan it və donuz nəcisdir. Onların hətta tükü, sümüyü, pəncəsi, dırnağı, ağız suyu və digər rütubətləri də nəcisdir və bu hökmdə onların növləri arasında fərq yoxdur.

8) Kafir
Məsələ 120. Kafir:
a) Allahın varlığını, yaxud təkliyini qəbul etməyən;
b) yaxud “Xatəm əl-ənbiya”nın (Peyğəmbərlərin sonuncusu Həzrət Muhəmmədin (s) peyğəmbərliyini qəbul etməyən;
c) və ya peyğəmbərlərin sonuncusu olan Allahın ən əziz Elçisinin (s) təkzib edilməsinə gətirib çıxaracaq şəkildə dinin zərurətlərindən birini inkar edən şəxsdir və sonuncu halda sözügedən zərurətin namaz, oruc, zəkat və hicab kimi vacibatdan, şərab içmək, riba (sələmçilik) və qina (haram musiqi) kimi haram işlərdən və ya məad (ölümdən sonrakı həyata inam) və Peyğəmbərin (s) Əhli-beytinə (ə) sevgi kimi inanc məsələlərindən olmasının heç bir fərqi yoxdur.
Buna əsasən, hər hansı bir dini seçməyən, yaxud İslamdan başqa bir dini olan və ya İslam dinini seçən, ancaq uca Allah tərəfindən Peyğəmbərə (s) çatdırılan bəzi göstərişləri (Allahın elçisinin buyuruğu olduğunu bildiyi halda) inkar edən insan kafirdir.
Ancaq İslamı özünə din seçən, lakin müsəlman mühitindən uzaq olmaq, yaxud din əleyhinə şübhələrin təlqin edilməsi kimi səbəblərlə xüms və hicab kimi dinin bəzi əməli hökmlərini Peyğəmbəri (s) və onun buyuruğunu təkzib etmək niyyəti olmadan inkar edən insan hərçənd haqq yoldan sapmış olsa da, kafir deyil.
Kafirlər, ümumiyyətlə, iki qismə bölünür: kitabi (əhli-kitab) kafirlər, yəni yəhudilər, xristianlar, zərdüştilər və qeyri-kitabi (əhli-kitab olmayan) kafirlər, yəni yəhudi, xristian, yaxud zərdüşti olmayan kafirlər. Onların pak, yoxsa nəcis olması ilə əlaqədar hökm sonrakı məsələlərdə qeyd ediləcəkdir.
Məsələ 121. Əhli-kitab olmayan kafirin bütün bədəni, hətta tükü, dırnağı və bədənindən ifraz olan rütubətlər də nəcisdir. Ancaq əhli-kitab (yəhudilər, xristianlar və zərdüştilər) pakdır.
Qeyd etmək lazımdır ki, mürtədin, yəni İslamdan çıxan şəxsin pak, yoxsa nəcis olması ilə bağlı hökm onun daxil olduğu qrupa aid olan hökmdür. Beləliklə, əgər mürtəd şəxs kitabi kafir olarsa, pakdır, qeyri-kitabi kafir olduğu təqdirdə isə nəcis olur.
Məsələ 122. Həddi-büluğa çatmayan uşağın valideynləri, baba və nənəsi əhli-kitab olmayan kafirdirsə, həmin uşağın da bədəni nəcisdir. Lakin həddi-büluğa çatmayan uşaq yaxşı ilə pisi ayırd edə bilərsə və müsəlman olduğunu izhar edərsə, bu halda onun bədəni pakdır. Valideynlərindən üz çevirdiyi və müsəlmanlara rəğbət göstərdiyi, yaxud həqiqəti araşdırma mərhələsində olduğu təqdirdə də onun bədəninin nəcis olduğuna hökm etmək məhəll-i işkaldır, yəni vacib ehtiyata əsasən, belə olan halda ehtiyatın tələbinə riayət etmək lazımdır.
Uşağın valideynlərindən, baba və nənəsindən hər hansı biri müsəlman olarsa, uşaq (226-cı məsələdə izah ediləcək şəkildə) pak sayılır.
Məsələ 123. Müsəlman olub-olmadığı məlum olmayan və müsəlmanlığına dair bir əlamət də olmayan şəxs pakdır, lakin müsəlmanlığa dair digər hökmlər ona şamil olunmur. Məsələn, müsəlman qadın onunla evlənə bilməz və müsəlman qəbiristanlığında dəfn edilməməlidir. Əlbəttə, belə bir şəxs müsəlman ölkələrindən birində dünyasını dəyişərsə, zahirən müsəlmanla bağlı bütün hökmlər ona şamil olunur. Ancaq qeyri-müsəlman cəmiyyətlərində yaşayan, etiqadları və dinləri məlum olmayan, lakin məntiqli ehtimalla müsəlman və ya kitab əhli olan kafir olduqları güman edilən insanlar isə pakdır, lakin müsəlmanlarla bağlı hökmlər onlara şamil olunmur.
Məsələ 124.Qulat (qalilər), yəni imamlardan (ə) birini Allah adlandıran, yaxud Allahın onların vücudunda təcəlla etdiyini söyləyən şəxslər və nəvasib (nasibilər), yəni imamlara (ə) düşmən olduqlarını göstərənlər nəcisdirlər. Həmçinin, on dörd məsumdan (ə) birinin ünvanına ədavət səbəbi ilə söyüş sayılan nalayiq sözlər sərf edən şəxsin bədəni nəcisdir.
Xəvaricə (xaricilərə) gəlincə, onların bir qismi Əhli-beytə (ə) qarşı düşmən olduqlarını göstərirlər, nasibilərdən sayılırlar və nəcisdirlər, digər bir qisminin isə Əhli-beytlə (ə) düşmənçiliyi yoxdur, hərçənd xəvaricin fiqhi hökmlərinə tabe olduqlarına görə onlardan sayılsalar da, pakdırlar.

9) Şərab
Məsələ 125.Şərab nəcisdir. Digər məstedicilər isə nəcis deyil, ancaq onların istifadəsi istənilən halda haramdır. “Fuqqa” ilə bağlı hökm qarşıdakı məsələlərdə bəyan ediləcəkdir.
Məsələ 126. İstər texniki, istərsə tibbi spirtin bütün növləri pakdır. İstisna olaraq, bir spirt maddəsinin şərabın buxarlandırılması, yaxud distillə edilməsi üsulu ilə alındığı məlum olarsa, bu halda nəcisdir.
Məsələ 127. Üzüm suyu öz-özünə, yaxud bişirilməsi nəticəsində qaynayarsa, pakdır, ancaq içilməsi haramdır. Şəraba çevrildiyi halda isə içilməsi haram olmaqla yanaşı həm də nəcisdir. Həmçinin, qaynayan üzümün yeyilməsi, vacib ehtiyata əsasən, haramdır, lakin o nəcis deyil.
Məsələ 128. Xurma, üzüm qurusu, kişmiş və onların suyu nə qədər qaynasa da, pakdır və qəbulu halaldır. Lakin xurma, üzüm qurusu və kişmiş suyu qaynayarsa və məstedici olduğu məlum olarsa, onların içilməsi haram olsa da, nəcis deyil.
Məsələ 129. Adətən arpadan hazırlanan və yüngül dərəcəli sərxoşluğa səbəb olan fuqqa haramdır və vacib ehtiyata əsasən, həm də nəcisdir. Tibbi məqsədlər üçün arpadan hazırlanan, “mauşşəir” adlandırılan və heç bir vəchlə sərxoş etməyən arpa suyu isə pak və halaldır.

10) Nəcisyeyən heyvanın təri
Məsələ 130.İnsan nəcisi ilə qidalanmağa adət edən, nəcis yeganə qidası sayılan dəvənin təri nəcisdir. Həmçinin, vacib ehtiyata əsasən, bu qəbildən olan digər heyvanların da təri nəcisdir.
Məsələ 131. Haram yolla (məsələn, zina, yaxud masturbasiya nəticəsində) cənabətlənən şəxsin təri pakdır və belə tərlə qılınan namaz doğrudur. Hərçənd, müstəhəb ehtiyat budur ki, belə tərə bulaşmış bədən, yaxud libasla qurumayınca və tərin özü qaldığı müddət ərzində, namaz qılınmasın.

istinad: Seyyid Əli Sistaninin hökmləri

Paylaş:
Baxış sayı: 9438

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.