Lənət

Lənət

“Lənətin insana nisbətdə olan mənası budur ki, bir şəxs bir şəxsin və ya bir neçə şəxsin Allahın rəhmətindən uzaq olmasını Allahdan istəməsidir. Allaha nisbətdə olan mənası isə, Allahın bir şəxsi və bir neçə şəxsi axirətdə əzaba düçar etməsi, dünyada isə öz tovfiq və rəhmətindən uzaq salmasıdır”.
Qurani Kərimdə gəlmiş lənət ayələri
1: Bəqərə 88.
Onlar dedilər: “Qəlblərimiz qapalıdır!” Xeyr, Allah onları məhz küfrlərinə görə lənətləmişdir. Odur ki, onlar olduqca az inanırlar.
2: Bəqərə 89.
Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir Kitab (Quran) gəldikdə (onu inkar etdilər). Halbuki əvvəllər kafirlər üzərində qələbə diləyirdilər. Onlara tanıdıqları (peyğəmbər) gəldikdə isə onu inkar etdilər. Allah kafirlərə lənət etsin!
3: Bəqərə 159.
Kitabda insanlara bəyan etdiyimiz açıq-aydın dəlillər və doğru yol göstərən ayələr vəhy olunduqdan sonra onları gizli saxlayanlara həm Allah lənət edir, həm də lənət edə bilənlər lənət oxuyurlar!
4: Bəqərə 161.
Kafir olub kafir kimi də ölənlərə Allahın, mələklərin və bütün insanların lənəti olsun!
5: Ali-İmran 61.
Sənə bilik gəldikdən sonra kim səninlə (İsanın) barəsində mübahisə edərsə, de: “Gəlin oğullarımızı və oğullarınızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək”.
6: Ali-İmran 87.
Onların cəzası, şübhəsiz ki, Allahın, mələklərin və bütün insanların onları lənətləməsidir.
7: Nisa 46.
Yəhudilərdən bəziləri kəlmələrin yerini dəyişdirir, dillərini əyərək və dinə tənə vuraraq: “Eşitdik və asi olduq!”, “eşidilməyəni eşit!”, “bizə qayğı göstər!”– deyirlər. Əgər onlar: “Eşitdik və itaət etdik!”, “eşit!”, “bizə nəzər yetir!”– desəydilər, əlbəttə, onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin Allah küfrlərinə görə onları lənətlədi. Onlar olduqca az inanırlar (yaxud onların yalnız az bir hissəsi iman gətirir).
8: Nisa 47.
Ey Kitab verilmişlər! Üzləri sıyırıb (dümdüz edərək) arxalarına çevirməmişdən, yaxud şənbə əhlini lənətlədiyimiz kimi onları da lənətləməmişdən öncə yanınızda olanı təsdiqləyici (kimi) nazil etdiyimizə (Qurana) iman gətirin! Allahın əmri mütləq yerinə yetəcəkdir.
9: Nisa 52.
Onlar Allahın lənətlədiyi kəslərdir. Allah kimi lənətləyərsə, ona heç bir yardımçı tapmazsan.
10: Nisa 93.
Hər kəs qəsdən bir mömini öldürərsə, onun cəzası içərisində əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəblənər, onu lənətləyər və onun üçün böyük bir əzab hazırlayar.
11: Nisa 118.
Allah (şeytana) lənət etdi. O isə dedi: “Mən Sənin qullarından müəyyən bir qismini hökmən ələ alacağam.
12: Maidə 13.
(İsrail oğulları )verdikləri əhdi pozduqlarına görə Biz onları lənətlədik və qəlblərini sərtləşdirdik. Onlar (Kitabda olan) kəlmələrin yerlərini dəyişdirirlər. Onlar (özlərinə )öyrədilmiş şeylərin bir hissəsini unutdular. İçərilərindən az bir qismi istisna olmaqla, sən onlardan daim xəyanət görəcəksən. Onları əfv et və (təqsirlərindən) keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir.
13: Maidə 60.
De: “Allah yanında cəza etibarilə bundan daha pisini sizə xəbər verimmi? (Bu, )Allahın lənətlədiyi, ona qəzəbləndiyi, özlərini də meymunlara və donuzlara döndərdiyi şəxslər və tağuta ibadət edənlərdir. Onlar, (axirətdə) yeri daha pis olan və doğru yoldan daha çox azanlardır!”
14: Maidə 64.
Yəhudilər dedilər: “Allahın Əli bağlıdır!” Onların öz əlləri bağlandı və dedikləri sözə görə lənətə gəldilər. Əksinə, Onun hər iki Əli açıqdır və O, (Öz lütfündən) istədiyi kimi sərf edir. Əlbəttə, Rəbbindən sənə nazil edilən (Kitab) onlardan bir çoxunun azğınlığını və küfrünü artıracaqdır. Biz onların arasına Qiyamət gününə qədər ədavət və kin saldıq. Onlar hər dəfə müharibə alo-vunu yandırdıqda Allah onu söndürər. Onlar yer üzündə fitnəkarlıq törətməyə səy göstərirlər. Allah isə fitnəkarları sevmir!
15: Maidə 78.
İsrail oğullarından kafir olanlar həm Davudun, həm də Məryəm oğlu İsanın dili ilə lənətləndilər. Bu, onların asi olduqlarına və (Allahın qoyduğu) hədləri aşdıqlarına görə idi.
16: Əraf 44.
Cənnət əhli Od sakinlərini səsləyib deyəcəklər: “Biz Rəbbimizin bizə vəd etdiyini həqiqətən gördük. Siz də Rəbbimizin sizə vəd etdiyini gerçəkdən gördünüzmü?” Onlar: “Bəli!”– deyəcəklər. Bu zaman onların arasında bir carçı səsləyib deyəcəkdir: “Allahın lənəti olsun zalımlara!
17: Tövbə 68.
Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içərisində əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir. (Bu) onlara kifayət edər! Allah onlara lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır.
18: Hud 18.
Allaha qarşı yalan uyduran kəsdən daha zalım kim ola bilər? Onlar Rəbbinin hüzuruna gətiriləcək və şahidlər: “Bunlar Rəbbinə iftira yaxanlardır”– deyəcəklər. Allahın lənəti olsun zalımlara!
19: Hud 60.
Onları həm bu dünyada, həm də Qiyamət günündə lənət təqib edəcəkdir. Həqiqətən, Ad qövmü öz Rəbbini inkar etdi. Məhv olsun Hudun qövmü Ad!
20: Hud 99.
Onları həm burada, həm də Qiyamət günündə lənət təqib edəcəkdir. Onlara verilən pay nə pis paydır!
21: Rə`d 25.
Allahla əhd bağladıqdan sonra onu pozan, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri kəsən və yer üzündə fitnə-fəsad törədənlərə gəlincə, onlar üçün lənət və pis yurd vardır.
22: Hicr 35.
Haqq-hesab gününə qədər sənə lənət olacaqdır”.
23: Nur 7.
Beşinci dəfə isə: “Əgər yalan danışanlardandırsa, Allah ona lənət eləsin!” deməsidir.
24: Nur 23.
(Murdar əməldən) xəbəri olmayan ismətli mömin qadınları (zinada) günahlandıranlar dünyada və axirətdə lənətə düçar olarlar. Onları böyük bir əzab gözləyir.
25: Qəsəs 42.
Bu dünyada onları lənətə düçar etdik. Qiyamət günü isə onlar (Allahın rəhmətindən) qovulmuş kimsələrdən olacaqlar.
26: Əhzab 57.
Şübhə yoxdur ki, Allahı və Onun Elçisini incidənləri Allah həm bu dünyada, həm də Axirətdə lənətləmiş və onlara alçaldıcı bir əzab hazırlamışdır.
27: Əhzab 64.
Həqiqətən, Allah kafirləri lənətləmiş və onlar üçün (yaxıb-yandıran) od hazırlamışdır.
28: Əhzab 68.
Ey Rəbbimiz! Onları ikiqat əziyyətə sal və onları müdhiş bir lənətə məruz qoy!”
29: Sad 78.
Haqq-hesab gününə qədər lənətim sənin üzərində olacaqdır!”
30: Ğafir 52.
O gün zalımlara üzr diləmələri heç bir fayda verməyəcəkdir. Onları həm lənət, həm də pis yurd gözləyir.
31: Muhəmməd 23.
Onlar Allahın lənətlədiyi, qulaqlarını kar və gözlərini kor etdiyi kimsələrdir.
32: Fəth 6.
(Həm də ona görədir) ki, Allah Özü barəsində pis fikirdə olan münafiq kişi və münafiq qadınlara, müşrik kişi və müşrik qadınlara əzab versin. Onların pis niyyəti özlərini bəlaya salsın! Allahın onlara qəzəbi tutmuşdur. (Allah) onları lənətləmiş və onlar üçün Cəhənnəm hazırlamışdır. Ora nə pis dönüş yeridir.
Bu ayələrdə Allah tərəfindən lənətlənmiş şəxslər:
1: Kafirlər
2: Allahın aydın şəkildə nazil etdiyini inkar edənlər
3: Mübahilə günündə yalan danışanlar
4: Kəlimələrin yerini dəyişdirənlər, təhrif edənlər
5: Bilərəkdən qatil olanlar
6: Allahla əhdini sındıranlar
7: Cəhənnəm əhli
8: Münafiq kişi və münafiq qadınlar
9: Allaha yalandan iftira atanlar
10: Ğəflətdə olan ismətli mömin qadınları (zinada) günahlandıranlar
11: Allaha , Rəsuluna (s.ə.v.s) və Əhli-beytə (ə) əziyyət edənlər
12: Nasibilər
13: Zalımlar
14: Allah barəsində sui-zənn edənlər
Lənət barəsində bir neçə hədis:
1: Allah Rəsulu (s.ə.v.s) buyurur:
“Allahın lənəti olsun rüşvət verənə və rüşvət alana”.
? Mənbə: “Məcməul-faidə, cild 12, səh 49”.
2: İmam Baqir (ə) buyurur:
Allah Rəsulu (s.ə.v.s) xəmr (üzüm şərabı) barəsində on şəxsi lənətləmişdir: 1: Onu (üzümü) əkəni. 2: Qoruyanı. 3: Sıxanı. 4: İçəni. 5: Süzəni. 6: Daşıyanı. 7: Daşıtdıranı. 8: Satanı. 9: Alanı. 10: Ondan gələn qazancı yeyəni.
? Mənbə: “Vəsailuş-şiə, cild 12, səh 165”.
3: İmam Sadiq (ə) buyurur:
“Məl`undur, məl`undur, atasını və ya anasını vuran şəxs. Məl`undur, məl`undur, qohumlarla əlaqəni kəsən şəxs. Məl`undur, məl`undur, möminə küfr böhtanı atan şəxs. Məl`undur, məl`undur, Əli ibn Əbu Talibi incidən şəxs. Çünki Əlini (ə) incidən şəxs Allah Rəsulunu (s.ə.v.s) incitmişdir. Allah Rəsulunu (s.ə.v.s) incidən şəxsi isə Allah dünya və axirətdə lənətləmişdir”.
? Mənbə: “Vəsailuş-şiə, cild 16, səh 280”.
4: Allah Rəsulu (s.ə.v.s) buyurur:
“Hər kim elmi olmadan fətva verərsə, yerin və göyün mələkləri ona lənət deyər”.
? Mənbə: “Biharul-ənvar, cild 74, səh 146”.
➖➖➖➖➖➖➖➖➖➖
Quran və hədis kimi nəqli dəlillərdən gördük ki, lənət dindəndir və heç də haram bir əməl deyildir. Lənətin icazəli olmasına əqlimiz də hökm edir. Belə ki, əgər bir şəxs bir şəxsə zülm edərsə yaxud onun haqqını qəsb edərsə, bu halda həmin məzlumun və haqqı qəsb olunmuş şəxsin zalıma və ya qasibə lənət deməsi caizdir. Çünki, Qurani-Kərimdə zalımlər barəsində lənət gəlmişdir. Həmçinin ayədə gələn zalım kəlməsi də ümumidir. Məxsus bir zalıma şamil deyildir. Buna əsasən, hər kim Allah Rəsuluna (s.ə.v.s) əziyyət edərsə, istər müsəlman olsun, istər qeyri müsəlman, həmin şəxs lənətə mütəhəqdir. Yəni, Allah tərəfindən həm dünyada, həm də axirətdə lənətə düçar olacaqdır. Məsələn; tanıdığımız bir şəxs etdiyi bir hərəkət və ya bir sözlə Allah Rəsuluna (s.ə.v.s) əziyyət edərsə, Allahın ayəsinə söykənərək ona lənət deyə bilərik. Həm də ayələri diqqətlə oxusaq görərik ki, bir neçə ayədə “insanların lənəti”, “lənət edənlərin lənəti” və bu kimi kəlmələr gəlmişdir. Bu da bizlərə əsas verir ki, lənətləmək heç də Allaha məxsus deyil. Necə ki, Allah Rəsulu (s.ə.v.s) bəzi şəxlər var ki, onları özü lənətləmişdir.
Allah təbarəkə və təala Mücadilə surəsinin 22-ci ayəsində buyurur:
“Allaha və axirət gününə iman gətirən elə bir camaat tapa bilməzsən ki, onlar Allaha və Onun Elçisinə düşmən olanlarla (öz ataları, oğulları, qardaşları, qohum-əqrəbaları olsalar belə) dostluq etsinlər. Allah onların qəlbinə iman salmış və onları Öz tərəfindən bir ruhla dəstəkləmişdir. (Allah) onları (ağacları) altından çaylar axan Cənnət bağlarına daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər. Həqiqətən, məhz Allahın firqəsi nicat tapanlardır”.
Bu ayədə Allah öz Rəsuluna belə buyurur ki, mənə və axirət gününə iman gətirən kəs heç vaxt mənim və sənin düşmənini özünə dost tutmaz, hətta atası və oğlu olsa belə.
Allah Tövbə surəsinin 114-cü ayəsində belə buyurur:
“İbrahimin öz atası üçün bağışlanma diləməsi isə sadəcə ona verdiyi vədə görə idi. Atasının Allaha düşmən olduğu ona bəlli olduqdan sonra isə ondan uzaqlaşdı. Həqiqətən, İbrahim (Allaha) çox yalvaran həlim bir kimsə idi”.
Ayəyə diqqət etsək görərik ki, Allahın və Rəsulunun düşməniylə düşmənçilik etmək vacibdir və imanın bir hissəsidir. Bunu etməyən kəs isə mömin sayılmaz. Necə ki, İbrahim (ə) öz atasından belə uzaqlaşdı. Çünki o Allaha düşmən idi.
Bunu da bilirik ki, Allahın və Rəsulunun düşməni mütləq şəkildə lənətlikdir. Amma bir kəs hər hansı bir cəhətə görə belə bir şəxsə qarşı lənət etməkdən çəkinərsə, demək ki, o şəxsi lənətə layiq bilmir. Bu isə, Quran və hədislə müxalif olan bir əməldir. Çünki ayə və hədislərdə lənət deməyin icazəli olduğunu gördük.
➖➖➖➖➖➖➖➖➖
Vəssəlamu ələykum və rəhmətullah və bərəkatuh
✍? Müəllif: Hoccətulislam Kərbəlayi Cavid

Paylaş:
Baxış sayı: 12003

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.