İstihazə barəsində bir danışıq

İstihazə barəsində bir danışıq

İstihazə sözünü anamın dilindən eşidərkən, bu kəlmənin hərflərinin heyz kəlməsində olan hərflər tərkibindən olması, amma yeni bir şəkildə tələffüz edilməsi nəzərimi cəlb etdi. Ona görə də belə təsəvvür etdim ki, heyz kimi istihazə də müəyyən şəraitdə qadınlardan gələn, lakin heyz qanından az olan bir qandır.
Fatimə: İstihazə ancaq qadınlara məxsusdurmu?
Ana: Bəli.
Fatimə: Bu da qadından axan qandırmı?
Ana: Bəli, lakin…
Fatimə: Nə lakin?!
Ana: Lakin bu şərtlə ki, heyz, nifas, yara, cərahət və ya bakirəlik qanı olmasın.
Fatimə: Dediyiniz sözün mənası budur ki, qadından axan hər bir qan əgər heyz, nifas, yara, cərahət və ya bakirəlik qanı olmazsa, istihazə qanı sayılır?
Ana: Bəli.
Fatimə: Bunlar bir-birindən fərqli qanlardır?
Ana: Onlardan bəziləri qadının cavanlıq dövründə və hamiləliyə qadir olması səbəbinədir. Diqqət etmisənmi, qadın yaşa dolduqda onun heyz qanı da kəsilir və artıq hamilə olmur?!
Fatimə: Yara, cərahət və ya nifas qanı gəldikdə adətən tanınır, lakin bir qadın gördüyü qanın heyz qanı deyil, məhz istihazə qanı olmasını necə ayırd edə bilər?
Ana: Heyz qanı barəsində deyilən əlamətləri xatırlayırsanmı?
Fatimə: Bəli, heyz qanı adətən qırmızı və ya qaraya çalır, eləcə də xaric olduqda təzyiqlə, yandırıcı və hərarətli olur.
Ana: Əksər hallarda istihazə qanının heyz qanından fərqli əlamətləri vardır. İstihazə qanı adətən sarı rəngli, duru, təzyiqsiz və yandırıcılığı olmayan halda xaric olur.
Fatimə: Qadın izdivac etdiyi ilk gündə bəkarət qanını istihazə qanından necə ayırd edə bilər?
Ana: Bəkarət qanı pambığın ətrafına toxunur və qanlı bir aypara kimi pambığın kənarlarına hopur. Lakin istihazə qanı bəzən pambığın zahirini tamamilə bürüyür, bəzən də onun daxilinə nüfuz edir və bəzi hallarda isə pambıqdan keçib dəsmala da (gigiyenik bezə) toxunur.
Fatimə: Elə isə, istihazə qanı pambığa nüfuz edib onu bütünlüklə bulaşdıra bilər?
Ana: Bəli, amma mümkündür pambığı tamamilə bürüməsin. Ümumiyyətlə istihazə qanı üç qisimdir:
Qəlilə (az) istihazə: qan qadının öz fərcinin daxilinə qoyduğu pambığın üzərinə toxunur, lakin az olduğundan pambığın daxilinə hopmur.
Mütəvəssitə (orta) istihazə: qan pambığın içərisinə hopur, lakin pambıqdan qadınların adətən qanın qarşısını almaq üçün qoyduqları parçaya (gigiyenik bezə) çatmır.
Kəsirə (çox) istihazə: qan tamamilə pambığa hopub ondan keçir və parçaya (gigiyenik bezə) çatıb, onu bulayır.
Fatimə: Bu üç qismin ayrı-ayrılıqda hər birinin hökmü nədir?
Ana: Qəlilə (az) istihazədə qadın hər bir namazı qılmazdan öncə gərək dəstəmaz alsın; istər vacibi namaz olsun, istərsə də müstəhəbbi namaz, qüsl etməsi isə vacib deyil.
Mütəvəssitə (orta) istihazədə qadın hər bir namaz üçün dəstəmaz almaqdan əlavə, hər gün sübh vaxtı gündəlik namazları qılmazdan öncə ancaq bir dəfə qüsl etməlidir.
Fatimə: Buna aid bir misal gətirərsizmi?
Ana: Məsələn, əgər qadın sübh namazından əvvəl istihazə olduğunu bilsə və özünü yoxladıqdan sonra orta istihazə olmasını başa düşsə, gərək qüsl etsin və sonra sübh namazını qılmaq üçün dəstəmaz da alsın. Bu edilən qüsl həmin günün sair namazları üçün də kifayət edir, amma hər bir namaz üçün ayrılıqda dəstəmaz da almaq gərəkdir. Həmçinin, ikinci gün yetdikdə yenidən qüsl edib, əvvəl sübh namazını qılmaq üçün, sonra isə digər namazların vaxtı çatdıqda onlar üçün dəstəmaz alacaq. Bu hökm, istihazənin əlamətləri az və ya çox olana qədər davam edəcəkdir.
Fatimə: Kəsirə (çox) istihazənin hökmü nədir?
Ana: Kəsirə istihazədə qadın gərək gündə üç qüsl etsin: sübh namazı üçün bir qüsl, zöhr və əsr namazlarını bir-birinin ardınca qıldığı halda onlar üçün bir qüsl, eləcə də məğrib və işa namazlarını ardıcıl qılarsa, onlar üçün də bir qüsl etməlidir.
Fatimə: Zöhr və əsr, həmçinin məğrib və işa namazlarını fasilə ilə qıldığı halda hökmü nədir?
Ana: O zaman hər bir namaz üçün ayrılıqda qüsl etməlidir.
Fatimə: Kəsirə istihazənin bütün hallarında bu hökm dəyişməz qalırmı?
Ana: Xeyr; ardı-arası kəsilmədən qan gəlsə və pambığı bulaşdırsa, deyilən hökm qüvvədədir. Amma əgər qanın pambığa toxunması müəyyən fasilə ilə olsa, belə ki, həmin fasilədə qadının qüsl etməkdən əlavə bir və ya bir neçə namaz qılmaq imkanı varsa, belə olan halda hər vaxt qan pambıqdan keçib parçaya toxunarsa, [gərək yenidən qüsl etsin.] Məsələn, əgər qüsl edib zöhr namazını qılarsa və əsr namazını qılmazdan qabaq, yaxud onu qılarkən qan pambıqdan keçib parçaya toxunsa, [əsr namazını qılmaq üçün yenidən qüsl etməsi vacibdir.] Lakin əgər qanaxmanın kəsildiyi fasilədə qadının iki və ya daha artıq namaz qılmaq imkanı varsa, bu halda onun qıldığı namazlar səhihdir və yenidən qüslü təkrar etməyə ehtiyac yoxdur.
Fatimə: İstihazə növünün bir qisimdən başqa qismə dəyişməsi mümkündürmü?
Ana: Bəli; bəzi hallarda qəlilə istihazənin kəsirə və ya mütəvəssitə olması, ya da əksinə dəyişməsi mümkündür.
Fatimə: Qadın, istihazəsinin bir növdən başqa növə dəyişməsindən necə xəbərdar ola bilər?
Ana: [Namazdan əvvəl gərək özünü yoxlamalı] və istihazənin növünə uyğun olaraq əməl etməlidir. Deməli, əgər qəlilə istihazə olmasını bilərsə, gərək qəlilə istihazə hökmlərinə uyğun vəzifəsini yerinə yetirsin. Amma əgər mütəvəssitə istihazə olması məlum oldu, gərək mütəvəssitə istihazənin hökmlərinə əməl etsin və [kəsirə istihazə də eyni qayda ilə] …
Fatimə: Əgər pambıq bütünlüklə qana bulaşsa və ya qan parçaya (gigiyenik bezə) keçsə, qadının vəzifəsi nədir?
Ana: Əgər onun istihazəsi qəlilə və ya mütəvəssitə olsa, pambığı və parçanı (bezi) hər namazdan öncə dəyişdirməsi və ya yuması yaxşıdır. Amma əgər kəsirə istihazə olarsa, imkan daxilində [gərək onları dəyişdirsin və ya yusun] və ona zərərli olmazsa, qüsldən sonra namazı tamamlayana qədər qanın kənara çıxmasının qarşısını alsın.
Fatimə: Bu işləri edib, təmiz olduqdan sonra vəzifəsi fasilə vermədən namaz qılmaqdırmı?
Ana: [Bəli].
Fatimə: İstihazənin hökmləri nədir?
Ana: Onun hökmləri belədir:
1- Əgər istihazə qəlilə və ya mütəvəssitə olsa və qanaxma kəsilərsə, namaz qılmaq üçün dəstəmaz alması kifayət edər. Amma əgər kəsirə istihazə olsa, qanaxma kəsilərsə, namaz qılmaq üçün gərək qüsl etsin.
2- İstihazənin üç qismindən hər hansı biri olarsa, qadın təmizliyi üçün qeyd edilən göstərişləri etmədən və təharət almadan Qurani-Kərimin yazısına toxuna bilməz. Lakin vəzifəsinə mütabiq olaraq təharət alsa və özünü təmizləsə, namazın sonuna qədər Qurani-Kərimin yazısına toxunması caizdir.
3- İstihazə halında olan qadına talaq vermək səhihdir.
4- Heyzli qadın haqqında olan bəzi hökmlər istihazəli qadına aid deyildir. O hökmlər bunlardır: heyzli qadınla qabaqdan cinsi əlaqəyə girməyin haram olması, onun məscidə daxil olub orada qalmasının və məsciddə bir şeyi saxıamasının haram olması, həmçinin ona Qurani-Kərimin vacib səcdəsi olan ayələrindən hər birini oxunmasının haram olması.
5- Qəlilə və mütəvəssitə istihazəsi olan qadının, hərçənd namaz qılmaq üçün öz vəzifəsini, yəni dəstəmaz almağı və ya qüsl etməyi yerinə yetirməsə belə, oruc tutması səhihdir. Kəsirə istihazəli qadının haqqında isə bəzi fəqihlərin və alimlərin nəzəri budur ki, belə qadının orucunun səhih olması onun kəsirə istihazədə vacib olan qüslləri yerinə yetirməsinə bağlıdır. Yəni orucunun səhih olması üçün keçən gecənin istihazə qüsllərini və həmçinin, bu günün qüsllərini yerinə yetirməlidir. Lakin doğru nəzər budur ki, vacib qüsllərini hərçənd yerinə yetirməsə belə, belə qadının orucu səhihdir.
6- Kəsirə istihazəsi olan qadına qüsl etdikdən sonra dəstəmaz almaq vacib deyil, lakin mütəvəssitə istihazəli qadın [qüsldən] sonra gərək dəstəmaz da alsın.

Paylaş:
Baxış sayı: 8612

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

2 × five =