İmamət

İmamət

Dini əqidələrimizin əsaslarından biri də «İmamət» mövzusudur.

İslam peyğəmbəri Həzrət Mühəmməd səlləllahu ələyhi və Alihi və səlləm xalq üçün ilahi peyğəmbər olmaqla yanaşı, müsəlman ümməti üçün dahi rəhbər də sayılırdı.

Amma bütün ilahi peyğəmbərlər bir gün dünya ilə vidalaşdığı kimi, İslam peyğəmbəri də 63 il yaşayaraq 23 il peyğəmbərlikdən sonra vəfat etdi.

Hər bir ağıl və düşüncə sahibinin zehnində yaranmış sual bundan ibarətdir ki, İslam peyğəmbəri öz vəfatından sonra müsəlman ümmətinin rəhbərliyini kimin öhdəsinə qoymuş və bu ağır vəzifə üçün kimi tə’yin etmişdir?

Əhli-beyt məktəbinə mənsub olanların əqidəsi bu barədə aydındır və onlar bu məsələdə bir sıra möhkəm və tutarlı dəlillərə, əsaslanırlar.

İmamətin mənası

İmamət ərəb sözü olub, rəhbərlik mə’nasını daşıyır. Dini termində isə «İmamət» sözünü belə izah edirlir: «İmamət, peyğəmbər canişinliyi olub, dini və dünyəvi işlərdə xalqa rəhbərlik etmək və onları ziyanlı və azğın işlərdən çəkindirib doğru yola də’vət etmək deməkdir. Hamının da belə bir imama tabe olması vacib və zəruri sayılır.»

İmamətin xüsusiyyətləri

Əhli-beyt məktəbinə görə imamətin bir neçə xüsusiyyəti vardır ki, onların bə’zisi aşağıdakılardan ibarətdir:

1-İmamın Allah tərəfindən tə’yin olunması:

Əhli sünnət e’tiqadının əksinə olaraq, Şiə məzhəbi imamın seçkilər (müsəlmanlar icması) yolu ilə deyil, məhz Allah tərəfindən tə’yin edilməsinə əqidə bəsləyir. Allah təalanın tə’yin etdiyi şəxs isə, peyğəmbərin (s) vasitəsi ilə xalqa çatdırılır. Həzrət Mühəmməd səlləllahu ələyhi və alihi və səlləm öz həyatında dəfələrlə özündən sonra gələn imamları (rəhbərləri) ümmətə tanıtdırmış və bu mühüm işə tə’kid etmişdir.

2-İmamın ilahi biliklərə yiyələnməsi:

Həzrət peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm ilahi biliklərə malik olduğu kimi, ondan sonra gələn ümmət rəhbəri də ilahi mənbələrlə rabitəli və xalqın ən bilicisi olmalıdır.

3-İmamın mə’sum olması:

Həzrət Peyğəmbərin günah və səhvlərdən mə’sum olması zəruri olduğu kimi, xalqa rəhbərlik edən imamın da mə’sum olması vacibdir. Əks təqdirdə, xalqın azğınlığa çəkilib hidayət yolundan kənarlaşması kimi acı nəticələr verə bilər. Nəticədə isə insanların hidayəti üçün göndərilmiş din və şəriət təhrif olub, öz dəyərini itirər.

4-İmamın ədalətli olması:

Xalqın İslam dininin də’vət etdiyi qanunlara riayət edib, cəmiyyətdə ədaləti bərpa etməsi, ədalətsiz imamın rəhbərliyi ilə mümkün deyildir.

5-İmamın xalqdan təmənnasız olması:

İlahi peyğəmbərlər öz vəzifələrinin əvəzində xalqdan bir şey istəmədikləri kimi, onların ardıcılları olan imamlar da öz rəhbərliyi üçün xalqdan heç bir şey istəməməli və öz ilahi risalətini təmənnasız olaraq yerinə yetirməlidir.

İmamın təyin olunması

İslam ümməti üçün rəhbərin lazımlığı çox aydın və aşkar bir məsələdir. Lakin əsas məsələ müsəlman millətləri üçün rəhbərin kim tərəfindən tə’yin olunmasıdır ki, bu haqda müsəlmanlar arasında iki növ əqidə mövcuddur.

Onlardan biri əhli-sünnət qardaşlarımıza aiddir ki, onlar islam ümməti üçün rəhbərin (xəlifənin) seçkilər və şura vasitəsi ilə tə’yin olunmasının tərəfdarıdır.

Digər əqidə isə Əhli-beyt məktəbi ardıcıllarına aiddir ki, onlar ümmət üçün rəhbərin yalnız Allah tərəfindən tə’yin olunmasını qəbul edir və məhz bu yolu ağıl və məntiqə uyğun hesab edirdilər.

Bu məktəbin əqidəsinə görə xalq tərəfindən seçilmiş rəhbər yalnız bir sıra zahiri işləri idarə edə bilər və xalqın ilahi rəhbərliyi heç vaxt şura və seçki vasitəsilə tə’yin ola bilməz.

Çünki belə bir üslubun tətbiqi, bir sıra xoşagəlməz işlərin yaranması və son dərəcə həyati olan vəzifənin təsadüfi şəxslərin əlinə düşməsinə səbəb ola bilər. Məsələn; xalq arasında böyük mənsəb sahibi olanlar, var-dövlət və qüdrət sahibləri çox asanlıqla bu ilahi rəhbərliyi ələ keçirib, xalqı və islam ümmətini Allahın dediyi kimi deyil, öz istəyi və nəzəri ilə idarə edə bilərlər.
Bu isə İslam şəriəti və ümməti üçün ən böyük təhlükədir.

Bunu da qeyd etmək lazımdır ki, Əməvi və Əbbasi xilafətləri zamanı uzun müddətli bir siyasət nəticəsində xilafət və ilahi rəhəbrlik məsələsi sü’ni şəkildə dəyişdirilmiş, əvəzində isə padşahlıq, varislik və dünyəvilik əsasında hökm edən hökumətlərə gətirilmişdir.

İmamət və rəhbərlik məsələsi, həqiqətdə İslam peyğəmbəri Həzrət Mühəmməd səlləllahu ələyhi və Alihi və səlləmin ümmət üzərində olan ilahi rəhbərliyinin davamıdır. Həzrət Peyğəmbərin (s) isə xalq tərəfindən deyil, yalnız Allah tərəfindən bu mühüm iş üçün tə’yin olunması hamıya aydındır.

Unutmaq olmaz ki, islam ümməti üçün rəhbərin şura və seçkilər vasitəsilə deyil, məhz Allah tərəfindən tə’yin olunması, məntiqlə uyğun gələn bir əqidədir.

İmamətə aid ayə və rəvayətlər

İslam Peyğambərinin (s) canişinləri haqda bir çox ayə və rəvayətlər mövcuddur ki, burada onlardan bir neçəsini diqqətinizə çatdırırıq:

1-Maidə surəsi, ayə,55:

Allah təala bu ayədə buyurur:

«Şübhəsiz sizin rəhbəriniz Allah, Onun elçisi və iman gətirib namaz iqamə edən və ruku halında zəkat verənlərdir.»
Həzrət peyğəmbərimizin (s) səhabələrindən olan Əbuzər (r.ə) belə nəql edir:

«Bir gün Həzrət Peyğəmbər (s) camaatla birlikdə zöhr namazını qılarkən bir yoxsul məscidə daxil oldu. Heç kəs ona bir şey vərmədiyindən əllərini göyə qaldıraraq dedi: «İlahi! Şahid ol ki, mən sənin peyğəmbərinin məscidində kömək istədim, amma heç kəs mənə bir şey vermədi.

Elə bu vaxt namazda rükuya getmiş Həzrət Əli əleyhissalam barmağında olan üzüyü (almaq üçün) yoxsula uzatdı və o da üzüyü həzrət Əli əleyhissalamın barmağından çıxararaq getdi. Həzrət Peyğəmbər (s) bu səhnəni gördükdə əllərini qaldırıb belə dua etdi:…İlahi! Qardaşım Musa əleyhissalam Səndən özü üçün qardaşı harunu vəzir (və köməkçi) istədi. İlahi! Mən də sənin peyğəmbərin və seçilmiş bəndənəm…..Əhli-Beytimdən olan Əlini mənim üçün canişin, arxa və möhkəm dayaq qərar ver.

Əbuzər (r.ə) deyir: Həzrət Peyğəmbərin duası qurtarmamış Cəbrail əleyhissalam nazil olaraq bu ayəni (Nisa surəsinin 55-ci ayəsini) çatdırdı.»

Bu rəvayət təkcə şiələr tərəfindən deyil, həm də bir çox əhli sünnət alimləri tərəfindən nəql olunmuşdur.

Mərhum Əllamə Əmini (r.ə) nəql olunmuş hədisi özünün «Əl-ğədir» kitabında gətirmiş və onun 30-a yaxın sünnü alimi tərəfindən də nəql olunduğunu qeyd etmişdir ki, Təbərinin təfsiri, 6,165, İbni Kəsirin «Əlbidayətu vən-nəhayət», 7,357, İbni Həcərin «Əs-səvaiq, səh.25 və s… kitablar buna nümunə ola bilər.[85]

2-Nisa surəsi, 59:

Allah təala bu surədə belə göstəriş verir:

«Ey mö’minlər! Allaha, peyğəmbərə və əmr sahiblərinə itaət edin.»

«Cabir ibni Əbdullah Ənsari (r.ə) nəql edir ki, bu ayə Həzrət Peyğəmbərə (s) nazil olanda soruşdum: Ey Allahın elçisi! Biz Allahı və Onun peyğəmbərini tanıdıq, amma sizinlə yanaşı itaəti (vacib) olanların kim olduğunu bilmirik. Həzrət Peyqəmbər (s) cavabımda buyurdu:
«Ey Cabir! Onlar (əmr sahibləri) mənim canişinlərim və məndən sonra müsəlmanların imamlarıdır.

Onların birincisi Əliyyibni Əbi Talib, sonra Həsən, sonra Hüseyn, sonra Əli ibni Hüseyn, sonra Tövratda Baqir adı ilə tanınmış Mühəmməd ibni Əlidir ki, sən onu görəcəksən.

Ey Cabir, onu görəndə mənim salamımı ona çatdırarsan.

Sonra Sadiq Cə’fər ibni Mühəmməd, sonra Musəbni Cə’fər, sonra Əliyyibni Musa, sonra Mühəmməd ibni Əli, sonra Əliyyibni Mühəmməd, sonra həsən ibni Əli və daha sonra mənim adımda olan Allahın höccəti (Sahibəz-zəman əleyhimus-səlam)-dır.»[86]

3-«Əl-ğədir» hədisi:

Bir çox hədis mən’bələrində nəql olunmuş «Əl-ğədir» hədisinin məzmunu belədir:

«Həzrət Peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm hicrətin 10-cu ilində sonuncu həcc səfərindən qayıdarkən, «Qədir-Xum» adlı bir yerdə ona ilahi vəhy nazil oldu. Allah təala öz vəhyində buyurdu:

يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ…

«Ey peyğəmbər! Rəbbin tərəfindən sənə nazil olanı xalqa çatdır, onu xalqa çatdırmasan ilahi peyğəmbərliyini yerinə yetirməmiş olarsan və Allah səni xalqın (fitnəsindən) qoruyacaqdır.»[87]

həzrət Peyğəmbər bu vəhyi aldıqdan dərhal sonra, təxminən 120-min nəfərə yaxın olan müsəlmanların bir yerə toplaşmasını əmr edib buyurdu: «Qabaqda gedənlər geri qayıtsın və arxada qalanlar özlərini bura çatdırsınlar».
Müsəlmanlar bir yerə toplaşdıqdan sonra o həzrət uca bir yerə qalxaraq söhbətə başladı və xütbə oxuduqdan sonra buyurdu:

من كنت مولاه فهذا على مولاه…

«Mən hər kəsə rəhbər idimsə, Əli də onun rəhbəridir.

İlahi! Əlini dost tutanları dost, düşmən tutanları düşmən tut, onu sevənləri sevib, ona qəzəb edənlərə qəzəb et. (İlahi!) Əliyə kömək edənlərə kömək ol, onu zəlil etmək istəyənləri zəlil et və hər bir yerdə haqqı onunla birgə et.»

Mərhum Əllamə Əmini (r.ə) bu hədisi əhli sünnətin altımışdan artıq mö’təbər kitablarından nəql etmiş, onların müəllifini, və dəqiq ünvanlarını da qeyd etmişdir.

Daha sonra müsəlmanlar bir-bir imam Əli əleyhis-salamla görüşüb bey’ət edir və bununla da öz gələcək rəhbərlərinə bu məqamı təbrik deyirdilər.

Həzrət Peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm üzünü müsəlmanlara tutaraq bu xəbəri başqalarına çatdırmağı da göstəriş verdi.

Qeyd etməliyik ki, Əllamə Əmini (r.ə) «Əl-ğədir» hədisini Həzrət Peyğəmbərin (s) 110 səhabəsindən nəql etmişdir ki, onların arasında Əbu Bəkr, Ömər, Osman, Ayişə və sairlər də gözə dəyir.[88]

Bə’zi inadkar şəxslər bu hədisi əhəmiyyətdən salmaq üçün hədisdə buyurulmuş «mövla» sözünə rəhbər deyil, dost mə’nası verirlər.

Görəsən, Ərəbistan çölündə, yay fəslində, günorta çağı və qızmar günəş altında müsəlmanları bir yerə toplayıb «Əli mənim dostumdur» sözlərini demək bəşəriyyətin ən şərəfli məxluqu olan Peyğəmbər haqqında nə dərəcədə düzgün ola bilər?!
Halbuki bu iş, ilahi peyğəmbərdən deyil, adi bir insandan da baş versəydi, gülünc bir iş olardı. Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləmin bu sözləri tə’kidlə buyurması və s.. əlamətlər inadkarların iddia etdiyi sözün əsassız olmasını yetirir.

4-Səfinə hədisi:

Bu hədisə əsasən Həzrət Peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm öz Əhli-beytini həzrət Nuhun gəmisinə bənzədərək buyurur:

«Agah olun! Şübhəsiz mənim Əhli-beytim Nuh peyğəmbərin öz milləti arasında olan gəmisi kimidir ki, o gəmiyə minən nicat tapar, ondan üz döndərən isə qərq olar.»[89]

Mə’lum olur ki, peyğəmbərimin (s) Əhli-beytindən üz döndərmək, şiddətli tufanlar qarşısında qurtuluş gəmisindən üz döndərmək kimidir.

Qeyd etmək lazımdır ki, Mərhum Mir hamid hüseyn (r.ə) «Səfinə» hədisini özünün «Əbəqatul -ənvar» kitabında 90-a yaxın əhli sünnət alimlərindən nəql etmişdir.[90]

5-Səqəleyn hədisi:

İmamət və rəhbərliyə aid olan əhəmiyyətli rəvayətlərdən biri də «Səqəleyn» hədisidir.

həzrət peyğəmbər səlləllahu ələyhi və Alihi və səlləm bu hədisdə belə buyurur:

اِنّى تارِكٌ فِيكُمُ الثِقْلَيْن ما إِنْ تَمَسَّكْتُمْ بِهِما لَنْ تَضِلُّوا: كِتابَ اللهِ عِتْرَتى أَهْلَ بَيْتى

“Mən sizin aranızdan gedərkən, iki )ağır əmanəti( qoyuram ki, o iki əmanətdən itaət etsəz, heç vaxt yolunuzu azmayacaqsınız. )O iki əmanət( Allahın kitabı (Qur’an) və mənim Əhli-beytimdir”.[91]

Mərhum Mir Hamid Hüseyn (r.ə) bu hədisi 3-13-cü əsrlərdə yaşamış 200-ə yaxın əhli sünnət alimlərindən nəql etmişdir.[92]

Bura qədər qeyd olunmuş ayə və rəvayətlərə kifayətlənir və imamət haqda mövcud olan bir çox ayə və rəvayətlərin mütaliəsini öz öhdənizə qoyuruq.

Nəql olunmuş ayə və rəvayətlər, Həzrət peyğəmbərimizdən sonra başqalarının deyil, yalnız o həzrətin Əhli-beytinin rəhbərliyini təsdiq edir və imamətin (ilahi rəhbərliyin) yalnız Əhli-beyt [əleyhis-salam]-a məxsus olduğunu yetirir.

Paylaş:
Baxış sayı: 10024

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

4 − four =