İlk soruşulacaq ibadət

İlk soruşulacaq ibadət

 

Qiyamət günü bizdən soruşulacaq ilk əməl nədir? Namaz? Yoxsa Əmirəl-Mumininin vilayəti?

Yaxud namazdan məqsəd elə həmən o “vilayət”dir və bunların ikisi də bir məhfumu ehtiva edir?

Əmirəl-Muminin Əli ibn Əbu Talib (ə.s)-dan nəql olunan mötəbər bir hədisdə belə buyurduğu nəql olunur:
“Uca Allah, mənim və mənim düşmənlərim haqqında belə buyurur:
“Onları dayandırın, çünki onlar sorğu-sual olunacaqdırlar.”(Saffat – 24)
“Yəni onlar mənim vilayətim haqqında sorğu-sual olunacaqdırlar.”
“(Vəd edilən) əzəmətli (böyük) xəbər mənəm!
Mən o kəsəm ki, uca Allah dinini Qədrxum və Xeybər günü mənim vilayətimlə kamil qıldı!
“Mən o kəsəm ki, Allah Rəsulu (s) mənim haqqımda (islam iddia edənlərin boynunda qiyamətəcən bir haqq qoyaraq) belə buyurmuşdur: “Mən kimin mövlası, ağası və rəhbəriyəmsə, Əli də onun mövlası, ağası və rəhbəridir.”
Daha sonra qiyamət günü bəndələrdən soruşulacaq ilk əməlin və həmən əməl olmadan da heç bir əməlin qəbul olunmayacağına dair belə buyurur:
Ənə səlatul-Mumin
_ “Möminin namazı mənəm!”
Ənə həyyə ələs-səlah
_ “Namaza doğru tələsin” əmrindən məqsəd mənəm!”
Ənə həyyə ələl-fəlah
_ “Səadətə yetməyə tələsin” əmrindən məqsəd mənəm!”
Ənə həyyə əla xayril-əməl
_ “Xeyir əməllərə doğru tələsin” əmrindən məqsəd də mənəm”
Mənbə:
“Hilyətul-Əbrar”, Seyyid Haşim Behrani, c.2, s.124
(Bu hədis bir çox mənbələrdə qeyd olunmuşdur ki, mən təkcə bununla kifayətlənirəm…)

HƏDİSİN ŞƏRHİ:
Öncə bunu qeyd edim ki, uca Allah, Həzrət Muhəmmədin (s.ə.v.v) Əhli-Beytinə Onların əzəmətli fəzilətlərindən yana elə ali və uca məqamlar əta etmişdir ki, insan ağlı bunun bir qismini dərk etsə də, böyük bir qisminin idrakında aciz qalmışdır. Bu səbəbdən də bir çoxları o ali şəxsiyyətlərin məqam və fəzilətlərinə dair şəkk və inamsızlıq etmiş, kin və həsəd bəsləmişdirlər… Uca Allah, o şəxslərə xitabən öz möhkəm kitabında belə buyurur:
“Yoxsa onlar Allahın onlara (Peyğəmbərə və onun əhli-beytinə) Öz fəzlindən verdiyi şeyə görə paxıllıq edirlər? Həqiqətən, Biz İbrahim ailəsinə kitab və hikmət (peyğəmbərlik, şəriət və əqli maarif) verdik və onlara böyük bir mülk əta etdik.” (Nisa -54)

Əhli-beyt (ə) öz ali məqamlarını bizlərə müəyyən qədər bəyan etmiş və hidayət və ilahi mərifət yolunun yeganə ünvanı olduqlarını bizlərə bəyan etmişdirlər.

Həzrət Əmirəl-Muminin (ə) da bizlərə bu fəzilətlərini bəyan edir ki, Əhlibeytə olan mərifətimiz artsın, xəlifətullaha olan mərifətimiz artsın…

Buna görə də Həzrət (ə) buyurur ki, “mən möminin namazıyam”, yəni məni Allahın höccəti olaraq təsdiq edib və mənə itaət etməkdən (ki, əhlibeytə itaət elə Allaha itaət sayılır) daha böyük bir ibadət yoxdur və siz bu ibadətdən, bu namazdan yana sorğu-sual olunacaqsız! Sizi cənnətə aparacaq o namaz mənim vilayətimdir ki, onsuz qulun heç bir ibadəti səhih deyildir!

O Həzrətin vilayətinə iman etdiyi halda namaz qılmayan bir kəsdən təbii ki, namazı soruşulacaqdır. Lakin ilk əvvəl hər bir qulun sorğuya çəkiləcəyi və onu tərk etdiyinə görə heç bir üzrü qəbul edilməyən o “namaz” Əli ibn Əbu Talibin imamət və vilayətidir!

Həzrət (ə) buyurur: “Namaza doğru tələsin” əmrindən məqsəd mənəm!” Bəli, Onun vilayəti, sevgisi, imanın elə bir zəruri qismidir ki, elə bir tərkib hissəsidir ki, o, bir kəsdə olmadan o kəs mömin ola bilməz!

Həzrət (ə) buyurur: “Səadətə yetməyə tələsin” əmrindən məqsəd mənəm!” Xeyir əməllərə doğru tələsin” əmrindən məqsəd də mənəm”
Zatən yuxarıda qeyd etdiyimiz səbəb və illətlər özləri bu son cümlələri də yetərincə bəyan və təfsir edir… Çünki, səadət, qurtuluş və əməllərin ən xeyirlisi Əmirəl-Mumininin vilayət və imamətində cəm olmuşdur…

Allahı and verirəm onun izzət və cəlalına və Əmirəl-Mumininin haqqına, bizləri o Həzrətin imamət və vilayətindən ayrı salmasın və zəmanə imamının (ə.f) zühurunu təcil eləsin!

Müəllif: Hoccətulislam Seyyid Mirəddin Haşimi

Paylaş:
Baxış sayı: 12479

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.