Həzrət Əli (ə) Xəndək döyüşündə

Həzrət Əli (ə) Xəndək döyüşündə

Müsəlmanların aradan götürülməsi məsələsiylə bağlı Qureyşlilərin bacarıqsızlığı inkar edilməz bir məsələ olaraq qalırdı. Lakin cahiliyyət inadı və küfrlərində israrla durmaları onları bu işdən çəkindirmirdi.

Qureyşlilər Müsəlmanlara onların kökünü kəsəcək bir zərbə vurmaq məqsədiylə bir ordu hazırlamaq qərarına gəldilər. Elə bu məqsədlə digər cahiliyyət mənsubu olan qəbilələr və Yəhudilər ilə ittifaq etdilər. Nəhayət sayları on min nəfərə çatdı. Bu on minlik orduya Əbu Süfyan rəhbərlik edirdi. [1] Həzrət Peyğəmbrin döyüşdə qurduğu müdafiə strategiyası və taktikasıyla qarşılaşdıqda müşriklərin qəzəbi və kini bir daha artdı. Peyğəmbərimiz (s) bu baxımdan Səhabələriylə məsləhət və məşvərət etmişdi. Səlman Farsi, Mədinənin ətrafında xəndək qazılmasını təklif etmişdi. İrəli sürülən bu təklif hamı tərəfindən razılıqla qarşılanmış və bir neçə gün müddətində müsəlmanların göstərdiyi işgüzarlıq nəticəsində xəndək hazır olmuşdu. Xəndəyin eni elə idi ki, düşmən atlıları rahatlıqla onu keçə bilməzdilər. Bir çox tarixi rəvayətlərə görə bir aya yaxın müddətdə düşmən tərəfi bu maneəni keçə bilməmiş və ara sıra etdikləri cəhdlərin qarşısı müsəlmanlar tərəfindən alınmışdı.

Lakin sonda bəzi Qureyş atlılarından bir neçəsi, o cümlədən pəhləvanlıqda məşhur olan Əmr ibn Əbdəvid xəndəyin ensiz olan yerlərindən keçməyi bacardılar. Bunu görən müsəlmanların qorxu və təlaşları artmış və qacaraq bu xəbəri Həzrət Peyğəmbərə (s)çatdırdılar.

Əmr ibn Əbdəvid döyüş meydanına çıxaraq Müsəlmanlara meydan oxumağa başladı. Onun nərələri qarşısında Müsəlmanların səs-səmiri eşidilmirdi. Bəzilərinin üzərinə quş qonmuşcasına donub qalmışdılar. Hər kəsi dərin bir düşüncəyə qapanıb, bu döyüşçü haqqında müxtəlif planlar cızırdılar.

Bu Xəbər Allah Rəsuluna çatdırıldıqda Müsəlmanları toplayaraq onlara xitab edərək buyurdu: “Bu kəsin qarşısına çıxıb onun səsini susduracaq biri var?” Heç bir kəsdən bir səs eşidilmədi. Yalnız Həzrət Əli (ə.s) ayağa qalxaraq buyurdu: “Mən, ya Rəsulullah!” [2] Əmr ikinci və üçüncü dəfə qarşısına çıxacaq bir kişi (döyüşçü) istədi. Əlidən başqa ona cavab verəcək heç bir kəs çıxmadı. Daha sonra Həzrət Peyğəmbər (s) öz əmmaməsini Əlinin başına qoyub, qılıncını Ona verib və öz zireyhini Onun əyninə geyindirərək əmrin qarşısına çıxmasına icazə verdi. Daha sonra əllərini göyə qaldıraraq belə dua etdi: “İlahi, Ubeydəni Bədr günü, Həmzəni də Uhud günü aldın. Bu da qardaşım və əmim oğlu Əlidir. (Bu döyüşdə Əlini məndən alaraq) Məni tək qoyma və sən miras qoyanların ən xeyirlisisən.” [3]

Həzrət Əmirəl-Muminin Əli (ə.s) döyüşə yollandığı zaman Allah Rəsulu (s) belə buyurdu: “İndi bütün iman, bütün küfrlə qarşı-qarşıya çıxdı.” [4]

Əli (ə.s) Əmr ibn Əbdəvidə tərəf getdiyi zaman qəlbi, Allahın yardımına olan inamı ilə dolmuşdu. Əmr ibn Əbdəvidə gəlincə isə, hələ gənc yaşda olan Əlinin onun qarşısına çıxması onun üçün (onun zənninə görə) asan bir döyüş idi. Bu baxımdan Əmr, Əli ilə döyüşdə tərəddüd edirdi. Lakin Əli (ə.s) dedi ki: “Ey Əmr! Sən həmişə belə deyirdin ki: “Bir kəs məni döyüşə çaxırarsa onun bu üç istəyindən birini qəbul edərəm.” Əmr: “Bəli” – dedi.

Əli (ə.s) dedi ki: “Mən səni Allahdan başqa bir ilah olmadığına və Muhəmmədin Allahın Rəsulu olduğuna iman gətirməyə dəvət edirəm. Sənin aləmlərin Rəbbinə təslim olmağını istəyirəm.” Əmr dedi ki: “Bundan keç.” Əli (ə.s) buyurdu ki: “Qəbul etsəydin sənin üçün xeyirli olardı.” Ardından belə buyurdu: “Gəldiyin yerə geri dön.” Əmr dedi: “Xeyir, Qureyş qadınları dünya var olduğu müddətcə bunu deyib durarlar.” Əli (ə.s) buyurdu ki: “Atından düş və döyüşək.”

Əmr, Əlinin bu sözünə qəzəblənərək atından düşərək qılıncını çəkib atının ayaqlarını kəsdi. Sonra Əliyə tərəf gələrək iki döyüşçü döyüşə başladı. Əmr, Əliyə bir qılınc zərbəsi endirdi. Lakin Əli (ə.s) qalxanıyla bu zərbəni dəf etsə də zərbənin gücündən qalxan sındı və Əlini başından yaraladı. Daha sonra Əli (ə) də fürsətdən istifadə edib Əmrə güclü zərbə endirdi. Həmin zərbə nəticəsində Əmr yerə sərildi. Döyüş meydanında qalxmış toz-torpaq hər iki qoşuna öz döyüşçülərinin vuruşunu öz gözlərilə izləməyə mane olurdu. Birdən Əlinin (ə) təkbir (Allahu əkbər) səsi göyə ucaldı.
İslam ordusu sevincindən fəryad edirdi. Hamı bildi ki, Əli (ə) ərəblərin ən məşhur pəhləvanını öldürmüşdür.
Əmrlə birgə xəndəkdən aşmış digər dörd pəhləvan meydanda durub Əli (ə) ilə Əmrin mübarizəsinin nəticəsini gözləyirdilər. Elə ki, onlar Əmrin öldürüldüyünü gördülər, qaçmağa üz tutdular. Onlardan üçü xəndəyi aşıb öz ordularına qoşula bildi. Lakin onlardan biri – Nofəl adlı pəhləvan xəndəyi keçərkən yıxılıb xəndəyə düşdü. Əli (ə) xəndəyə qayıdıb onu da öldürdü.
Əmrin ölməsi düşmənin ruhiyyəsinin zəifləməsinə səbəb oldu. Onlar artıq Mədinəyə hücum etmək fikrindən daşınıb naümid olaraq hər qəbilə öz yurduna dönmək fikrinə düşdü.
Düşmənə sonuncu zərbəni Allah-taala güclü külək və tufanla endirdi. Düşmən naçar qalıb öz vətəninə dönməli oldu. [5]

Əli (ə.s) Xəndək döyüşündə, bir çox məxsusi xüsusiyyətləri və üstün keyfiyyətləri ilə seçildi:

1 – Əvvəla Əli (ə.s)-ın Əmrin qarşısına çıxıb onu öldürməsidir ki, Müsəlmanlar onun qarşısına çıxmaqdan çəkinirdilər. Burada Allah Rəsulu (s) Əlinin məqam və fəzilətini bəyan etmək məqsədiylə belə buyurdu: “Əlinin Xəndək döyüşündə Əmrin qarşısına çıxması, bütün ümmətin qiyamət gününə qədər etdiyi bütün əməllərdən daha üstündür.” [6]

2 – İkincisi döyüş boyunca üstün bir cəsarət və qüvvət göstərməsidir ki, bu xüsusiyyətini, Əmr ilə birlikdə xəndəyi keçib gələn 4 pəhləvanın Əlinin Əmri öldürdüyünü görərək qorxub qaçmalarına rəğmən, onların atlı, Əlinin isə piyada olmasına baxmayaraq onların ardıyca qaçmasının, hətta onlardan birini də öldürməsinin şahidi oluruq.

3 – üçüncüsü, döyüş boyu sərgilədiyi bir çox davranış etibarıyla yüksək əxlaqdan göz qamaşdırıcı örnəklər verdi. Bu Rəsulun və Risalətin əzəmətini təcəssüm etdirirdi. Bu nümunəvi davranışlarından biri, Əmri öldürdükdən sonra Əmrin əynində qızıldan olan bahalı bir zireyhi çıxarıb götürməməsidir.

4 – Bütün bunlar bir yana, burada Həzrət Əlinin (ə.s) yetişdiyi ən böyük şərəf, Əmr ilə təkbətək meydana çıxarkən, Peyğəçbərimizin onun haqqında buyurmuş olduğu bu sözdür: “İndi bütün iman, bütün küfr ilə qarşı-qarşıya çıxmışdır.” [7]

[1] – “Əs-Sirətul-Hələbiyyə”, 2 / 631
[2] – “Əs-Sirətun-Nəbəviyyə”, İbn Hişam, 3 / 224; “Tarixi-Təbəri”, 3 / 172; “Əl-Kamil Fit-Tarix”, 2 / 180; “Əs-Sirətul-Hələbiyyə”, 2 / 318
[3] – “Movsuatut-Tarixil-İslami”, 2 / 491-492; “Şərhu-Nəhcil-Bəlağə”, 19/61; “əl-Mənaqibi-Xarəzmi”, 144; “Əs-Sirətul-Hələbiyyə”, 2 / 318

[4] – “Şərhu Nəhcil-Bəlağə”, İbn Əbil-Hədid, 19/61; “Yənabiul-Məvaddə”, bab:23; “İbn Məsuddan rəvayət edilmişdir. Milani də “Qadətuna” adlı əsərinin 2/108-ci səhifəsində Dimyəri’dən, “Həyatul-Həyəvan” 1/248’dən rəvayət edir: Fəzl bin Ruzbəhan’dan belə rəvayət edilir: “Bu səhih bir hədisdir. Görüşü xəstə və imanı zəyif olanlardan başqası bu hədisi inkar edə bilməz. Ancaq bu, Əlinin imamlığına dair bir nəss (dəlil) olaraq qəbul edilə bilməz.”

[5] – “Tarixu Diməşq”, 1/150; “Movsuatut-Tarixil-İslami”, 2/495

[6] – “Mustədrək”, Hakim, 3/32, “Tarixu Diməşq”dən (1/155) nəqlən. “Fəraidus-Simteyn”, 1/255, Hədis: 197

[7] – “Şərhu Nəhcil-Bəlağə”, İbn Əbil-Hədid,, 19 / 61

Paylaş:
Baxış sayı: 12526

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.