Gündəlik vacib namazların vaxtlarının hökmləri

Gündəlik vacib namazların vaxtlarının hökmləri

Gündəlik vacib namazlar beşdir: Zöhr və əsr namazı hər biri dörd rəkətdir. Məğrib namazı üç rəkətdir, işa namazı dörd rəkətdir və sübh namazı iki rəkət.

Məsələ 716: Səfərdə dörd rəkətli namazlar sonradan deyiləcəyi şərtlər daxilində iki rəkət qılınır.

ZÖHR VƏ ƏSR NAMAZLARININ VAXTI

Məsələ 717: Zöhr və əsr namazının vaxtı zəvaldan şəri zöhrdən günəş batana qədərdir. Amma əsr namazını qəsdən zöhr namazından əvvəl qılsa batildir. Amma əgər vaxtın bitməsinə, yalnız bir namaz qıla biləcək qədər bir müddət qaldığı zamana qədər, bir şəxs zöhr namazını qılmamışdırsa, artıq onun zöhr namazı qəza olmuşdur və gərək əsr namazını qılsın. Əgər bir şəxs, bu vaxtdan qabaq səhvən əsr namazını tamamilə, zöhr namazından qabaq qılarsa, namazı səhihdir və zöhrü qılmalıdır. Amma ehtiyat-müstəhəb budur ki, ikinci dörd rəkət namazı «mafiz-zimmə» niyyətilə qılsın.

Məsələ 718: Zöhr namazını qılmadan, səhvən əsr namazına məşğul olarsa və namaz əsnasında səhv etdiyini bilərsə, niyyəti zöhr namazına çevirməlidir. Yəni «indiyə qədər qıldığım, indi qılmaqda olduğum və bundan sonra qılacağımın hamısı zöhr namazı olsun» deyə, niyyət etməli və namazı tamamladıqdan sonra, əsr namazını qılmalıdır.

CÜMƏ NAMAZI VƏ ONUN HÖKMLƏRİ

Məsələ 719: Cümə namazı, sübh namazı kimi iki rəkətdir. Amma fərqi budur ki, cümə namazından əvvəl iki xütbə oxunur. Cümə namazı vacibi-təxyiridir. Yəni mükəlləf, cümə günü şərtlərin mövcud olduğu təqdirdə, cümə namazı və ya zöhr namazının hansı birini qılmaqda ixtiyar sahibidir. Əgər cümə namazını qılarsa, zöhr namazının əvəzindən kifayət edər. Cümə namazının vacib olmasının bir neçə şərti vardır:
1. Vaxtın daxil olması; cümə namazının vaxtı, zəval vaxtının ürfi baxımdan ilk bölümü sayılan qismidir. Belə ki, əgər cümə namazını bu vaxtdan gecikdirərsə, artıq onun vaxtı sona çatmışdır və zöhr namazını qılmalıdır.
2. Fərdlərin sayı, imamla birlikdə 5 nəfər olmalıdır. Əgər beş nəfər müsəlman cəm olmasa cümə namazı vacib olmaz.
3. İmamət şərtlərinə malik olan imamın olması. Camaat namazı bölümündə gələcəyi kimi, imam camaat, ədalət və digər sifətlərə malik bir imam olmalıdır. Əks təqdirdə cümə namazı vacib olmaz.
Cümə namazının səhih olmasının bir neçə şərti vardır:
1. Camaatla qılınmalıdır, buna görə də fərdi qılınması səhih deyildir. Əgər məmum cümə namazının ikinci rəkətində rükudan əvvəl imama yetişib, iqtida edərsə kifayət edər, bir rəkətini də özü fürada qılmalıdır. Amma əgər ikinci rəkətin rükusunda imama qoşularsa, ehtiyat-vacibə görə bu cümə namazına kifayət edə bilməz gərək zöhr namazını qılsın.
2. Namazdan qabaq iki xütbə oxunmalıdır. Birinci xütbədə Allaha həmd-səna deyilib, təqvaya və günahlardan qorunmağa tövsiyyə edilərək Qurandan qısa bir surə oxunur. İkinci xütbədə də Allaha həmd-səna edib Rəsuli-əkrəmə (səlləllahu ələyhi və alihi və səlləm) və müsəlmanların imamlarına (on iki imam) salavat göndərməlidir. Ehtiyat-müstəhəb budur ki, mömin kişi və qadınların da Allahdan bağışlanmalarını istəsin. Xütbələrin namazdan əvvəl oxunması lazımdır. Əgər iki xütbədən qabaq namaza başlayarsa, səhih deyildir. Xütbələrin zöhrdən (zöhr azanından) qabaq oxunması işkallıdır. Xütbə oxuyan imam xütbə oxuyarkən, ayaq üstə durmalıdır. Əgər oturan halda oxusa səhih deyildir. Həmçinin iki xütbə arasında azacıq oturaraq fasilə verməsi lazımdır. Belə ki, bu oturmanın qısa və müxtəsər olması gərəkdir. Xütbəni imam camaatın özü oxumalıdır. Allaha həmd-səna etmək və Peyğəmbəri-əkrəm (səlləllahu ələyhi və alihi və səlləm) ilə müsəlmanların imamlarına (on iki imama) salavat göndərmək, ehtiyata əsasən ərəb dilində olmalıdır. Amma yerdə qalanların ərəb dilində olması şərt deyildir. Hətta əgər namazda hazır olanların çoxu ərəbcə bilmirlərsə, ehtiyat-lazıma əsasən təqvaya dəvət etmək hazır olanların dilində olması gərəkdir.
3. İki cümə namazı arasında olan məsafə bir fərsəxdən az olmamalıdır. Buna əsasən də bir fərsəxdən az bir məsafədə ayrı bir cümə namazı da qılınarsa, belə ki, hər ikisi də eyni zamanda başlanarsa, hər ikisi batildir. Amma əgər biri, hətta təkcə təkbirətül-ehramı o birindən əvvəl demiş olsa, birincisi səhih, ikincisi isə batildir. Bununla belə, əgər cümə namazı qılındıqdan sonra, bir fərsəxdən az bir məsafədə ondan əvvəl və ya onunla eyni zamanda ayrı bir cümə namazının da qılındığı aşkar olarsa, zöhr namazını qılmaq vacib deyildir. Zikr olunmuş məsafə daxilində bir cümə namazının qılınması, digər bir cümə namazına, yalnız özünün bütün şərtlərinə malik olub, səhih olduğu təqdirdə maneəli olur. Əks təqdirdə mane olmaz.

Məsələ 720: Şərtlərə mövcud olan bir cümə namazı qılınarsa və əgər onu qılan Məsum İmamın (ələyhis-salam) özü və ya onun təmsilçisi (nümayəndəsi) olsa, o cümə namazında iştirak etmək vacibdir. Əks təqdirdə iştirak etmək vacib deyildir. Birinci təqdirdə də bir neçə qrup adama iştirak etmək vacib deyil.
1. Qadınlar.
2. Qullar.
3. Müsafir hətta onun vəzifəsi, namazını tamam qılması olsa belə (iqamə qəsdində olan müsafir kimi).
4. Xəstələr, korlar və qocalar.
5. Cümə namazı qılınan yerlə onların arasındakı məsafə iki fərsəxdən artıq olanlar.
6. Yağış, şiddətli külək və buna oxşar maneələrlə üzləşən şəxs.

Məsələ 721: Cümə namazı vacib olan bir şəxs onun yerinə zöhr namazını qılsa, namazı səhihdir.

CÜMƏ NAMAZI HAQDA BİR NEÇƏ HÖKM

1. Qeyd olunanlara əsasən, cümə namazı imamın (ələyhis-səlam) qaib olduğu zamanda vacibi-təyini deyil; vaxtın əvvəlində də zöhr namazını qılmaq olar.
2. İmamın xütbə oxumağa məşğul olduğu zaman danışmaq məkruhdur və əgər xütbəni eşitməyə mane olarsa, ehtiyat olaraq icazəli deyildir.
3. Ehtiyat-vacibə əsasən hər iki xütbəni dinləmək lazımdır. Amma xütbənin mənasını bilməyən şəxslərin dinləməsi vacib deyildir.
4. İmamın xütbə oxuduğu zaman hazır olmaq vacib deyildir.

MƏĞRİB VƏ İŞA NAMAZLARININ VAXTI

Məsələ 722: Əgər insan, günəşin batıb-batmamasında şəkk etsə və dağların, binaların, ya ağacların arasında olmasına ehtimal versə, günəşin batmasından sonra, günçıxan tərəfdə zahir olan qırmızılığın, başın üzərindən günbatana doğru keçməsindən qabaq, məğrib namazı qılınmamalıdır. Əgər şəkk etməsə də ehtiyat-vacibə görə deyilən vaxta qədər gözləməlidir.

Məsələ 723: Məğrib və işa namazlarının vaxtı, sərbəst olan şəxs üçün, gecə yarısına qədərdir. Amma üzrlü olan bir şəxs üçün məsələn, unutmaq, yuxuya qalmaq və ya heyzli olmaq və buna bənzər bir səbəbdən, namazı gecə yarısına qədər qılmamışdırsa məğrib və işa namazlarının vaxtı sübh açılana qədər davam edər. Ancaq hər surətdə, qafil olmadığı halda bu iki namaz arasında tərtibə riayət etmək şərtdir. Yəni işa namazı qəsdən məğrib namazından qabaq qılınarsa, batildir. Amma əgər gecə yarısına, yalnız işa namazını qıla biləcək qədər vaxt qalmışdırsa, gərək işa namazını məğrib namazından qabaq qılsın.

Məsələ 724: Əgər bir şəxs səhvən işa namazını məğrib namazından qabaq qılsa və namazdan sonra başa düşsə, namazı səhihdir. Məğrib namazını ondan sonra qılmalıdır.

Məsələ 725: Əgər məğrib namazını qılmamışdan əvvəl, səhvən işa namazını qılsa və namaz əsnasında səhv etdiyini başa düşsə, belə ki, dördüncü rəkətin rükusuna getməyibsə, gərək niyyəti məğrib namazına döndərib namazı tamam etsin və sonra işa namazını qılsın. Əgər dördüncü rəkətin rükusuna getmişdirsə, işanı tamam edə bilər və sonra məğribi yerinə yetirər.

Məsələ 726: İxtiyarı öz əlində olan şəxs üçün işa namazının axırıncı vaxtı gecə yarısıdır. Gecə isə gün batandan sübh açılana qədərdir.

Məsələ 727: Əgər ixtiyar üzündən məğrib və ya işa namazını gecə yarısına qədər qılmasa, ehtiyat-vacibə əsasən, gərək sübh azanından qabaq, əda və qəza niyyəti etmədən o namazı yerinə yetirsin.

SÜBH NAMAZININ VAXTI

Məsələ 728: Sübh azanına yaxın gün çıxan tərəfdən bir ağartı yuxarıya tərəf hərəkət edir ki, ona «birinci fəcr» deyilir. O ağartı yayılan vaxt «ikinci fəcr» və sübh namazının əvvəl vaxtıdır. Sübh namazının axır vaxtı günəşin çıxan vaxtıdır.

NAMAZ VAXTININ HÖKMLƏRİ

Məsələ 729: İnsan, yalnız vaxtın daxil olduğuna yəqin etdiyi və ya iki nəfər adil kişinin vaxtın daxil olduğunu xəbər verdikləri zaman, namaz qılmağa başlaya bilər. Hətta əmin olduğu təqdirdə, namaz vaxtını şiddətlə və dəqiq şəkildə riayət edən şəxsin azan oxuması və vaxtı bilən bir şəxsin sözü ilə kifayətlənə bilər.

Məsələ 730: Əgər bir şəxs bir maneə vasitəsilə, məsələn, kor və ya zindanda olduğuna görə namaz vaxtının əvvəlində, vaxtın daxil olub-olmadığını yəqin edə bilməsə, gərək namaz vaxtının daxil olmasına əmin olana, yaxud yəqinlik tapana qədər namazı tə`xirə salsın. Həmçinin ehtiyat-lazıma əsasən, əgər vaxtın daxil olmasına yəqinlik hasil etməyə maneə olan bir şey bulud, toz və bu kimi ümumi maneələrdən olarsa da hökm eynidir.

Məsələ 731: Əgər insana, yuxarıda adı çəkilən yollardan biri ilə namaz vaxtının daxil olduğu sübut olub və namaza başlayarsa, sonra namaz əsnasında vaxtın hələ daxil olmadığını anlayarsa, namazı batildir. Əgər namazdan sonra bütün namazı vaxtından qabaq qılmış olduğunu bilərsə də, hökm eynidir. Amma əgər namaz əsnasında, vaxtın daxil olduğunu anlayarsa və ya namazdan sonra, namazda ikən vaxtın daxil olduğunu bilərsə, namazı səhihdir.

Məsələ 732: Əgər insan, namaz vaxtının daxil olduğunu yəqin etməklə, namaza başlamalı olduğunu bilmədən namaz qılarsa, namazdan sonra bütün namazı vaxtında qıldığını anlayarsa, namazı səhihdir. Əgər namazı vaxtından əvvəl qıldığını başa düşsə, yaxud bilməsə ki, vaxtında qılıb, yaxud vaxtından qabaq, namazı batildir. Hətta əgər namazdan sonra, vaxtın daxil olduğunu anlasa belə, o namazı yenidən qılmalıdır.

Məsələ 733: Əgər vaxtın daxil olmasını yəqin edib namaza başlasa və namaz əsnasında vaxtın daxil olub-olmamasında şəkk etsə, namazı batildir. Amma namaz əsnasında vaxtın daxil olmasına yəqin edib, qıldığı miqdarın vaxt daxilində olub-olmamasında şəkk etsə, namazı səhihdir.

Məsələ 734: Əgər namazın vaxtı çox dar olsa və namazın müstəhəbb işlərindən bəzisini əmələ gətirdikdə, onun bir hissəsi vaxtdan sonra qılınacaqsa, gərək o müstəhəbbi işi əmələ gətirməsin. Məsələn, əgər qunutu deməklə namazın bir hissəsi vaxtdan sonra qılınacaqsa, gərək qunutu deməsin. Əgər deyərsə, namaz o vaxt səhih olar ki, ən azı bir rəkəti vaxt daxilində qılınmış olsun.

Məsələ 735: Bir şəxsin bir rəkət namaz qılmaq miqdarında vaxtı olsa, gərək namazı əda niyyəti ilə qılsın. Amma, gərək namazı qəsdən bu vaxta qədər təxirə salmasın.

Məsələ 736: Müsafir olmayan şəxsin, əgər gün batan vaxta kimi beş rəkət namaz qılmağa vaxtı vardırsa, gərək zöhr və əsr namazının hər ikisini tərtiblə qılsın. Əgər ondan az vaxtı vardırsa, gərək əvvəlcə əsr namazını qılsın və sonra zöhr namazını qəza etsin. Habelə əgər gecə yarısına kimi beş rəkətqılmağa vaxtı vardırsa, gərək məğrib və işa namazını tərtiblə qılsın. Əgər vaxtı ondan azdırsa, gərək əvvəlcə işa namazını qılsın və sonra məğrib namazını əda və qəza niyyəti etmədən yerinə yetirsin.

Məsələ 737: Müsafir olan şəxsin, əgər gün batana qədər üç rəkət namaz qılmağa vaxtı vardırsa, gərək zöhr və əsr namazını tərtiblə qılsın. Əgər ondan az vaxtı vardırsa, gərək əvvəlcə əsr namazını qılsın və sonra zöhr namazını qəza etsin. Əgər gecə yarısına qədər dörd rəkət namaz qıla biləcək qədər vaxtı vardırsa, gərək məğrib və işa namazını tərtiblə qılsın. Əgər üç rəkət namaz qıla biləcək qədər vaxtı vardırsa, əvvəlcə işanı qılmalı, sonra da məğrib namazının bir rəkətini vaxtında qılması üçün, dərhal məğrib namazını qılmalıdır. Əgər üç rəkət namaz qılınacaq müddətdən daha az vaxt vardırsa, əvvəlcə işanı qılmalı, sonra da əda və qəza niyyəti etmədən, məğrib namazını yerinə yetirməlidir. Amma işa namazını qıldıqdan sonra, gecə yarısına bir rəkət qıla biləcək və ya daha çox vaxt qaldığı məlum olarsa, dərhal məğrib namazını əda niyyəti ilə qılmalıdır.

Məsələ 738: Müstəhəbdir ki, insan namazı onun əvvəl vaxtında qılsın. Bu barədə çoxlu tövsiyələr olunmuşdur. Namaz nə qədər vaxtın əvvəlinə yaxın vaxtlarda qılınsa daha yaxşıdır. Amma namazı daha yaxşı bir cəhətə ğörə təxirə salmaq olar; məsələn: gözləsin ki, namazı camaatla birlikdə qılsın. Fəzilət vaxtının keçməməsi şərti ilə.

Məsələ 739: Əgər insanın bir üzrü olub, vaxtın əvvəlində namaz qılmaq istədiyi təqdirdə təyəmmümlə namazı qılmağa naçardırsa, əgər üzrün vaxtın sonuna qədər qalacağına ehtimal versə və ya onun aradan qaldırılmasından ümidini kəsmişsə, vaxtın əvvəlində təyəmmüm edib namaz qıla bilər. Amma əgər üzrünün aradan qalxmasına ümidini kəsməmişsə, gərək üzrü aradan gedənə qədər və ya ümidini kəsənə qədər gözləsin. Əgər üzrü aradan qalxmazsa, vaxtın sonunda namaz qılmalıdır. Namazın yalnız vacib işlərini görə biləcək qədər gözləməsi lazım deyil. Azan, iqamə və qunut kimi namazın müstəhəblərini yerinə yetirə biləcək qədər vaxtı olduğu halda da təyəmmüm edib namazını müstəhəbbatı ilə birlikdə yerinə yetirə bilər. Lakin, təyəmmümdən başqa digər üzrlərdə üzrünün aradan qalxmasına ümid kəsməsə belə, namazı vaxtın əvvəlində qılması caizdir; amma vaxt sona çatmamışdan əvvəl üzrü aradan qalxsa, o namazı yenidən qılması gərəkdir.

Məsələ 740: Namaz hökmlərini bilməyən, ya onları öyrənmədən namaza səhih şəkildə yerinə yetirə bilməyən və ya namazdakı şəkklər və səhvlərlə bağlı hökmləri bilməyən bir şəxs əgər namaz qıldığı vaxt bunlardan biri ilə qarşılaşacağına və hökmü öyrənmədiyi üzündən vacib bir hökmü tərk edəcəyinə və ya haram işə mürtəkib olacağına ehtimal verirsə, bunları öyrənmək üçün namazı vaxtın əvvəlindən təxirə salınmalıdır. Amma namazı düzgün bir şəkildə yerinə yetirmək ümidilə namaza vaxtın əvvəlində başlarsa, bu halda əgər hökmünü bilmədiyi bir Məsələ ilə qarşılaşmazsa, namazı səhihdir. Əgər hökmünü bilmədiyi bir məsələ ortaya çıxarsa, vəzifəsi olması ümidi ilə ehtimal verdiyi iki tərəfdən birinə əsasən əməl edərək, namazı tamamlaması caizdir; amma namazdan sonra məsələni soruşmalı, əgər namazı batil imişsə, yenidən qılmalıdır. Əgər səhih imişsə, yenidən qılması lazım deyil.

Məsələ 741: Namaz vaxtının geniş olduğu bir müddətdə, tələbkar öz tələbini (namaz qılan şəxsdən) istəyərsə, mümkün olduğu təqdirdə, əvvəlcə öz borcunu verməli, sonra namaz qılmalıdır. Həmçinin, dərhal yerinə yetirməli olan ayrı bir vacib əməllə qarşılaşarsa, məsələn; məscidin nəcis olduğunu görərsə, əvvəlcə məscidi pak etməli və sonra namaz qılmalıdır. Hər iki təqdirdə də, əgər əvvəlcə namazı qılarsa, günah etməsinə baxmayaraq, namazı səhihdir.

Paylaş:
Baxış sayı: 11663

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

sixteen − 15 =