Gəncləri maraqlandıran məsələlər

Gəncləri maraqlandıran məsələlər

Son dövrlərdə gənclərin təhsil almaq, yaxud müvəqqəti və ya daimi məskunlaşmaq məqsədilə qeyri-müsəlman ölkələrinə, xüsusilə də Avropa və Amerika ölkələrinə köçməsi halları artmaqdadır. İnanclı müsəlman gənclərinin öz dinlərinə bağlılığının məntiqi nəticəsi olaraq onlar üçün qarşılarına çıxan bir sıra aktual məsələlərə, problemlərə şəriətin münasibətini öyrənmək zərurəti yaranır. Məhz bu zərurəti nəzərə alaraq həmin ölkələrdə məskunlaşan dininə bağlı müsəlman gəncləri onları maraqlandıran ən aktual şəriət hökmləri ilə tanış etməyi məqsədəuyğun hesab edirik:

Məsələ 453. Fəqihlər birmənalı olaraq bəyan edirlər ki, qadınlara (həyat yoldaşından başqa tərc.) ehtiraslı və şübhəli (tərəddüdlü) baxış haramdır. Ehtirasla baxmaq deyərkən şəhvət hissinin oyanmasını, şübhəli baxış deyərkən isə günaha düşmək qorxusunu nəzərdə tuturlar.

Məsələ 454. Açıq-saçıq geyinməkdən çəkindirilmələrinə rəğmən məhəl qoymayaraq belə geyinməyə davam edən qadınlara ehtiraslanmaq məqsədi güdmədən baxmaq olar. Onların üzlərinə, əllərinə, ayaqlarına və adətən açıq olan digər bədən üzvlərinə cinsi həzzalma duyğusu və harama (günaha) düşmək qorxusu olmadan baxmağa şəriət tərəfindən icazə verilir. Lakin adətən açıq olmayan, təsadüfi hallarda görünən bədən üzvlərinə isə, ümumiyyətlə, baxmaq olmaz.

Məsələ 455. Kişinin kişiyə, qadının da qadına şəhvət hissi ilə baxması yolverilməzdir.

Məsələ 456. Homoseksualizm adlandırılan livat – kişilər arasında cinsi əlaqə və müsahiqə (lezbianizm) qadınlar arasında cinsi əlaqə haramdır.

Məsələ 457. İstimna (masturbasiya, onanizm) hansı üsulla edilməsindən asılı olmayaraq haramdır.

Məsələ 458. Vacib ehtiyata əsasən, çılpaq şəkil və video görüntülərə hətta ehtiras duyğusu və günah qorxusu olmadan belə baxmaqdan çəkinmək lazımdır.

Məsələ 459. Əxlaqı fəsadı yayan ünsürlər qadın cinsiyyət orqanının bir sıra xüsusiyyətləri özündə əks etdirən bir oyuncaq ixtira etmişdir. Kişilər yatarkən həmin oyuncağı cinsiyyət üzvünün üzərinə qoyaraq həzz ala (orqazm ola) bilirlər. Vacib ehtiyata əsasən, həmin oyuncaqlardan hətta məni (sperma) ifraz etmək niyyəti olmadığı halda belə istifadə edilməməlidir və bu məsələdə kişinin evli olub-olmamasının heç bir fərqi yoxdur.

Məsələ 460. Kişi hamiləliyin qarşısını almaq üçün cinsi əlaqə zamanı prezervativdən istifadə edə bilər, lakin vacib ehtiyata əsasən, həyat yoldaşının da razılığı olmalıdır.

Məsələ 461. Müsəlman kişilərə haramla nəticələnə biləcəyi halda ümumi (kişi və qadınların birgə istifadə etdiyi) hovuzların xidmətindən istifadə etmək, yaxud digər bənzər yerlərə (sauna, çimərlik və s.) getmək olmaz. Vacib ehtiyata əsasən isə, hətta harama sürüklənməyəcəkləri halda da belə yerlərə getməməlidirlər.

Məsələ 462. Müsəlman kişilərə qadınlarla bilavasitə təmasa əngəl törədəcək əlcək kimi bir vasitə olmadan əllə görüşmək olmaz. Lakin əllə görüşməkdən imtina etmək onları ciddi və normal durumlarda dözülməz hesab edilən çətinlik və sıxıntı ilə qarşı-qarşıya qoyarsa, zərurət çərçivəsində görüşməyə icazə verilir.

Məsələ 463. Gənc müsəlman kişi gənc bacısını, xalasını, bibisini və azyaşlı qızlarını onlara qarşı sevgisinin təzahürü olaraq öpə bilər. Onları öpmək şəhvət hissi oyandırdığı halda isə buna icazə verilmir.

Məsələ 464. Mərcləşmənin olub-olmamasından asılı olmayaraq şahmat oynamaq haramdır. Həmçinin, hər iki tərəf (oyunçular) real oyunçular olduğu halda kompyuterlə də sözügedən oyunu oynamaq haram sayılır. Habelə, vacib ehtiyata əsasən, tərəflərdən biri real, digəri isə virtual oyunçu olduğu halda da oynamaq olmaz.

Məsələ 465. Bütün növ qumar alətləri, o cümlədən kartlarla oynanılan və mərcləşməyə əsaslanan oyunlar haramdır. Vacib ehtiyata əsasən isə, hətta mərcləşmə olmadığı halda da həmin oyunlardan uzaq durmaq lazımdır.

Məsələ 466. Futbol, basketbol, voleybol, həndbol kimi top oyunlarının oynanılmasına, həmçinin ehtiraslı baxış kimi haramlara (günahlara) sürükləməməsi və hansısa vacib bir əməlin icrasından saxlamaması, məsələn namazın qəzaya verilməsinə səbəb olmaması şərtilə həmin oyunlara idman meydançalarında canlı olaraq, yaxud ekran arxasında ödənişli (bilet almaq, yaxud ödənişli telekanallarda yayımına tamaşa etmək kimi) və ya ödənişsiz əsaslarla baxmağa şəriət tərəfindən icazə verilir.

Məsələ 467. Ciddi fiziki xəsarətləri ilə nəticələnməyəcəyi halda mərcləşmə olmadan güləş və boks oyunlarına və məşqlərinə də icazə verilir.

Məsələ 468. Vacib ehtiyata əsasən, kişi saqqalını qırxmamalıdır. Həmçinin, vacib ehtiyata əsasən, üzünün digər hisslərini tamamilə qırxaraq yalnız çənəsində tük saxlamasına da icazə verilmir.

Məsələ 469. Müalicə və digər profilaktik tədbirlər çərçivəsində zəruri olduğu halda, yaxud qırxmaqdan imtina etdiyi halda ciddi bir təhlükə ilə qarşılaşa biləcəyi təqdirdə və ya məsxərə obyektinə çevrilmək kimi müsəlman üçün normal vəziyyətlərdə dözülməz hesab edilən çətinliklərlə üzləşdikdə saqqalı qırxmağa icazə verilir.

Sual-cavab:

Məsələ 470. Bir ata övladının dostundan onun davranışına nəzarət etməsini istəyir, bir müddətdən sonra isə ondan övladının hərəkətləri bağlı rəyini bildirməyi xahiş edir. Dostu oğlunun başqalarının bilmək istəmədiyi cəhətlərindən də atasını xəbərdar edə bilərmi?

Cavab: Yalnız, qarşısının alınması vacib olan pis bir davranış (günah) olarsa və həmin günahın qarşısının alınması üçün başqa çıxış yolu olmazsa, onu incitmək hesabına başa gəlsə də, bu addımı atmaq olar. Əks təqdirdə isə yolverilməzdir.

Məsələ 471. Xalq arasında məşhur olan “birinci baxış sənin lehinə, ikinci isə əleyhinədir” ifadəsi nəyi ehtiva edir? Bəzilərinin iddia etdiyi kimi naməhrəmə ilk baxışın haram olmadığını əldə əsas tutaraq həmin baxışı uzadaraq qadını diqqətlə nəzərdən keçirmək olarmı?

Cavab: Anlaşılan odur ki, sözügedən məsəl birinci və sonrakı baxışlar arasındakı fərqi açıqlayır. Belə ki, ilk baxış adətən təsadüfi və ötəri xarakter daşıyır və ehtiraslanma məqsədi güdülmədiyindən günahsız hesab edilir. İkinci baxış isə əksinə, məqsədyönlü şəkildə gerçəkləşir və bir növ ehtiraslanma ilə müşayiət edildiyindən zərərli hesab edilir. Bu mətləbin önəmini vurğulamaq üçün İmam Sadiq (ə) bir hədisində buyururdu: “İlk baxışdan sonrakı baxış qəlbdə ehtiras qığılcımlarını oyadır və naməhrəmə baxanın günaha düşməsini təmin edir”.

Beləliklə, aydın olduğu kimi bu məsəl baxışlarının sıra ardıcıllığını nəzərdə tutmur. Başqa sözlə, birinci baxışın hətta başlanğıcdan məqsədyönlü şəkildə günah (naməhrəmə baxaraq ehtiraslanmaq) niyyəti ilə olsa da, yaxud sonradan – baxış əsnasında belə bir baxışa çevrilsə də, halal; ikinci baxışın isə ani və ehtiraslanmaq niyyəti güdmədən olsa da, haram olduğunu nəzərdə tutmur.

Məsələ 472. Naməhrəm qadına baxmağın haramlığı ilə bağlı danışrakən insanların əksəriyyəti üçün aydın olmayan bir sıra ifadələrdən istifadə olunur. Məsələn, ribə (şübhə, tərəddüd), həzzalma və şəhvət ifadələri hansı mənanı ifadə edir? Bu ifadələin hamısı bir mənanı ifadə edən sinonimlərdimi?

Cavab: Həzzalma və şəhvət deyərkən istənilən gözəlliyə, gözəl mənzərə baxdıqda alınan həzz (estetik zövq) deyil, cinsi, şəhvani həzzalma (ehtiraslanma) nəzərdə tutulur. Ribə deyərkən isə məftun olaraq günaha düşmək qorxusu nəzərdə tutulur.

Məsələ 473. Haram həzzin hüdudları nədən ibarətdir?

Cavab: Haram həzzin ən yüngül dərəcəsi ilkin cinsi istəklərdir (şəhvət duyğusunun hərəkətə keçməsidir).

Məsələ 474. Britaniya və eləcə də bir sıra digər qərb ölkələrində orta təhsil müəssisələrində şagirdlər “cinsi tərbiyə” adlı dərs çərçivəsində cinsiyyət orqanının təsviri və heykəl (maneken) modeli üzərində izahlara qulaq asırlar. Yeniyetmə müsəlman şagirdlərinə bu dərslərdə iştirak etməyə icazə verilirmi? Bəs onlar özləri bu bilik və məlumatların gələcəkdə onlar üçün faydalı olacağı düşüncəsi ilə həmin dərslərdə iştirak etməyə rəğbət göstərdikləri halda valideynlərinin onlara qadağa qoyması vacibdirmi?

Cavab: Həmin dərsdə iştirak etmək şəhvətli baxış kimi hər hansı bir haramla nəticələnməzsə, yaxud şagirdlər əxlaqi sapıntılara sürüklənməzsə, iştirak sərbəstdir.

Məsələ 475. Qadınların hüzurunda aşiqanə qəzəllər oxumaq olarmı? Məqsəd onların sevgisini qazanmaq olduqda və olmadıqda şəriətin münasibəti nədən ibarətdir? Bəs məclisdə iştirak edən qadınlar evli olmadığı və onların həmin qəzəllərdən təsirləndiyi halda necə?

Cavab: Yolverilməz hesab ediliir.

Məsələ 476. Qadınlarla həzzalma niyyəti və günaha düşmək qorxusu olmadan, yaxud hər hansı bir harama sövq etmədən rəğbət qazandıran gözəl sözlərlə, aşiqanə ifadələrlə danışmaq olarmı?

Cavab: Ehtiyata əsasən, belə hərəkətlərdən çəkinmək lazımdır.

Məsələ 477. Hansısa bir qadına və ya ümumiyyətlə zərif cinsin nümayəndələrinə ithafən romantik mənzum (şeir) və ya mənsur əsərlər (roman və s.) yazmaq olarmı?

Cavab: Haram istək və təmənnalardan xali olduğu, habelə digər əxlaqa zidd nəticələr doğurmadığı təqdirdə əngəl yoxdur.

Məsələ 478. Aralarından biri ilə tanış olaraq daha sonra müvəqqəti evlilik təklif etmək məqsədilə qadınlarla ünsiyyət qormaq olarmı?

Cavab: Bu ünsiyyət naməhrəm qadınla normal sayılan ünsiyyət çərçivəsi daxilində olarsa, şəriət tərəfindən əngəl qoyulmur.

Məsələ 479. Avropada son dövrlərdə dəb halını alan adətlərdən biri də budur ki, kişilər də qadınlar kimi qulaqlarının birinə, yaxud hər ikisinə sırğa taxırlar. İslamda buna icazə verilirmi?

Cavab: Qızıldan olduğu halda icazə verilmir. Ehtiyata əsasən isə, ümumiyyətlə, icazə verilmir.

Məsələ 480. Bir şəxs haram iş görərək saqqalını ülgüclə qırxarsa, daha sonra yenə də üzünü ülgüclə təraş edə bilərmi?

Cavab: Vacib ehtiyata əsasən, saqqalı ülgüclə qırxmaqdan çəkinmək lazımdır.

Məsələ 481. Avropa ölkələrində bəzi müəssisələr işə düzəlmək istəyən namizədlərin saqqallı olub-olmamasına diqqət yetirərək saqqal saxlamayanları işə qəbul etməyi tərcih edirlər. Bu ayrıseçkilik və imtiyaz real olduğu halda həmin müəssisələrdə işə qəbul olunmaq üçün saqqalımızı qırxa bilərikmi?

Cavab: Saqqalı qırxmağın ehtiyata əsaslanan haramlığı nəzərə alınmaqla, həmin müəssisələrdə işə qəbul olmaq istəyi öz-özlüyündə (zərurət olmadan) buna əsas vermir.

Məsələ 482. Yanaqlardakı tükləri təraş edərək yalnız çənə nahiyəsində saqqal saxlamaq olarmı?

Cavab: Saqqalı qırxmağın ehtiyata əsaslanan haramlığı üzün hər iki tərəfində bitən tüklərin qırxılmasını əhatə edir. Yanaq nahiyələrindəki tüklərin təmizlənməsinin isə eybi yoxdur.

Məsələ 483. Mərcləşmə ilə və ya mərcləşmə olmadan kompyuter, yaxud qumar aparatları vasitəsilə qumar oynamaq olarmı?

Cavab: Şəriət buna icazə vermir və həmin oyunlara adi qumar alətləri ilə oynanılan qumar kimi haram hökmü şamil olunur.

Məsələ 484. Bəzi halal oyunları, o cümlədən zərlə oynanılan oyunları (nərd kimi) oynamaq olarmı?

Cavab: Zər məhz qumar oyunlarında istifadə olunan bir alət, oyun vasitəsi hesab olunmazsa, onunla qumar olmayan oyunları oynamaq olar.

Məsələ 485. Müsəlman olmayan qadınların bədənlərinin yay aylarında adətən açıq qoyduqları hissələrinə baxmaq olarmı?

Cavab: Şəhvani həzz almaq niyyəti, yaxud günaha düşmək qorxusu olmadan baxılarsa, eybi yoxdur.

Məsələ 486. Hicablı qadının hicabsız halda çəkdirdiyi şəklinə baxmaq olarmı?

Cavab: Ehtiyata əsasən, üz və əllər istisna olmaqla bədənlərinin digər hissələrinə baxmaqdan çəkinsinlər. Üz və əllərinə isə şəhvani həzz alma və günaha düşmək qorxusu olmadan baxmaq olar.

Məsələ 487. Tamaşaçı ehtiras hislərinin oyanacağına əmin olmadığı halda sadəcə informasiyaya olan ehtiyacını ödəmək məqsədilə televiziya ekranında, internetdə və s. çılpaq, yaxud yarıçılpaq hesab olunan görkəmdə olan qeyri-müsəlman qadınların görüntülərinə baxa bilərmi? Bəs müsəlman kişi küçələrdə, ictimai yerlərdə belə görkəmdə olan qadınlara qeyd olunan məqsədlə deyil, öz həyat yoldaşına qarşı ehtiras hissinin təhrik olunması məqsədilə baxa bilərmi?

Cavab: Çılpaq səhnələrə nə canlı, nə də ekran (yaxud monitor) arxasından tamaşa etək olmaz. Vacib ehtiyata əsasən, belə səhnələrə heç bir vəchlə baxmaq olmaz.

Məsələ 488. Tamaşaçı ehtiras hissinin oyanmayacağına arxayın olduğu halda təhrikedici kadrlara baxa bilərmi?

Cavab: Çılpaq kadr olarsa, ehtiyata əsasən, baxmamalıdır.

Məsələ 489. Həzz almaq niyyəti olmadan pornoqrafiya və erotika janrlarından olan film və videolara axmaq olarmı?

Cavab: Ehtiyata əsasən, heç bir vəchlə baxmaq olmaz.

Məsələ 490. Bəzi ödənişli telekanallar gündüz saatlarında əxlaq normalarına zidd olmayan verilişlər və filmlər yayımlasa da, gecə yarısından sonra 18+ film və verilişlər nümayiş etdirir. Həmin telekanallara ödənişli əsaslarla abunə olmaq olarmı?

Cavab: Abunəçinin özünün, yaxud başqalarının (həmin telekanalın yayımını izləmək imkanı olan şəxslərin, o cümlədən ailə üzvlərinin) həmin əxlaqsız proqramları izləməyəcəyinə arxayın olması istisna edilməklə, icazə verilmir.

Məsələ 491. Bəzi ölkələrdə adətə görə hər hansı yığıncağa, kollektivə, iş yerinə və s. gələn şəxs bütün şəxslərlə, o cümlədən qadınlarla da ehtiraslanmaq niyyəti olmadan əllə görüşür. Qadınlarla əllə görüşməkdən imtina etmək isə təəccüblə qarşılanmaqla qalmayaraq əksər hallarda onlara qarşı nəzakətsizlik və hətta təhqir kimi qəbul edilir və bundan imtina edən şəxsə qarşı mənfi reaksiyaların təzahürünə səbəb olur. Beləliklə, belə bir vəziyyətdə qadınlarla əllə görüşmək olarmı?

Cavab: İcazə verilmir. Bu vəziyyətdən heç kəslə əllə görüşməmək, yaxud əlcəklə görüşmək kimi yollarla çıxmaq olar. Bu da mümkün olmadığı halda isə əllə görüşməkdən imtina etməyin onu əsasən dözülməz hesab edilən çətinliklərlə üz-üzə qoyacağını anlayarsa, yalnın bu halda müsəlmana naməhrəm qadınlarla əllə görüşməyə izin verilir. Eləcə də qeyd etmək lazımdır ki, bu hökm yalnız həmin yığıncaqda iştirak etməyin, yaxud kollektivə qoşulmağın zərurətdən irəli gəldiyi hallara şamil olunur. Əks təqdirdə (zərurət olmadığı hallarda) isə haram hərəkətlərdən imtina edə bilməyəcəyi yığıncaq və kollektivlərdə iştirak etməməlidir.

Məsələ 492. Qərb ölkələrində əl sıxmaq salamlaşma, görüşmə adətlərindən biri hesab edilir və bəzən əllə görüşməkdən imtina etmək işdən, yaxud təhsildən uzaqlaşdırılma və ya iş və təhsil imkanlarından məhrum olmaq kimi nəticələr də doğura bilir. Beləliklə, zərurət hallarında müsəlman kişi ona naməhrəm olan qadınla, müsəlman qadın da özünə naməhrəm olan kişi ilə əllə görüşə bilərmi?

Cavab: Əlcək, yaxud başqa bir vasitə ilə də bilavasitə əl təmasının qarşısını almaq mümkün olmazsa, əllə görüşməkdən imtinanın ciddi zərər, yaxud əsasən dözülməz hesab edilən problemlərlə nəticələnəcəyi hallarda görüşməyə icazə verilir.

Məsələ 493. Qərb ölkələrində yaşayan müsəlman kişi evlənmək üçün müsəlman qadın tapa bilmədiyi halda müsəlman olmayan bir qadınla evlənə bilərmi? Nəzərə almaq lazımdır ki, bu onların övladlarının gələcəyi baxımından üzərində düşünülməli olan bir məsələdir. Belə ki, valideynlər arasındakı dil, övlad tərbiyəsinə baxış, mənəvi dəyərlər və ictimai münasibətlərə yanaşma fərqlilikləri onlar üçün bir sıra psixoloji problemlər yarada bilər.

Cavab: Ehtiyata əsasən, müsəlman kişilər kitab əhli olan qadınlarla daimi ailə həyatı qura bilməz. Müvəqqəti evliliyə gəlincə, şəriət tərəfindən buna icazə verilsə də, həmin qadınlarla müvəqqəti evlilikdən övlad sahibi olmaq məsləhət görülmür. Həmçinin, qeyd etmək lazımdır ki, buna yalnız həmin şəxsin müsəlman bir həyat yoldaşının olmadığı halda (onunla birgə qalıb-qalmamasından asılı olmayaraq) icazə verilir. Müsəlman həyat yoldaşı olduğu halda isə həmin qadınlarla müvəqqəti evliliyə yalnız onun razılığı əsasında izin verilir. Hərçənd, ehtiyata əsasən, hətta müsəlman həyat yoldaşı razı olsa belə, onlarla müvəqqəti evlilikdən də çəkinməlidir.

Məsələ 495. Bəzi pornoindustriya müəssisələri vaginaya (qadın cinsiyyət orqanına) bənzəyən oyuncaqlar istehsal edir və bəzi kişilər həmin oyuncağı cinsiyyət orqanına keçirirlər ki, yuxuda şəhvani həzz alaraq orqazm olsunlar. Bu haram istimna əməlinin bir növü hesab olunurmu?

Cavab: Sözügedən oyuncaqdan istifadə edənin məqsədi məni ifraz etmək olarsa və istifadə nəticəsində sperma ifraz olunarsa, yaxud adətən onun həmin oyuncaqdan istifa etməsi bununla nəticələnərsə, haramdır. Vacib ehtiyata əsasən isə hətta məninin ifraz olunmayacağına əmin olduğu hallarda da həmin oyuncaqların istifadəsindən çəkinməlidir.

Məsələ 495. Kişinin öz həmcinsini şəhvətlə qucaqlaması, oğlanların bir-birini cinsi həzz almaq niyyəti ilə öpməsi, yaxud da bir qədər də irəli gedərək anormal qəbul edilən hərəkətlərə yol verməsinə şəriətin münasibəti necədir?

Cavab: Günah dərəcəsinə görə fərqlənsə də, bu qəbildən olan bütün hərəkətlər haram hesab edilir.

Paylaş:
Baxış sayı: 9641

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

seventeen − nine =