Dəstəmazın səhih olma şərtləri

Dəstəmazın səhih olma şərtləri

Dəstəmazın səhih olmasının bir neçə şərti var:

1-ci şərt: Dəstəmazın suyu pak olsun. Başqa bir nəzərə əsasən şər`i baxımdan pak olsa belə, əti halal heyvanın bövlü, pak olan murdarın əti və ya yara çirki kimi insanın nifrət etdiyi şeylərlə də qatışıq olmamalıdır. Bu nəzər ehtiyata uyğundur.

2-ci şərt: Dəstəmazın suyu mütləq olsun.

Məsələ 264: Nəcis və muzaf su ilə alınan dəstəmaz batildir. Hətta əgər insan onun nəcis və muzaf olmasını bilməsə, yaxud unutsa da batildir. Əgər bu sular ilə alınan dəstəmazla namaz qılsa, gərək o namazı yenidən, səhih dəstəmazla qılsın.

Məsələ 265: Əgər dəstəmaz alması üçün palçıqlı muzaf sudan başqa bir su yoxdursa, bu halda namazın vaxtı azdırsa, təyəmmüm etməlidir; vaxt varsa suyun durulmasını gözləməli və ya başqa bir vasitə ilə suyu duruldub saf su ilə dəstəmaz almalıdır. Amma palçıqlı su o vaxt muzaf olur ki, artıq ona su deyilməsin.

3-cü şərt: Dəstəmazın suyu mübah olsun.

Məsələ 266: Qəsb edilmiş və ya sahibinin razı olub-olmadığı məlum olmayan su ilə dəstəmaz almaq haram və batildir. Həmçinin əgər dəstəmazın suyu üz və əllərindən qəsbi olan yerə tökülərsə və ya dəstəmaz aldığı yerin fəzası qəsbi olarsa, o yerdən başqa bir yerdə dəstəmaz almaq imkanı da yoxdursa, şəxsin vəzifəsi təyəmmümdür. Əgər ayrı bir yerdə dəstəmaz alması mümkündürsə, həmin yerdə dəstəmaz almalıdır. Hər iki təqdirdə əgər orada dəstəmaz alarsa, dəstəmazı səhih amma günah etmiş olur.

Məsələ 267: Ümumi istifadə üçün və ya yalnız o mədrəsədə təhsil alanlar üçün vəqf olunduğu məlum olmayan hovuz, adətən camaatın o hovuzda dəstəmaz aldıqları surətdə və bir şəxsin bunu qadağan etmədiyi təqdirdə insanın o, hovuzda dəstəmaz almasının heç bir maneəsi yoxdur.

Məsələ 268: Bir şəxs namaz qılmaq istəmədiyi bir məscidin hovuzunun hamı üçünmü, yoxsa orada namaz qılanlar üçünmü vəqf edildiyini bilməzsə, o məscidin hovuzundan dəstəmaz ala bilməz. Amma əgər adətən orada namaz qılmaq istəməyən şəxslər də o hovuzdan dəstəmaz alırsa və bir şəxs də bunu qadağan etmirsə, həmin hovuzdan dəstəmaz ala bilər.

Məsələ 269: Otellərin, karvansaların və buna bənzər yerlərin hovuzlarından orada yaşamayan şəxslərin dəstəmaz almaları, ancaq orada yaşamayan şəxslərin də onların suyundan dəstəmaz aldığı və bir şəxsin də bunu qadağan etmədiyi təqdirdə səhihdir.

Məsələ 270: İnsan, sahiblərinin razı olduqlarını bilməzsə belə, onlardan istifadə etməyin caiz olmasına əql sahiblərinin nəzər verdiyi nəhrlərdə, istər sahibi böyük olsun, istərsə kiçik, dəstəmaz almağın eybi yoxdur. Hətta əgər onların sahibləri dəstəmaz almağı qadağan edərsə və ya insan sahibinin razı olmadığını bilərsə və yaxud həmin nəhrin sahibi uşaq və ya dəli olarsa, onların suyundan istifadə etmək caizdir.

Məsələ 271: Əgər insan suyun qəsb edilmiş olduğunu unudaraq onunla dəstəmaz alarsa, səhihdir. Amma suyu özü qəsb etmiş olan şəxs onun qəsb etmiş olduğunu unudub həmin su ilə dəstəmaz alarsa, dəstəmazın səhih olması işkallıdır.

Məsələ 272: Əgər dəstamazın suyu onun öz mülkü olsa, amma qəsbi qabda olsa, şəxsin ondan başqa bir qabı da olmazsa, suyu o qabdan şəri bir yolla ayrı bir qaba boşalda bilərsə, bu halda onu boşaldaraq dəstəmaz alması lazımdır; bu da mümkün deyilsə, təyəmmüm etməlidir. Amma əgər ayrı bir suyu varsa, onunla dəstəmaz alması lazımdır. Hər iki təqdirdə əgər müxalifət edib qəsbi qabda olan su ilə dəstəmaz alarsa, dəstəmazı səhihdir.

Məsələ 273: Bir daşı və ya kərpici belə qəsbi olan hovuzdan su götürmək, ümumxalqın nəzərində o daşlardan və ya kərpicdən istifadə etmək sayılmasa, dəstəmaz almağın heç bir maneəsi yoxdur. İstifadə etmək sayıldığı təqdirdə isə ondan su götürmək haramdır, amma dəstəmazı səhihdir.

Məsələ 274: İmamlardan (ələyhimus-səlam) və ya imam övladlarından birinə aid olan yer əvvəlcədən qəbiristanlıq olub, sonra orada hovuz düzəldilərsə və ya oradan arx axıdılarsa, insan o səhnin (İmamlara aid olan yer) yerinin qəbiristanlıq üçün vəqf edilmiş olduğunu bilməzsə, onda həmin hovuz və ya arxda dəstəmaz almağın eybi yoxdur.

4-cü şərt: Dəstəmaz üzvləri yuyulduqda və məsh edildikdə pak olsun. Hərçənd dəstəmaz halında, onu yumazdan və ya məsh etməzdən əvvəl paklasa belə; Əgər kürr və bu kimi su ilə yuyursa, yumaqdan qabaq paklamaq lazım deyil.

Məsələ 275: Dəstəmaz tamamlanmazdan əvvəl yumuş olduğu və ya məsh etdiyi bir yer nəcis olarsa, dəstəmaz səhihdir.

Məsələ 276: Bədənin dəstəmaz üzvlərindən başqa bir yeri nəcis olsa, dəstəmaz səhihdir. Amma ehtiyat-müstəhəb budur ki, əgər sidik və ya ğaitin məhəllini yumamışsa, əvvəlcə onu paklasın və sonra dəstəmaz alsın.

Məsələ 277: Dəstəmaz üzvlərindən biri nəcis olarsa və dəstəmaz aldıqdan sonra dəstəmazdan əvvəl oranı pak edib etmədiyində şəkk edərsə, dəstəmazı səhihdir. Amma gərək nəcis olan yeri yusun.

Məsələ 278: Üzündə və ya qollarında qanaxması dayanmayan, suyun zərər vermədiyi bir kəsik yer və ya yara olarsa, gərək ardıcıllıqla o üzvün sağlam yerlərini yuduqdan sonra kəsik və ya yara olan yeri kürr və ya axar suya salıb qanı kəsilincəyə qədər sıxmalı və onun üzərindən su axması üçün suyun altında yuxarıdan aşağıya doğru barmağı ilə yaranı və ya kəsiyi sıxmalıdır. Sonra aşağı hissələri yumalıdır. Belə alınan dəstəmaz səhihdir.

5-ci şərt: Dəstəmaz alıb namaz qılmaq üçün kifayət qədər vaxt olmalıdır.

Məsələ 279: Dəstəmaz alacığı halda namazın hamısı və ya bir hissəsi öz vaxtından sonraya qalacaq qədər vaxt az olarsa, gərək təyəmmüm etsin. Amma dəstəmaz və ya təyəmmümün hər biri üçün eyni qədər vaxt olarsa, gərək dəstəmaz alsın.

Məsələ 280: Namazın vaxtının darlığı üzündən təyəmmüm etməli olan bir şəxs, əgər Allaha yaxınlıq niyyəti ilə və ya Quran oxumaq kimi müstəhəbb bir iş üçün dəstəmaz alarsa, dəstəmazı səhihdir. O namazı qılmaq üçün dəstəmaz alarsa da, hökm eynidir. Əgər bu zaman qürbət (Allaha yaxınlıq) qəsdi gerçəkləşməzsə, dəstəmaz batildir.

6-cı şərt: Dəstəmazı qürbət qəsdi ilə, yəni aləmlərin Rəbbinin əmrlərini yerinə yetirmək üçün dəstəmaz alsın. Amma sərinlənmək, yaxud başqa məqsədlə dəstəmaz alsa, batildir.

Məsələ 281: Dəstəmazın niyyətini dili ilə söyləməsi və ya qəlbindən keçirməsi lazım deyil. Dəstəmazın bütün əməllərini Allahın əmri üçün yerinə yetirərsə, kifayətdir.

7-ci şərt: Dəstəmazı qeyd olunan tərtiblə almalıdır, yəni əvvəlcə üzü, sonra sağ qolu, sonra sol qolu yumalı və ondan sonra başa, nəhayət ayaqlara məsh çəkməlidir. Ehtiyat-müstəhəb budur ki, hər iki ayağı birlikdə məsh etməsin, hətta sol ayağa sağ ayaqdan sonra məsh etsin.

8-ci şərt: Dəstəmazın işlərini ardıcıl (fasiləsiz) olaraq yerinə yetirsin.

Məsələ 282: Dəstəmazın əməlləri arasında camaatın nəzərində ardıcıl sayılmayacaq qədər fasilə versə, dəstəmaz batil olur. Amma insan üçün unutmaq və ya suyun qurtarması kimi bir üzrlü səbəb əmələ gəldiyi zaman bu məsələ şərt deyildir. Əgər yumaq və ya məsh etmək istədiyi bir yerdən əvvəl yuduğu və ya məsh etdiyi yerlərin hamısının nəmliyi qurumuş olsa dəstəmaz batildir. Amma əgər yumaq və ya məsh etmək istədiyi yerdən əvvəlki yerin nəmliyi qurusa, amma ondan da əvvəlki yerlər qurumamış olarsa, məsələn, sol qolunu yumaq istədiyi zaman sağ qolunun rütubəti qurusa və üzünün nəmliyi qalırsa, dəstəmaz səhihdir.

Məsələ 283: Dəstəmazın əməllərini ardıcıl olaraq yerinə yetirdiyi halda havanın istiliyi, bədənin hərarətinin çox olması və buna bənzər səbəblər üzündən əvvəlki yerlərin nəmliyi quruyarsa, dəstəmaz səhihdir.

Məsələ 284: Dəstəmaz əsnasında yol getməyin eybi yoxdur. Deməli, bir şəxs üzü və əlləri yuduqdan sonra bir neçə addım gedib sonra başa və ya ayaqlara məsh etsə, dəstəmazı səhihdir.

9-cu şərt: Üzün, əllərin yuyulmasını, başa və ayağa məsh çəkilməsini insanın özü yerinə yetirsin. Başqası ona üçün dəstəmaz alsa və ya suyu onun üzünə və əllərinə tökməkdə yaxud da baş və ayaqlarına məsh etməkdə kömək etsə, dəstəmazı batildir.

Məsələ 285: Özü dəstəmaz ala bilməyən şəxs, hərçənd yuma və məsh etmə iki nəfərin iştirakı ilə olsa belə, başqasından yardım almalıdır. Belə ki, köməkçi ücrət (muzd) istəsə də imkanı olduğu təqdirdə və maddi cəhətdən ona zərər dəyməzsə gərək ödəsin. Amma niyyəti özü etməli və öz əli ilə məsh çəkməlidir. Əgər özünün də iştirak etməsi mümkün olmazsa, başqasından ona dəstəmaz aldırmasını xahiş etməlidir. Bu zaman ehtiyat-vacibə əsaən hər ikisi dəstəmaz niyyəti etsinlər. Əgər mümkün olsa gərək köməkçi onun əlindən tutub məsh ediləcək yerlərə çəksin. Əgər bu da mümkün deyilsə, köməkçi onun əlindəki nəmliyi əlinə alaraq başına və ayaqlarına məsh çəkməlidir.

Məsələ 286: Dəstəmazın bəzi əməllərini ozü (köməksiz) yerinə yetirə bilirsə onlar üçün kömək almamalıdır.

10-cu şərt: Sudan istifadə etməyin dəstəmaz alan üçün bir maneəsi olmamalıdır.

Məsələ 287: Dəstəmaz aldığı zaman xəstələnəcəyindən və ya suyu dəstəmaz üçün istifadə etdiyi təqdirdə susuz qalacağından qorxan şəxsin vəzifəsi, dəstəmaz almaq deyildir. Əgər sudan istifadə etdiyi zaman ona zərərli olduğunu bilməyib dəstəmaz alarsa, həqiqətdə isə suyun ona zərəri varsa, dəstəmazı batildir.

Məsələ 288: Əgər üz və qollarına dəstəmazın səhih olacağı az bir miqdarda su toxundurmasının zərəri olmazsa və ondan çoxunun zərəri olarsa, o az miqdar su ilə dəstəmaz almalıdır.

11-ci şərt: Dəstəmaz üzvlərində suyun bədənə dəyməsinin qarşısını alan maneə olmasın.

Məsələ 289: Əgər dəstəmaz üzvlərinə bir şeyin yapışdığını bilirsə, amma onun suyun yetişməsinə mane olub-olmadığında şəkk edirsə, onu aradan aparmalı və ya suyu onun altına çatdırmalıdır.

Məsələ 290: Dırnağın altının çirkli olmasının dəstəmaz üçün eybi yoxdur; amma əgər dırnaq kəsildiyi zaman, o çirklər suyun dəriyə çatmasına maneçilik törədərsə, gərək dəstəmaz üçün onları təmizləsin. Həmçinin əgər dırnaq normadan artıq uzun olarsa, normadan artığının altındakı çirkləri təmizləmək gərəkdir.

Məsələ 291: Üzdə, qollarda, başın ön hissəsində və ya ayaqlarının üstündə yanıq və ya başqa bir səbəbdən qabar olarsa, onun üstünü yumaq və ya məsh etmək kifayətdir. Bu qabar deşilsə də, dərinin altına suyu çatdırmaq lazım deyil. Hətta əgər qabarın bir bölümünün dərisi soyulsa belə, suyu soyulmamış olan qisminin altına çatdırmaq lazım deyil. Amma soyulmuş dəri bəzən bədənə yapışır, bəzən də qalxırsa, onu qopartmalı və ya suyu onun altına çatdırmalıdır.

Məsələ 292: Əgər insan, dəstəmaz üzvlərinə bir şey yapışıb-yapışmamasında şəkk etsə, bu halda onun ehtimalı camaatın nəzərində yerli ehtimal olsa; məsələn: palçıqla işlədikdən sonra, palçığın əlinə yapışıb-yapışmamasında şəkk etsə, gərək axtarış aparsin və ya əlini o qədər sürtsün ki, əminlik hasil olsun ki, olan halda o təmizlənib və ya olan halda su onun altına çatıb.

Məsələ 293: Əgər yuyulması və ya məsh edilməsi lazım gələn bir yer çirkə bulaşmışsa, amma suyun bədənə yetişməsinə mane olmasa, bir eybi yoxdur. Həmçinin gəc düzəltmə və buna bənzər işlərdən sonra əlin üstündə qalan və suyun dəriyə yetişməsinə mane olmayan ləkələrin də maneçiliyi yoxdur. Amma əgər onların olduğu təqdirdə suyun bədənə yetişib-yetişməməsində şəkk edərsə, gərək onları aradan qaldırsın.

Məsələ 294: Dəstəmazdan əvvəl dəstəmaz üzvlərinin bəzisində suyun dəriyə yetişməsinə mane olan bir şeyin olduğunu bilərsə və dəstəmaz aldıqdan sonra dəstəmaz alarkən suyu ora çatdırıb-çatdırmadığında şəkk edərsə, dəstəmazı səhihdir.

Məsələ 295: Əgər dəstəmaz üzvlərindən bəzisində suyun bəzən onun altına keçdiyi, bəzən də keçmədiyi bir maneə olarsa və insan dəstəmaz aldıqdan sonra suyun onun altına keçib-keçmədiyində şəkk edərsə, bu halda dəstəmaz alarkən suyun onun altına keçməsini nəzərdə tutmadığını bilirsə, ehtiyat-müstəhəb budur ki,yenidən dəstəmaz alsın.

Məsələ 296: Dəstəmazdan sonra dəstəmaz üzvlərində suyun dəriyə keçməsinin qarşısını alan maneənin olduğunu görsə və onun dəstəmaz alanda mövcud olduğunu, yoxsa sonradan meydana gəldiyini bilməzsə, dəstəmazı səhihdir. Amma dəstəmaz alarkən o maneədən agah olmadığını bilirsə, yenidən dəstəmaz alması müstəhəbb ehtiyatdır.

Məsələ 297: Dəstəmaz aldıqdan sonra dəstəmaz üzvlərində suyun dəriyə keçməsinin qarşısını alan bir maneənin olub-olmadığında şəkk edərsə, dəstəmazı səhihdir.

Paylaş:
Baxış sayı: 11290

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

nineteen − 8 =