Dəstəmazın alınma qaydası

Dəstəmazın alınma qaydası

Üz və əllərin yuyulması ilə bağlı hökmlər
Məsələ 258.Üzü uzununa alnın yuxarısından, saç tüklərinin çıxmağa başladığı yerdən çənənin ucunadək, eninə isə orta barmaqla baş barmağın arasınasığan yer qədər(1) yumaq lazımdır. Əgər insan bu qədərin azacıq bir hissəsini belə yumazsa, dəstəmaz batil sayılır vəbu qədərin tamamilə yuyulduğuna yəqinlik, yaxud arxayınlıq hasil etmədiyi təqdirdə əmin olmaq üçün onun ətrafını da bir az (artıq) yumalıdır. Həmçinin, vacib ehtiyata əsasən, üz yuxarıdan aşağıya doğru yuyulmalıdır və bunun üçün insanların “yuxarıdan aşağıya doğru yuyulmuşdur” deməsi kifayətdir. Buna əsasən, əgər suyu öncə alnın yuxarı başlanğıcına(saç tüklərinin bitdiyi yerə) tökər, sonra üzün hər iki tərəfinə normal qaydada əyri xətlər şəklində axıdarsa, yuxarıdan aşağıya doğru yuyulma gerçəkləşmişdir. Əgər insan dəstəmaz suyunu alnın yuxarı balanğıcına deyil, daha aşağıya, məsələn alnın aşağı hissəsinə və qaşların üzərinə tökərsə, sonra dərhal alnın quru qalan yuxarı hissəsini islatmaq üçün əlini həmin hissəyə, daha sonra isə suyu tökdüyü yerə və ondan aşağı hissələrə çəkərsə və bu yuma ilə kifayətlənərsə, vacib ehtiyata əsasən, belə bir dəstəmaz düzgün deyil(2).
Məsələ 259. Bir insanın çənəsi normal insanların çənəsindən uzundursa, üzünü bütövlüklə yumalıdır. Alnında tük çıxdığı, yaxud başının ön hissəsində saçı olmadığı təqdirdə isə normal insanların üzlərini haradan başlayaraq yuduqlarına baxmalı və alnını həmin hissədən başlayaraq normal ölçüdə yumalıdır. Üzü həddən ziyadə enli, yaxud ensiz olması, yaxud barmaqları uzun, yaxud qısa olması səbəbi ilə simmetrik və normal olmayan şəxs isəüzünə mütənasib olan barmaqları nəzərdə tutmalı və belə bir əlin baş və orta barmaqları arasına sığan hissəni yumalıdır.
Məsələ 260. Üzü və qolları elə yumaq lazımdır ki, su bədənin dərisinə dəysin. Əgər bunun qarşısını alan bir maneə olarsa, insan onu aradan qaldırmalıdır. Hətta əgər dəstəmaz alan şəxs qaşlarında, gözlərinin və dodaqlarının kənarlarında suyun dəri ilə təmasına mane olan kir, yaxud başqa bir şeyin olduğunu ehtimal edərsə, onun bu ehtimalı insanların nəzərində əsaslı (məntiqli ehtimal) sayıldığı təqdirdə dəstəmazdan öncə yoxlamalı və belə bir maneə mövcud olduğu halda onu aradan qaldırmalıdır.
Məsələ 261. Üzün dərisi tüklərin arasından görünürsə, suyu dəriyə dəydirmək lazımdır, görünmədiyi təqdirdə isə tüklərin üstünün yuyulması kifayətdir və suyu onların altına çatdırmaq vacib deyil. Lakin suyun tüklərin altına ötürülməsi asan olarsa və bunun üçün xüsusi diqqət tələb olunmursa, bu halda altı da yuyulmalıdır. Buna hər iki tərəfdən saqqalın, yaxud üzün dərisinin üstünü örtən və asanlıqla kənarlaşdırıla bilən bığları misal göstərmək olar.
Məsələ 262. İnsan üzünün dərisinin tüklərin arasından görünüb-görünmədiyi ilə bağlı şəkkə düşərsə, tükləri yumalı və suyu dəriyə də ötürməlidir.
Məsələ 263. Burun boşluğunu, dodaqların və gözlərin yumularkən görünməyən hissələrini yumaq vacib deyil, lakin əgər insan yuyulmalı olan yerlərdən hər hansı bir hissənin yuyulmamış qalması ilə bağlı şəkkə düşərsə, lazımi miqdarı yuduğuna əmin olmaq üçün onların da bir hissəsini yuması vacibdir. Bu məsələni bilməyən bir şəxs məntiqli ehtimalla aldığı dəstəmazda yuyulması lazım olan hissələri yuduğunu güman edirsə, həmin dəstəmazla qıldığı namazlar doğrudur və növbəti namaz üçün yenidən dəstəmaz alması da lazım deyil.
Məsələ 264.Üzü yuduqdan sonra öncə sağ, sonra isə sol qolu dirsəkdən barmaqların ucunadək yumaq lazımdır. İnsan dirsəyini tamamilə yuyub-yumadığına şəkk edərsə, lazımi miqdarı yuduğuna əmin olmaq üçün qolun dirsəkdən yuxarısının(bazunun) da bir hissəsini yumalıdır.
Məsələ 265.Üzünü yumamış əllərini biləyədək yuyan şəxs dəstəmazda qollarını barmaqlarının ucuna qədər yumalıdır və əgər biləklərə qədər yuyarsa, dəstəmazı batildir.
Məsələ 266. Qolları yuxarıdan aşağıya doğru yumaq lazımdır və bunun üçün ürfən (insanlar tərəfindən) “yuxarıdan aşağıya doğru yuyulmuşdur” deyilməsi kifayətdir. Buna əsasən, əgər insan, məsələn, qolun üst tərəfini dirsəkdən əlin ucunadək yuyarsa, sonra əlini dirsəyin iç tərəfinə və aşağısına çəkərək yuyarsa, yuxarıdan aşağıya doğru yuma gerçəkləşmişdir və üst və iç tərəflərin eyni zamanda yuyulması vacib deyil. Ancaq əgər aşağıdan yuxarıya (dirsəklərə) doğru yuyarsa, dəstəmaz batildir. Həmçinin, məsələn, bazuönünün ortasından barmaqlarının ucunadək dəstəmaz niyyəti ilə yuyarsa, sonra fasilə vermədən dirsəkdən bazuönünün ortasınadək olan quru qalmış hissəni yuyarsa, dəstəmaz doğru deyildir. Habelə, əgər suyu dirsəkdən aşağı tökdükdən sonra dərhal əlini dirsəyin quru qalan yuxarı hissəsinə çəkərsə, daha sonra suyu tökdüyü yerə və daha aşağıya çəkərsə, vacib ehtiyata əsasən, bu dəstəmazla kifayətlənə bilməz(3).
Məsələ 267. Dəstəmaz alan şəxs əlini isladaraq üzünə və qollarına çəkərsə, əl sözügedən üzvlərə çəkildikdə onları isladacaq qədər yaş olduğu və bu hərəkət “yumaq” adlandırıldığı təqdirdə kafidir və bu halda həmin üzvlərin üzərindən su axıtmağa ehtiyac yoxdur.
Məsələ 268. Dəstəmazda üz və qolları birinci dəfə yumaq vacib, ikinci dəfə müstəhəb, üçüncü dəfə isə haramdır. Birinci dəfə yumaq deyərkən dəstəmaz niyyəti ilə üz və qolların tamamilə yuyulması nəzərdə tutulur. Buna əsasən, əgər bir və ya bir neçə dəfə su tökməklə(əllə suyu yaymaqla, yaxud əl çəkmədən)üzv tamamilə yuyularsa, birinci dəfə yuyulma gerçəkləşmiş sayılır və ondan sonrakı yuyulmalar birinci dəfə yuyulma niyyəti ilə olsa da, birinci yuyulmanın tərkib hissəsi sayılmır. Beləliklə, birinci dəfə yuyulmanın yerinə yetirilməsi üçün iki şərt tələb olunur:
1) yuyulma dəstəmaz niyyəti ilə olmalıdır;
2) su üzvü tamamilə, ehtiyata yer qoymayacaq şəkildə yumalıdır.
Həmçinin, növbəti yuyulmada bu iki şərt mövcud olduğu halda ikinci yuyulma yerinə yetirilmiş sayılır. Lakin ikinci yuyulmada birinci şərt mövcud olmazsa, yəni birinci yuyulmadan sonra üzv dəstəmaz niyyəti olmadan yuyularsa, ehtiyatın tələbinə riayət etmək və həmin üzvü ehtiyatən üçüncü dəfə yumamaq lazımdır(4).
Başa və ayaqlara məsh etməklə bağlı hökmlər
Məsələ 269. Qolların ikisini də yuduqdan sonra başın ön hissəsinə dəstəmaz suyunun əldə qalan rütubəti ilə məsh etmək lazımdır (başqa su ilə olmaz) və başın məshini qolların dəstəmazda yuyulan hər hansı bir hissəsi, yəni dirsəklərdən barmaqların ucunadək hər hansı bir hissə ilə etmək olar. Hərçənd, müstəhəb ehtiyata əsasən, məsh sağ əlin içi (ovucu) ilə edilməlidir və həmçinin, müstəhəb ehtiyata əsasən, məsh yuxarıdan aşağıya doğru edilməlidir.
Məsələ 270.Başın dörd hissəsindən biri olan alından yuxarıya doğru başlayan hissəsi məsh yeridir və bu hissənin hər hansı bir yerinə istənilən ölçüdə məsh edilsə, kifayətdir. Hərçənd, müstəhəb ehtiyata əsasən, uzunluq baxımından bir barmaq uzunluğunda, en baxımından isə üç bağlı barmaq enində yerə məsh edilməlidir.
Məsələ 271. Başın məshinin onun dərisinin səthinə edilməsi vacib deyil, başın ön hissəsindəki saç tüklərinin üzərinə edilməsi də doğrudur. Lakin əgər bir insanın saçı uzun olub daradıqda üzünə tökülürsə, yaxud başının digər hissələrinə çatırsa, saçının daradıqdan sonra başın ön hissəsindən kənara çıxmayan hissəsinə məsh etməlidir. Həmçinin, saçlarını təpə hissəsindən ayıraraq tüklərin kökünə, yaxud başın dərisinə məsh edə bilər. Əgər üzə tökülən, yaxud başın digər hissəsinin üzərinə düşən tükləri başın ön hissəsinə toplayaraq onların üzərinə məsh edərsə, yaxud başın digər hissələrinin onun ön hissəsinin üzərinə düşən tüklərinə məsh edərsə, bu şəkildə məsh batildir.
Məsələ 272. Başa məsh etdikdən sonra dəstəmaz suyunun əldə qalan rütubəti ilə (269-cu məsələdə başın məshi xüsusunda izah edilən qaydada) ayaqların üzərinə barmaqların birinin ucundan ayağın üzərindəki çıxıntıya, vacib ehtiyata əsasən isə topuqlara qədər məsh etmək lazımdır. Buna əsasən, dəstəmazda ayaqlarına topuqlara deyil, üzərindəki çıxıntıya qədər məsh etdiyini bilən şəxs, vacib ehtiyata əsasən, bu qaydada aldığı dəstəmazla qıldığına əmin olduğu vacib namazlarını yenidən qılmalı, vaxtı keçdiyi təqdirdə isə qəzasını qılmalıdır(5). Lakin namazları üçün aldığı dəstəmazda hərçənd təsadüfən də olsa, ayağın məshini topuqlaradək etdiyinə məntiqli ehtimalı vardırsa, həmin namazlar doğrudur və onları yenidən qılmaq, yaxud qəzasını qılmaq vacib deyil.
Qeyd etmək lazımdır ki, məshdə əli ayaq barmaqlarının ucunun dırnağa yaxın olan və ürfən ayağın üstü sayılan hissəsinə çəkmək vacibdir,alt tərəfi sayılan hissəsinə isə çəkmək lazım deyildir. Şəkk halında, vacib ehtiyata əsasən, alt, yoxsa üst tərəf sayıldığına şəkk edilən hissəyə də məsh edilməlidir.
Məsələ 273. Müstəhəb ehtiyata əsasən, sağ ayağa sağ əllə, sol ayağa isə sol əllə məsh etmək lazımdır. Həmçinin, müstəhəb ehtiyata əsasən, ayağın məsh barmaqların ucundan başlamalı və topuqlarda bitməlidir. Hərçənd, əks istiqamətdə də məsh etmək olar.
Məsələ 274. Ayaqlara məshin eni istənilən ölçüdə ola bilər, lakin yaxşı olar ki, üç bağlı barmaq enində və hətta lap yaxşı olar ki, bütün ovucla(6) ayaqların üstü tamamilə məsh edilsin.
Məsələ 275. Ayaqlara məsh edərkən insanın ovucunu barmaqların ucuna qoyub ayağın arxa hissəsinə doğru çəkməsi vacib deyil, ovucu bütöv şəkildə ayağın üzərinə qoyaraq bir qədər çəkmək də olar.
Məsələ 276. Başa və ayaqların üzərinə məsh edərkən əli onların üzərinə çəkmək lazımdır. Əgər insan əlini sabit saxlayaraq baş və ya ayağını ona çəkərsə (altında sürüşdürərsə), məsh batildir. Lakin məsh əsnasında baş, yaxud ayaqlar bir qədər hərəkət edərsə, məshin doğruluğuna xələl gəlmir.
Məsələ 277. Məsh edilən yer quru olmalıdır və əgər əlin rütubətinin ona təsir etməyəcəyi qədər yaş olarsa, məsh düzgün sayılmır. Lakin əgər cüzi dərəcədə rütubətli olarsa, belə ki, əlin suyu məsh zamanı ona üstün gələrsə və həmin rütubət məsh suyunda itmiş hesab edilərsə, məshin doğruluğuna xələl gəlmir.
Məsələ 278. Əgər məsh üçün dəstəmaz alanın əllərində rütubət qalmazsa, belə ki, hər iki qol dirsəkdən barmaqların ucunadək quruyarsa, əli dəstəmaz üzvlərində qalan sudan başqa bir su ilə islatmaq olmaz. Bu halda dəstəmaz alan şəxs saqqalının rütubəti ilə əlini isladaraq onunla məsh etməlidir və saqqal istisna olmaqla üzün digər hissələrindən, o cümlədən qaşlardan və yanaqlardan rütubət götürmək, istər saqqalı olan, istərsə olmayan insanlar üçün vacib ehtiyata əsasən, kafi sayılmır.
Məsələ 279. Əgər əlin rütubəti yalnız başın məshinə yetəcək qədər olarsa, vacib ehtiyata əsasən, başa həmin rütubətlə məsh etmək, sonra əli ayaqlara məsh etmək üçün saqqalın rütubəti ilə islatmaq lazımdır.
Məsələ 280. Corab və ayaqqabının üzərindən məsh etmək doğru deyil. Lakin dəstəmaz alan şəxs həddən ziyadə soyuq hava şəraiti, yaxud qarət və yırtıcı heyvan təhlükəsi və bu qəbildən olan hallarla əlaqədar olaraq ayaqqabısını və ya corabını soyuna bilmirsə, vacib ehtiyata əsasən, corabın və ya ayaqqabının üzərinə məsh etməli və təyəmmüm də etməlidir. Qorxu təqiyyəsi halında isə corab və ayaqqabının üzərinə məsh etmək kafidir.
Məsələ 281.Ayağın üstü nəcasətləli olarsa və məsh üçün onu yumaq mümkün olmazsa, təyəmmüm edilməlidir.
İrtimasi dəstəmaz
Məsələ 282.İrtimasi dəstəmaz üzü və qolları dəstəmaz niyyəti ilə suya salmaqla alınan dəstəmazdır. Əgər üz və qollar suyun içində olarsa və insan irtimasi dəstəmaz niyyəti ilə onları sudan çıxarmaq istəyərsə, onun dəstəmazı, vacib ehtiyata əsasən, doğru deyil.
Məsələ 283. İrtimasi dəstəmazda da üzü və qolları yuxarıdan aşağıya doğru yumaq lazımdır. Buna əsasən, üzü alın, qolları isə dirsək tərəfdən suya salmaq lazımdır(7).
Məsələ 284. Bəzi üzvlərin irtimasi, bəzi üzvlərin isə qeyri-irtimasi (adi) qaydada yuyulmasındaehtiyata lüzum yoxdur.

Paylaş:
Baxış sayı: 12242

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

fourteen − 4 =