Cümə axşamının əməlləri

Cümə axşamının əməlləri

Cüməyə keçən gecənin əməlləri kitabın həcmindən daha böyük olduğu üçün biz burada onlardan bir neçəsinə işarə edirik.
1. Aşağıdakı zikri çoxlu demək:
Allah bütün eyiblərdən pak və uzaqdır, Allah böyükdür və Allahdan başqa heç bir tanrı yoxdur.
Bu gündə çoxlu salavat göndərmək. Cümənin gecəsi çox nurani, gündüzü isə çox aydındır, belə isə çoxlu de:
Allah bütün eyiblərdən pak və uzaqdır, Allah böyükdür və Allahdan başqa heç bir tanrı yoxdur.
Bu gün Məhəmməd və ali Məhəmmədə çoxlu salavat göndərin. Rəvayətdə bu günün salavatının ən az sayı yüz ədəd qeyd olunur. İmam Sadiq (ə)-dan nəql olunan hədisdə oxuyuruq: “Cümə gecəsi Məhəmməd və ali Məhəmmədə göndərilən salavat min həsənə ilə bərabərdir və salavat göndərənin (əməl dəftərindən) min günah pozular. İmam Sadiq (ə)-dan mötəbər sənədlə nəql olunmuş rəvayətə görə, cümə axşamı gün batana yaxın mələklər səmalardan qızıl qələm və gümüş səhifələrlə yerə nazil olub, cümə axşamı gün batan çağından, cümə gecəsi və cümə günü gün batana qədər, o gümüş səhifələrə Məhəmməd və ali Məhəmmədə salavatdan başqa bir şey yazmazlar. Şeyx Tusi (r) belə buyurmuşdur: “Cümə axşamı Peyğəmbərə min dəfə salavat göndərmək müstəhəbdir. Yaxşı olar ki, salavatı aşağadakı kimi göndərsin:
İlahi, Məhəmməd və onun Əhli-beytinə salam yetir, onların “fərəc”ini (Sahibəz-Zamanın (ə) zühurunu) tezləşdir, cinlər və insanlardan, məxluqatın birinci və sonuncularından olan düşmənlərini həlak et!
Həmçinin yuxarıdakı salavatı cümə axşamı əsrdən cümə gününün axırına qədər yüz dəfə oxumağın çoxlu fəziləti olduğu deyilir. Şeyx buyurmuşdur ki, cümə axşamı (gün batan vaxtı) aşağıda deyilən qaydada istiğfar etmək müstəhəbdir:
O Allahdan bağışlanmaq diləyirəm ki, Ondan başqa məbud yoxdur, diri və əbədidir. Özündən şər işləri dəf etməyi və özünə fayda verməyi bacarmayan, ölüm və həyata, xeyir və şərə qadir olmayan təvazökar, fəqir və aciz bir bəndənin tövbəsi ilə günahlardan tövbə edərək Ona doğru qayıdıram. Allahın salamı olsun Məhəmməd və onun pak xanədanına – aləmin ən yaxşıları, pakları, seçilmişləri və xeyirxahlarına! Allahın kamil salamı olsun onlara!
2. Cümə axşamı aşağıda qeyd edəcəyimiz surələri oxusun. “Bəni İsrail”, “Kəhf”, “Nəml”, “Şüəra”, “Qəsəs”, “Səcdə”, “Yasin”, “Sad”, “Əhqaf”, “Vaqiə”, “Fussilət”, “Duxan”, “Tur”, “Qəmər” və “Cümə”. Bu surələrin hər birinin özünəməxsus fəziləti vardır. Əgər bu surələrin hamısını oxumağa imkanı olmasa, “Vaqiə” və ondan qabaqkı surələri oxusun. Həzrət İmam Sadiq (ə)-dan nəql olunmuşdur ki, hər cümə axşamı “Bəni İsrail” surəsini oxuyan şəxs, İmam Zaman (ə.c)-i görməmiş dünyadan getməz və o Həzrətin səhabələrindən olar. “Kəhf” surəsini hər cümə axşamı oxuyan şəxs şəhid olacaq və Haqq taala onu Qiyamət günündə şəhidlərlə məhşur edəcək. Hər cümə axşamı “Nəml”, “Şüəra”, “Qəsəs”surələrini oxuyan şəxs Allahın dostlarından və onun himayəsi altında olacaq, dünyada fəqirliyə, yoxsulluğa düçar olmayacaq. Axirətdə isə Allah taala ona, o razı olan qədər cənnətdən əta edəcək. Hər cümə axşamı “Səcdə” surəsini oxuyan şəxsin əməl kitabı, Qiyamət günü onun sağ əlinə veriləcək və Həzrət Məhəmməd və ali Məhəmmədin (səlləllahu ələyhi və alihi və səlləmin) dostlarından olacaq. Mötəbər sənədlə İmam Baqir (ə)-dan nəql olunur ki, hər kim “Sad” surəsini cümə axşamı oxusa, bu dünya və axirətin xeyirindən o qədər ona verilər ki, bu xeyirdən ancaq mürsəl (ilahi kitab sahibi olan) peyğəmbərlərə və yaxın mələklərə verilir. Hər kiminlə istəsə, Allah taala onu cənnətə daxil edər, hətta xidmətçisini də, onun ailə üzvlərindən və şəfaət etmə ixtiyarı olmasa belə. İmam Sadiq (ə)-dan belə nəql olunur ki, hər kəs cümə axşamı və cümə günü “Əhqaf” surəsini oxusa, bu dünyada heç nədən qorxmaz və axirətdə Qiyamət gününün qorxusundan amanda olar. Yenə də buyurur: “Hər kim cümə axşamı “Vaqiə” surəsini oxusa, Allah taala onu sevər, onu insanlara sevdirər. Bu dünyada pis vəziyyətə, kasıbçılığa düşməz. Bu dünyanın bəlalarından ona yetişməz və Əmirəl-möminin Əli (ə)-ın dostlarından olar. Bu surə, Əmirəl-möminin Əli (ə)-a məxsusdur. Hədisdə deyilir ki, hər kəs “Cümə” surəsini cümə axşamı oxusa, bu cümə ilə gələn cümə arasında olan günahlarının kəffarəsi hesab olunar. Bu fəzilət, “Kəhf” surəsi üçün də gəlmişdir, hətta cümə gününün günortası və ya əsr çağı oxusa belə.
Cümə axşamı üçün çoxlu namazlar nəql olunmuşdur. O cümlədən, Əmirəl-möminin Əli (ə)-ın namazıdır. Bir başqası isə, iki rükət namazdır. Hər rükətində “Həmd” surəsindən sonra on beş dəfə “Zəlzələ” surəsi oxunur. Nəql olunur ki, hər kim bu namazı qılsa, Allah taala onu qəbir əzabından və Qiyamət gününün xovfundan qoruyar.
3. Cümə günü məğrib və işa namazlarının birinci rükətlərində “Həmd”dən sonra “Cümə” surəsini, məğrib namazının ikinci rükətində “Həmd”dən sonra “İxlas”, İşa namazını ikinci rükətdində “Həmd”dən sonra “Əla” surələrini oxumaq.
4. Şeir oxumağı tərk etsin, çünki İmam Sadiq (ə)-dan olan səhih hədisdə belə deyilir ki, şeir demək oruc, mührim (ehramda olan), hərəmdə olan, cümə günlərində və axşamlarında məkruhdur. Ravi soruşur: “Həqiqəti yetirən şeir olsa necə?” İmam buyurur: “Hətta həqiqəti yetirən şeir olsa belə!” Mötəbər sənədlə İmam Sadiq (ə)-dan peyğəmbərin belə buyurduğu nəql olunur: “Hər kim cümə günü və ya axşamı şeir desə, o gecə və gündüz bu şeirdən başqa bir savaba nail ola bilməz.” Başqa bir mötəbər hədisdə deyilir ki, hətta o gecənin və gündüzün namazları belə qəbul olmaz.
5. Möminlər haqqında çoxlu dua etmək; (Həzrət Zəhra səlamullahi ələyha etdiyi kimi.) Əgər dünyadan köçmüş on möminin bağışlanması üçün dua edərsə, rəvayətlərə görə, behişt ona (dua edənə) vacib olar.
6. Bu günə məxsus olan duaları oxumaq. Bu dualar çoxdur və biz burada onların bir neçəsinə işarə edirik. İmam Sadiq (ə)-dan səhih sənədlə rəvayət olunmuş hədisdə belə oxuyuruq: “Cümə gecəsi şam namazının nafiləsinin axırıncı səcdəsində yeddi dəfə bu (aşağıdakı) duanı oxuyarsa, namazı qurtaran kimi, günahları bağışlanar. Əlbəttə bu göstərişə hər gün əməl etmək daha yaxşıdır. Dua belədir:
İlahi, Sənə böyük zatını və böyük adını and verirəm, Məhəmməd və onun Əhli-beytinə salam yetir və mənim böyük günahlarımı bağışla!
Həzrət Rəsuldan (səlləllahu ələyhi və alihi və səlləm) nəql olunmuşdur ki, hər kəs aşağıda qeyd edəcəyimiz duanı cümə günü və ya cümə axşamı yeddi dəfə oxuyarsa, və o gün və ya o gecə dünyadan köçərsə, mütləq behiştə daxil olar. Dua belədir:
İlahi, Sən mənim Rəbbimsən və Səndən başqa məbud yoxdur! Sən məni yaradıbsan, mən də Sənin bəndənəm, Sənin kənizinin övladıyam, Sənin qüdrətinin çəngindəyəm, iradə və ixtiyarım Sənin əlindədir. Bacardığım qədər Sənin əhd-peymanına sadiq qalaraq gündüzü gecəyə çıxararam. Yerinə yetirdiyim pis işlərdən Sənin razılıq dərgahına sığınıram. Sən mənə həmişə nemət verdin, mən isə Sənə asi oldum. Belə isə, günahlarımı bağışla ki, Səndən başqası günahlarımı bağışla bilməz!
Şeyx Tusi və Seyid Kəfəmi həmçinin Seyid ibn Baqi aşağıda qeyd edəcəyimiz duanın, cümə günü və cümə gecəsi, “Ərəfə” gecəsi və “Ərəfə” günü oxunulmasını müstəhəb olmasını yazmışdırlar. Biz duanı Şeyxin “Misbah” kitabından nəql edirik. Dua belədir:
İlahi, bir hacət istəmək və hədiyyə almaq məqsədilə bir məxluqun hüzuruna getmək üçün ümidlə hazırlıq görən bir şəxs kimi, mən də ey Rəbbim, beləcə Sənin əfvinə, bəxşişinə və hədiyyənə ümid bəsləyərək dərgahına gəlmişəm. Belə isə, məni istəyimdən məhrum etmə, ey heç kimi Öz qapısından məhrum etməyən və bəxşişini azaltmayan! Mən Sənin dərgahına yaxşı əməlimə etimad etməklə gəlməmişəm, heç bir məxluqa ümid edərək üz tutmamışam, əksinə Sənin dərgahına özümə pislik və zülm etməyi etiraf edərək gəlmişəm və öz günahıma heç bir bəhanəm yoxdur. Belə isə, Sənin dərgahına böyük əfvinə ümidlə gəlmişəm, belə ki, Öz əfvinlə bütün günahkarları bağışladın, onların öz böyük günahlarına israrı Sənin əfvinə mane olmadı və yenə onları rəhmətlə qarşıladın. Belə isə, ey rəhməti geniş və əfvi böyük olan, ey böyük Allah, ey böyük Allah, ey böyük Allah! Qəzəbini yalnız səbrin söndürə bilər və qəzəbindən yalnız dərgahına ah-nalə etməklə nicat tapmaq olar. İlahi, yenə məni bağışla, hər bir yerdə ölünü diriltdiyin qüdrətinlə işlərimi genişləndir, dualarım qəbul olana və onun qəbul olunacağını mənə göstərənə qədər məni qəm-qüssə ilə həlak etmə, mənə ömrümün sonuna qədər sağlamlıq (əzabından qurtuluşu) tamını dadızdır, məni düşmənimin inadkarlığına düçar və onu mənə hakim etmə! İlahi, əgər Sən məni alçaltsan, kim məni ucalda bilər? Əgər Sən məni ucaltsan, kim məni alçalda bilər? Əgər Sən mənə qəzəblənsən, kim Sənin bəndənin işlərində Sənə etiraz edib, Sən bir şey istəyə bilər? Əlbəttə, bilirəm ki, hökmündə zülm və intiqamında tələskənlik yoxdur! Həqiqətən, vaxtın itirilməsindən qorxan adam intiqam almaqda tələsər, zəif və gücsüz zülmə möhtac olar. Sən isə, ilahi, bu nöqsanlardan pak və böyüksən! İlahi, Sənin dərgahına sığınıram, mənə sığınacaq ver, Səndən aman istəyirəm, mənə aman ver, Səndən ruzi istəyirəm, mənə ruzi ver, Sənə təvəkkül edirəm, mənə kifayət et, Səndən düşmənimə qələbə çalmaq üçün yardım diləyirəm, mənə yardım et, Səndən imdad istəyirəm, imdadıma yet, Səndən bağışlanma istəyirəm, ey mənim Rəbbim, məni bağışla! Amin, amin, amin!
7. “Kumeyl” duasını oxumaq. (Kumeyl duasını növbəti fəsildə qeyd edəcəyik.)
8. “Əllahummə ya şahidə kulli nəcva” duasını oxumaq. (Bu dua “Ərəfə” gecəsi də oxunur. Dua sonradan qeyd olunacaq.)
9. On dəfə desin:
Ey lütf və mərhəməti məxluqata daimi olan, iki bəxşiş və əta əli bəndələrinə doğru uzanan, ey böyük bəxşişlərin sahibi, Məhəmməd və onun Əhli-beytinə – xilqət və fitrətdə məxluqatın ən yaxşılarına salam yetir, ey uca Allah, elə bu gecə mənim günahlarımı bağışla!
Bu dua, Fitr bayramının gecəsində də oxunur.
10. Nar yemək. İmam Sadiq (ə) hər cümə axşamı nar yeyərmiş. Nar yeyərkən, yerə dəstmal sərin ki, dənələr yerə tökülməsin, yediyiniz nardan heç kimə verməyin.
İmam Sadiq (ə)-dan rəvayət olunmuşdur ki, Allah taala sübhün nafiləsi ilə sübh namazı arasında yüz dəfə:
Mənim böyük Rəbbim bütün eyiblərdən pak və uzaqdır. Həmd Ona məxsusdur! Rəbbim Allaha doğru üz tutur və tövbə edərək Ona doğru qayıdıram.
-deyən şəxsə, behiştdə məskən salar.
Aşağıda qeyd edəcəyimiz duanı, Cümə axşamının səhəri oxumaq müstəhəbdir. Dua belədir:
İlahi, Məhəmməd və onun Əhli-beytinə salam yetir, bu sübh çağı Öz razılığını mənə hədiyyə et, qəlbimi Sənin xofunun məskəni et və Özündən başqalarından ümidimi üz ki, Səndən başqasına ümid bəsləməyim və Səndən başqasından qorxmayım! İlahi, Məhəmməd və onun Əhli-beytinə salam yetir, mənə sabit yəqin, kamil ixlas, tövhid şərəfi və itaətinə davamlı dözüm bağışla, qəlbimi səbir və qəza-qədərinə razılıq mədəni qərar ver, ey istəyənlərin istəklərini verən, ey sakit qalanların daxilindən xəbərdar olan, Məhəmməd və onun Əhli-beytinə salam yetir, mənim duamı qəbul et, günahlarımı bağışla, ruzimi bol et, mənim, din qardaşlarımın və əhli-əyalımın istəyini yerinə yetir! İlahi, şübhəsiz ki, Sənin dərgahından istənilən arzulardan başqa, bütün arzular nakamdır, Sənə doğru olan hümmətdən başqa, bütün hümmətlər puçdur və Sənə doğru olan yollardan başqa, bütün düşüncə yolları bağlıdır. Belə isə, ümid və sığınacaq yeri Sənsən, ey üz tutulanların ən böyüyü, ey istənilənlərin ən səxavətlisi, mən özümlə daşıdığım ağır günahlarımla Sənin dərgahına doğru qaçıram, ey qaçanların sığınacağı, Sənin lütf və mərhəmətinə mərifətdən başqa, dərgahında bir şəfaətçi tanımadım və bilirəm ki, ümid bəsləyənlərə ən yaxın Sənsən. Arzu edənlər məhz Sənin dərgahında olanları arzu edirlər. Ey ağılları Öz mərifətinlə, dilləri Özünə həmd-səna ilə açan, Öz haqqının müqabilində nemətini bəndələrinə kifayət qədər bağışlayan Allah, Məhəmməd və onun Əhli-beytinə salam yetir, şeytana mənim ağlıma doğru yol açma və batili mənim işlərimə bələdçi etmə!
Cümə günü sübh açılanda bu duanı oxumaq lazımdır:
Allahın, mələklərinin, peyğəmbərlərinin, rəsullarının (Allahın salamı onlara olsun), həzrət Məhəmmədin (Allahın salamı ona və onun Əhli-beytinə olsun) və onun Əhli-beytindən olan canişinlərinin (Allahın salamı onlara olsun) əhdinə sadiq qalaraq sübh etdim. Məhəmmədin Əhli-beytinin (Allahın salamı onlara olsun) gizli və aşkar, zahiri və batini işlərinə iman gətirdim. Şəhadət verirəm ki, onlar ilahi elm və Allaha itaətdə Məhəmməd (Allahın salmı ona və onun Əhli-beytinə olsun) kimidirlər.
Rəvayət olunmuşdur ki, cümə günü sübh namazından sonra üç dəfə aşağıdakı zikri deyən şəxsin günahları dənizlərin səthi qədər olsa belə bağışlanar. Zikir belədir:
O Allahdan bağışlanma diləyirəm ki, Ondan başqa məbud yoxdur, diri və əbədidir, tövbə edərək Onun dərgahına üz tuturam!

Paylaş:
Baxış sayı: 13178

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.