Borcun xümsü

Borcun xümsü

Bismillahir Rəhmanir Rəhim

Allah təbarəkə və təala Qurani-Kərimdə Ənfal surəsinin 41-ci ayəsində xümsün vacib olması barəsində belə buyurur:
(Ey möminlər!) Əgər siz Allaha və haqla batilin ayırd edildiyi gün – iki dəstənin bir-birilə qarşılaşdığı gün (Bədr günü) bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (ayələrə) iman gətirmisinizsə, bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və müsafirlərindir (pulu qurtarıb yolda qalan yolçularındır). Allah hər şeyə qadirdir!
Sual:
Xüms ilimiz çatdığı zaman il əsnasında qazanaraq illik məunəmizə (ehtiyaclarımıza) istifadə etdiyimizdən artıq qalan hər bir şeyin xümsünü (5-də 1-ni) çıxartmağımız vacibdir. Bəs görəsən bu zaman əlimizdə olan puldan borclu olduğumuz miqdarı çıxaraq yerdə qalan miqdarın xümsünü çıxarda bilərik? Məsələn; xüms günümüz daxil olan vaxt əlimizdə 200 manat pul var və dükana da 150 manat borcumuz var. Bu halda biz 150 manatı o puldan götürüb borcumuza ödəyib yerdə qalan 50 manatın xümsünü verə bilərik? Yaxud borcumuz elə əlimizdəki pulla bərabər olarsa, onu ödəyərək xüms verməyə bilərikmi?
Cavab:
İl əsnasında insanın ehtiyacı olan hər bir şeyə məunə deyilir və xüms yalnız il tamam olduğu zaman bu məunədən artıq qalanına vacib olur. Borcun ödənişi də məunədən hesab olunur. Yəni, o da ehtiyaclardan biridir. Buna əsasən də əgər borc, xüms ili çatana kimi ödənməzsə həmin miqdarı əldə qalan puldan çıxmaq olmaz. Lakin burada siz əzizlərə çatdırılası bir məsələ vardır. O da bundan ibarətdir ki, görəsən bu hökm hansı ilin borcuna və hansı borca şamil olur? Buna cavab olaraq əvvəla borcun iki surətini və onların qisimlərini nəzərinizə çatdırmaq istəyirik:
Şəxsin özü borclu olduğu surətdə:
1: İllik ehtiyaclar üçün götürülən borc.
2: İllik ehtiyaclar üçün götürülməyən borc.
3: Hazırki xüms ilinin ehtiyacları üçün götürülən borc.
4: Keçmiş illərin ehtiyacları üçün götürülən borc.
Şəxsin özünə borclu olduqları surətdə:
1: Tələb olunduqda verilmə imkanı olan borc.
2: Tələb olunduqda verilmə imkanı olmayan borc.
Bütün bunlara aydınlıq gətirmək üçün Ayətullah Seyyid Əli Sistaninin (Allah onun ömrünü uzun etsin) kitabından iki məsələni siz əzizlərin nəzərinizə çatdıraq:
Məsələ 1231:
Borcun ödənməsi məunədəndir. İstər bu borc qazanc ilində götürülmüş olsun, istər ondan əvvəl. İstər ödənməsi əvvəl mümkün olsun, istər olmasın fərq etməz. Əgər xüms ili çatana qədər borcunu ödəməzsə xümsü vacibdir. Borcun miqdarını istisna edə bilməz. Yalnız o zaman istisna edə bilər ki, borc həmin ilin məunəsi üçün götürülmüş olsun. Bu miqdarı qazancdan istisna etməyin vəchi vardır.
Mənbə: “Minhacus-salihin, cild 1, səhifə 400”.
Bu fətvadan bizlərə aydın oldu ki, borcu qaytarmaq ehtiyaclardan sayılır və borc, həmin ilin ehtiyacları üçün götürülübsə xüms günü əlində olan qazancdan o borcu istisna edə bilərsən, yəni çıxa bilərsən. Amma borc, keçmiş ilin ehtiyacı üçün götürülübsə və sən də xüms gününə qədər onu qaytarmamısansa, xüms günü əlindəki puldan onu çıxa bilməzsən. Məsələn; bu gün Fevralın 22-si xüms günü olan şəxsin əlində 200 manat pul qalıb və onun da bir şəxsə 50 manat borcu var və bu borc da keçən Fevraldan bu Fevrala qədər olan ilin ehtiyacı üçün alınmışdı. Bu şəxs 50 manatı qırağa qoyaraq 150 manatın xümsünü çıxa bilər. Amma 3 il bundan əvvəl götürdüyü borcu həmin puldan çıxıb yerdə qalanın xümsünü verə bilməz. Çünki, bu ilin ehtiyacı üçün olmamışdır. Həmçinin bu fətvadan bizlərə aydın oldu ki, qeyri ehtiyacdan ötrü götürülən borcu əlində olan puldan çıxmaq olmaz.
Məsələ 1251:
Xüms ili çatdığı zaman mükəlləf görür ki, qazancının bir hissəsi, yaxud hamısı insanların boynunda borcdur. Əgər borcun ona qayıtması mümkün olarsa, xümsünü çıxartması vacibdir. Əgər mümkün olmazsa, gələn ildə qaytarılana qədər gözləməsi və yaxud borclarının miqdarını hesablayaraq xümsünü çıxartması arasında ixtiyar sahibidir.
Mənbə: “Minhacus-salihin, cild 1, səhifə 407”.
Bu fətvadan da bizlərə aydın oldu ki, bizə borclu olan şəxsdən borcu tələb edərək almaq mümkündürsə, gərək onun xümsünü çıxardaq. Amma mümkün olmazsa, verilənə qədər gözləyə də bilərik, yaxud əlimizdə olan pul o borcun xümsünü çıxartmağa çatarsa, çıxarda da bilərik. Yəni, ixtiyar sahibiyik bu barədə.
Vəssəlamu ələykum və rəhmətullah.
Müəllif: Hoccətulislam Kərbəlayi Cavid.
Paylaş:
Baxış sayı: 12316

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

2 × three =