Bəda barədə etiqad

Bəda barədə etiqad

Şeyx Əbu Cəfər deyir: Yəhudilər Uca ALLAHIN işlərdən əl götürdüyünü deyirlər.

Biz isə deyirik: Əksinə, Uca ALLAH hər gün hər an bir işdədir, heç vaxt bir iş onu digər işindən yayındırmaz və Ona mane olmaz. Hər vaxt öldürürŞ dirildir, ruzi verir, yaradır və dilədiyini edir.
Deyirik: ALLAH dilədiyi hökmü pozur, dilədiyini sabit saxlayır. Kitabın əsli ondadır. O olanları pozur, olmayanları isə sabit saxlayır. Bu, heç də yəhudilərin və onların davamçılarının dediyi kimi bəda deyildir.
Bəda – bir şey barədə verilən hökmü sonradan dəyişmək, yeni məlumat və ya fikir səbəbindən başqa qərar verməkdir…

 

İMAM CƏFƏR SADİQ(əleyhissalam) buyurur: “Uca ALLAH bəndəçilik və Özünə şərik qoşmaqdan uzaq duracaqları barədə qəti əhd almadan heç bir peyğəmbəri məbus etməmişdir. ALLAH dilədiyini gecikdirər, dilədiyini önə salar.”

Əvvəlki şəriət və hökmlərin peyğəmbərimiz Muhəmməd(sallallahu əleyhi və alihi vəsəlləm) şəriətilə nəsxi, ləğvi , həmçinin əvvəlki kitabların qüvvədən düşməsi də bu qəbildəndir.

İMAM CƏFƏR SADİQ(əleyhissalam) buyurur: “Uca ALLAHIN dünən bilmədiyi bir məsələnin  bu gün Ona əyan olduğunu iddia edən şəxsdən uzaq durun.”   Başqa bir rəvayətdə Ağa(ə) belə buyurur: “Kim Uca ALLAHIN verdiyi qərara peşman olub dəyişdiyini iddia etsə o bizim nəzərimizdə Əzəmətli ALLAHA qarşı kafir olmuşdur.”

   İmamiyyə alimləri bu kimi rəvayətlərin izahında deyirlər: «Bəda» deyildikdə, Rəd surəsinin 39-cu ayəsindəki “məhv və sabitlik” nəzərdə tutulur. Orada buyurulur:

“Allah (həmin kitabda) istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar (bəndələrinə aid hər hansı bir hökmü ləğv edib başqası ilə dəyişər və ya onu olduğu kimi saxlayar). Kitabın əsli (lövhi-məhfuz) Onun yanındadır.”

Yəni, Allah-taala hər hansı bir mətləbi peyğəmbərinin və ya onun canişininin vasitəsilə camaata aşkar etdikdən sonra, şərait dəyişildiyi və ya məsləhət ayrı cür olduğu üçün bu dəfə onun yerinə başqa bir şeyə hökm verir. İbrahim Peyğəmbərin oğlu İsmailin əhvalatını buna misal çəkmək olar: İbrahim peyğəmbər yuxuda oğlunu qurban etməli olduğunu gördükdə, təxirə salmadan ilahi hökmü icra etmək qərarına gəlir. Lakin Allah-taala onun qurban kəsilməsini əsla istəmirdi. Sadəcə olaraq, Ona iman gətirmiş həqiqi təqva sahiblərinin [yəni həzrət İbrahimin camaata] Onun qarşısında təslim olmalarını göstərmək istəyirdi.

İmam Sadiq (ə)-ın öz oğlu barədə dedikləri də məhz bu mətləbə dəlalət edir. Yəni, əvvəl hamı İsmailin imam təyin olacağını düşünürdü, lakin onun imam olmayacağı məlum olsun deyə, atasının sağlığında Allah-taala onun dünyasını dəyişdirdi. İslam dininin zühur etməsi ilə əvvəlki dinlərin hökm və qanunlarının qüvvədən düşməsini (nəsx olmasını) də buna misal çəkmək olar. Allah-taala nəsx olunmuş hökmlərin bəyanında insanlar üçün müəyyən mənafelər nəzərdə tutmuşdu ki, onlar aradan getdikdən sonra, verilmiş ilk hökm növbəti hökmlə nəsx olaraq dəyişdirilmişdir.

İstifadə edilən mənbə: Şeyx Səduq, Əl-etiqadat kitabı, Bəda barədə etiqad babı.

Paylaş:
Baxış sayı: 13618

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.