Ayət namazı

Ayət namazı
Məsələ 1471: Qaydası sonradan deyiləcək ayət namazı, üç şey vasitəsilə vacib olur.
1. Günəşin tutulması;
2. Ayın tutulması, hətta onlar azacıq tutulsa və bir şəxs də qorxmasa;
3. Zəlzələ (ehtiyat-vacibə əsasən hətta bir şəxs qorxmasa da);
Amma göy gurultusu və ildırım, qara, qırmızı küləklər və s. kimi səma hadisələri baş versə və camaatın çoxu qorxsa, habelə yer batsa, dağlar uçmağa başlasa və bu, camaatın çoxunun qorxmasına səbəb olsa, ehtiyat-müstəhəbə əsasən, ayət namazı tərk olunmamalıdır.
Məsələ 1472: Əgər ayət namazını vacib edən şeylərdən bir neçəsi baş versə, insan gərək onların hər biri üçün bir ayət namazı qılsın. Məsələn; əgər günəş tutularsa və zəlzələ olarsa, gərək iki ayət namazı qılınsın.
Məsələ 1473: Bir şəxsin boynuna bir neçə ayət namazının qəzası vacib olarsa, istər onların hamısı eyni səbəbdən onun boynuna vacib olsun (məsələn; üç dəfə günəş tutulsa və onların ayət namazını qılmamış olarsa) istər bir neçə səbəbdən boynuna vacib olmuş olsunlar (məslən; günəş tutulması, ay tutulması və zəlzələ olması səbəbindən onun boynuna vacib olmuş olarlarsa) bunları qəza edərkən, səbəblərdən hansı biri üçün ayət namazı qıldığını müəyyən etməsi vacib deyildir.
Məsələ 1474: Ayət namazı vacib olan şeylər harda baş versə və hiss olunsa, ancaq o yerin camaatı gərək ayət namazı qılsın və başqa yerin camaatı üçün bu vacib deyil.
Məsələ 1475: Ayət namazına başlama zamanı, günəşin və ayın tutulmağa başladığı andan başlayıb, onların təbii hala dönmə zamanlarına qədər davam edər. (Amma onların açılmağa başladıqları zamana qədər təxirə salınmaması yaxşıdır). Lakin ayət namazının tamamlanması, günəş və ayın açılmasından sonraya qədər təxirə salına bilər.
Məsələ 1476: Əgər ayət namazını günəş və ayın açılmağa başladığı zamana qədər təxirə salarsa, onu əda niyyəti ilə qılmağın eybi yoxdur. Amma əgər tamamilə açılmalarından sonra ayət namazını qılarsa, onu qəza niyyəti ilə qılmalıdır.
Məsələ 1477: Əgər Günəş və Ayın tutulması müddəti bir rəkət namaz qılmaq müddətində və ya az olsa, qıldığı namaz ədadır. Həmçinin onların tutulması çox olsa, (eyni qayda ilə). Amma insan namazı qılmasa və onun axırına bir rəkət namaz qılmaq qədər vaxt qalsa da, ayət namazı vacib və əda qılınmalıdır.
Məsələ 1478: Zəlzələ, göy gurultusu, şimşək çaxması və bu kimi hadisələr baş verdiyi zaman ehtiyat edərsə və əgər bunlar uzun müddət davam edəcəkdirsə, ayət namazını dərhal qılması lazım deyildir. Əks təqdirdə, zəlzələ kimi hallarda xalqın nəzərində təxirə salmaq sayılmayacaq şəkildə dərhal qılması gərəkdir. Əgər təxirə salarsa, ehtiyat-müstəhəb budur ki, onu sonradan əda və ya qəza niyyəti etmədən qılsın.
Məsələ 1479: Əgər Ay və ya Günəşin tutulduğunu bilməsə və onun açılmasından sonra, Günəş və ya Ayın bütünlüklə tutulmuş olduğunu bilərsə, ayət namazının qəzasını qılması lazımdır. Amma əgər onun bir miqdarının tutulmuş olduğunu anlayarsa, ayət namazının qəzası ona vacib deyildir.
Məsələ 1480: Əgər bir dəstə adam, Ayın və ya Günəşin tutulduğunu söylədikləri halda, onların sözündən yəqinlik və ya xatircəmlik hasil etmədiyinə görə ayət namazını qılmasa, belə ki, sonradan doğru söyləmiş olduqlarını anlayarsa, Günəşin və ya Ayın tamam tutulmuş olduğu təqdirdə, ayət namazını qılmalıdır. Amma bir miqdarı tutulubmuşsa, ayət namazı qılmaq ona vacib deyildir. Günəş və Ayın tutulduğunu xəbər verən iki nəfərin adil olması məlum olmasa və sonradan onların adil olduqları məlum olarsa, bu zaman şəxs ayət namazı qılmalıdır.
Məsələ 1481: İnsan, elmi qaydalar yolu ilə Günəş və Ayın tutulma vaxtını bilən şəxslərin sözündən Günəş və ya Ayın tutulmasına xatircəm olarsa, ayət namazı qılmalıdır. Həmçinin əgər, «filan vaxt Günəş və ya Ay tutulacaq və bu, filan müddətə qədər çəkəcək» desələr və insan onların sözlərinə əmin olsa, gərək onların sözlərinə əsasən əməl etsin.
Məsələ 1482: Günəş və ya Ay tutulması üçün qıldığı ayət namazının batil olduğunu bilən bir şəxs, onu yenidən qılmalıdır. Əgər vaxt keçmiş olarsa, qəza etməlidir.
Məsələ 1483: Əgər gündəlik namaz vaxtında ayət namazı da insana vacib olsa, belə ki, hər iki namaz üçün vaxt varsa, hər hansını əvvəl qılsa, eybi yoxdur. Əks halda, hansının vaxtı dardırsa, əvvəl onu qılsın. Əgər hər ikisinin vaxtı dardırsa, gərək əvvəl gündəlik namazını qılsın.
Məsələ 1484: Gündəlik namazlardan birini qılarkən, ayət namazının vaxtının dar olduğunu bilərsə, bu halda gündəlik namazının da vaxtı dardırsa, onu tamamlayıb sonra ayət namazını qılmalıdır. Amma əgər gündəlik namazının vaxtı dar deyilsə, onu pozub əvvəl ayət namazını, sonra da gündəlik namazını qılmalıdır.
Məsələ 1485: Əgər ayət namazının əsnasında gündəlik namazın vaxtının dar olmasını başa düşərsə, gərək ayət namazını buraxıb, gündəlik namazını qılmağa məşğul olsun və namazı bitirəndən sonra namazı pozan bir iş görməzdən əvvəl, ayət namazının qalanını tərk etdiyi yerdən qılsın.
Məsələ 1486: Əgər qadın heyz və nifas halında olsa, Günəş və ya Ay tutulsa yaxud zəlzələ baş verərsə, ona ayət namazı vacib deyil və qəzası da yoxdur.
AYƏT NAMAZININ QILINMA QAYDASI
Məsələ 1487: Ayət namazı iki rəkətdir və hər rəkətdə beş rüku vardır. Onun qaydası budur ki, insan niyyətdən sonra təkbir desin və bir Həmd və bir surəni tamam oxusun, rükuya getsin, rükudan qalxsın və təzədən bir Həmd və bir surə oxusun, sonra yenə rükuya getsin. Beləliklə, bunu beş dəfə təkrarlasın, beşinci rükudan qalxandan sonra iki səcdə etsin və qalxsın, ikinci rəkəti də birinci rəkətkimi yerinə yetirsin, təşəhhüd oxusun və salam versin.
Məsələ 1488: Ayət namazında mümkündür ki, insan niyyət, təkbir və Həmddən sonra, bir surənin ayələrini beş yerə bölsün və bir ayə, ya çox oxusun. Bir ayədən az da oxuya bilər, amma ehtiyata əsasən gərək cümlə tamam olsun və surənin əvvəlindən başlasın, bismillah deməklə kifayətlənməsin və sonra rükuya getsin və rükudan qalxsın. Həmd oxumadan həmin surədən ikinci hissəni oxusun və rükuya getsin. Bu qayda üzrə beşinci rükudan əvvəl surəni tamam etsin, məsələn; «Fələq» surəsində birinci «Bismillahir-rəhmanir-rəhim». «Qul əuzu birəbbil-fələq» desin və rükuya getsin, sonra qalxsın və desin: «Min şərri ma xələq» təzədən rükuya getsin və rükudan sonra qalxsın və desin: «Və min şərri ğasiqin iza vəqəb». Yenidən rükuya getsin və qalxıb desin: «Və min şərrin-nəffasati fil-uqəd». Rükuya gedib, yenə də qalxıb desin: «Və min şərri hasidin iza həsəd». Ondan sonra beşinci rükuya getsin və qalxandan sonra iki səcdə etsin və ikinci rəkəti də birinci rəkətkimi yerinə yetirsin. İkinci səcdədən sonra təşəhhüd oxusun və sonra namazın salamını versin. Həmçinin, beşdən az hissəyə bölməsi də caizdir. Lakin, nə vaxt surəni tamam etsə, sonrakı rükudan qabaq Həmdi oxuması lazımdır.
Məsələ 1489: Əgər ayət namazının bir rəkətində, beş dəfə Həmd-surə oxusa, o biri rəkətində isə Həmd oxuyub surəni beş yerə bölsə, eybi yoxdur.
Məsələ 1490: Gündəlik namazlarda vacib və ya müstəhəb olan şeylər ayət namazında da vacib və ya müstəhəbdir. Lakin ayət namazı camaatla qılınsa azan və iqamə əvəzinə qəbul olunma ümidi ilə üç dəfə «Əssalat» demək olar. Amma camaatla qılınmadıqda bu lazım deyil. Amma Günəş və Ay tutulması istisna olmaqla sair işlər üçün ayət namazının camaatla qılınmasının şəri sübut olunmayıb.
Məsələ 1491: Müstəhəbdir ki, rükudan qabaq və sonra təkbir desin. Beşinci və onuncu rükudan sonra təkbir müstəhəbb deyil, əksinə «Səmiəllahu limən həmidəh» demək müstəhəbdir.
Məsələ 1492: İkinci, dördüncü, altıncı, səkkizinci, onuncu rükudan qabaq qunut tutmaq müstəhəbdir. Əgər qunutu yalnız onuncu rükudan qabaq da oxusa, kifayətdir.
Məsələ 1493: Əgər ayət namazında neçə rəkət qıldığına şəkk etsə və fikrində də bir qənaətə yetişə bilməsə, namazı batildir.
Məsələ 1494: Əgər birinci rəkətin axırıncı rükusunda, yaxud ikinci rəkətin birinci rükusunda olmasında şəkk etsə və fikri də bir yerə çatmasa namaz batildir. Amma, misal üçün; dörd və ya beş rüku etməsində şəkk etsə, səcdəyə getmək üçün əyilməyibsə, şəkk etdiyi rükunu yerinə yetirməlidir. Amma səcdə üçün əyilmiş olsa, öz şəkkinə etina etməməlidir.
Məsələ 1495: Ayət namazının rükularının hər biri rükndür. Əgər qəsdən azaltsa və ya çoxaltsa, namaz batildir. Həmçinin əgər səhvən azaltsa və ehtiyata əsasən çoxaltsa namaz batildir.
Paylaş:
Baxış sayı: 7909

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.